• cümə, 29 Mart, 01:56
  • Baku Bakı 7°C

UNİCEF-i və həqiqəti hədəfə alanlar

19.06.15 11:33 1528
UNİCEF-i və həqiqəti hədəfə alanlar
Qurumun ilk Avropa Oyunlarına “dəstək verməkdə” və “oyunların tərkib hissəsi”nə çevrilməkdə ittiham edilməsi növbəti qərəzin məhsuludur

Azərbaycanın “Eurovision-2012” beynəlxalq musiqi yarışmasına, ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi, həmçinin gələcək illərdə “Formula-1” yarışlarının, Şahmat Olimpiadasının, İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi Qərbdəki bəzi ermənipərəst dairələri qıcıqlandırmaqda, onları ölkəmiz əleyhinə qarayaxma kampaniyasına sövq etməkdədir. Erməni lobbisinin təsiri altında olan bir sıra beynəlxalq təşkilatlar, xarici media qurumları bu məqsədlə heç bir əsası olmayan “faktları” ictimailəşdirir, Azərbaycan barədə qeyri-obyektiv rəy formalaşdırmağa çalışırlar. Baxmayaraq ki, həmin dairələrin qərəz, təzyiq və təhdid xarakteri daşıyan bu təbliğatı I Avropa Oyunlarının açılış mərasimindən sonra növbəti dəfə iflasa uğradı, ancaq yenə də bu istiqamətdə uğursuz fəaliyyət hiss olunmaqdadır.
Xüsusən də xarici media, o cümlədən BBC, “The Guardian”, “The İndependent” kimi Britaniya KİV-ləri azad söz dəyərlərini, jurnalistlərin peşə kodeksini kobud şəkildə pozaraq, yalan və dezinformasiya təbliğatını davam etdirir, sifarişli materiallar hazırlayaraq, I Avropa Oyunlarının əhəmiyyətini kiçiltməyə, yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Bu günlərdə “The Guardian” aldığı sifarişə uyğun olaraq daha bir “yeniliyə” imza atıb. Öz ölkəsində söz və mətbuat azadlığına olan qadağanı ictimailəşdirməyə, hakimiyyətin siyasətinə etiraz etməyə cəsarəti və gücü çatmayan bu mətbuat orqanı UNİCEF-i I Avropa Oyunlarına “dəstək verməkdə” və “Oyunların tərkib hissəsi”nə çevrilməkdə ittiham edən yazı dərc edib. Azərbaycanın ünvanına əsassız ittihamların səsləndirildiyi yazıda vəzifə səlahiyyətlərini aşmaqda, qanunsuz sahibkarlıqla məşğul olmaqda, vergidən yayınmaqda təqsirli bilinən QHT təmsilçilərinin həbsinin əsl mahiyyəti də təhrif edilib. Bu təhrifetməyə istinad edilərək, Azərbaycanda siyasi fəaliyyətinə görə insanların həbs edildiyi bildirilib. Və təbii ki, bu kimi “faktlarla” zənginləşdirilən yazıda ən böyük hədəf kimi UNİCEF götürülüb. Bu təşkilatın “Bakı 2015” I Avropa Oyunlarına nə üçün dəstək verməsi “araşdırılıb”. Təbii ki, qəzet bu “araşdırmanı” sifariş aldığı mənbənin arzu və istəyinə uyğun şəkildə ortaya qoyub.
Hər şeydən öncə qeyd edək ki, UNİCEF humanitar missiya daşıyan, uşaq və yeniyetmələrin hüquqlarını müdafiə edən təşkilatdır. Qərb ölkələrinin dövlət büdcəsindən maliyyələşən, aldıqları maliyyəni doğrultmaq üçün açıq şəkildə qərəzli fəaliyyətlə məşğul olan beynəlxalq QHT-lərdən fərqli olaraq, UNİCEF BMT tərəfindən təsis edilib. Yalnız Azərbaycanda deyil, bütün dünyada bu təşkilatın şəffaf fəaliyyəti hər kəsə məlumdur. Dünyaca məşhur UNİCEF-in fəaliyyət və hədəfləri də bəşəriyyətə sülh və dostluq mesajı verən I Avropa Oyunlarının məramına uyğundur. Təşkilat rəsmən bəyan edir ki, I Avropa Oyunları ilə əməkdaşlıq təhlükəsizlik hüququnun, təcrid olunmuş uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyasında bir vasitə kimi idmanın rolunun təbliği məqsədi güdür. Belə olan halda UNİCEF-in I Avropa Oyunlarına dəstək verməsi nə üçün Böyük Britaniya mediasını narahat etməlidir? Bu sualın cavabını “The Guardian” özü “bilməsə” də, Azərbaycan ictimaiyyəti çox yaxşı bilir. Yeganə səbəb Azərbaycanın müstəqil siyasəti, dövlətin, iqtisadiyyatın inkişafı, xalq və hakimiyyətin birliyidir, ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi edərək nufuzunu artırmasıdır. Eyni zamanda, Azərbaycan Prezidentinin heç bir imperialist qüvvə qarşısında mövqeyini dəyişməməsi, yalnız xalqına arxalanaraq, milli mənafeyə uyğun siyasət yürütməsidir.
Hər kəsə yaxşı bəllidir ki, müasir dövrdə I Avropa Oyunları Azərbaycan üçün gözəl sosial təbliğat vasitəsidir. Nəzərə alınmalıdır ki, ölkəmizin əhalisinin üçdə ikisinin yaşı 35-dən aşağıdır və bu böyük təbəqə idmanın təşviq etdiyi amallar - sülh, həmrəylik, sosial inteqrasiya haqqında məlumatlar alır. Belə olan təqdirdə UNİCEF nə üçün bu oyunların tərkib hissəsi olmamalıdır? Digər tərəfdən, UNİCEF-in idman yarışlarında tərəfdaş kimi çıxış etməsi ilk hadisə deyil. Bu qurum uzun müddətdir “Barselona” idman klubu ilə də əməkdaşlıq edir. Amma buna görə qurum ”Barselona”nın bağlı olduğu Kataloniya siyasi çevrələrinə yaxınlıqda ittiham edilmir. “The Guardian” bu barədə bu günə kimi hər hansı yazı yazmağı da ağlından keçirmir.
Anti-Azərbaycan fəaliyyəti ilə adı bizə yaxşı bəlli olan Rebekka Vinsentin nifrətinin məhsulu olan sözügedən yazıda digər beynəlxalq QHT-lərin, hüquq müdafiəçilərin ölkəmizdə fəaliyyətinin məhdudlaşdırıldığı, UNİCEF-in fəaliyyətinə isə imkan yaradıldığı da iddia olunur. Əslində bu iddia özlüyündə yazıda qoyulmuş bir çox suallara dolayı cavab verir. Buradan aydın olur ki, Azərbaycanın milli qanunvericiliyini, öz nizamnamələrini pozmayan, qanunamüvafiq şəkildə ölkəmizdə qeydə alınan istənilən təşkilatın fəaliyyətinə maneə yoxdur. I Avropa Oyunları zamanı ölkəmizə jurnalist kimi gəlib idman yarışlarını işıqlandırmaq istəyən heç bir media nümayəndəsinə də maneə yaradılmadı. Necə ki, minə yaxın jurnalist akkreditasiyadan keçib və hazırda idman yarışlarını işıqlandırmaqdadırlar.
Bütün bunları gözdən keçirərkən həm də bu aydın olur ki, qeyri-obyektiv mövqeyinə görə bütün sərhədləri aşan, jurnalist etikasını kobud şəkildə pozan “The Guardian” son yazıları ilə əslində Azərbaycandan Ouen Gibsondun “qisasını alır”. Əməkdaşının ölkəmizə buraxılmadığına görə “The Guardian” bütün vasitələrə əl atır, hətta yalan və dezinformasiya ilə bərabər, küçə söyüşlərini də səhifəsinə çıxarır, hər vəchlə Azərbaycanı aşağılamağa çalışır. Amma bu günə qədər bu istiqamətdə atılmış bütün addımlar kimi UNİCEF-i I Avropa Oyunlarına “dəstək verməkdə” və “oyunların tərkib hissəsi”nə çevrilməkdə ittiham etməsi, bununla da ölkəmizi gözdən salmaq cəhdi də iflasa məhkumdur.
Rufik İsmayılov
banner

Oxşar Xəbərlər