AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Unudulmaz film – “Hababm Sınıfı”

Unudulmaz film – “Hababm Sınıfı”

Mədəniyyət
04 Dekabr 2012, 16:26 2175
1974-cu ildə Türkiyədə silsilə filmlər çəkildi: “Hababam Sınıfı. Sonra silsilə uğurla davam etdi: “Hababam Sınıfı Sınıfta Kaldı”, “Hababam Sınıfı Uyanıyor” (1976), “Hababam Sınıfı Tatilde” (1977), “Hababam Sınıfı Dokuz Doğuruyor” (1978), “Hababam Sınıfı Güle Güle” (1981). Bu gün tanınan, bəziləri artıq rejissorluqla məşğul olan, türk filminin klassikləri sayılan usta aktyorlar onda ilk sənət addımlarını atırdılar.

Heyətdə kimlər yoxuydu, kimlər... Kemal Sunal - İnek Şaban, Münir Özkul - Kel Mahmut, Adile Naşit - Hafize Ana, Şener Şen - Badi Ekrem, Tarık Akan - Damat Ferit, Semra Özdamar - Semra Hoca, Muharrem Gürses - Okul müdürü Muharrem Gür, Halit Akçatepe - Güdük Necmi, Teoman Ayık – Öğrenci, Feridun Şavlı - Domdom Ali, Sıtkı Akçatepe - Paşa Nuri, Ergin Orbey, Hüseyin Şevki Topuz, Cem Gürdap - Tulum Hayri, Ahmet Arıman - Hayta İsmail, Kemal, Ergüvenç - Kemal Hoca, Ertuğrul Bilda - Külyutmaz Necmi, Talat Dumanlı - Sıtkı Hoca, Hayri Karabey - Rıza Hoca, Cengiz Nezir - Bozum Cahit, Bülent İğdiroğlu - Kalem Şakir, Hakkı Karadayı - Veysel Efendi, Tayfun Akalın – Öğrenci, Orhan Aydınbaş - Milli Eğitim Bakanı, Selim Naşit - Süslü Selim, Ekrem Dümer – Bürokrat, Dilaver Gür – Dilaver,Akil Öztuna - Akil Hoca, Tuncay Akça – Bacaksız, Leman Akçatepe - Damat Ferit`in Annesi, Ercan Gezmiş - Postal Riza, Gazanfer Şener – Kikirik, Zülfükar Öner – Öğrenci.

“Hababam sınıfı” bədii əsər kimi hələ ekranlaşdırılmamışdan əvvəl “Dolmuş” adlı jurnalda hissə-hissə çap olunur və yazıçıya böyük şöhrət qazandırırdı. Təsəvvür edin, əsər oxucular tərəfindən o qədər böyük maraqla qarşılanır ki, jurnalın 79 nömrəsində davamlı çap olunur. Birdən-birə jurnalda əsərin davamı çap olunmur, səbəbsə çox sadə idi: Əsər bitmişdi. Amma oxucuların istəklərini, təzyiqlərini və tələbini nəzərə alıb, onları sakitləşdirmək üçün belə bir xəbər yayırlar ki, əsərin çapı yay tətili olduğuna görə müvəqqəti dayandırılır.

Daha sonra 1965-ci ildə “Tan” nəşriyyatı tərəfindən “Hababam sınıfı” əsəri kitab şəklində dərc olunur və intizarlara son qoyulur. Bununla da, əsərin müəllifi Rıfat Ilqaz kağıza-sözə sığmayacaq şöhrət qazanır. Hələ bu harasıdır, əsərin teatr taleyi başlayır. Bununla da, əsər daha da tanınmağa başlayır, böyük səhnələrdə özünə yer edir, bilet kassalarının qarşısında, tamaşa zallarında iynə atsan yerə düşmür. Sanki əsərin taleyinə bircə söz yazılıb “uğur”.

Nəhayət, film çəkilişləri başlayır. Birinci film çəkilib göstəriləndən sonra artıq aktyorların hamısı tanınır, çeşidli rollara dəvət alırlar, yavaş-yavaş aradan çıxanlar, müqaviləni pozanlar da olur. Amma film uğurlu yolunda büdrəmir.

Filmdəki hadisələr özəl “Özel Çamlıca Lisesi”də baş verir. Varlı insanlar öz övladlarını bu liseyə gətirib illik xərclərini ödəyib gedirlər, çox ailə öz uşaqları ilə maraqlanmır, heç onların ziyarətinə də gəlmirlər. Ailə qayğısından kənarda qalmış uşaqlar tərbiyəsiz hərəkətlər edir, dərsi pozur, hətta məktəbdə gizli toy edirlər, qeyri-qanuni uşağı olan da olur. Valideynlərə isə elə gəlir ki, uşaqlarının maddi ehtiyaclarını ödəməklə “müqəddəs missiya”larını bitiriblər.

Amma nə qədər dəcəl, savadsız olsalar da, uşaqlar hələ öz mənəviyyatlarını itirməyiblər. Onlar daim lisey daxilində xeyirxah işlər görürlər. Savadsız və dəcəl olduqlarına görə müxtəlif cəzalar tətbiq olunsa da, onlar islah olmur, əksinə, günü-gündən mənfiyə doğru irəliləyirlər. Liseyin direktorunu isə onların savadları yox, illik təhsil haqqı maraqlandırır. Ona görə də sinifdə qalan Hababam sınıfını dağıtmır, çünki təhsil haqqını əlindən buraxmaq istəmir. Məktəb müdiri Mahmud Hoca isə maaşla böyük işlər görən, tələbələrinə öz balası kimi baxan, onları sevdiyinə görə cəzalandıran baş qəhrəmandır. Ciddiliyinə, tələbkarlığına və savadına görə uşaqlar onu sevmir, amma filmin sonunda tamam başqa mənzərə aydınlaşır: öz doğma atalarından görmədikləri qayğını Mahmud Hocadan görən Hababam sınıfı onu özünə ata bilir. Uşaqlar öz atalarından öyrənə bilmədikləri tələbkarlığı, vicdanı, halal əməyi, düzgünlüyü ondan öyrənirlər. Bununla da filmin əsas qayəsi açılır: Əsl məktəb tələbələrinin pullarını alıb onların oxuyub-oxumamağına baxmayan pullu lisey deyil, əsl məktəb “Mahmud Hocanın mənəvi məktəbi”dir. Tələbələr savad qazanmadılar, illərlə sinifdə qaldılar, amma əvəzində Mahmud Hocanın sayəsində insan kimi insan ola bildilər.

Filmin ideyası

1) Ən əclaf və dəcəl uşağın və insanın qəlbində xeyirxahlıq toxumu var, müəllimin və valideynin vəzifəsi onu aşkarlamaqdır.
2) Varlı ailənin uşağı olmaq heç də həmişə xoşbəxtlik gətirmir.
3) Liseylər bəzi varlı ailələr üçün “kimsəsiz uşaqlar evi”ndən fərqlənmir. Onlar uşaqlarını oxutmaq yox, başlarından etmək istəyirlər.
4) Övladını yaxşı yedirtmək, geyindirməklə fəxr edən valideynlər onları düzgün yola yönəltməyi, tərbiyə verməyi unudurlar, ona görə də cəmiyyət xeyirxah insanlar qazanmaq əvəzinə vandallar qazanır.
5) Təhsilin pullu olduğu yerlərdə, təhsil alverə, biznes mənbəyinə çevrilməməlidir.
6) Mahmud Hoca kimi mənəviyyatlı bir müəllim bəs edir ki, özülü rüşvətlə qurulmuş bir liseyin tələbələrini bütün çirkinliklərdən qorusun.

P.S. 2003-ci ildə Türkiyənin “Yeni nəsil aktyorları” adlandırılan komediya qrupu bu əsərə yenidən müraciət etdi. Üç film çəkildi: “Hababam sınıfı mərhaba”, “Hababm sınıfı askerde”, “Habam sınıfı üç bucuk”. Bu filmlər də böyük şöhrət qazandı, amma ilk “Hababam sınıfı”ndan fərqli olaraq bu filmlərdə dramatiklik az idi və ideyası çox da dərin deyildi, kommersiya marağı isə aydın-aşkar hiss olunurdu.

Fərid Hüseyn