• cümə, 19 Aprel, 17:29
  • Baku Bakı 25°C

Unudulmaz günlərin şirin xatirələri

08.01.19 11:00 862
Unudulmaz günlərin şirin xatirələri
Hər bir insan kimi mənim də qəlbim unudulmaz günlər, şirin xatirələrlə doludur. Belə günlər haqqında gözlərinin ağ-qarasını minlərlə tələbələrin yolunda şam kimi əridən, qəlbimdə əbədi, silinməz izlər buraxan, daimi şirin xatirəyə çevrilən saysız-hesabsız kitabların müəllifi olan unudulmaz müəllimlərim - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Afad Qurbanov və Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, əməkdar elm xadimi, professor Əhməd Seyidovla bağlı xatirələrimi qeyd etmək istərdim.

1973-cü ilin iyun ayı idi. Təhsil aldığım Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsində yaz imtahan sessiyası keçirilirdi. 3-cü imtahanı verib otaqdan çıxarkən fakültə komsomol təşkilatı katibi Ramazan mənə yaxınlaşıb dedi ki, fakültəmizin dekanı Afad müəllim səni otağında gözləyir, təcili ora get. Mən də dərhal dekanın yanına getdim. O mənə dedi ki, oğlum, səni təhsil aldığın institutda (Stepanakert filialında – indiki Xankəndi) vilayət hərbi komissarlığında axtarırlar. Sən oradan qeydiyyatdan çıxmayıbsan. Bu arayışı götür, onlara təqdim edərsən, səni qeydiyyatdan çıxardacaqlar. Gəlib burada qeydiyyata düşərsən. Sonra professor əlini cibinə salıb mənə pul da təklif etdi. Dedi ki, uzaq yol gedirsən, tələbəsən, bəlkə üstündə pulun azdır, yolda çətinlik çəkərsən oğlum, pulu götür. Mən isə "pulum var” deyib professora təşəkkürümü bildirdim. Bircə onu bildirdim ki, bir imtahanım qalıb. Onu da verim, sonra gedərəm. Xatırlatdım ki, imtahanı vaxtında verməsəm, kəsir kimi qeydə alınacaq və mən təqaüd ala bilməyəcəyəm. Professor gülümsəyərək dedi: "Oğlum, bu, hərbi işdir, burada nə qalmaq, nə də gecikmək olar. Sən narahat olma, gələndə qalmış imtahanını verərsən”.

Daha heç nə demədim, deyə də bilməzdim. Xankəndinə getməli oldum. Orada müxtəlif bəhanələrlə məni üç gün get-gələ saldılar, vaxtında qeydiyyatdan çıxartmadılar. Bu zaman fürsətdən istifadə edib vaxtilə təhsil aldığım filiala gələrək müəllimlərimlə, tələbə yoldaşlarımla və digər dostlarımla görüşdüm. Nəhayət, birtəhər qeydiyyatdan çıxdım. Təcili Bakıya qayıdaraq qeydiyyata düşdüm. Axırıncı imtahana vaxtında gəlib çata bilmədim. Qrup yoldaşlarımdan da heç kimi görmədim. Onlar sonuncu imtahanı verib evlərinə getmişdilər. Mən dekanın yanına gəlib qeydiyyatdan çıxdığımı, Bakıda hərbi qeydiyyata alındığımı ona bildirdim. O, dərhal fakültə komsomol təşkilatı katibi Ramazanı çağırtdırıb ona dedi ki, bu oğlan şəhərə yaxşı bələd deyil. Bunu apararsan Əhməd Seyidovun kafedrasında imtahan versin. Özün də gözləyərsən, imtahan verəndən sonra onu qaldığı evə aparıb qoyarsan. Bizim filologiya fakültəsinin binası mərkəzi kolxoz bazarına yaxın bir yerdə, o zamankı Ketsxoveli küçəsində, institutun əsas binası isə keçmiş "26-lar bağı”na yaxın bir yerdə idi. Ona görə də ora gedib-gəlmək xeyli vaxt aparırdı. Fakültə komsomol təşkilat katibi əsas binanın yerini tanıyırdı. Ora yaxşı bələd idi. O, məni birbaşa pedaqogika kafedrasına gətirdi. Kafedra böyük bir otaqda yerləşirdi. Otağı pərdə ilə kəsib iki otaq düzəltmişdilər. Otağın birini kafedra müdiri, o birini isə əməkdaşlar üçün ayırmışdılar. Komsomol təşkilat katibi məni kafedra müdirinə təqdim etdi. Elmdə, hətta zahiri görkəmdə belə çox nəhəng görünən bu dağ cüssəli kafedra müdirini tanıyırdım. Axı, o, bizə mühazirələr oxumuşdu. Onu da yaxşı bilirdim ki, o da Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti tarixində özlərinə əbədi yer tutan Firidun bəy Köçərili, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyov, Süleyman Sani Axundov, Rəşid bəy Əfəndiyev və başqaları kimi Zaqafqaziya Qori Müəllimlər Seminariyasının məzunu olmuşdur. Bu elm fədaisi institutda təhsil aldığım illərdə - seminariyanın yeganə yadigarı idi ki, yaşayırdı, elmi-pedaqoji kadrların yetişməsinə olduqca böyük əmək sərf edirdi. Mən də özümü xoşbəxt sanıram ki, belə bir elm fədaisi müəllimim olmuşdur.

İmtahan vermək üçün göndəriş sənədini professora təqdim etdim. O, mənə bilet çəkməyi təklif etdi. Çox həyəcanlı idim. Kafedrada təxminən 15-ə qədər müəllim var idi. Elə bil komissiya qarşısında imtahan verirdim. Professor mənim çox həyəcanlı olduğumu hiss etmişdi. Məhz elə buna görə də, stolun üstünə qoyulmuş ağ vərəqlərə sualların cavablarını yazmağı, tələsməməyi məsləhət gördü. Sanki elə bil bununla da həyəcanıma son qoyuldu. Düzü, mən yuxarıda qeyd etdiyim kimi, Xankəndinə getdiyim üçün vaxt azlığından imtahana yaxşı hazırlaşa bilməmişdim. Yalnız ümidim seminarlarda, əlavə vaxtlarda öyrəndiklərimə qalmışdı. Artıq sualların cavablarını üç səhifədən bir az çox yazmışdım. Birdən professor mənə dedi: "Oğlum, yazdığın kifayətdir. İndi danışa bilərsən”.

Birinci sualı bilmədiyim üçün çox çətin, çıxılmaz vəziyyətdə qalmışdım. Kafedranın əməkdaşlarının baxışları mənə tərəf yönəlmişdi. Bu isə mənim həyəcanımı daha da artırdı. Ani olaraq çıxış yolunu ikinci sualı birinci sualın yerinə qoymaqda tapdım. İkinci sualı birinci sual yerinə oxuyub danışmaq istəyərkən professor mənə əllə işarə etdi. Dərhal dayandım. Bunu da duydum ki, simamda böyük qızartı əmələ gəlib. Professor çox asta səslə dedi:

- Oğlum, sualın yerini niyə dəyişdirdin?
- Professor, mümkündürsə, icazə verin bu sualdan başlayım.
- Buyur, danış.

Onu da qeyd etmək istərdim ki, professor ürəyimi yaxşıca oxumuşdu. Utandığıma görə bəri başdan "birinci sualı bilmirəm” deməyə dilim gəlmədi. Çünki professordan başqa kafedranın alimlərinin də gözləri mənə tərəf zillənmişdi. Elə bu səbəbdən, bu nurlu şəxsiyyət öz zəngin təcrübəsindən istifadə edərək, son dərəcə çalışqan tələbə olmağımı nəzərə alıb, mənə güzəşt etməyi, məni sevindirməyi və utandırmamağı hər şeydən üstün tutdu. O, elə buna görə biletin suallarının yerdəyişməsinə razılıq verdi. Mən də sualı çox geniş və ətraflı danışmağa başladım. O sonra dedi: "Keç o biri suala”. Yenə üçüncü sualı ikinci sualın yeri ilə əvəzləyərək danışdım. Bu sualı da çox yaxşı bilirdim. Lakin professor çox danışmağı məsləhət bilmədi. Assistent Bəşir Bəşirova göndərişə "əla” qiymət yazmağı tapşırdı, mənə isə dedi ki, qalmış sualı avqustun axırında soruşacaq. Professor bunu nə üçün belə etdiyini mən də, elə kafedra əməkdaşları da dərhal bildik... Professorla sağollaşıb otaqdan çıxdım. Dəhlizdə məni gözləyən fakültə komsomol təşkilat katibi ilə görüşdüm. Ona "əla” qiymət aldığımı bildirdim. Şəhəri yaxşı tanımadığım üçün komsomol təşkilat katibi məni qaldığım evə aparmaq istədi. Amma mən ona evə yox, M. F.Axundov adına Respublika Dövlət Kitabxanasına gedəcəyimi bildirdim. Onunla xudahafizləşib ayrıldıq. Dərhal kitabxanya getdim. Orda həmin sualı dərindən oxuyub mənimsədim. Hətta sualla bağlı lazımi qeydlər də götürdüm.

Yay tətilinin başa çatmasına iki gün qalmış Bakıya gəldim. O zamankı ADPİ-nun (indiki ADPU-nin) əsas binasına gələrək müəllim Bəşir Bəşirovu tapdım. O, məni görərkən dərhal yadına professor Əhməd Seyidovun mənə dediyi "üçüncü sualın cavabını avqustun axırında soruşacağam” xəbərdarlığını xatırladı. Birlikdə kafedra müdirinin otağına daxil oldu. Professora nə məqsədlə yanına gəldiyimizi xatırlatdı. Professor dedi:

- Oğlum, indi biletin qalmış sualına yaxşı hazırlaşıbsan?
- Bəli.

Professor mənə bir sual verdi. Sualı düzgün cavablandırdım. Daha başqa sual vermədi. Aradan neçə onilliklər keçib, professorun mənə göstərdiyi isti, həssas münasibət, diqqət, ürəyi oxumaq məharəti şirin bir xatirə kimi qəlbimdə əbədi kök salıb. O, nəinki mənim, habelə minlərlə yetirmələrinin ürəyində və pedaqogika elmində ölməzlik simvoluna çevrilərək yaşamaqdadır.

Aradan illər keçəndən sonra "Azərbaycan müəllimi” qəzetində professor Əhməd Seyidovun 100 illik yubileyi ilə əlaqədar bildiriş verilmişdi. Bildirişdə yubileyə professorun tələbələri, aspirantları və digər yetirmələri dəvət edilmişdi. Mən də sevimli və unudulmaz müəllimimin şanlı yubileyində iştirak etməyi özümə borc bildim. Buna görə Bakıya getdim. Yubiley tədbiri o zamankı Müəllimlərin İxtisasartırma və Yenidənhazırlama İnstitutunun akt zalında təşkil edilmişdi. Başqa şəxslər kimi mən də çıxışa yazıldım. Çıxışa yazılanlar lap çox idi. Heç gümanım yox idi ki, bu qədər alimlərin içərisində mənə söz verilə. Tədbiri yubileyin təşkilat komitəsinin sədri, pedaqoji elmlər doktoru, əməkdar elm xadimi, professor Nurəddin Kazımov giriş sözü ilə açaraq yubilyarın keçdiyi mənalı və şərəfli həyat yolu haqqında çox məzmunlu, dəyərli açıqlama verdi. Yubilyarın həyat və yaradıcılığı haqqında məruzədən sonra çıxış üçün söz bu sətirlərin müəllifinə verildi. Heç gözləməzdim ki, mənə bu tezliklə söz veriləcək. Yuxarıda qeyd etdiyim xatirəni orada danışdım. Bu xatirə tədbir iştirakçılarının hədsiz marağına səbəb oldu. Bunu da orada xüsusi vurğuladım ki, bu görkəmli elm fədaisi, nəhəngi, çox dərin, fenomenal yaddaşa, böyük hiss, düşüncə tərzinə malik, ürəkləri məharətlə oxumaq, nəciblik, xeyirxahlıq, alicənablıq və sair yüksək bəşəri keyfiyyətlərə xas şəxsiyyət idi.

Bəli, aradan 50 ilə yaxın vaxt keçir. Amma bir şeyə əminəm: artıq ölməzlik mücəssəməsi kimi qəlbimdə yaşayan, unudulmaz müəllimlərimin - Azərbaycan dilçilik elmində yeni məktəb yaratmış Afad Qurbanovun və Zaqafqaziya Qori Müəllimlər Seminariyasının yadigarı, milli pedaqogika tarixi elminin banisi Əhməd Seyidovun adları təhsil, elm tariximizdə əbədi qalacaqdır.
Ədalət Hüseynov,
Ağcabədi RTŞ-nin metodisti

banner

Oxşar Xəbərlər