UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb

UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb

Təfsilat
20 İyul 2019, 18:45 18152
UNESKO-nun baş direktoru Odri Azule Böyük Britaniya və Kanadanın təşəbbüsü ilə Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb. AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, bu ölkələr fonda müvafiq olaraq 3 milyon funt sterlinq və 1 milyon Kanada dolları vəsait köçürüblər.
 
Qlobal Media Müdafiə Fondunun yaradılmasından məqsəd Birləşmiş Millətlər Təşkilatının jurnalistlərin müdafiəsi Planına dəstək verməkdir. Odri Azule deyib: "Mən Böyük Britaniya və Kanadanın informasiya axınının sərbəstliyinin təmin edilməsi sahəsində bizim fəaliyyətimizə verdikləri dəstəyi ürəkdən alqışlayıram. Bu fond münaqişə şəraitində çalışan media nümayəndələrinin hüquqi müdafiəsinin təmin edilməsi və dünyada söz və mətbuat azadlığının qorunmasında mühüm rol oynaya bilər. Bütün üzv ölkələri Böyük Britaniya və Kanadanın təşəbbüsünə qoşulmağa, jurnalistlərin hüquqi müdafiəsini təmin etməyə, onlara qarşı müxtəlif zorakılıq və cinayət hallarının qarşısını almağa çağırıram. İndi bizim mətbuat azadlığının təmin edilməsinə və jurnalistlərin təhlükəsizliyinin qorunmasına həmişəkindən daha çox ehtiyacımız var”.
 
Fondun yaradılması ilə bağlı Böyük Britaniyanın Xarici İşlər naziri Ceremi Hant və Kanadanın Xarici İşlər naziri Kristia Frilandın təşəbbüsü ilə keçirilən media azadlığı üzrə Qlobal Forumda da məlumat verilib. UNESKO-nun baş direktorunun kommunikasiya və informasiya üzrə köməkçisi Moez Çakçok bu məsələ ilə əlaqədar Londonda 50 ölkənin müvafiq qurumlarının rəhbərlərinin iştirakı ilə keçiriləcək konfransda da məruzə ilə çıxış edib.