Universitet, fakültə və şəhərin yanlış olmaması üçün - Araşdırma
Xaricdə
təhsilə üstünlük verən gənclərin sayı ildən-ilə artır. Övladının xaricdə təhsil
almasını istəyən valideynlər də çoxalır. Düzdür, dünyanın istənilən yerində təhsil
almaq imkanımız var, amma gənclərimizin ən çox üz tutduğu ölkə Türkiyədir. Həm
məkan olaraq yaxındır, həm də dil cəhətdən.
Türkiyə
vətəndaşlığı olmayan şəxslər bu ölkənin universitetlərində təhsil almaq üçün
YÖS (Yabancı Öğrenci Sınavı)
imtahanı verməlidirlər. Əvvəllər YÖS imtahanı mərkəzləmiş qaydada idi, bir dəfə
imtahan verirdin, sonra yığdığın nəticəyə uyğun istədiyin ali təhsil müəssisəsini
seçirdin. Ancaq indi hər universitet ölkəmizdə ayrıca olaraq YÖS imtahanı
keçirir. Adətən, gənclər bir neçə universitetin YÖS imtahanında iştirak edirlər,
nəticələri də təxminən eyni olur. Və bundan sonra seçim mərhələsi gəlir. Yəni
bir neçə universitetdə təhsil ala bilərlər, bəs seçim zamanı nələrə diqqət etməlidirlər?
Yaxşı hazırlıq olmalıdır
Mütəxəssislər bildirir ki, burda birinci məqam imtahana nə dərəcədə
hazırlıqlı olmaqdır. Metropol YÖS
Kurslarının Azərbaycan şöbəsinin nümayəndəsi Zaur Məmmədzadə deyir ki,
yaxşı seçim imkanının olması üçün ilk növbədə YÖS imtahanına hazırlıqlı olmaq
lazımdır: "Yaxşı təhsil verən universitetlərə qəbul olmaq üçün yaxşı nəticə
göstərmək lazımdır. İmtahanlarda zəif nəticə göstərəndə seçim edə biləcəyin
universitetlər elə də yaxşı olmaya bilər. Hər şey imtahana hazırlıqlı olmaqdan
başlayır”.
Azərbaycan Müəllim İnkişafı Mərkəzinin
təlimçi-müəllimi, təhsilin idarə olunması üzrə mütəxəssis, pedaqoq Qoşqar Məhərrəmovun sözlərinə görə, abituriyent Türkiyədə təhsil almaq istəyirsə, YÖS
üçün bir il hazırlaşıb sonra müraciət etsə, daha yaxşı olar: "Yaxşı bal yığa
bilsin ki, yüksək reytinqli universitetlərə qəbul olsun. Çox aşağı ballarla
Türkiyə universitetlərinə müraciət etməyə dəyməz. Aşağı balla qəbul olunan
universitetlərdə dünya səviyyəli təhsil alına biləcəyini düşünmürəm. Bundan əlavə,
SAT imtahanını verməklə Türkiyədə daha prestijli universitetlərə müraciət edə
bilərlər. Məsələn, Ortadoğu Texniki Universiteti, Boğaziçi Universiteti,
Hacettepe Universiteti, Ankara Universiteti, Qazi Universiteti, Marmara
Universiteti, Karadeniz Texniki Universiteti, Atatürk Universiteti, Bilkent
Universiteti, Sabancı Universitetini qeyd edə bilərik. Bu universitetlər dünya
reytinqində də müəyyən bir yerə sahibdirlər. Keyfiyyətli təhsil verdiklərini də
deyə bilərik”.
Universitetin ölkə və dünya üzrə reytinqi
Bir neçə universitetin imtahanında yaxşı nəticə göstərdikdə isə
abituriyent seçim arasında qala bilər.Q.Məhərrəmov deyir ki, seçim zamanı ilk diqqət edilməli məsələ,
universitetin dünya və Türkiyə üzrə reytinqidir: "Türkiyədə 150-yə yaxın universitet var. Onların heç
də hamısı eyni dərəcədə maddi-texniki bazaya, akademik heyətə sahib deyil. Ona
görə də bizim abituriyentlər seçim etməmişdən əvvəl təhsil müəssisəsinin Türkiyə
universitetləri arasında reytinqinə baxmalıdır. Və bununla yanaşı, dünya
reytinqində yerinə də fikir verməlidir. Birinci reytinqə baxmaq lazımdır. Çünki
bu, önəmli göstəricidir”.
Universitetin
reytinqi yüksək olanı seçim, yoxsa illik ödənişi bir az aşağı olanı? Çox vaxt
seçimdə bu sual da tərəddüdə səbəb olur. Z.Məmmədzadə deyir ki, yaxşı təhsil
almaq istəyənlər, təhsil haqqından çox reytinqə fikir versinlər: "Türkiyə
universitetlərində təhsil haqqı hər il dəyişə bilir. Hər il universitetin idarə
heyəti toplanaraq qərar verir ki, bu il ödənişlər necə olsun. Universitetləri təhsil
haqqına görə deyil, reytinqlərinə görə dəyərləndirsələr, daha yaxşı olar”.
Böyük, yoxsa kiçik şəhərlərin universitetləri?
Q.Məhərrəmov bildirdi ki, universitetin Türkiyənin hansı şəhərlərində
yerləşməsi də onlar haqqında müəyyən fikir demiş olur: "Əgər eyni zamanda böyük və kiçik şəhərlərdə olan
universitetlərdə təhsil imkanı qazanmısınızsa, bu zaman bilməlisiniz ki, böyük
şəhərlərin universitetlərində təhsil üçün şərait daha yaxşı olur: "Türkiyənin
İstanbul, Ankara, İzmir, Konya, Bursa, Əskişəhər, Ərzurum, Trabzon kimi məşhur
şəhərlərində olan universitetlərin təhsili kənar şəhərlərdə yerləşənlərlə
müqayisədə daha yaxşıdır. Bütün hallarda seçdikləri universitetin bir ənənəsi,
keçmişi olmağına diqqət etməlidirlər”.
Q.Məhərrəmovun
sözlərinə görə, əgər Türkiyənin böyük şəhərlərində deyil, bir az kənar yerlərində
olan universitetlərdə təhsil imkanı qazanmısınızsa, burda diqqət etməli
olduğunuz məsələlər bir az dəyişə bilir: "Bu zaman universitetin nə vaxt
qurulmasına, nə qədər heyəti olmasına fikir versinlər. Laboratoriyalarının
olub-olmamasını, dərs proqramlarını təfərrüatlı araşdırmaq lazımdır.
Universitetin saytına daxil olub ümumi məlumat əldə edin, detallı araşdırın. Ən
önəmli məsələlərdən biri universitetdə nə qədər müəllimin, professorun
çalışmasıdır. Türkiyənin hansısa şəhərində yerləşən universitetdə də kompüter
mühəndisliyi ixtisası açıla bilər, amma orda təhsil alıb məzun olanda heç bir
müasir kompüter texnologiyalarına yiyələnməyə bilərsən. Ona görə oxuyacağınız
ixtisasla bağlı universitetin maddi-texniki bazasının olub-olmamasına baxmalısınız.
Maddi-texniki baza olmadığı üçün dərslər nəzəri xarakter daşıya bilər. Belə
yerdə oxumağa, bunun üçün 4 il xaricdə təhsil almağa dəyməz”.
İngilis dilini unutmayın
Q.Məhərrəmov
deyir ki, universitetdə ingilis dilində tədrisin olması da diqqət edilməli məsələlərdəndir:
"Elə universitetlər var ki, orda çalışan müəllimlər ingilis dilini bilmirlər, dərslər
yalnız türk dilində keçirilir. Bu zaman dil biliyin inkişaf etməyəcək. Ona görə
seçim edərkən dil biliyini də nəzərdə saxlamaq lazımdır”.
Həm də ixtisasa görə universitet seçin
Və
universitet seçimi edərkən hansı ixtisas üzrə təhsil alacağınıza baxmalısınız.
Bu mövzuda fikirlərini bölüşən Z.Məmmədzadə bildirdi ki, bu cəhətdən də diqqətli
olmaq önəmlidir: "Akdeniz Universitetində iqtisadi təhsil yaxşıdır, mühəndislik
zəifdir. Mühəndislik üçün Karadeniz Texniki Universitetini seçmək daha məsləhətlidir.
Karadeniz Universiteti ilə Yıldız Texniki Universitetini müqayisə etsək, əlbəttə
ki, Yıldız Texniki Universitetdəki mühəndislik təhsili daha yaxşıdır. O
universitetin reytinqi daha yuxarıdır. İstanbul Texniki Universitetindəki mühəndislik
təhsili qeyd etdiklərimdən daha yaxşıdır. Demək istədiyim odur ki, bu kimi məsələlərlə
bağlı məlumatlı olmaq önəmlidir. Hansı ixtisas üzrə təhsil almaq fikrindədirlərsə,
o istiqamətdə təhsili daha güclü olan universitetləri araşdırıb tapsınlar”.
Bütün universitetlərdə yaxşı təhsil verilən
ixtisaslar
Z.Məmmədzadə
deyir ki, azərbaycanlıların Türkiyədə təhsil üçün müraciət etdikləri əsas sahələr
tibb və stomatologiyadır. Bu istiqamətdə isə Türkiyədəki bütün təhsil müəssisələrində
keyfiyyətli təhsil verilir: "Türkiyənin bütün bölgələrində tibbi ixtisaslara
universitetlərdə yüksək balla götürülür. YÖS-də yığılacaq maksimum bal 100-dürsə,
o fakültələrə qəbul üçün universitetlər arasında dəyişəcək bal seçimi də 95-100
arası dəyişir. 95-dən çox bal yığmalıdır ki, orda tibb və stomatologiya fakültəsinə
qəbul ola bilsin. Türkiyədə tibb və stomatologiya təhsilini hansı bölgədə,
hansı universitetdə alırsan al eyni təhsildir, eyni səviyyədir”.
"Təki Türkiyədə təhsil alım” prinsipi ilə hərəkət
etmək olmaz
Z.Məmmədzadə
deyir ki, məsələyə "Təki Türkiyədə təhsil alım” prinsipi ilə yanaşmaq doğru deyil:
"Bəzən gənclər yüksək bal tələb edən universitetlərin YÖS imtahanında yaxşı nəticə
göstərə bilmirlər, aşağı nəticə ilə qəbul ola biləcəkləri yerlərin
imtahanlarına qatılırlar. Aşağı bal tələb edən universitetlərdən hansına qəbul
olsalar, ora gedirlər. Amma bu, təhsildir, ona görə ciddi yanaşmaq, seçimi
düzgün aparmaq lazımdır”.
Universitetlə yanaşı, yaşayacağınız şəhərə fikir
verin
Akdeniz Universitetində təhsil alan Natiq Haşımov deyir ki, o, yalnız hazırda təhsil aldığı
universitetin YÖS imtahanında iştirak edib. Natiq bildirdi ki, universitetlə
yanaşı, təhsil müddətində yaşayacağı şəhərə də fikir verib: "Digər universitetlər
mənim maraq dairəmdə deyildi. Bir seçimim var idi və imtahanı da ora verdim. Məncə,
bir neçə universitetin imtahanında iştirak etmək qorxu, qərarsızlıq və özgüvənsizliklə
bağlıdır. Mən seçimi aparanda universitetlə yanaşı, yerləşdiyi şəhərə, şəhərin
yaşayış şəraitinə və s. fikir verdim. Mən YÖS-ə hazırlaşmağa başlayanda
Antalyada təhsil almaq istədiyimi deyirdim. Amma dost-tanışlar var idi ki, bir
neçə imtahanda iştirak etdilər. Hətta deyirdilər ki, hansı universitetə, hansı
fakültəyə qəbul olsam, ona gedərəm. Sırf bu cür seçim edib Türkiyəyə gələn çox
tələbə tanıyıram ki, peşmandırlar, olduqları yerdən məmnun deyillər. Yanlış
universitet, yanlış fakültə, yanlış şəhər seçimi peşmanlığa səbəb olub”.
Aygün
Asimqızı