• cümə, 19 Aprel, 08:46
  • Baku Bakı 13°C

Universal döyüşçümüz – Portret

14.10.14 11:06 2354
Universal döyüşçümüz – Portret
Azərbaycanda qeyri-Olimpiya idman növləri arasında kikboksinqin özünəməxsus yeri var. Ölkəmizdə çox sevilməsi, qazanılan uğurların çoxalması ilə marağın da artması göz qabağındadır. Artıq valideynlər öz uşaqlarını bu növə böyük məmnuniyyətlə yazdırır, Eduard Məmmədov, Pərviz Abdullayev və başqaları kimi çempionluqlar yaşamasını arzulayırlar. Əminliklə söyləmək olar ki, artıq “Azərbaycan kikboksinq məktəbi” formalaşıb. İştirak etdikləri hər beynəlxalq yarışdan çox sayda medalla dönən kikboksinqçilərimizin gənc nəsli də çox güclüdür. Bu dəfə onlardan biri, böyük potensiala malik, yaşının az olmasına baxmayaraq, artıq dünya və Avropa çempionu olmuş Emil Mövsümzadə haqda danışacağıq. “Kikboksinqimizin qızıl oğlanı” ləqəbini alan universal döyüşçünün qələbə əzmi başqalarına nümunə ola bilər.
Evdən 10 min kilometr uzaqda
1995-ci ildə Bərdədə anadan olan Emil iki il sonra ailəsiylə birgə Rusiyaya köçməli olur. Valideynləri onu şimal qonşumuz olan ölkənin lap şərqində yerləşən Komsomolsk-na-Amure şəhərində gətirirlər. Doğma kənddən 10 min kilometr uzaqda, çox sərt hava şəraiti olan məkana uyğunlaşmaq çətin olsa da, gənc döyüşçü bunun öhdəsindən gəlir. Yerli 26 saylı məktəbdə oxumağa başlayan Emil tezliklə kikboksinqə maraq salır. Ən kiçik yaşlarından davakar olması atasını da onu bu növə yazdırmağa vadar edir. Çox qısa zamanda ilk uğurlar gəlir. Ardıcıl üç dəfə yaşıdları arasında 67 kq çəki dərəcəsində Rusiyanın Uzaq Şərq çempionu adını qazanan Mövsümzadə adından söz etdirə bilir. Hələ orada olduğu vaxtlarda məşqlərdəki çalışqanlığı müəllimlərinin diqqətini cəlb edir. Rinqdə özünü çox rahat hiss etməsi, döyüşməyi xoşlayan Emilin gələcəkdə böyük çempion olacağına inam yaradırdı. “Kikboksinqin əfsanəsi olacağam” deyən Mövsümzadə addım-addım bu hədəfə yaxınlaşmaqdadır. Bir neçə il əvvəl Azərbaycana qayıdan Emil Bakı şəhər 158 saylı orta məktəbdə təhsilini davam etdirib. Dərslərində öncüllərdən olmayıb, diqqətini daha çox idmana yönəldib. Ancaq müəllimləri onun uğurlarını nəzərə alaraq qiymətlərini aşağı etməyiblər və bununla da çempionumuza öz dəstəklərini vermiş olublar.
Gümüşü mütləq qızıla çevirən adam
Azərbaycana qayıdan Emil ilk olaraq kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət yığmanın və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin kikboksinq üzrə baş məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyevin diqqətini çəkir. Təcrübəli mütəxəssis bu uşağın potensialını sezərək onunla yaxından maraqlanmağa başlayır. Hər keçən gün intensivliyi artıran məşqçi Emili böyük idmançı kimi yetişdirməyi bacarır. Mövsümzadə cəmi 15 yaşında, 2010-cu ildə Serbiyada yeniyetmələr arasında dünya çempionatının gümüş medalına sahib çıxır. Bir ildən sonra İtaliyanın Linyano şəhərində keçirilən Avropa çempionatında da Emil ikinci pilləyə layiq görünür. 2012-ci ilin sentyabrında Slovakiyanın paytaxtı Bratislava şəhərində 17 yaşlı kikboksçular arasında dünya çempionatında qalib gəlir. Bu böyük yarışda Emil 71 kq çəki dərəcəsində əvvəlcə xorvat, sonra çernoqor, finalda isə cənubi afrikalı idmançını yenərək fəxri kürsünün ən yüksək pilləsinə qalxır. Məhz bu qələbədən sonra Mövsümzadə “Kikboksinqimizin qızıl oğlanı” ləqəbini alır. Sonralar qazandığı nəticələr Emilə bu adın boş yerə verilmədiyini göstərir. 2013-cü ildə Polşanın Krışnitsa Zdroy şəhərində keçirilən Avropa çempionatı buna sübutdur. 75 kq çəki dərəcəsində əvvəlcə yunan Nikolaos Petarudisi, daha sonra rusiyalı Vladimir Dubovqreyi, finalda isə serbiyalı Aleksandar Menkoviçi yenən idmançımız qitədə hamıdan güclü olduğunu göstərir. Qəhrəmanımız Azərbaycan çempionatlarında da çəkisində bir neçə ildir rəqib tanımır. Bir ay əvvəl İtaliyanın Rimini şəhərində artıq gənclər arasında (WAKO) dünya çempionatında iştirak edən Mövsümzadə gümüş medala yiyələnib. Yadınızdadırsa, Emil yeniyetmələrin beynəlxalq yarışına da ikinci yerlə başlamışdı. Odur ki, qısa müddətdən sonra medalın əyarının qızıla dəyişəcəyinə heç bir şübhə yoxdur.
Universal döyüşçü
Mövsümzadənin böyük döyüş potensialı ona universal olmaq imkanı da verib. Belə ki, Olimpiya çempionu olmaq istəyi onu gücünü daha bir idman növündə - boksda sınamağa vadar edir. 2011-ci ildə gənclərin respublika çempionatında finalda uduzan Emil, iki il sonrakı Azərbaycan çempionatında qızıl medala sahib çıxır. 81 kq çəki dərəcəsində rəqib tanımayan gənc idmançı, bundan iki ay sonra “Kliçko qardaşlarının beynəlxalq boks turniri”nə qatılır. Ukraynanın Berdıçev şəhərində keçirilən bu yarışda Emil bürünc medala sahib çıxır. Artıq boks yığmamızın məşqçiləri də onun istək və əzminə rəğbət bəsləməyə başlayırlar. Ancaq hər şey o qədər də asan deyildir. Həm kikboksinq, həm də boksda eyni uğurları qazanmaq demək olar ki, mümkünsüz məsələdir. Bura həm məşqlər, həm yarış cədvəli, həm də böyük rəqabət öz təsirini göstərir. Boksda böyüklər arasında onun çəkisində çox güclü idmançıların olması, Mövsümzadənin birdən-birə çempionluqlar yaşamasına imkan vermir. Ancaq gələcəkdə bu durumun dəyişəcəyinə inam böyükdür.
Rinqdəki rəssam
Hər halda, iki idman növü ilə məşğul olması Emilə çox maraqlı döyüş tərzi verib. Boyunun hündür, qolları və ayaqlarının uzun olması ona əlavə üstünlük qazandırır. Rəqibinə istənilən məsafədə hücum etmək şansına malikdir. Emil həm də çox çevikdir. Bir zərbə ilə kifayətlənmir, hər cəhd zamanı zərbələr seriyasını həyata keçirir. Özü də bu zərbələr yalnız ayaq və ya yalnız əllə olmur. Kikboksinq ona sürət və çeviklik, boks isə çox güclü əl zərbələri qazandırıb. Bu səbəbdən də rəqibləri ona qalib gəlmək üçün ikiqat əziyyət çəkməli olurlar. Emil müdafiə olunaraq qələbə qazanmağı sevmir. Ona görə də rinqdə daima fəaldır, hücuma birinci keçir, ilk zərbəni özü vurmağa çalışır. Onun döyüşlərini izləmək yalnız biz yox, həm də digər ölkələrin idmansevərləri üçün maraqlıdır. Çünki hər dəfəsində maraqlı addımlar atmağa cəhd edir. Bir çox idmançılar kimi “Kral fəndi” (“kral zərbəsi”) olmayan, müxtəlif tərzlərdə mübarizə aparan Emil rinqdə sanki rəqs edərək – çox rahat döyüşür. Onu izləmək böyük zövqdür. Sevimli hobbisi olan rəsm çəkmək elə bil onun döyüşlərinə də təsir edib. Hər dəfə rinqdə kiçik bir əsər yaratmağa çalışması onun azarkeşlərinin sayını artırır.
Portreti
19 yaşını cəmi bir neçə gün əvvəl qeyd edən Emil Mövsümzadənin fotolarında ortaq cəhət sərt baxışlarıdır. Sanki sizi onu ciddiyə almamaq kimi səhvdən yayınmağa məcbur edir. Adi həyatda çox mülayim, həqiqətən də dostcul, ünsiyyətcil, gülərüz biri olan bu idmançının rinqdəki duruşu tamamilə fərqlidir. Döyüş zamanı - əllərində əlcək olan vaxtlarda heç kimə aman verməyən, hər an partlamağa hazır vulkan kimidir. Simasındakı yüngül təbəssüm də aldadıcı, hətta qorxuducudur. Bu “təbəssüm” rəqibə “səni mütləq yenəcəm” ismarıcından başqa bir şey deyil.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər