• çərşənbə axşamı, 23 aprel, 15:27
  • Baku Bakı 24°C

Universitetlərin maddi-texniki bazası - reallıq və perspektiv

27.09.17 09:15 1668
Universitetlərin maddi-texniki bazası - reallıq və perspektiv
"İstər bakalavr, istət magistratura pilləsində bir çox laboratoriyalarda ən sadə cihazlar belə yoxdur ki, orada gələcək mütəxəssislər müəyyən araşdırmalar aparsınlar, yaxud ən azından, heç olmasa yeni biliklərə yiyələnmək üçün o cihazlarla işləməyi bacarsınlar. Ona görə də belə məsələlər müzakirə edilməlidir”. Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Bəxtiyar Əliyev komitənin 18 sentyabrda keçirilən iclasında deyib.
Onun sözlərinə görə, doktorantların elmi araşdırmalar aparması üçün büdcədən maliyyələşmənin aparılmamağı müəyyən problemlər yaradır: "Dövlət sifarişli ixtisaslara qəbul olan tələbələr hansı ali məktəblərə daxil olursa, mülkiyyət formasından asılı olmayaraq, maliyyə xərcləri həmin məktəblərə ödənilir. Amma elmi araşdırmalarla bağlı müəyyən problemlər var. Təhsil müəssisələrində doktorantların elmi araşdırmalar aparması, laboratoriyalarda elmi tədqiqat işlərinin görülməsi üçün ayrıca maliyyə vəsaiti yoxdur. Bu gün insan kapitalının inkişafı lazımdır. Əgər elmi araşdırmalar aparılmayacaqsa, elmi araşdırmalarla təhsil bir yerdə olmayacaqsa, bu gün bizim təhsil müəssisələrində hazırladığımız kadrlar praktikada fəaliyyətə başlayanda artıq elmi nailiyyətlərinə sıfırdan başlayacaqlar".
B.Əliyev bildirib ki, bu gün Azərbaycan dövlətinin bir məqsədi var, yüksək texnologiyalar cəmiyyətini formalaşdırmaq və elm tutumlu sahələri inkişaf etdirmək: "Yüksək ixtisaslı elmi kadrların hazırlanması yüksək vəsait tələb edir. Keyfiyyət üçün yaxşı vəsait qoyulmalıdır. Əlbəttə, Elmin İnkişafı Fondu var. Lakin onun da illik büdcəsi təxminən 5 milyon manatdır. Azərbaycanda güclü elmi laboratoriya yaratmaq istəyiriksə, bu məsələyə baxılmalıdır. AMEA və ali təhsil sistemində bu məsələlərə baxılmalı - ya ali məktəblərdə ixtisaslaşma, differensiallaşma getməlidir, ya da qrant layihələri istiqamətində yeni qanun layihəsi üzərində düşünməliyik ki, bu layihələrlə konkret mexanizmlər işləyib hazırlaya bilək”.
Bu deyilənləri nəzərə alaraq, universitetlər arasında sorğu keçirməyə və onların maddi-texniki bazasının hansı səviyyədə olduğunu, son illər bu yöndə hansı işlərin görüldüyünü öyrənməyə çalışdıq.
AzMİU-da laboratoriya bazası, yeni mərkəzlər, emalatxana yaradılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mətbuat və İnformasiya şöbəsinin müdiri Nəcibə Mirzəyevadeyir ki, yeni dövrün tələblərinə uyğun savadlı, təcrübəli mütəxəssis hazırlamaq üçün tədris prosesinin effektli təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi vacibdir: "Bu baxımdan, yeni forma və metodların işlənib hazırlanması, informasiya texnologiyalarının geniş tətbiqi, ən əsası, laboratoriya bazasının gücləndirilməsi və istehsalatla əlaqələrin genişləndirilməsi çox lazımdır. Son illər Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasını gücləndirmək məqsədi zəruri avadanlıqlarla təchiz edilib, laboratoriya bazası, yeni mərkəzlər, emalatxana yaradılıb. 2013-cü ildə İnşaat konstruksiyaları kafedrasında Fövqəladə Hallar Nazirliyinin maliyyə dəstəyi ilə yaradılmış İnşaat Konstruksiyalarının Kompüter Modelləşdirilməsi Laboratoriyasında tələbələr "SAP – 2000” hesablama kompleksi üzrə konstruksiyaların, bina və qurğuların parametrik hesablanmaları və layihələndirilməsi işləri ilə məşğul olurlar. 2015-ci ildə "AzərSu” ASC-nin dəstəyi ilə ekologiya kafedrasında müasir avadanlıqlarla təchiz olunmuş su təchizatı problemləri üzrə Elmi-Tədqiqat və Tədris Laboratoriyası yaradılıb. Burada quraşdırılmış cihazların köməyi ilə içməli və çirkab suların tərkibindəki 40-a qədər göstəriciləri təyin etmək mümkündür. "Holcim” şirkəti ilə birgə yaradılan Yapışdırıcı Materialların və Betonların Sınağı Laboratoriyası sement və betonun, həmçinin, təqdim edilən texnikanın sınaq işlərinin Avropa standartlarına uyğun yerinə yetirilməsinə imkan verir. Ölkəmizdə ilk dəfə müasir standartlara uyğun İnşaat Konstruksiyalarının Müayinəsi və Tətbiqi Laboratoriyası "Paşa-İnşaat”ın böyük maliyyə dəstəyi ilə yaradılıb və ən yeni texniki avadanlıqlarla təchiz edilib. Son dövrlərdə AzMİU ilə "Təmiz Şəhər” ASC arasında qurulan əməkdaşlıq nəticəsində ekologiya kafedrasının nəzdində Təmiz Şəhər Mərkəzi formalaşdırılıb. Mərkəzin yaradılmasında məqsəd tələbələr üçün ekspertlər tərəfindən seminarların təşkili, təqdimatların keçirilməsi və digər fəaliyyətlərdir. İnformasiya-Kommunikasiya Fondunun dəstəyi ilə başlanğıc mərhələdə kiçik sahibkarlığın yaranması, inkişafı üçün hüquqi məsləhət və digər xidmətlərə dəstək olan İnnovativ Biznes İnkubator Mərkəzinin təsis olunması tələbələrin yaradıcılığının və biznes təşəbbüslərinin dəstəklənməsi üçün yaxşı şərait yaradıb. 2015-ci ildə Aksessuar İnşaat şirkətinin maliyyə dəstəyi ilə Tədris Mərkəzi açılıb. Mərkəz Memarlıq fakültəsinin dizayn ixtisası üçün nəzərdə tutulmuş memarlıq, dizayn sahələrində tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi, şirkət mütəxəssislərinin cəlb edilərək seminarların keçirilməsi məqsədi daşıyır. Eyni zamanda, bu mərkəz tələbələrə 3D MAX, AutoCat, ArchiCat və başqa proqramlarla işləmək imkanı yaradır. 2016-cı ildə "Akkord” Qazax sement zavodunun dəstəyi ilə Sement və Beton Laboratoriyası yaradılıb. Həmin ildə Avropa Komissiyası tərəfindən dəstəklənən "Avisenna Virtual Campus inAsia” layihəsi çərçivəsində "Avisenna” virtual mərkəzi açılıb. Dünyanın 14 ölkəsində tətbiq olunan bu layihənin məqsədi universitetlər arasında "Avisenna” şəbəkəsi qurmaqla, virtual konsepsiyalara əsaslanan e-learnig kurslarının yaradılması vasitəsilə regional təhsilin keyfiyyətinin yüksəldilməsidir. 2017-ci il aprel ayının 25-də "Embawood” şirkəti AzMİU-da taxta emalatxanası açıb. Emalatxana tələbələrinmütəxəssis kimi ixtisas biliklərinin artırılmasıüçün hər cür lazımı texniki avadanlıq və qurğularla təchiz edilib”.
BSU daim təkmilləşməyə çalışır
Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri İbrahim Quliyevin məlumatına görə, Bakı Slavyan Universiteti 2016- 2017-ci tədris ili ərəfəsində əsaslı şəkildə təmir edilərək, yeni maddi-texniki baza ilə təchiz edilib: "Universitetin istilik, su təchizatı, kanalizasiya sistemi tam yenidən qurulub, həyətdə əlavə yeraltı su hovuzu tikilib. Bundan əlavə, universitetin bütün auditoriyaları əsaslı şəkildə yenidən qurulub, müasir tələblərə uyğun olaraq ağıllı lövhələrlə təmin edilib. İnformasiya kompüter texnologiyası, işıqlandırma sistemi, rabitə və s. tamamilə yenilənib.Universitetdə doqquz mədəni-tədris mərkəzi fəaliyyət göstərir. Onların sırasında Rusiya, Ukrayna, Polşa, Bolqarıstan, Türkiyə, Yunanıstan, Çexiya və s. Mərkəzləri göstərə bilərik. Hər bir Mərkəz təmsil etdiyi ölkənin tarixi, mədəni, etnoqrafik xüsusiyyətləri ilə bağlı əyani vasitələrə malikdir. Onu da qeyd edək ki, həm diplomatik korpusların nümayəndələri, həm də xaricdən gələn rəsmi qonaqlar bu mərkəzlərdə olur, tələbələr qarşısında müntəzəm çıxış edirlər. Elm və texnikanın inkişafına uyğun olaraq, universitetin maddi-texniki bazası təkmilləşməlidir. Bu mənada, universitetimizin daim nümunəvi olmasına çalışırıq”.
AzTU-da laboratoriyalar çoxlaıb
Azərbaycan Texniki Universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev deyir ki, universitet son bir neçə ildə tam yüksək səviyyədə təmir edilərək, tələbələrimizin ixtiyarına verilib: "İlk növbədə onu qeyd edim ki, bizim təhsil müəssisəsi auditoriyalarda ağıllı lövhədən ən çox istifadə edən universitetdir. Təhsil Nazirliyinin vəsaiti hesabına idman sarayımız təmir edilib. Laboratoriyalara gəlincə isə onu deyim ki, texniki universitetdə son dövrlər laboratoriyalar çoxalıb. Bunlardan biri "Metrologiya və standartlaşdırma” laboratoriyasıdır. Orada olan aparatın bir hissəsi yarım milyon dollardır. Bizdə informasiya texnologiyaları və rabitə də əsas ixtisaslardan olduğu üçün "NarMobile” ilə birgə keçən il Kommunikasiya Sistemləri Laboratoriyası yaradıldı. Tələbələr şəbəkə qurmağı, onun idarə edilməsini əyanı şəkildə öyrənirlər. Bundan başqa, bizdə texnika və texnologiya fakültəsi var. Onun nəzdində olan kafedranın böyük bir laboratoriyası fəaliyyət göstərir. Həmin yerdə virtual olaraq 3D formatında olan cihazların detallarının hazırlanması prosesi gedir”.
N. Abdullayev onu da qeyd etdi ki, tələbələr arasında sorğu keçirdirlər və bu sorğu yeni trendləri müəyyən etməyə, tələbələrə istədiyi təhsil şəraitini yaratmağa kömək edir.
ADİU müasir avadanlıqlar, bank proqramları və elektron resurslarla təchiz edilib
Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq və Kommunikasiya Departamentindənverilən məlumata görə, təhsil müəssisəsində bir neçə laboratoriya və mərkəz fəaliyyət göstərir: "İqtisad Universiteti ilə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi arasında imzalanan memorandum çərçivəsində "Maliyyə laboratoriyası" yaradılıb. Bundan başqa, "Kapital Bank”ın dəstəyi ilə "İnnovativ bankçılıq” laboratoriyası fəaliyyət göstərir. "Sabah” qrupları üçün hazırlanan bu laboratoriya müasir avadanlıq, bank proqramları və elektron resurslarla təchiz edilib. Bu, UNEC-də maliyyə sektorunda fəaliyyət göstərən 4-cü laboratoriyadır. Laboratoriya bank sektorunun tələblərinə cavab verə bilən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük rol oynayacaq. İxtisaslaşdırılan laboratoriyada tələbələr nəzəri biliklərlə yanaşı, praktik biliklər də əldə edirlər. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə "Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində virtual müəssisənin açılışı olub. Virtual müəssisənin məqsədi interaktiv tədrisi yaxşılaşdırmaq və işgüzar bacarıqlar əldə edərək onları inkişaf etdirmək, UNEC-in tələbə və magistrantlarına gündəlik işgüzar həyatı və əmək bazarının reallıqlarını nümayiş etdirməkdir. Həmçinin yeni yaradılan mərkəzlərimiz də var. Xarici Ticarətə Dəstək Mərkəzi və Digital Marketinq Mərkəzi. Xarici Ticarətə Dəstək Mərkəzi ixrac sahəsində sahibkarların və ixracatçıların dəstəklənməsi və onlara məsləhət xidmətlərinin göstərilməsi işlərinin təşkilini həyata keçirəcək. Digital Marketinq Mərkəzi isə qeyri-neft ixracını həyata keçirən şirkətlər üçün vaxt və maliyyə xərclərinə qənaət etməklə, digital marketinq vasitəsilə xarici bazarların operativ, etibarlı və spesifik araşdırmalarını aparacaq, professor-müəllim heyətinə və tələbələrə digital dünya ilə tanışlıq, effektiv istifadə və yararlanma keyfiyyətləri aşılayacaq”.
Günel Azadə
banner

Oxşar Xəbərlər