• cümə, 19 Aprel, 07:24
  • Baku Bakı 13°C

UNEP: Canlı təbiət gözümüzün qabağında məhv olur...

14.03.19 14:45 600
UNEP: Canlı təbiət gözümüzün qabağında məhv olur...
Onurğasızların quruda yaşayan növlərinin 42 faizinin, şirin sularda yaşayan növlərinin 34 faizinin və dənizlərdə yaşayan növlərinin 25 faizinin nəsli kəsilmək həddindədir. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) məruzəsində deyilir: "Canlı təbiət gözümüzün qabağında məhv olur...”.
AZƏRTACxəbər verir ki, məruzənin müəllifləri planetə dağıdıcı təsirin bu və digər fəlakətli nəticələri barədə xəbərdarlıq edir və beynəlxalq birliyi təcili tədbirlər görməyə çağırırlar.
Ətraf mühitə dair Nayrobidə keçirilən beş günlük Assambleya münasibətilə hazırlanmış sənədin müəllifləri bunu əsas götürürlər ki, urbanizasiya və əhalinin sayının artması şəraitində insanların ehtiyaclarını təmin etmək üçün get-gedə daha çox resurs tələb olunur. 1975-ci ildən sonrakı dövrdə şəhərlərin və şəhərətrafı bölgələrin ərazisi 2,5 dəfə artıb.
Bu vəziyyətdə Yer kürəsinin ehtiyatları tükənir, şəhərlərin abadlaşdırılması, infranstruktur obyektlərinin tikintisi və əhalinin ərzaq və digər nemətlərlə təmin edilməsi üzrə coşqun fəaliyyət planetimizi dağılma həddinə çatdırır. Nəticədə iqlim dəyişməsi, havanın və okeanların çirklənməsi, bioloji müxtəlifliyin itirilməsi, torpaqların eroziyası və səhralaşması, meşələrin məhv edilməsi geniş miqyas alır. Bir qayda olaraq, bu prosesdə ən çox zərər çəkən - əhalinin ən az müdafiə olunan təbəqələri – qadınlar, uşaqlar, imkansızlar və başqaları olur.
UNEP artıq 6-cı dəfədir ki, ətraf mühitin vəziyyəti barədə "Qlobal ekoloji perspektiv” adlı məruzə dərc edib. BMT üzvü olan ölkələrin xahişi ilə buraxılan bu nəşrlərin hazırlanması prosesində yüzlərlə insan - UNEP-in əməkdaşları, hökumətlərin nümayəndələri, habelə dünyanın müxtəlif ölkələrindən olan görkəmli alim və mütəxəssislər iştirak edir. Əsas vəzifə - məruzədəki məlumatları siyasəti müəyyən edən və qərarlar qəbul edən insanlara – BMT-nin ətraf mühitə dair Assambleyasının iştirakçılarına çatdırmaqdır.
Məsələn, məruzənin bir fəsli sulu-bataqlıq torpaqların vəziyyətinə həsr edilib. Şirinsulu ekosistemlər suyun keyfiyyətini yaxşılaşdırmağa kömək edir, habelə torpaqları quraqlıq və daşqınlardan qoruyur. Lakin son 50 ildə urbanizasiya, infrastrukturun inkişafı və insanın fəaliyyəti ilə bağlı amillərin təsiri ilə bu resursun 40 faizi itirilib. 15 il ərzində (1996-2011-ci illərdə) sulu-bataqlıq torpaqların itirilməsindən dəyən zərər 2,7 trilyon dollara bərabər olub. Bundan əlavə, 1990-cı ildən bəri suyun üzvi və kimyəvi maddələrlə çirklənməsi nəticəsində regionların əksəriyyətində suyun keyfiyyəti xeyli pisləşib.
Məruzə müəllifləri əmindirlər ki, hazırda tətbiq edilən istehlak və istehsal modelləri davamlı deyil: əgər bu modellərdə dəyişiklik edilməsə ekoloji göstəricilər daha da pisləşəcək. Üstəlik, uzunmüddətli perspektivdə bu modellər əksər ölkələr üçün hədsiz bahalı ola bilər, çünki çox vaxt nəticələrin aradan qaldırılması bu ziyanın qarşısının alınmasından baha başa gəlir.
Dağılma prosesini dayandırmaq üçün görülən tədbirlər kifayət deyil. Əhalinin ərzağa, suya və enerjidaşıyıcılarına tələbatı artdıqca resursların istismar miqyası yalnız artacaq.
Alimlər onların fikrincə neqativ meyliləri dayandırmağa kömək edə biləcək bir sıra konkret addımlar təklif edirlər, lakin eyni zamanda xəbərdarlıq edirlər ki, belə tədbirlər təcili xarakter daşımalıdır. Məruzə müəllifləri vəziyyətin gedişində ümumi meyliləri müşahidə edərək heç də təsəlliverici olmayan nəticə çıxarıblar. Onların fikrincə, dünya birliyi 2030-cu ilə qədər olan dövr üçün davamlı inkişaf sahəsində gündəliyin ekoloji tərkib hissəsini reallaşdıra bilməyəcək və ətraf mühitin qorunması sahəsində beynəlxalq səviyyədə razılaşdırılmış hədəflərə çatmayacaq.
banner

Oxşar Xəbərlər