Unikal paralimpiyaçı - Portret

Unikal paralimpiyaçı - Portret

Gənclik qəzeti
04 May 2019, 11:00 1688
"Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziyalar uğrunda mübarizə yavaş-yavaş qızışmağa başlayır. Adəti üzrə, XVI paralimpiadada da əsas ümid yerimiz atletika və cüdodursa, nəhayət, pauerliftinqdə tilsimi qıracağımız gözlənilir. Son göstəricilər deməyə əsas verir ki, qarşıdan gələn zirvə yarışında, ən azından, rekord sayda ağırlıqqaldıranla təmsil olunmaq şansımız var. Belə ki, cari ilin fevralında Dubayda təşkil olunan Dünya kubokunda iki medalla yadda qalan komandamız, 23-29 aprel aralığında Macarıstanda baş tutan analoji yarışı üçü "qızıl" olmaqla, dörd mükafatla başa vurdu. Mötəbər yarışa elə dörd nəfərlik heyətlə yollandığımızı nəzərə alsaq, nəticəni sadəcə, bir sözlə dəyərləndirmək olar - möhtəşəm! Bu gün Eger qəhrəmanlarımızdan biri, ən ağır çəkinin çempionu Şamo Aslanovla yaxından tanış olacaqsınız.
 
"Əsas qələbəsini qazanıb"
 
Adətən qəhrəmanlarımızdan kimi kumir seçdiyini soruşuruq. Fiziki məhdudiyyətli idmançılarımız sualımıza əksər hallarda "İlham Zəkiyev" cavabını verirlər. Aslanov da zənnimizi yanıltmadı. Əvəzində, qərara gəldik ki, yazının formatında kiçik dəyişiklik edək. Beləliklə, tanıtıma həm də Milli Paralimpiya Komitəsinin vitse-prezidenti və İntizam Komissiyasının sədri postunu tutan məşhur paracüdoçumuzun fikirləri ilə başlayırıq: "Paralimpiyaçıların əsas nailiyyəti cəmiyyətə inteqrasiya olunmasıdır. Paralimpiya çempionluğu sonrakı məsələdir. Burada ilk addımı atmaq böyük iradə, cəsarət tələb edir. Odur ki, Şamo artıq ən böyük qələbəsini qazanıb. 
Onu bizim sıralarda addım atdığı ilk vaxtlardan tanıyıram. İntizamlı, alicənab, əzmkar insandır. Bu templə davam eləsə, məncə, o, Paris paralimpiadasında əsas medal ümidlərimizdən biri olacaq".
 

 
Pərt olan dostlar
 
Aslanov Şamo Novruz oğlu 23 mart 1983-cü ildə Qax rayonunun Zəyəm kəndində dünyaya gəlib. Kənddə yerləşən tam orta məktəbə gedən Şamo, təhsilini başa vura bilməyib. Səbəb isə uşaqlıqda başına gələn bədbəxt hadisədir. Belə ki, o, 10 yaşında olarkən, tüfənglə ehtiyatsız davranışın nəticəsində ayağının birindən məhrum olub. Bir insan, ələlxüsus da, bu yaşda uşaq üçün belə bir acını qəbul etmək, duruma alışmaq sözsüz ki, çox çətin idi. Kənd uşaqlarına xas aktiv həyat tərzi keçirən, hər gün dərsdən sonra yoldaşları ilə futbol oynamağa, çayda üzməyə gedən Şamo, birdən-birə dörd divara məhkum olmuşdu. Lakin valideynləri və qohum-əqrəbasının mənəvi dəstəyi ilə o, bir müddət sonra ayağa qalxıb. Hətta yenidən üzməyə gedib, əsanın köməyi ilə futbol oynayıb. Bir sözlə, məhdudiyyətini unudaraq, heç bir işdə yaşıdlarından geri qalmamağa çalışıb. "Əlillik əngəl deyil" fikrini özünə təlqin edən Aslanov, həyatın sonrakı sınaqlarından da üzüağ çıxıb: "Həyatımın geridə qalan hissəsi boşuna keçməyib. Narazılıq üçün səbəbim yoxdur. Bir ayaqla çayı üzüb keçirdim. Mənimlə üzməyə gedən bəzi yoldaşlarım isə bunu bacarmırdılar. Oturub pərt-pərt baxırdılar (gülür). Uşaqlıqdan əkin-biçin və digər təsərrüfat işlərindən də geri qalmamışam. Ailəmin dolanışığını təmin etmək üçün yük maşını ilə kəndimizdən rayonlara ot aparıb satmışam. Bir dəfə bununla bağlı televiziyadan məni çəkməyə gəlmişdilər. Lakin razı olmadım. Düşündüm ki, bunda elə də böyük fərasət yoxdur. Bir az əzmi olan hər bir insan, belə vəziyyətlərə uyğunlaşır".
 

 
Çoxlarının karyerasını bitirdiyi yaşda o, idmana başladı

34 yaşında pauerliftinqlə məşğul olmağa başlayan Aslanov, bu vaxta qədər heç bir idman növündə özünü sınamayıb. Ümumiyyətlə, idmançı olmaq haqqında fikirləşməyib. Ağırlıqqaldırmaya gəlişi sadəcə, təsadüf işidir. Belə ki, o, üz tutduğu müalicə-bərpa mərkəzlərinin birində kamandan oxatma üzrə paralimpiya komandamızın hazırkı baş məşqçisi İlqar Abbasovla tanış olur. Qəhrəmanımızın ilk baxışdan diqqəti cəlb edən nəhəng fiziki göstəricilərini nəzərə alan Abbasov, ona ağırlıqqaldırma haqqında məlumat verir. Könlünün olduğunu hiss etdikdə, pauerliftinq yığmasının çalışdırıcısı İlqar İbişovla əlaqə saxlayır. Deyir ki, sənin üçün əla tapıntım var. Beləcə, həmin günün sabahı Sumqayıtda yerləşən Paralimpiya Kompleksinə gedən Şamonun gizli istedadı ilk tapşırıqdaca üzə çıxır. İ. İbişov: "Çəkini çox rahat götürdü. Üstəlik, gördüm ki, qolları da qüsursuz açılır. Sanki neçə illik təcrübəsi vardı".

2017-ci ilin fevralında hazırlıqlara başlayan Aslanov, cəmi üç ay sonra Macarıstanda keçirilən Dünya kubokunda sınaqdan keçirilir. Yekunda 176 kiloqram göstərici ilə yadda qalır ki, bu, medal üçün yetərli olmasa da, ilk cəhd üçün uğurlu nəticə hesab edilir. İlin sonunda Sumqayıtda keçirilən ölkə çempionatında 190 kiloqram göstərici ilə ən güclü olan Aslanov, 2018-də baş tutan beynəlxalq yarışlarda əliboş qalsa da, "Azərbaycanın 1 nömrəsi" statusunu heç kimə güzəştə getmir. Yuxarıda qeyd etdiyimiz kimi, cari ildə qatıldığı iki Dünya kubokunda üst-üstə altı medal qazanan para-pauerliftinq komandamızın ən məhsuldarlarından biri qəhrəmanımızdır. Belə ki, 215 kiloqram göstərici ilə Eger mücadiləsini qalib başa vuran 36 yaşlı Aslanov, Dubayda 206 kiloqramı ram edərək, "bürünc"ə yiyələnmişdi. İki ay ərzində nəticəsini 9 kiloqram yaxşılaşdırmaqla, o, reytinqdə yeddinci pilləyə yüksəlib. Bu yeri qoruyacağı təqdirdə, Tokioya lisenziya qazanacaq. İbişovun qənaətincə, Şamo nəticəsini beş kiloqram da yaxşılaşdırsa, "səkkizlik"dəki yerini tam sığortalayacaq: "Belə qısa vaxtda bu qədər irəliləmək asan iş deyil. 220-225 kq arası nəticə lisenziya üçün bizə bəs edəcək. Məncə, o, bunu bacaracaq. Məşqlərdə 220 kilo qaldırıb. İndiki məqamda bu birincilik çox lazımlı idi. Fikir verirəm, stimulu xeyli yüksəlib".

Qeyd edək ki, Aslanovdan başqa, Pərvin Məmmədov və Elşən Hüseynovun qızıl, Nurlan Babacanovun isə bürünc medal qazandığı son Dünya kubokunda kişilərdən ibarət millimiz yekun hesabda bütün ölkələri qabaqladı.
 

 
İdman - yeganə iş

Tokio paralimpidasınadək ən mötəbər yarış iyulda Qazaxıstanda keçiriləcək dünya çempionatıdır. Lisenziyaların da taleyinə böyük ölçüdə burada aydınlıq gələcək. İndiki məqamda DÇ medalının əlçatan olmadığını düşünən Şamo, sadəcə, nəticəsini yaxşılaşdırmaq haqqında düşünür: "Vaxt azdır, riskə getmək istəmirəm. Mənim üçün önəmli olan lisenziyadır. Bundan sonra oyunlara hazırlaşmaq üçün xeyli zamanım olacaq. Bir il ərzində bütün diqqətimi məşqlərə yönəldib, Tokiodan medalla dönməyə çalışacağam".

Rayon İcra Hakimiyyətindən diqqət göstərildiyini, doğmalarının hərtərəfli dəstək nümayiş etdirdiyini deyir. Son iki ilədək əkin-biçin işləri ilə məşğul olan, qazancını əsasən bu yolla təmin edən Şamo, hazırda bütün diqqətini idmana verib. Doğma kəndində yaşayan qəhrəmanımız, məşqlərini qardaşının dəstəyi ilə Qax Olimpiya-İdman Kompleksində davam etdirir.
 

 
Atasının yolunu tutmaq istəyən Ağabəy...

Şamo, 2007-ci ildə ailə həyatı qurub, iki övlad atasıdır. Qızı Nazlı 9, oğlu Ağabəy 6 yaşındadır. Övladlarını ali təhsilli görmək istəyən Aslanov, bununla belə, "işdir, idmana qarşı həvəsli olsalar, əngəl olmayacağam" deyir: "Nazlı dərslərini yaxşı oxuyur. Ümumiyyətlə, istedadlı uşaqdır. Əlimdən gələn qədər dəstək olacağam ki, ali təhsil alsın. Ağabəy isə çox dəcəldir. Deyir ki, mən də sənin kimi idmançı olacağam. Əsas da ağırlıqqaldırmanı bəyənir".
 

 
Portret

Barəsində "unikal idmançı" ifadəsini işlətsək, yanılmarıq. Fiziki məhdudiyyətlilərin ən möhtəşəm yarışında qocaman mükafatçılar yetərincə olsa da, onun yaşında idmana başlayan, bu azmış kimi, qısa müddətdə uğur qazanan paralimpiyaçılar bir əlin barmaq sayını çətin keçər. İlqar İbişov isə əlavə edir ki, belə nümunə ilə heç vaxt rastlaşmayıb. Belədə sual yaranır: Tokio paralimpiadası niyə də onun üçün medalla əlamətdar olmasın?!
 
Sahib