• cümə axşamı, 25 aprel, 06:30
  • Baku Bakı 14°C

Unudulan aktyor - Fotolar

05.12.17 11:30 3770
Unudulan aktyor - Fotolar
Onu romantik və realist aktyor məktəblərinin estetik prinsiplərini öz yaradıcılığında məharətlə əks etdirən aktyor adlandırırlar. Ona "romantizmin son ulduzu” da deyirdilər. Xalq artisti Həsənağa Salayev bu sevgini qazanmaq üçün teatr və kino sənətimizdə uzun və çətin bir yol keçmişdi.

Həsənağa Salayevin aktyorluğa həvəsi uşaqlıqdan yaranıb. Bakıda qulluqçu ailəsində doğulan (5 dekabr Həsənağa Salayevin doğum günüdür) Həsənağanı, yeddi yaşına çatanda atası Bakıdakı 6-cı Şura məktəbinə aparıb. Həsənağa 1937-ci ildə həmin məktəbin doqquzuncu sinfini yaxşı qiymətlərlə bitirib. Elə həmin il Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən, 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Hələgəncliyindən özünə kumir seçdiyi Abbas Mirzə Şərifzadənin Karl Moor, Oqtay və Səyavuş rollarına baxmaqdan zövq alıb. Azərbaycan Teatr Texnikumunda təhsil alarkən Şillerin «Qaçaqlar» pyesinin romantik qəhrəmanı Karl Mooru oynamaq onun da taleyinə yazılıb. 1938-ci ildən Azərbaycan Dövlət Dram Teatrında Səməd Vurğunun «Xanlar» pyesi əsasında hazırlanmış tamaşada Jandarm rolunda Mərziyyə Davudova ilə tərəf müqabil olması, onun aktyorluq taleyinə uğur kimi yazılıb. Taleyindən müharibənin qan-qadası da keçib. Kiçik qardaşı Əhmədlə eyni vaxtda cəbhəyə yollanıb. Qardaşının qara kağızı gəlsə də, Fin cəbhəsində vuruşub, bir neçə dəfə də mühasirəyə düşmüş Həsənağa sağ-salamat geri qayıdır (ailənin Leninqrada təhsil alıb, orada çalışan böyük oğlu, şahmatçı kimi tanınan Mehdini isə Sibir sürgünü gözləyirdi). Qələbədən sonra doğma Bakıya qayıdan Həsənağa Teatr İnstitutunun sənətşünaslıq fakültəsinin qiyabi şöbəsinə daxil olur. Həyatı qədər sevdiyi səhnəyə «Dumanlı Təbriz»də Qüdrət, «Vəfa»da leytenant Əli, «Qatır Məmməd»də Əziz, «Qaliblər»də Kapitan, «Gənc qvardiya»da Jora rolları ilə çıxır. Romantik əsərlər onu daha çox cəlb edir.

Kinorejissorlar da onun yaradıcılığına laqeyd qalmırlar. 1947-ci ildə rejissor Yefim Dziqanın dəvəti ilə«Azərbaycanfilm» kinostudiyasında istehsal olunan «Fətəli xan» filmində yaralı əsgər rolunda çəkilən Həsənağa Salayev, kinoda ilk addımını atır. Aktyorun kino taleyi də uğurlu olur. "Fətəli xan”, "Görüş”, "O olmasın, bu olsun”, "Onu bağışlamaq olarmı?”, "Koroğlu”, "İstintaq davam edir” bədii və "Aygün”" televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilir. H.Salayev «Azərbaycanfilm» kinostudiyasında Bədii Şuranın üzvü idi. Dublyajın formalaşmasında da onun böyük əməyi olur. «Dəli kür» filmində Ələddin Abbasovun oynadığı Cahandar ağanı səsləndirməklə, bu ədəbi obrazın ekran həllində yaxından iştirak edir. M.Bulqakovun «Qaçış» əsəri əsasında ekranlaşdırılmış eyniadlı filmdə M.Ulyanovun yaratdığı, vətənindən dərbədər olan general Çarnotanı dilimizdə uğurla səsləndirir. Radio tamaşalarında - «Qış nağılı»nda, Leont, «Hamlet»də Layert, «Səfillər»də Jan Valjan, «Maskarad»da Arbenin, «Əlvida silah»da Müəllif, «Sevil»də Balaş, kimi məşhur ədəbi personajlar da onun ifasında ustalıqla səslənir.

Həsənağa Salayevin kinoda uğurlu və yaddaqalan rolları sırasında "Onu bağışlamaq olarmı?” filmindəki mayor Qüdrət rolu xüsusi yer alıb. Filmin çəkilişi ərəfəsində 39 yaşlı aktyor Rəssamlıq Texnikumunun 21 yaşlı tələbəsiSərvət xanımla ilk dəfə elə milis formasında görüşməklə, xoşbəxt bir ailənin təməlinə imza atır. Ailədə dünyaya gələn iki oğuldan böyüyünə babası Dəryanurun, kiçiyinə isə türk romantik nəsrinin parlaq nümayəndəsi Rəşad Nurinin adlarını qoyulur.
Cəsarətli, ləyaqətli və vicdanlı insan
Həsənağa Salayevin dostluqda sədaqətli olması hamıya nümunə imiş. Salayev mərhum xalq şairimiz Bəxtiyar Vahabzadə ilə də yaxın dost olub. O, bu dostluqdan həmişə qürur duyurmuş. Hətta «Gülüstan» poemasından sonra çətinliklərə məruz qalan şairin evinə anonim olaraq hər həftə ərzaq səbəti göndərməsi də dillərdə gəzirmiş...

«Mən Həsənağa Salayev haqqında yalnız xoş sözlər danışa bilərəm» - deyən Xalq artisti Rafiq Əzimov həmkarını cəsarətli, ləyaqətli və vicdanlı bir insan kimi xatırlayır: "Həsənağa Bəxtiyar Vahabzadə ilə yaxın dost olub. Bəxtiyar Vahabzadə də onun dost kimi çox sadiq olmasından danışırdı. Belə ki, «Gülüstan» poemasından sonra şair çox tənqidlərlə qarşılaşırdı. Hətta, ona görə şairi işdən də çıxarmışdılar. Bir dəfə televiziyada aparıcısı olduğum verilişə dəvət etdiyim şairdən Həsənağa Salayevlə dost olması ilə bağlı xatirə danışmasını xahiş etdim. Şair məmnuniyyətlə danışdı: «Bir neçə ay evdə oturdum. Ancaq hər şənbə günü qapını açıb çöldə bir zənbil olduğunu görürdüm. Zənbilin içində bazarlıq olurdu. Hər şənbə qapının zəngi vurulur, açdıqda, heç kimi görmürdüm. Bir dəfə isə qapının zəngi çalınanda, dərhal açdım və balaca bir uşağı qaçan gördüm. Uşağın arxasınca qaçıb onu saxladım. Uşaq ağlayıb "zənbili mənə bir əmi verib” dedi. Uzun illər bu zənbilin kim tərəfindən qoyulduğunu bilmədim. Ancaq Həsənağa Salayevin yas mərasimində zənbilin onun tərəfindən qapıya qoyulduğunu öyrəndim. Bu hadisə mənə çox təsir elədi””.

Həsənağa Salayevlə çox tamaşalarda tərəf-müqabil olduğunu deyən Rafiq Əzimov, bütün tamaşaların maraqla qarşılandığını xatırlayır: "Elə aktyorlar var ki, onlarla tərəf-müqabil olmağın özü də xoşbəxtlikdir. Bu, təcrübədir, stimuldur, bir-birinə dəstək olmaqdır. Həsənağa ilə səhnəyə çıxanda da eyni hissləri keçirirdim. Tamaşanın yaxşı keçəcəyinə, maraqla qarşılanacağına, alqışlanacağına içimdə bir əminlik hissi yaranırdı. Belə də olurdu. Həsənağa Salayev Səməd Vurğunun «Vaqif» əsərində Eldarı oynayanda, mən vəziri oynayırdım. Həsənağa Salayev Vaqif rolunda oynayanda isə mən də onunla tərəf-müqabil olaraq Vidadi rolunda oynayırdım. Bernard Şounun «Şeytanın şagirdi» əsərində böyük qardaşımı oynayırdı. «Oqtay Eloğlu» tamaşasında da o, Oqtayı, mənsə Dursun rolunu oynayırdım. Onunla birlikdə oynadığım bütün tamaşalar çox uğurlu alınıb. Onun səsi, müxtəlif xarakterli rolları tamaşaçılar tərəfindən çox alqışlanırdı. Onun dublyajda çox gözəl səsləndirmələri var. «Dəli Kür»də Cahandar ağanın möhtəşəm səsi də Həsənağanın ifasında səslənib”. Həsənağa Salayev teatrda yerli komitə sədri işlədiyi müddətdə, həmkarlarının məişət, istirahət, səhiyyə və digər problemlərinin həllində yaxından iştirak edir. Gənclərə dayaq, həmkarlarına həmdəm olur.
Gənclərin himayəçisi idi
R.Əzimov Həsənağa Salayevin gənclərə qarşı xüsusi diqqət göstərdiyini xatırlayır: "O, həmişə gəncləri müdafiə edirdi. Gənclər onun timsalında sanki öz hamilərini görürdülər. Həmçinin Həsənağa Salayevin təcrübəsi onlar üçün məktəb idi. Onlar institut auditoriyalarında öyrəndiklərini Həsənağa Salayev məktəbindən təkmilləşdirirdilər. İstər qastrol səfərində, istər səhnədə, istərsə də həyatda onun necə gözəl bir insan olduğunun şahidi olurduq. Qastrol səfərlərində mən insanların Həsənağaya olan sevgisini və hörmətini görürdüm. Bu, aktyorun xoşbəxtliyi idi. Onu tanıyırdılar, sevirdilər, hörmətlə qarşılayır və yola salırdılar. Bu hörməti qazanmaq isə hər sənətkara qismət olmur”. R.Əzimov Həsənağa Salayevin sərbəst səhnə davranışı, əzəmətli boy-buxunu, tamaşada tərəf müqabillərinə diqqəti ilə seçildiyini deyir: "Gurultulu səsini məharətlə tənzimləyən aktyor, romantik rollarla realist personajları, mürəkkəb psixoloji, dramatik obrazları eyni məharətlə oynaya bilirdi. Həsənağa Salayev ruhən, emosiya coşqunluğu, səs diapazonu ilə romantik aktyor idi, ancaq lirik, dramatik və psixoloji rolları da məharətlə oynayırdı”.

Müsahibim vurğuladı ki, Həsənağa Salayev kimi aktyorlar haqqında "səhnə üçün doğulmuşdu” sözlərini asanlıqla demək olur: "Həyatını teatr və kinosuz təsəvvür etməyən, sənətlə nəfəs alan, heç vaxt aktyorluq adına xəyanət etməyən sənətkarlardan idi Həsənağa Salayev. Bəzən olur ki, tamaşaçılar teatra rejissorun quruluşuna, bəzən əsərə görə, bəzən də aktyorun oyununa görə gedirlər. Əlbəttə, üçü bir arada olanda tamaşa da mükəmməl alınır. Həsənağa Salayev də öz növbəsində tamaşaçıları teatra cəlb edən aktyor idi. Tamaşaçılar onun oyununa baxmağa, əzəmətli səsini eşitməyə gəlirdilər. Onun səhnəyə hər çıxışı tamaşaçıların zövqünü formalaşdırırdı”.
Unudulan adam
70-ci illərdən modernizm cərəyanına, psixoloji dram janrına məxsus pyeslərin tamaşaya qoyulması ilə romantizm sənətkarlığının tədricən arxa plana keçməsi və Həsənağa Salayevin də unudulmağa başlaması sənətkarın həyatına mənfi təsir göstərir. Həyat yoldaşı Sərvət xanımın xatirəsindən: «Həsənağa çox pis əsəbiləşirdi, çılğın və hövsələsiz olmuşdu. Bir də görürdün, telefonla danışan zaman nəsə xoşuna gəlmir, aparatı yerə vurub sındırırdı». Bütün bunlar aktyorun səhhətindən izsiz ötüşmür.

1975-ci ildə Həsənağa Salayev infarkt keçirir və səhnədən tədricən uzaqlaşır. Ancaq dolanışığı üçün kiçik qruplarla respublikanın rayonlarına qastrol səfərinə çıxmağa məcbur idi. 1976-cı ildəki növbəti səfərlərin birində, Zəngilanda olarkən beyninə qan sızır. İflic olan sənətkar düz altı il yataq xəstəsi olur. Xəstə ikən ona baş çəkənlərin sayı gündən-günə azalır. Aktyor sanki «unudulan adam»a çevrilir. Həmişə səhnədə olan, gurultulu səsi, həyat eşqi və enerjisi ilə insanlara emosiyalar yaşadan aktyor üçün bu, günəşin qürubuna çevrilir. Həsənağa Salayev 1981-ci ildə vəfat edir. Amma çəkildiyi ekran əsərləri, böyük sənətkarlıqla oynadığı tamaşaların lent yazıları və nadir fotoları görkəmli aktyordan yadigar qalır...
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər