• cümə, 29 Mart, 01:47
  • Baku Bakı 7°C

Ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi

10.06.19 15:54 6444
Ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi
"1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır”. Sözügedən fikirləriSİA-ya Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib.
Komitə sədrinin sözlərinə görə, Milli Qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi: "Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan dahi şəxsiyyət Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Azərbaycan xalqı bu tarixi özünü qürur mənbəyi kimi qiymətləndirməkdədir”.
Aqiyə Naxçıvanlı xatırladıb ki, məhz Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı tarixi çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək hərtərəfli inkişaf strategiyasını elan etdi və sonrakı illərdə həmin strategiyanı həyata keçirdi: "Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. İlk növbədə, Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbrlə, ağsaqqal təmkini və müdrikliyi ilə çıxan Ulu Öndər Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin nəhəng siyasi potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi”.
"Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi”, deyə qeyd edən millət vəkili bu gün xalq-dövlət vəhdətinin də həmin tarixi əsaslara söykəndiyini vurğulayıb: "Çünki Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Xüsusilə, xalqın dövlətə və dövlətin xalqa olan etimadı ən yüksək səviyyəyə çatdırıldı”.
"Milli Qurtuluş tarixi eyni zamanda, Azərbaycanda sosial ədalətin, bərabərliyin də təməlini qoydu”, deyə qeyd edən Aqiyə Naxçıvanlı bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: "Bu tarixin məntiqi nəticəsidir ki, hazırda Azərbaycanda digər sahələrlə yanaşı, sosial siyasət istiqamətində də çoxşaxəli addımlar atılır. Gender bərabərliyindən başlayaraq, yürüdülən uğurlu qadın siyasəti, həmçinin ailə cəmiyyətinin əsasının təməl prinsipləri qeyd edilən faktorların hər birində ehtiva olunmaqdadır. Çünki kifayət qədər bəllidir ki, bir ölkənin əsaslarının möhkəm dayaqlara söykənməsi onun vətəndaşlarının münbit şəkildə formalaşdırılmasından da asılıdır. Xüsusilə qeyd etmək istərdim ki, cəmiyyətdə ailə faktorunun inkişafı ölkənin gələcəyinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Yəni cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən, idarə olunmasından çox asılıdır. Bu kimi mühüm amillər birbaşa milli dövlətçilik tariximizin mənəviyyat sütunu olaraq da qiymətləndirilə bilər. Cəmiyyətin və dövlətin tərəqqisində xüsusi rolu olan ailə öz bütövlüyünü qoruyub saxlayır. Prezident İlham Əliyev cənabları Ulu Öndər Heydər Əliyevin layiqli varisi olaraq, milli mənəviyyatımızın qorunmasında, inkişaf etdirilməsində davamlı işlər aparır”.
"O da əbəs deyil ki, Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir”, deyə qeyd edən komitə sədri bildirib ki, hər bir ailə dövlətin inkişafı, tərəqqisi, milli mənəvi dəyərlərin inkişafında öz töhfələrini verməlidir ki, bu da bir uğurlu siyasət reallığı olaraq dəyərləndirilməkdədir: "Bu gün Milli Qurtuluş Günü adlandırdığımız xilas tariximiz ailə dəyərlərinin hər birini qoruyub-saxladı və inkişaf etdirdi. Hər bir Azərbaycan vətəndaşı bu tarixi fərəhlə, qürurla qeyd edir. Mən də fürsətdən istifadə edərək, qarşıdan gələn 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə hər bir vətəndaşımızı, o cümlədən dünya azərbaycanlılarını təbrik edir, uğurlar arzulayıram”.
Sia.az
banner

Oxşar Xəbərlər