• cümə, 19 Aprel, 07:29
  • Baku Bakı 13°C

Ulu Öndərin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilmiş iməciliklərdə 305734 ağac əkilib

10.05.16 17:31 1086
Ulu Öndərin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilmiş iməciliklərdə 305734 ağac əkilib
Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayıb. Ulu Öndərin ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasət sayəsində Azərbaycanda yeni meşələr, bir-birindən gözəl parklar və istirahət guşələri yaradılıb. Ümummilli lider Heydər Əliyev yaşıllıqların qorunmasından danışarkən deyirdi: "Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”.
Ulu öndər Heydər Əliyevin bu tövsiyəsinə əməl edən Azərbaycan xalqı dahi oğlunun doğum günlərində ənənəvi olaraq ağacəkmə iməcilikləri keçirir, yeni yaşıllıq sahələrinin salınmasında fəal iştirak edir.
Bu ənənə mayın 10-da - ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü günündə də davam etdirilib, paytaxt Bakıda, respublikanın digər şəhər və rayonlarında ağacəkmə kampaniyası kecirilib.
AZƏRTACxəbər verir ki, 77 şəhər və rayonda keçirilmiş iməciliklərdə 150 859 nəfər iştirak edib və ümumilikdə 305 734 ağac əkilib. Onlardan 33 mini Bakı şəhərində, 272 734-ü isə digər şəhər və rayonlarda əkilib.
Bakı şəhərində ağaclardan 11 500-ü Ziğ-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun sağ kənarındakı 12 hektar, 2500-ü Qala-Türkan avtomobil yolunun ətrafında olan 2 hektar ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə, 19 mini isə Bakı şəhəri rayonlarının müxtəlif ərazilərində əkilib.
Respublikanın müxtəlif şəhər və rayonlarının ərazilərində keçirilmiş iməciliklərdə əkilmiş ağacların 69 677-si eldar şamı, 31 224-ü çinar, 26 550-si zeytun, 26 227-si sərv, 20 818-si söyüd, 20 708-i küknar, 15 974-ü göyrüş, 11 754-ü qarağac, 10 660-ı qovaq, 71 142-si isə digər ağaclar olub.
Əkilmiş ağacların qorunması və onlara qulluq edilməsi ilə bağlı şəhər və rayonların icra hakimiyyəti başçılarına müvafiq tapşırıqlar verilib.


banner

Oxşar Xəbərlər