AZE | RUS | ENG |

Unudulmayacaq sənətkar haqda xatirələr

Unudulmayacaq sənətkar haqda xatirələr
O, yaradıcılığı ilə “kicik rol vasitəsilə böyük fikirlər ifadə etmək çətindir” mülahizəsinin mənasızlığını sübuta yetirib

Elə səhnə ustası var ki, onun sənət yolu bir teatrın yaradıcılıq yoludur, səhnəyə gətirdiyi hər bir yenilik teatrın yeniliyidir. Yaratdığı hər obraz, hətta epizodik olsa belə, tamaşaçının yaddaşına əbədi həkk olunur, öz xalqının milli sərvətinə, teatr tarixinin bir səhifəsinə çevrilir və mənəvi güc, idrak aydınlığı ilə həqiqət səviyyəsinə yüksəlir. Belə sənətkarların əsas meyarı istedaddır. İstedad işığına gedən yolda isə heç kəs azmaz. Xalq artisti Məhəmməd Burcəliyev də məhz bu kimi aktyorlar silsiləsinə daxildir. 

Məhəmməd İsmayıl oğlu Burcəliyev 1914-cü il, aprel ayının 25-də Şəki şəhərində anadan olub. Burada beş illik orta təhsilini başa vurduqdan sonra 1930-cu ildə təhsilini davam etdirmək məqsədi ilə Bakı şəhərində Karl Lipginixt adına fabrik-zavod məktəbinə daxil olub. Aktyor öz xatirələrində yazır: "1930-cu ilin əvvəllərində Bakıda sənət məktəbində oxumaq üçün şagird qəbulu ilə bağlı Şəkidə elanlar vurulurdu. Mən də oxumaq üçün həmin məktəbə yazıldım. Sənət məktəbinə gələrkən bizi çox yaxşı qarşıladılar və iş paltarı da verdilər. Bu sənət məktəbində həm qazma sənətini öyrənməli, həm də təhsil almalı idik. Bir həftətəcrübə keçdikdən sonra təhsil alacağımız məktəbə gəldik. İlk dərsimiz ədəbiyyat dərsi idi. Zəng vuruldu və məktəbin direktoru, yanında ortaboylu, qarabuğdayı, qalın dodaqlı bir oğlanla daxil oldular sinfə. Direktor bizə dərslərimizdə və işlərimizdə uğurlar arzuladı. Sonra yanındakı oğlanı göstərib dedi:

-        Bax, sizin ədəbiyyat müəlliminiz budur. Özü də yaxşı şairdir. Yəqin ki, şerlərini oxuyubsunuz. Adı da Mikayıl Müşfiqdir. 

Mən onun şerləri ilə tanış idim. Amma üzünü görməmişdim. Müşfiq müəllim ədəbiyyatla maraqlananları çox sevirdi. Bir çox gəncin həyatında olduğu kimi, mən də şer yazırdım. Bir gün Müşfiq müəllim dərsdən sonra mənim yazdığım şerləri dinlədi, amma bir söz demədi. Səhəri gün mənim əlimdən tutub "Gənc işçi” qəzetinin redaksiyasında olan ədəbiyyat dərnəyinə apardı və üzv yazdırdı. Burada məni Süleyman Rüstəmlə tanış etdi”. 

Məhəmməd Burcəliyev Karl Lipginixt adına məktəbi bitirdikdən sonra Fəhlə Pedaqoji Texnikumuna daxil olub. Bu  məktəbin bitirilməsi ilə əlaqədar olaraq təşkil olunan konsert proqramında maraqlı çıxışını gördükdən sonra məhz Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildən Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1932-1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərib və maraqlı obrazlar qalereyası yaradıb. 1935-ci ildən ömrünün sonunadək, yəni 1994-cü ilin noyabr ayının 25-dək Gəncə Dövlət Dram Teatrında çalışıb. 1967-1968-ci illərdə N. K. Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin teatr aktyoru və rejissoru fakültəsini bitirib. 1948-ci ildə "Yadigar” adlı dram əsəri də qələmə alıb. Həmin il "Yadigar” pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub. "Yadigar” pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilən "Müasir dramaturqların əsərlərinə baxış” festivalında 3-cü dərəcəli diploma layiq görülüb. Həmçinin M. Burcəliyevin respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin müəllifi kimi də çıxışları olub. Aktyor Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qalereyası yaratmağa müvəffəq olub. "Od gəlini”ndə Altunbay, "Aydın”da Səlim, "Nəsrəddin şah”da Cavad xan, "1905-ci ildə”də Qubernator, "Almaz”da Şərif, "Səyavuş”da Kərşivaz, "Fərhad və Şirin”də Azər baba, "Otello”da Radriqo, "Vaqif”də İbrahim xan, "Üç qəpiklik opera”da Bıcaq Mex, "III-Riçard”da Lord Xestinqs, "Odu atma, Prometey”də Kefest, "Dəli Kür”də Qoca, "Qacaq Nəbi”də Koxa Məmməd, "Qəribə dilənçi”də Qeyza Qaliba və s. obrazları onun yaradıcılığının əsasını təşkil edib. Bu teatrın səhnəsində M. Burcəliyev 11 pyesə quruluşçu rejissor kimi səhnə həyatı bəxş edib. Aktyor "Azərbaycanfilm”in istehsalı olan bir neçə filmdə də yaddaqalan obrazlar yaradıb. Belə ki, "Mən ki gözəl deyildim” (1968) filmində Əsgər, "Dəli Kür” (1969) filmində Allahyar, "Firəngiz” (1975) filmində Sürücü, "Gözlə məni” (1980) filmində Bəy, "Köhnə bərə” (1984) filmində İbrahim kişi, "Qəm pəncərəsi” (1986) filmində Rəşid bəy  və "O dünyadan salam” (1991) filmində Hacı Baxşəli obrazları, aktyorun geniş yaradıcılıq imkanlarından, böyük potensial qüvvəsindən xəbər verir. O, 1944-1945-ci illərdə Fikrət Əmirov ilə birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaradaraq, həmin illərdə buranın direktoru kimi də fəaliyyət göstərib. O, həmçinin 1950-1955-ci illər ərzində Gəncə Dövlət Dram Teatrının direktoru kimi çalışıb. M. Burcəliyev 1955-ci ildə respublikanın əməkdar artisti, 1958-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 1994-cü il noyabr ayının 25-də Gəncə şəhərində vəfat edib. 

Jurnalist Əhməd İsayevin 12 mart 1989-cu il tarixli "Kommunist” qəzetində nəşr olunan  Məhəmməd Burcəliyev haqqında yazısında oxuyuruq: "... Əsl el adamıdır. Kimsənin xeyrindən-şərindən qalmaz. Elə ki, qəlbini açdın, qayğı-kömək umdun, o dəqiqə qabağa düşür, ərki çatan yerə məsləhətə, minnətə gedir. Özünün min bir qayğısı var. Yaşa dolub, oğul-uşağı da çox. Özündən bir kəlmə danışmaz, giley-güzarı xoşlayan deyil. Özgə dərdinə isə laqeyd qala bilmir. İllah da ki, aktyor ola, rejissor ola! Əlli ildən çoxdur səhnəyə bağlanıb. Aktyor kimi, rejissor kimi. Bir silsilə komik obrazlar qalereyası yaradıb. Hamının sevimlisi, ağsaqqalı olub. Gəncə Dövlət Dram Teatrının salnaməsinə adı əbədilik yazılıb xalq artisti Məhəmməd Burcəliyevin”. 

Deyirlər ki, yaşamaq da bir sənətdir – taledən hər kəsə bəxş olunan sənət. Əsl insan odur ki, bu ömrü mahir sənətkar kimi yaşayır. Bəli, məhz sənətkar kimi. İnsan sənətkar olandan sonra isə ikiləşir, sevinci də, kədəri də ikiqat artır. Sənətkarın payına sevinc az düşür, yaradıcılıq əzabları, nigarançılıq, şübhələr onu sıxır. Ancaq bu əzablar bağbanın becərdiyi ağacın meyvəsini dərənə qədər keçirdiyi əzablar kimidir. İkinci bir əzab da var – acı illərin verdiyi mənəvi əzab. 

        Məhəmməd Burcəliyev təlaşlı, həyəcanlı günlərinin birini belə xatırlayır: "1951-ci ilin soyuq yanvar ayı idi. Bir gün xəbər gəldi ki, Mir Cəfər Bağırov Ənvər Məmmədxanlının "Şərqin səhəri” pyesinin tamaşasına baxacaq. Mən də teatrın direktoruyam, həm də baş rollardan birini oynayıram. Fikrim budur ki, Mir Cəfər Bağırovdan teatrın təmiri, rekonstruksiya olunması üçün bir şey qopardım. İşıqçılara tapşırdım ki, Bağırov rolunu ifa edən aktyor, xalq artisti Əşrəf Yusifzadə səhnəyə çıxan kimi, projektorları tuşlasınlar lojada oturmuş Mir Cəfər Bağırovun üstünə. Əmin idim ki, bu, ona xoş gələcək, mən də teatrın dərdlərini həll edə biləcəyəm. Tamaşa qurtardı, "qulbeçə”lərdən biri rəngi qaçmış halda qrim otağına gəlib dedi ki, Burcəliyev kişi səni çağırır. Onun sifətində mən öz faciəmi oxudum. Dedim, axı hələ qrimimi silməmişəm. Doğrusu, minlərlə adamı gedər-gəlməzə göndərən, elə bizim teatrdan Ələkbər Seyfini sürgün etdirən Bağırovla üz-üzə gəlməyə qorxurdum.  Gətirən getdi, bir azdan sonra daha böyük təşvişlə qayıdıb bildirdi ki, Bağırov deyir, eybi yoxdur, qrimdə gəlsin. Sibirin şaxtası dondurdu burnumu. Girdim kabinetə, Bağırov qəti səslə soruşdu:

-        Familyan?!

Familyam yadıma düşmədi ki, düşmədi. Rəhbərlərdən biri dedi ki, Burcəliyevdir, yəqin yadından çıxıb. 

Mir Cəfər Bağırov məni xeyli süzdükdən sonra, gülümsündü, "təbrik edirəm, yaxşı tamaşadır, bəs teatrın binası niyə soyuqdur?” dedi. 

-        Yoldaş Bağırov 0,5 düyməlik boru tapılmır. Ona görə də qalmışıq belə. 

O vaxt şəhərin birinci katibi Ağamirzə Əhmədov idi. Bağırov soruşdu:

-        Bəs bu Ağamirzə Əhmədov sənə kömək eləmir?

Katib də təsdiq etdi ki, 0,5 düyməlik boru Gəncədə tapılmır. 

Bağırov getdi. Səhərə kimi özümə gələ bilmədim. Bilmədim bu, yeni tamaşa üçün təbrik idi, ya ölüm fərmanı. Hə, bu söhbət axşam saat 10-da oldu. Səhər saat 9-da dəmiryol vağzalından xəbər gəldi ki, sizin teatrın adına 0,5 düyməlik boru gəlib, özü də bir vaqon, gəlin aparın”.

"Mənim üçün üç Burcəliyev var!”  deyir respublikanın əməkdar incəsənət xadimi, rejissor Oruc Qurbanov:  "Rolları bölürəm... Məhəmməd Burcəliyevə rol yoxdur. Nəyin bahasına olursa-olsun, çalışıram ki, epizod da olsa, onun üçün rol düzəldim. Təki o, mənim məşqlərimdə iştirak etsin. Ona görə ki, Burcəliyev mənim üçün kamertondur. 61 il səhnədə... Teatr sənətinin sağlam, gümrah vaxtlarını da görüb, infarktını da, iflicini də... Zövqü - kamerton səsi kimi pak və duyumludur. Hər hansı parçanın məşqindən sonra, gizlicə, onun üzündəki ifadəyə baxıram. Olar-olmazı onun üzündən oxuyuram. Hər dəfə aktyorların əldə etdikləri nailiyyətləri təmkinlə izləyən Burcəliyevin uşaq kimi sevinib cavanlaşmasını görəndə, valeh oluram və içimdə bir nida səslənir: "Allah nə yaxşı ki, belə insanlar var!” Mənim üçün üç Burcəliyev var. Daha səmimi el dili ilə desəm, üç Məhəmməd dayı var: Dədə Məhəmməd, Ustad Məhəmməd, Ağsaqqal Məhəmməd!...”

        Xalq artisti Məhəmməd Burcəliyev 61 il səhnədə olub, onunla nəfəs alıb, sevinci, kədəri ilə yaşayıb. O, yaradıcılığı ilə "kicik rol vasitəsilə böyük fikirlər ifadə etmək çətindir” mülahizəsinin mənasızlığını sübuta yetirməklə, səhnədə hər obrazı tamaşaçıya zəngin ifadə vasitələri ilə təqdim etməyə çalışıb. Yəqin ki, belə olmasaydı, Gəncə Dövlət Dram Teatrının səhnəsində Əfqanın "Qız atası” komediyasında Cavad kişi obrazı ilə 35 ildə 3000 dəfədən artıq çıxış etməklə, tamaşaçı rəğbətini qazana bilməzdi.

Gəncə Dövlət Dram Teatrının repertuar zənginliyini təmin etmək məqsədilə, xalq artisti Məhəmməd Burcəliyev həmçinin yaradıcılığı zamanı dramaturqların yetişdirilməsində də xidmətləri olub. Belə ki, ulu Gəncədə yaşayıb yaradan dramaturqlardan Altay Məmmədov və Fəridə Əlyarbəyli məhz ilk dram əsərlərinin yaranmasının əsas səbəbkarı kimi Məhəmməd Burcəliyevin xüsusi xidmətinin olduğunu öz xatirələrində qeyd edirlər. Altay Məmmədov yazır: "Mənim 1954-cü ildə çap etdirdiyim "Haralısan, əmioğlu” hekayəsi əsasında qələmə aldığım "Həmyerlilər” pyesinin maraqlı tarixçəsi var. Bir gün dostlarımızla birlikdə yeni tamaşanın ilk baxışından sonra yeyib-içirdik. Söhbət əsnasında çox yaxın ailəvi dostum olan xalq artisti Məhəmməd Burcəliyev qəfil mənə dedi:

- Altay, deyirəm bəlkə bir dram əsəri yazasan... 

- Nə? Mən? Dram əsəri? Nə danışırsan ay Məhəmməd? Heç düşünmə.

- Niyə? Çox duzlu və məzəli qələmin var. Elə, hekayələrin, oçerklərin bir dünyadır. Sən gəl bir düşün.

"Yaxşı, baxarıq” dedim. Bu söhbətdən bir müddət keçsə də, Məhəmməd Burcəliyev yenə də öz fikirlərində israrlı idi və dram əsəri yazmağıma təkid edirdi. Bir gün isə o, mənə "Həmyerlilər”in ideyasını verdi. Mən bu mövzu ətrafında bir xeyli düşündüm və qərara gəldim ki, "Haralısan, əmioğlu” hekayəmin motivləri əsasında bir özümü sınayım. Belə də oldu. "Həmyerlilər”i yazdım və pyesi Gəncə Dövlət Dram Teatrının bədii şurasına təqdim etdim. Pyes oxundu və qəbul edildi. Tamaşanın quruluşçu rejissoru isə elə xalq artisti Məhəmməd Burcəliyev özü oldu. İlk dram əsərimin səhnə taleyi çox uğurlu oldu”.

Dramaturq Fəridə Əlyarbəyli isə "Xan qızı” tarixi dramının yaranması haqqında öz xatirələrində yazır: "70-ci illərin əvvəllərində xalq artisti Məhəmməd Burcəliyev mənim dram əsəri yazmağımın səbəbkarı oldu. Mən bu xeyirxahlığı heç zaman unutmaram. Biz ailəvi dost idik. Bir gün yenə bir yerə yığışıb söhbət edirdik ki, o, mənə, Xurşudbanu Natəvan haqqında pyes yazmağı məsləhət gördü. Elə bu söhbətdən sonra Natəvan haqqında axtarışlar etdim və "Xan qızı” pyesini yazdım”.

Unudulmaz sənətkar olan Məhəmməd Burcəliyev hələ çox-çox illər öz xatirələrinin işığında uzun və əbədi bir yol gedəcək. Bitməz, tükənməz bir yol. Bu yolun işığı isə sənətkarı daima xatirələrdə yaşadacaq. Ruhu şad olsun! 
 
Anar Burcəliyev,
teatrşünas
 
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056