• cümə axşamı, 28 mart, 22:59
  • Baku Bakı 13°C

Unudulmayan səsin şöləsi

18.09.19 10:15 1271
Unudulmayan səsin şöləsi
Mədəniyyət tariximizdə özünəməxsus yer tutmuş elə sənətkarlar olub ki, onlar yaddaşlarda ən çox məhz səsləri ilə qalıblar. Mənim düşüncəmə görə, ahəngində təsiredici məqamlar, həyəcanlar, titrəyişlər, düşündürmək bacarığı yaşadan səsin özü bir mənəvi xəzinədir. Səs bəzən də xalqın müdrikliyini, tarixini, iç dünyasını, mənəvi gözəlliyini əks etdirən misilsiz qüvvəyə malik olur. Onun təsiredici gücünü heç bir şeylə əvəz etmək mümkün deyil. Bu baxımdan, haqqında söz açacağım Kazım Ziya da Səs adlı sərvətin ən qiymətli bir incisi idi.
Azərbaycan teatrının inkişafında cəfakeşlik göstərən, biz nəslin görmədiyi, amma adını tez-tez eşitdiyimiz Kazım Ziya! Xüsusilə də bədii qiraətlə məşğul olanlar onu həmişə yad etdiyindən bizə elə gəlirdi ki, Kazım Ziya yalnız bədii qiraət ustası olub. Nədənsə sözə tapınan, onu xüsusi məharətlə, ifadəli, təsirli şəkildə tamaşaçıya, dinləyiciyə çatdıran qiraət ustaları həmişə Kazım Ziya ilə müqayisə edər, ən yaxşılarını məhz bu sənətkarın davamçısı olduğunu qiymətləndirərlər. Bu meyar neçə ildir ki, yaşamaqdadır. Arxiv materialları, müasirlərinin qələmə aldığı xatirələr və aktyorun yaradıcılıq yolu ilə tanış olduqca azman bir sənətkarın keşməkeşli həyat yolu göz önündə dayandı. Adı teatr tariximizə solmayan naxışlarla həkk edilən Kazım Ziya əslində ziddiyyətli münasibətlərə, repressiyalara məruz qalmış başıbəlalı bir şəxsiyyət olub.
Tofiq Kazımov onun haqqında yazırdı: "Təbiət etibarı ilə mədəni, sağlam düşüncə və dərin zəka sahibi olan Kazım Ziya ömrü boyu yalnız adi aktyor kimi qalmamış - gənc teatr kadrlarına müəllim, mədəniyyət dünyamıza əsgər, səhnə dili, xalq dili, klassik şeir dilimiz üçün müəllim, nitq sənətimizin mütəxəssisi kimi böyük şöhrət qazanmışdır”. Bu fikrin işığı ilə Kazım Ziya yaradıcılığını araşdırarkən bir məsələnin üstündə qətiyyətlə dayandım ki, böyük aktyorun obrazlar üzərində apardığı iş üslubu bugünkü gənclərə bir örnək ola bilər. Əsl aktyor məktəbinin məzunu olmaq və realist aktyor oyunun sirlərinə yiyələnmək üçün Kazım Ziya yaradıcılığından müntəzəm istifadə etmək səmərəli nəticə verə bilər.
Kazım Ziya (Kazımzadə) 1896-cı ildə Naxçıvanın Ordubad rayonunun Əylis kəndində anadan olub. Körpə ikən atasını itirən Kazım əmisi Hüseynin himayəsində yaşayıb. Qardaşının yadigarını oxutmaq üçün Hüseyn kişi Kazımı Naxçıvandakı şəhər məktəbinə qoyur. Kazım burada ərəb, fars dillərini mükəmməl öyrənərək klassik ədəbiyyatın mütaliəsi ilə məşğul olur. Füzulinin, Hafizin, Sədinin şeirlərini əzbərdən söyləmək xoşuna gəlir. Baxmayaraq ki, o zaman Naxçıvanda müəyyən mənada gerilik, dini fanatizm hökm sürürdü. Amma şeir məclisləri də yox deyildi. Hüseyn kişi qardaşı oğlunu həmişə belə məclislərə aparar, 15 yaşlı gəncin məharətlə söylədiyi şeirlərə qulaq asardılar. Tale elə gətirib ki, Hüseyn kişi ailəsi ilə birlikdə Bakıya köçüb. Kazım burada gimnaziyada oxuyaraq ədəbiyyat dərnəyinin üzvü olub. Tezliklə dərnəyin üzvləri Kazım Ziyanı özlərinə rəhbər seçiblər. Kazım Bakıda Hüseyn Ərəblinski ilə tanış olub. Ədəbiyyata, xüsusilə də xarici ölkə yazıçılarının əsərlərinə olan dərin maraq Kazım Ziyanı tərcüməçiliyə sövq edib. O, 1914-cü ildə Molyerin "Zorən təbib” komediyasını fransızcadan dilimizə tərcümə edib. Hüseyn Ərəblinski gənc teatr həvəskarlarının xahişi ilə bu əsərin rejissoru olub. Tamaşa 1914-cü ildə oynanılıb. Kazım Ziyanın böyük səhnəyə gəlişi məhz bu tamaşadakı Sqanarel rolu ilə başlayıb. Gəncin ilk işi Ərəblinskinin çox xoşuna gəlib.
O ildən başlayaraq Kazım Ziya peşəkar aktyorlarla dostluq edib, onların oynadığı tamaşalarda epizodik rollar yaradıb. Kazım Ziyanın uğurlarından biri də "Nadir şah” tamaşasındakı Rzaqulu xan obrazı olub. Tədqiqatçılar yazırlar ki, tamaşada Nadir şah rolunu Hüseyn Ərəblinski özü oynayırmış. Tamaşadan sonra böyük aktyor bildirib ki, Kazım Ziya təkcə əli, qolu, səsi ilə deyil, həm də gözləri ilə oynamağı, başqalaşmağı, obrazın keçirdiyi dəhşətləri, həyəcanları, ağrıları əks etdirməyi bacarıb. Beləliklə, 1916-cı ildən Kazım Ziya Müsəlman Aktyorları truppasının üzvü kimi gərgin fəaliyyətə başlayıb. O dövrdə Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi Ruhulla kimi aktyorlar yeni bir təşkilatın - Bakı Teatr Artistləri İttifaqının yaranmasının təşəbbüskarı oldular. Maraqlıdır ki, yeni yaradılmış ittifaqın sədri Abbas Mirzə Şərifzadə, katibi isə Kazım Ziya idi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra yeni həyatın tərənnümü səhnədə bəzi hallarda süni abı-hava yaradırdı. Məsələn, qolçomaqları, bəyləri, varlıları tənqid etmək üçün bu obrazların zahiri görkəmlərini çox qorxunc, eybəcər şəkildə tamaşaçıya təqdim etməklə onlara qarşı nifrət oyatmaq istəyirdilər. Quruluşun bu qanunlarına bəzi aktyorlar tabe olsa da, Abbas Mirzə Şərifzadə, Kazım Ziya, Ülvi Rəcəb kimi sənətkarlar həyat gerçəkliklərinə bağlı olduqlarından elə tamaşalarda iştirak edirdilər ki, aktyor kimi öz qüdrətlərini göstərə bilirdilər. Bu mənada Cəfər Cabbarlının "Oqtay Eloğlu”, Hüseyn Cavidin "Şeyx Sənan”, "İblis”, Səməd Vurğunun "Vaqif” pyesləri Kazım Ziyanın ruhuna daha çox uyğun gəlirdi. Onun səhnədə yaratdığı İblis, İnsan, Xaspolad, Vaqif rolları rəğbətlə qarşılandı. Kazım Ziya dövrün ziddiyyətləri ilə barışa bilmədiyindən bəzən səhnədən uzaqlaşmaq qərarına da gəlib. Lakin onun sənətə bağlılığı hər şeydən idi. 30-cu illərin mənəvi-psixoloji sarsıntıları söylədiyi şeirlər, haqsızlığa, cəhalətə olan nifrəti onun özünə qarşı bir ittihama çevrilmişdir. Kasıb bir aktyor ömrü yaşayan Kazım Ziya 1932-ci ildə həbs edilib. Aparılan müəyyən araşdırmalardan sonra azadlığa buraxılsa da, "qara gözlər”in nəzərindən yayınmayıb. NKVD adlanan qurum bu aktyor haqqında yeni-yeni sənədlər, faktlar toplamağı davam etmişdir. Nəhayət, 1938-ci ildə Kazım Ziya əksinqilabçı, millətçi, üsyançı təşkilatın üzvü kimi təqsirli bilinərək yenidən həbs edildi. Sənədlər göstərir ki, həmin vaxt Kazım Ziyanın mənzilində axtarışlar aparılıb, müxtəlif sənədləri, fotoşəkilləri, məktubları götürülərək məhv edilib. Kazım Ziyanın məhkəməsi ikinci bir səhnə idi. Burada da həqiqətlə yalan, işıqla qaranlıq üz-üzə dayanmışdı. Tamaşaçı müstəntiq, aktyor Kazım Ziya idi. Bu səhnənin bir fərqi var idi ki, aktyorun oynadığı "ssenari”dən xəbəri yox idi. Zamanın, rejimin təzyiqi, işgəncələri, mənəvi iztirabları məcbur edirdi ki, Kazım Ziya boynuna qoyulanları təsdiq etsin. O, bu təqlidə məcbur olurdu. Müxtəlif sənət dostlarından, aktyorlardan, rejissorlardan rəylər toplanmışdı. Dindirilən şahidlərin hamısı Kazım Ziyanı ən yaxşı aktyor kimi səciyyələndirir, onun heç bir millətçi təşkilatla əlaqəsi olmadığını dilə gətirirdilər. Uzun çək-çevirdən sonra -1939-cu ildə məhkəmə Kazım Ziyanın bəraət alması haqqında hökm çıxarsa da, baş verənlər aktyorun mənəviyyatına ağır zərbə vurdu. O, arada müxtəlif teatrlarda calışsa da, bütün yaradıcılığı Azərbaycan Dövlət Akademik Dram Teatrı ilə bağlı olub. Əslində, dövrün rüzgarlarından çox əziyyət çəkib, şeirlərinin birində (o, həm də şair idi-F.X.) dediyi kimi, "gəncliyi solmuşdu, ümidi sönmüşdü”. Səhnəni bir xitabət kürsüsü seçən Kazım Ziya bəzən özünün içindəkini, etirazlarını, üsyanını, gileyini obrazların acı qəh-qəhələri ilə büruzə verirdi.
Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə müxtəlif orden və medallara, fəxri adlara layiq görülmüş xalq artisti Kazım Ziya ədəbiyyatı, incəsənəti bütün varlığı ilə sevirdi. Onun son vəsiyyəti belə olub: "... Nizaminin, Füzulinin külliyyatını tabutuma qoyun. Çiyinlərinizdə də onlarla olun, qəbir evində də...” Ölümündən bir qədər əvvəl dərs dediyi Azərbaycan Dövlət Teatr İnstitutunda tələbələrlə görüşündə belə bir söz də işlətmişdi: "Biz qocalar növbəni verdik sizə”. Həqiqətən Kazım Ziya özündən sonra bir məktəb qoyub getdi. O, sağlığında tələbələrini – gələcək aktyorları klassiklərin şeirləri ilə tərbiyə edərdi. Onun pedaqoji təcrübəsindən bu gün də bəhrələnmək mümkündür. Azərbaycan dilinin zənginliyini, gözəlliyini Kazım Ziya öz səsi, ifadəli nitqi, təsirli avazı ilə qəlblərə yeridirdi.
Teatr tariximizdə müqtədir aktyorlar çox olub. Amma bütün tədqiqatçıların bir fikri var ki, Kazım Ziya obraza həssas təfəkkürlə yanaşardı. Daxili dünyası o qədər zəngin, emosiyalı bir aktyor idi ki, onun təqdimindəki mənfi obrazlar da tamaşaçı tərəfindən sevilirdi. O, öz mənəviyyatı ilə obraz arasında elə bir vəhdət yaradarmış ki, zamanın bütün haqsızlıqları və bu dövrə aid olan etirazlar çox qəribə şəkildə təsdiqlənərmiş. Hətta ən sərt kommunistlər də, ən mərhəmətli insanlar da Kazım Ziyanın nəfəsindən qopan bütün sözləri eyni ahəngdə qəbul edərdilər. Həqiqəti çatdırmağın ustalığı budur! Bu ecazkar səsin, mənalı sözlərin təsiri sonra üzə çıxırdı. Deyirlər ki, Kazım Ziya səhnəni xitabət kürsüsünə çevirərək ondan elə məharətlə istifadə edib ki, söylədiyi həqiqətdən, bəslədiyi nifrətdən bir kimsə boyun qaçıra bilməyib. Elə bu əhvalla da 1956-cı ildə dünyasını dəyişən qüdrətli aktyorun ədəbi irsi bu gün də yaşamaqdadır. Səsinin şöləsi mənəvi həyatımızdan çəkilmir. Sanki böyük Cavidin haqlı nidası bu avazın harayında bizi bir daha düşünməyə, ayıqlığa və dərindən fikirləşməyə çağırır:
- İblis nədir?
- Cümlə xəyanətlərə bais...
- Ya hər kəsə xain olan insan nədir?
- İblis!

Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist




banner

Oxşar Xəbərlər