ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İRSİ ƏDƏBİYYATŞÜNASLIQ ELMİNİN İDEOLOJİ MƏNBƏYİ KİMİ
Azərbaycan ədəbiyyatı və ümumən, ictimai-elmi fikrinin inkişafında Azərbaycan
xalqının böyük oğlu Heydər Əliyev mühüm rol oynamışdır. Bu uzaqgörən liderin müdrik
fikirləri ədəbiyyatımızın, eyni zamanda ədəbiyyatşünaslığımızın milli ideyalar
istiqamətində inkişafında əvəzsiz mənbə olmuşdur. Hələ konkret elmi yanaşma
meyarlarının olmadığı, yanlış fikirlərin, təhlükəli stereotiplərin hakim olduğu
bir dönəmdə məhz müdrik liderin fikirləri yeni elmi-tənqidi meyarlar müəyyənləşdirməsinə
güclü təkan vermişdir.
Hələ ulu öndər Heydər Əliyevin Azərbaycanda Mərkəzi Komitəyə rəhbərlik
etdiyi vaxt klassik Azərbaycan ədəbiyyatı və onun görkəmli nümayəndələrinin öyrənilməsi
haqqında verdiyi tarixi əhəmiyyətli qərarlar ədəbiyyatşünaslıq elminin milli
ideyalar istiqamətində inkişafına böyük təkan vermişdir. Halbuki artıq əsrin
20-30-cu illərindən başlayaraq xalqın milli dəyərləri, tarixi, ədəbiyyatı, mədəniyyəti
və görkəmli şəxsiyyətləri unudulma siyasətinə məruz qalmış, xalqın mülkiyyətindən
qoparılma cəhdinə düçar olmuşdu. Hətta elə bir dövr gəlmişdi ki, xalqın milli
düşüncəsini yaşadan istedadlı ziyalı və ədiblər repressiyaya uğradılır, söz xəzinəsi
və mədəniyyət nümunələri isə zərərli abidələr adı altında sıradan çıxarılırdı.
Xalqın milli soykökü və qədim, zəngin tarixi düşüncəsini əks etdirən ədəbiyyat
nümunələri və görkəmli şəxsiyyətlər məqsədyönlü olaraq tarix səhnəsindən
silinirdi. XX əsrin 70-ci illərindən isə artıq Azərbaycanın tarixi taleyində
bir Günəş kimi doğan Heydər Əliyev böyük müdriklik və vətəndaşlıq qayğısı göstərərək
xalqın milli sərvətini özünə qaytarmıq vəzifələrinin icrasına start verdi. Beləliklə,
böyük istedadla yaradılmış və xalqın milli keçmişini, mənəviyyatını əks etdirən
ədəbiyyat nümunələri xalqın milli sərvəti olaraq qorunmağa və böyük qayğı ilə əhatə
olunmağa başladı. Vaxtında verilən müdrik qərarlar Nizami Gəncəvi, Xaqani
Şirvani, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli
və çoxsaylı görkəmli klassik ədəbi şəxsiyyətlərin öyrənilməsi və əsərlərinin nəşrinə
böyük imkanlar açdı, ədəbiyyatşünaslığın milli istiqamət almasına ciddi təsir göstərdi.
Məhz bu sayədə Azərbaycan ədəbiyyatı milli sərvətimiz olaraq qorundu, ədəbiyyatşünaslıq
milli ideyalılıq və elmi prinsiplər üzrə yeni inkişaf yoluna qədəm qoydu.
Azərbaycan xalqı üçün sınaq əsri olan XX əsrin qarışıq və mürəkkəb
90-cı illərində də xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev davamlı müdrik siyasət sayəsində xalqın
mənəvi sərvətinin qorunması və inkişafına mühüm stimul verdi. Ulu öndər həm də
90-cı illərdə yeni ictimai-iqtisadi sistemə keçid dövründə təkcə
ictimai-siyasi, iqtisadi sahələrdə deyil, ən əsası milli ictimai düşüncədə dərin
ideoloji böhran yaşandığı, meyarların itdiyi bir vaxtda özünün müdrik qərar və
fikirləri ilə bu böhranı ortadan qaldırmağa, ideoloji meyarları təsbit və müəyyən
etməyə şərait yaratdı. Yeni düşüncə ortaya çıxan bir zamanda məhz dahi, uzaqgörən
liderin müdrik düşüncə və qararları sayəsində milli baxış və təhlil meyarları
meydana gəldi. Bu dövrdə də milli-mənəvi dəyərlərə qayğı başlıca yerdə dayandı.
Çünki ulu öndərin fikrincə: "...insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət
nümunələri qədər güclü təsir edən, yəni insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə,
fikirlərin formalaşmasına bu qədər güclü təsir edən güclü vasitə yoxdur”. Bu baxımdan
müdrik liderin vaxtilə ideoloji cəhətdən zərərli abidə kimi xalqın milli sərvəti
olmaqdan kənar edilmiş "Kitabi-Dədə Qoprqud” dastanının 1300 illik yubileyinin
keçirilməsi haqqındakı sərəncamı, yubiley mərasimindəki çıxışı da bütövlükdə
xalqımızın milli-mənəvi sərvətlərinə, onun tarixi, mədəniyyəti və ədəbiyyatına
konkret münasibət tərzinin müəyyən edilməsinə istiqamət verdi. Dahi liderin: "Bizim
zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz "Kitabi-Dədə
Qorqud” eposunda öz əksini tapmışdır. ...Bu, bizim ana kitabımızdır...
...Eposun əsas ideyasını qəhrəmanlıq ideologiyası təşkil edir. ..."Kitabi-Dədə
Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir”, – deyə ifadə
etdiyi fikirlər həm qorqudşünaslıq kimi yeni bir sahənin elmi əsasını müəyyənləşdirir,
həm də bütövlükdə Azərbaycan şifahi xalq ədəbiyyatına, bütövlükdə xalqın mənəvi
sərvətlərinə yeni baxış tərzini müəyyən edirdi. Təsadüfi deyilməyib ki, ulu öndər
Heydər Əliyev "Mustafa bəy Topçubaşovdan danışanda mütəxəssis həkimdən, Yusif Məmmədəliyevdən
danışanda peşəkar kimyaçıdan, Hüseyn Caviddən danışanda filoloqdan və sənətşünasdan
daha miqyaslı və ixtisaslı qiymətlər verir”di. Bu mənada ulu öndər Heydər
Əliyevin hər bir sahə ilə bağlı söylədiyi fikirlər o elmin, sahənin tədqiqatına
yeni istiqamət, meyar vermiş olurdu. Vaxtilə görkəmli ictimai xadim, ədib Nəriman
Nərimanov haqqında ulu öndərin dediyi fikirlər də təkcə Nərimanov əleyhinə
aparılan elmi-ictimai kampaniyalara qarşı deyil, ümumən Sovet dövrü tarixinə,
sovetizm qalıqlarına qarışaraq ictimai qınaq hədəfinə çevrilmiş bütün görkəmli
şəxsiyyətlər əleyhinə yönəldilmiş fikir və stereotiplərə qarşı tutarlı cavab olmaqla
bərabər ümumən Azərbaycan tarixinin Sovet dövrünə düzgün, obyektiv yanaşma tərzinin
formalaşmasına stimul verdi.
Dahi lider ayrı-ayrı görkəmli söz ustadları, böyük klassiklər – Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Xətayi,
Vaqif, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və başqaları barəsində danışarkən
onları təkcə ədib, şair, yazıçı kimi deyil, həm də bir mütəfəkkir, filosof
olaraq da təqdim edir, tədqiqatların istiqamətini məhz bu məcrada aparılması
konsepsiyasını göstərirdi. Ulu öndər: "XX əsrin əvvəlində fəaliyyətə başlayan Cəlil
Məmmədquluzadə bu gün ...bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır”, –
deyə böyük klassiklərin yaradıcılığını,
ümumən milli ədəbi düşüncə və sərvəti milli ideologiyamızın mənbəyi kimi təqdim
edir, xalqın milli sərvətinə həm də milli məfkurə yönündən araşdırma zərurətini
ifadə etmiş olurdu. Həmçinin müdrik liderin böyük şair Hüseyn Cavidlə bağlı
dediyi fikirləri də ədəbiyyatşünaslıq elmimiz üçün milli konseptual istiqamət,
yanaşma tərzi müəyyənləşdirmiş oldu. Sovet dövründən ziddiyyətli fikirlər
qarşısında qalan Hüseyn Cavid irsi və şəxsiyyəti haqqında obyektiv milli
yanaşma meyarını məhz dahi liderin müdrik fikirləri müəyyənləşdirdi. Ulu öndərin
vətəndaşlıq cəsarəti nəinki Cavidin nəşini öz doğma torpağına gətirməyə müvəffəq
oldu, həm də bu əbədiyaşar sənətkarın ölməz irsinə həm də əsl bəraət və ikinci
həyat bəxş etmiş oldu. Ulu öndərin: "Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar.
Ancaq onu, bəlkə də, Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi
fikirlərinə görə, ola bilsin, Cavidin "İblis” əsəri heç də Hötenin "Faust”undan
geri qalmır” kimi fikirləri görkəmli filosof, şair Hüseyn Cavid
yaradıcılığına ədəbi-estetik təhlil, yanaşma metodunu təsbit etməklə bərabər onun
Azərbaycan və dünya ədəbiyyatındakı yerini, mövqeyini müəyyənləşdirir, həm də
bütövlükdə Azərbaycan romantizminə yanaşma metodu və tərzini də ədəbi cəhətdən
müəyyən etmiş olurdu.
Ümumiyyətlə,
qeyd edilməlidir ki, ayrı-ayrı görkəmli adamlarımızın Azərbaycan xalqının
mənəvi sərvətləri içərisində yerini və mövqeyini müəyyənləşdirmək baxımından
dahi şəxsiyyət Heydər Əliyevin fikirləri müstəsna əhəmiyyətə malik olmuşdur. Ulu
öndərin Nizami, Nəsimi, Füzuli, Xətayi, Vaqif, Mirzə Cəlil, Cavid və başqaları
haqqındakı fikirlərində şəxsiyyətlərə həm filosof kimi yanaşma meyli özünü
aydın ifadə edir, həm də dünyaca şöhrətləri və ədəbi mövqelərinə də diqqət
çəkmiş olurdu. Ulu öndər milli ədəbiyyatımızı həm də ümumtürk kontekstində
öyrənməyin zəruriliyini də ifadə edir, ədəbiyyatşünaslıq elmi üçün ədəbi
sərvətlərə yanaşma tərzinin bu metodunu da təqdim edirdi. Yaşadığımız dövr üçün son dərəcə zəruri olan
bu yanaşma üsulu ədəbiyyatımıza vahid, məqsədli, milli ideologiyalı, ümumtürk
və ümumdünya düşüncəli ədəbi konsepsiya müəyyənləşdirmiş oldu.
Beləliklə,
ulu öndər Heydər Əliyev Azərbaycan elmi-ictimai fikrinin inkişafına özünün
müdrik fikirləri ilə yeni güc qatmış, onun ideya-estetik, elmi meyarlarının
müəyyənləşməsində mühüm rol oynamışdır. Azərbaycan xalqının hərtərəfli
həyatında məhz bu cür müdrik davranış və xilaskarlıq missiyası həyata
keçirmənin nəticəsi idi ki, dahi lider Heydər Əliyev liderlikdən ümummilli
liderliyə ucalaraq əbədiyaşarlıq qazanmışdır.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent