AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ulu öndərin miras qoyduğu siyasəti davam etdirməyə borcluyuq

Ulu öndərin miras qoyduğu siyasəti davam etdirməyə borcluyuq

Cəmiyyət
13 İyun 2020, 17:45 287
Ulu öndər Heydər Əliyevin Azərbaycanın daxili və xarici siyasətini düzgün müəyyənləşdirməsi sayəsində ölkəmiz bütün sahələrdə inkişaf etdi. Ölkə daxilində əmin-amanlığın yaradılmasına və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan Ümummilli Lider, ilk növbədə, Ermənistanın Azərbaycana təcavüzünü və bu dövlətin işğalçı siyasət yürütməsini təkzibolunmaz dəlillərlə beynəlxalq təşkilatlara çatdırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, Erməni lobbisinin mövqelərinə sarsıdıcı zərbələr vuran dahi siyasi xadim Azərbaycanın inkişafı üçün mühüm işlər görərək, onu beynəlxalq aləmdə sülhsevər və sivil ölkə kimi tanıtdırdı. Bu gün bütün xalqımız 15 İyun – Milli Qurtuluş Gününün 27-ci ildönümünü böyük coşqu ilə qeyd edir. Azərbaycan 1991-ci ildə XX əsrdə ikinci dəfə müstəqillik qazanmağa müvəffəq oldu. Ancaq müstəqilliyimizin ilk illərində xalqımız bir sıra məhrumiyyətlərə qatlaşmaq məcburiyyətində qaldı. 1992-ci il mayın 14-də hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyünün səriştəsizliyi ucbatından müstəqilliyimiz və bütövlükdə ölkənin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı. O əlavə edib ki, hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən o zamanki Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Ölkənin bir sıra regionlarında silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.

"Belə ağır məqamda insanların ümid dolu gözləri Naxçıvana, hətta düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran ümummilli lider Heydər Əliyevə dikilmişdi. AXC-Müsavat cütlüyünün yarıtmaz rəhbərliyindən cana doyan xalq Vətənin bu ağır günündə dahi oğlu Heydər Əliyevin Bakıya - Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini qətiyyətlə tələb edirdi. Yaranmış vəziyyətdə Azərbaycanın taleyini öz taleyi bilən Heydər Əliyev ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı və iyunun 9-da Bakıya gəldi. Ulu Öndər iyunun 13-də parlamentdə çıxış etdi, Gəncəyə gedərək oradakı vəziyyətlə tanış oldu. İyunun 15-də isə ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, respublikamız diletant, naşı və həris insanların hakimiyyətindən qurtuldu”, - deyə Milli Məclisin deputatı bildirib. O vurğulayıb ki, Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Ulu öndər Heydər Əliyevin timsalında özünün layiqli rəhbərini tapan xalq onu ilk dəfə 1993-cü il oktyabrın 3-də, ikinci dəfə isə 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçdi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövrü dövlət müstəqilliyimizin möhkəmlənməsi dövrüdür. Onun gücü xalqa arxalanmasında və onlarla birgə olmasında idi. Fəaliyyəti dövründə həmişə xalqına xidməti qarşısına məqsəd qoyan Heydər Əliyev vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün var qüvvəsi ilə çalışırdı. Heydər Əliyevin Azərbaycan dövlətini inkişaf etdirərək, onun dünyanın ən qüdrətli və zəngin dövlətləri sırasına çıxarılması istiqamətində apardığı məqsədyönlü işlər əvəzolunmazdır.

İ.Məmmədov diqqətə çatdırıb ki, Heydər Əliyev zamanın yaddaşında, Azərbaycanın tarixində əbədilik qazanmış, xalqın xilaskarı kimi tükənməz istedadını, zəngin təcrübəsini millətin firavan həyatına həsr etmişdir. İllər keçsə də, Azərbaycan xalqı firavan yaşamasının səbəbkarı olan Heydər Əliyevi heç vaxt unutmayacaq. "Fenomen” sözünün mənası nadir, müstəsna, xariqüladə, görünməmiş hadisə deməkdir. Fenomen düşüncə tərzi, fenomen insan, fenomen xalq - belə söz birləşməsinə biz heç də tez-tez təsadüf etmirik. Amma bu deyimin Heydər Əliyev şəxsiyyətinə aid edilməsi sübuta ehtiyacı olmayan bir faktdır. Onun fenomenliyi isə göz qabağındadır.

Dünyanın tanınmış siyasi xadimləri, politoloqlar da etiraf edirlər ki, Heydər Əliyev şəxsi nüfuzu, yüksək idarəçilik keyfiyyətləri, xarizması, intellekti və peşəkar siyasətçiyə xas xüsusiyyətləri ilə nəinki Azərbaycana, hətta daha böyük dövlətlərə liderlik etmək imkanına malik fenomen bir şəxsiyyət idi. Bu da təsadüfi deyil. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin həm regional, həm də beynəlxalq siyasətinin ayrı-ayrı çalarlarının müəyyənləşdirilməsində aparıcı rol oynayıb. Şərəfli ömür yolunu ölkəmizin inkişafına və tərəqqisinə həsr etmiş bu millət atasının bizimlə olmadığı ağır günlərdə təsəllimizi Heydər Əliyev kimi nəhəng siyasətçi, müdrik dövlət xadimi, nadir hakimiyyət ustası ilə bir dövrdə yaşamaqda tapırıq.

"Ümummilli liderimiz, unudulmaz insan Heydər Əliyevin, ümumiyyətlə, düşündürməyən və yaddan çıxa biləcək fəaliyyəti olmayıb. Onun dediyi hər bir söz, atdığı hər bir addım, Azərbaycan xalqı, onun rifahının yaxşılaşdırılması naminə göstərdiyi qayğı qlobal xarakter daşımış, onun dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir.

Xalqımızın dahi oğlu Heydər Əliyev öz həyatı və yorulmaz fəaliyyəti ilə xalq, el, Vətən üçün yaşamağın, çalışmağın, mübarizə aparmağın əvəzsiz nümunəsini göstərərək nəsillərə örnək ola biləcək bir ömür yaşamışdır. Xoşbəxt o insandır ki, onun həyatının ən mənalı dövrü Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir” , - deyən İ.Məmmədov qeyd edib ki, ümummilli lider Heydər Əliyev dünyanın perspektivlərini görməyi bacaran ən nüfuzlu, ən istedadlı, ən böyük siyasi və dövlət xadimlərindən biri idi. Onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin əhalisi özünü təhlükəsiz, sosial cəhətdən müdafiə olunmuş hiss edirdi.

Əgər bütün bunlardan indi və gələcəkdə də məhrum olmaq istəmiriksə, o zaman müstəqil Azərbaycan Respublikasının vətəndaşı kimi, hər birimiz dinindən, dilindən, irqindən, cinsindən və siyasi mənsubiyyətindən asılı olmayaraq, ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu siyasəti davam etdirməyə borcluyuq. Məhz bu baxımdan hamımız ümummilli liderimiz Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək, ona bütün işlərində dəstək olmalıyıq.