Ulu öndərə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib
Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 95-ci ildönümünə həsr edilən "Heydər Əliyev: multikulturalizm və
tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.
Konfransın
bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin,
Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.
Konfransın
müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işini davam etdirir. Rusiyanın
B.Yeltsin adına Ural Federal Universitetində "AXC – Şərqdə ilk demokratik
respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində
"Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu”
mövzusunda, Türkiyənin Atatürk Universitetində "Heydər Əliyev və türk dünyası”
və Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi
inkişaf” mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin
fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi” mövzusunda,
İtaliyanın Cənubi Latsio Universitetində "Multikulturalizm, sosial təhlükəsizlik,
immiqrasiya, azadlıq” mövzusunda, Moskva Dövlət Linqvistik Universitetində
"Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili
kimi” mövzusunda, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında "Şərq-Qərb:
XXI əsrdə mədəniyyətlərarası dialoq” mövzusunda, Tbilisi Dövlət Universitetində
"Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu”
mövzusunda, Huçjou Universitetində "Bir qurşaq – bir yol: multikulturalizmin
öyrədilməsi” mövzusunda, Minsk Dövlət Linqvistika Universitetində "Heydər Əliyev
və Azərbaycan-Belarus münasibətləri” mövzusunda, Belqrad Universitetində
"Multikultralizmin Azərbaycan təcrübəsi” mövzusunda, bölmə iclasları keçirilib.
Mayın
3-də Almaniyada Azərbaycan
Dillər Universitetinin, Auqsburq Universitetinin və Azərbaycan
Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin təşkilatçılığı
ilə konfransın "Azərbaycan və Almaniya multikulturalizmi” mövzusunda bölmə
iclası keçirilib.
Tədbiri
giriş sözü ilə açan Auqsburq Universitetinin professoru Klaus Volf Azərbaycan və
Almaniya multikulturalizminin oxşar və fərqli xüsusiyyətlərindən bəhs edib.
Azərbaycan
Respublikasının Almaniyadakı səfirliyinin müşaviri Marat Kəngərlinski Azərbaycanlıların
tarixən multikultural bir xalq olduğunu qeyd edib. Bildirib ki, hazırda
multikulturalizm Azərbaycanda dövlət siyasətidir və ölkəmizdəki tolerantlıq
mühitinin hazırkı səviyyəyə çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı
siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir
vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.
Azərbaycan
Dillər Universitetinin tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev
qeyd edib ki, Azərbaycan multikulturalizmi bu gün dünyada yüksək qiymətləndirilir
və nümunə kimi göstərilir. Professor bildirib ki, dövlətimizin başçısının qeyd
etdiyi kimi, multikulturalizmin alternativi yoxdur, bu gün multikulturalizm
müharibə və münaqişələrlə üzləşən dünyanı xilas edəcək yeganə yanaşmadır. Əfqan
Abdullayev qeyd edib ki, Azərbaycanda tarixən multikultural həyat hökm sürür və Azərbaycanda multikulturalizm siyasətinin
banisi ulu öndər Heydər Əliyevdir: "Azərbaycan multikulturalizmin daha dərindən
öyrənilməsi istiqamətində böyük işlər aparır, bu işlərdən biri də xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş
beynəlxalq konfransdır”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM)
icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycanı dünyada multikulturalizm mərkəzi
kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək istiqamətində
BBMM-in gördüyü işlər barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan
Prezidentinin multikulturalizm barədə fikirləri, göstərişləri onun 2016-cı ildə
elan etdiyi "Multikulturalizm İli” başa çatdıqdan sonra da davam edir.
Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mainz Universitetinin
professoru Hendrix Busoten, Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Fuad
Nurullayev, Bakıdakı Avropa Yəhudiləri Dini İcmasının rəhbəri Aleksandr
Sarovski, Rus Provaslav kilsəsinin Bakı
Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev (Mifodi), Alban Udi Xristian Dini
İcmasının sədri Robert Mobili, Protestant İcmasının rəhbəri xanım Vera
Nesterova və Azərbaycan Dillər Universitetinin professoru Aynur Sabitova məruzələrlə
çıxış ediblər.