• cümə axşamı, 02 may, 01:57
  • Baku Bakı 15°C

Universitetlər üçün əlavə qazanc mənbəyi, yoxsa ali təhsili əl çatan edən amil?

28.11.18 09:30 856
Universitetlər üçün əlavə qazanc mənbəyi, yoxsa ali təhsili əl çatan edən amil?
Təhsil Nazirliyinin (TN) müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunacaq.
Trend-in məlumatına görə, bu məsələ "Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili” qaydalarında öz əksini tapıb. Qaydalara əsasən, hazırlıq qruplarında təhsil əyani formada aparılır. Tədris ili 2 semestrdən ibarətdir və oktyabr ayının 1-də başlayır. Hər semestrdə 15 həftə nəzəri tədris üçün, birinci semestrin sonunda 2 həftə tələbələrin biliyinin aralıq qiymətləndirilməsi üçün, ikinci semestrin sonunda isə 2 həftə buraxılış imtahanları üçün nəzərdə tutulur. Birinci semestrin sonunda tələbələrin biliyinin qiymətləndirilməsi və tədrisin keyfiyyətinin monitorinqi məqsədi ilə ali təhsil müəssisələri tərəfindən aralıq imtahanları keçirilir. Aralıq imtahanlarının nəticələrindən asılı olmayaraq, tələbələr ali təhsil müəssisəsinin hazırlıq qruplarından xaric olunmur və təhsillərini tədris ilinin sonunadək davam etdirirlər. Aralıq imtahanları qaydalara uyğun olaraq keçirilən tələbə qəbulu imtahanlarına müvafiq formada təşkil edilir. Tələbə ali təhsil müəssisəsinin intizam qaydalarını kobud şəkildə pozduqda və ya tədris aparıldığı semestrdə fənlər üzrə ayrılmış ümumi saatların 25 faizindən çoxunda iştirak etmədikdə, ali təhsil müəssisəsinin hazırlıq qrupundan xaric olunur.
Keçid ballarını DİM müəyyən edəcək
Hazırlıq qrupları qaydalarla müəyyən olunmuş ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə formalaşdırılır və hər qrupda tələbələrin sayı 20 nəfərdən çox olmamalıdır. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədris olunan fənlər üzrə qrup birləşmələrinə icazə verilmir. Hazırlıq qruplarında ixtisaslar üzrə tələbə qəbulu Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qaydalara əsasən, müsabiqənin nəticələri elan olunduqdan sonra TN-nin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir, ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlər tərəfindən ixtisas seçimi həyata keçirilir və Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılır. Onlar barədə məlumat "Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə daxil edilir. Hazırlıq qruplarına keçid balları nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyən edilir.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hazırlıq qruplarında tədris bitdikdən sonra ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunmayan tələbələr barədə "Tələbə-Məzun” dövlət elektron məlumat sistemində müvafiq qeyd aparılır.
Ümidsiz abituriyentlərin köməyinə 1 illik hazırlıq qrupları gələcək
Məlumat üçün qeyd edək ki, ali məktəblərə qəbul olunmağa imkan verəcək hazırlıq qrupları bütün ali təhsil müəssisələrində yaradılmayacaq. Ali məktəblərdə bakalavriat səviyyəsində birillik hazırlıq qrupları yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə təşkil olunacaq. Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, ötən il, yəni 2017- ci il qəbul imtahanlarında iştirak edən abituriyentlərin 50.6 faizi 200 baldan yuxarı nəticə göstərib. Bu isə o anlama gəlir ki, yerdə qalan 49.4 faiz abituriyentin ali təhsil almaq imkanları məhdudlaşıb. Amma belə ümidsiz abituriyentlərin köməyinə ali məktəblərin nəzdində fəaliyyət göstərəcək 1 illik hazırlıq qrupları gələcək. Təhsil haqqında qanuna edilən dəyişiklikdən sonra ödənişli qrupların yaradılması nəzərdə tutulub. Hazırlıq qruplarına keçid balını keçməmiş, aşağı nəticə göstərərək ixtisas seçimində iştirak etməyən abituriyentlər qəbul ediləcək.
Hər bir ali məktəb öz profilinə uyğun ixtisaslar üzrə hazırlıq qrupları təşkil edə bilər. Keçid balını keçməmiş abituriyentlərin hazırlıq qruplarına qəbul edilib-edilməməyini ali məktəblərin özləri müəyyənləşdirəcəklər. Təbii ki, bu zaman müraciət edənlər arasında seçim aparılacaq. Hazırlıq qruplarının ödənişi ali məktəblər tərəfindən müəyyən ediləcək. Bir sözlə, standart qiymətlər tətbiq edilməyəcək. Bir məqamı nəzərə almaq lazımdır ki, qarşıdakı il ali təhsil almaq yenə də abituriyentin özündən asılı olacaq.
Təhsil sahəsində atılan bu addımın nə dərəcədə əhəmiyyətli olduğunu, hansı effekti verəcəyini öyrənməyə çalışdıq.
Təhsil üçün xaricə gedənlərin sayı azalacaq
Təhsil eksperti Nadir İsrafilov bildirir ki, cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil: "Hər şeydən əvvəl onu qeyd edim ki, hələ bir il bundan qabaq ölkəmizin ali təhsil müəssisələrində ixtisaslar üzrə bakalavriat səviyyəsində bir illik hazırlıq qruplarının təşkili ilə bağlı Milli Məclisin növbədənkənar plenar iclasında müzakirə edilən və qəbul edilən dəyişiklik cəmiyyətdə heç də birmənalı qarşılanmamış və geniş müzakirələrə səbəb olmuşdu. Qeyd olunurdu ki, hazırlıq qrupları yaradılarkən müəyyən təcrübədən istifadə edilməli, onlar yüksək səviyyədə təşkil olunmalıdır. Eyni zamanda, hazırlıq qruplarının yaradılması ilə xarici ölkələrə gedən gənclərin axınının qarşısının alınacağı ehtimal edilirdi. Qəbul edilən dəyişiklik birmənalı qarşılanmamaqla bərabər, daha çox "ölkədə bu qədər hazırlıq kursları fəaliyyət göstərdiyi halda, ali məktəblərin nəzdində hazırlıq qruplarının yaradılmasına ehtiyac varmı” sualını da ortaya çıxarmışdı. Cəmiyyətdə yeni dəyişikliyə "savadsızlığın artacağı”, "yeni pul mənbəyi” kimi iradlarla yanaşı, "müsbət hal” kimi reaksiya verənlər də var idi”.
Ali təhsilin əl çatanlığı
Ekspert hesab edir ki, bu, hər şeydən əvvəl ali təhsilin hamı üçün əlçatan olması barədə dövlətin təhsil sahəsindəki kursundan irəli gələn bir məsələdir: "Əgər ali məktəblərə qəbul imtahanları üçün abituriyentlərə iki dəfə şans verilirsə, universitetlərin nəzdində hazırlıq kurslarının açılması da təhsilin əlçatanlığına xidmət edəcək. Biz dünya ölkələri ilə müqayisədə adambaşına düşən ali təhsillilərin sayına görə geridəyik. Bu mənada, belə bir dəyişiklik həmin geriliyi aradan qaldırmaq, həm də əhalinin əsas hissəsinin ali təhsillə əhatə olunması baxımından effektli ola bilər. Onsuz da valideynlərin əksəriyyəti övladlarının ali məktəblərə hazırlıqları üçün müxtəlif repititorlara və hazırlıq kurslarına üz tuturlar. Elə isə belə kurslar niyə məhz universitetlərin öz nəzdində olmasın? Bu, tələbələrin ali məktəblərə adaptasiya olunmasına, məşğulluqlarının təmin olunmasına, həmin ali məktəblərə qəbul şansının artmasına təkan verməklə yanaşı, həm də universitetlərin maddi imkanlarının artırılmasında yardımçı olar. Həmçinin gənclərimizin xaricdə oxumağa getmələrinin, kapital və beyin axınının qarşısı müəyyən qədər alınar. Yaranacaq kursların digər problemlərin aradan qaldırılmasında da rolu ola bilər”.
N. İsrafilov son olaraq qeyd etdi ki, "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda, əgər məktəbəhazırlıq kurslarının genişləndirilməsi prioritetdirsə, nə üçün ali məktəblərə hazırlıq məsələsi şübhə ilə qarşılanmalıdır? Bu baxımdan, ali məktəblərə hazırlıq da ağlabatan məsələdir.
Abituriyentlər universitetlərlə yaxından tanış olacaqlar
Təhsil eksperti, BMU-nun prorektoru Elçin Süleymanov deyir ki, bu kimi hazırlıq qrupları Sovet dövründə də var idi: "Universitetlərdə 1 illik hazırlıq mərhələsi olurdu. Ölkəmizdə təhsil alan xarici tələbələrin yaxşı öyrənməsi üçün bu sistem tətbiq edilirdi. Əslində bu, indi də bəzi universitetlərdə qalmaqdadır. Digər tərəfdən, qəbul imtahanından keçid balını toplaya bilməyən abituriyentlər xarici ölkələrə üz tuturlar deyə universitetlərimizdə kifayət qədər boş yerlər qalır. Bu prosesin də qarşısını almaq üçün gənclərə şans verilir ki, bir daha hazırlaşıb öz universitetlərimizi seçsinlər. Bəzən sual olunur ki, bunun digər hazırlıq kurslarından nə fərqi olacaq? Fərq o olacaq ki, abituriyentlər universitetlərlə yaxından tanış olacaqlar. Universitetdəki dərs prosesinə, oradakı mühitə yaxından bələd olacaqlar. Beləcə, onların düşüncələrində universitet anlayışı formalaşacaq. Bəlkə də bu, onun gələcəkdə universitet seçiminə təsir edəcək. Yəni ola bilər ki, abituriyent növbəti il elə hazırlığa getdiyi universiteti seçsin.
Ekspert bildirir ki, "Təhsil haqqında” qanunda universitetlərin müəyyən seminarlar, kurslar təşkil etməklə əlavə qazanc əldə etmək hüququ var. O, bu qərarın da həmin hüququn rəsmiləşmiş forması olduğunu düşünür.
Günel Azadə
banner

Oxşar Xəbərlər