• cümə, 29 Mart, 06:33
  • Baku Bakı 5°C

Ulu öndər Azərbaycanı xilas etdi

15.06.19 09:30 3999
Ulu öndər Azərbaycanı xilas etdi
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun, sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimizHeydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Məhz bu səbəbdəndir ki, biz bu günü bayram kimi qeyd edirik.Azərbaycanın müstəqillik tarixinə nəzər saldığımız bu gündə sənət adamları, incəsənət nümayəndələri o hadisələri bizimlə yenidən xatırladılar və həmin illərin keşməkeşli, qayğılı dönəm olduğunu vurğuladılar.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq artisti Azər Paşa Nemətov mətbuata açıqlamasında qurtuluş gününü yaxşı xatırladığını və o illərin yaddaşında unudulmaz izlər buraxdığını qeyd edib: "Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın həyatına qızıl hərflərlə yazılıb. Bu qayıdışla təkcə ictimai-siyasi, iqtisadi həyatda, beynəlxalq əlaqələrdə deyil, mədəni həyatın bütün sferalarında da əsaslı dönüş yarandı. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xalqımızın təkidli tələbi idi. Azərbaycanı bizim şahidi olduğumuz bəlalardan, taleyin sərt sınağından yalnız Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev iradəsi xilas edə bilərdi. Biz məhz bu qayıdışdan sonra ölkənin həyatındakı köklü dəyişikliklərin şahidi olduq. Ümummilli lider bütün sahələrə, o cümlədən mədəniyyət sahəsinə çox böyük qayğı və diqqətlə yanaşıb. O, teatr xadimlərinin böyük dostu olub, hər zaman onların qayğısına qalıb. Heydər Əliyev teatr premyeralarında şəxsən iştirak edib, səhnə əsərləri haqqında öz fikirlərini bölüşüb, sənətkarların daha gözəl obrazlar yaratması üçün onlara hər cür köməkliyi göstərib. Heydər Əliyev deyirdi ki, teatr müqəddəs yerdir, insanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynayıb. Ulu Öndər teatr sahəsində çalışan insanları fədakar insanlar adlandırırdı. Məhz bu fakt göstərir ki, ümummilli liderimiz sənət xadimlərini nə qədər yüksək dəyərləndirirdi”.
Azər Paşa Nemətov əlavə edib ki, Heydər Əliyev teatrların maddi-texniki bazasının möhkəmlənməsi və teatr siyasətinin geniş vüsət alması üçün misilsiz xidmətlər göstərib. Onun sözlərinə görə, mədəniyyət və incəsənət nümayəndələri mütəmadi olaraq ulu öndər tərəfindən fəxri adlara, yüksək mükafatlara layiq görülüblər və bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xalq artisti Nurəddin Mehdixanlı bizimlə söhbətində qurtuluş günü münasibəti ilə xalqımızı təbrik etdi: "Biz müstəqilliyimizi çox çətinliklərlə qazanmışıq. Çətin siyasi şəraitdə Azərbaycanın böyük zəkalı oğulları bir yerə toplaşıb, tarixi şəraitdən istifadə edərək Azərbaycanın müstəqilliyini elan etdilər. Həmin müstəqil Azərbaycan respublikası cəmi 23 ay yaşaya bildi. Çox keçmədi ki, Azərbaycanın müstəqilliyinə son qoyuldu. Bu proseslər onu göstərir ki, müstəqilliyi qazanmaq hər nə qədər çətin olsa da, onu qoruyub saxlamaq ondan da çətindir. Biz 1990-cı ildə başlayan böyük faciələrdən, hadisələrdən keçdik. Xalqın milli azadlıq hərəkatının verdiyi qurbanların nəticəsi olaraq yenidən Azərbaycan öz müstəqilliyini bərpa etdi. Müəyyən zamandan sonra daxili problemlər və ən əsas da xarici müdaxilələr yenidən müstəqilliyi itirmək təhlükəsi yaratdı. Həmin illər Azərbaycanın dünya dövlətçiliyi tarixinə və siyasətinə bəxş etdiyi böyük oğlu Heydər Əliyev yenidən Azərbaycana qayıtdı, müstəqilliyin qorunub saxlanılmasını təmin etdi. Bu bizim dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycanı bölünmək, müstəqilliyini itirmək, hətta vətəndaş müharibəsi kimi bəlalardan qurtaran ulu öndərimiz Heydər Əliyevin zəkası, dövlətçilik təcrübəsi, xalqına, millətinə olan sevgisi, eyni zamanda siyasi cəsarəti oldu. Bu addım zamanında atıldı və Azərbaycan xilas oldu. Bu gün Azərbaycan inkişaf etmiş, öz ayaqları üzərində möhkəm dayanan, güclü hərbi, siyasi, iqtisadi potensialı olan bir dövlətə çevrilib. O gün Azərbaycan qurtulmasaydı, müstəqilliyi qorunmasaydı, bu gün biz müstəqil şəkildə yaşaya bilməzdik”.
Xalq artisti Gülyanaq Məmmədova ümummilli lideri Heydər Əliyevin ölkəmizin müstəqilliyini qoruduğunu deyərək həmin illəri keşməkeşli və çətin bir dönəm kimi xatırladı: "Heydər Əliyev gəlişi ilə həmin illər respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Təbii ki, bunlar ulu öndərimizin sayəsində həyata keçdi. Heydər Əliyev bizim üçün çox dəyərli, dahi insandır.Musiqimizə, mədəniyyətimizə yüksək dəyər verib.O, musiqini musiqişünaslardan da gözəl anlayırdı. Biz özümüzü hər zaman xoşbəxt hiss etmişik ki, Heydər Əliyevin hakimiyyəti dövründə bu sənətə qədəmlərimizi qoymuşuq. Hər zaman da onun dəstəyini bacım Gülyazla birgə hiss etmişik.Əməkdar artist fəxri adını da onun imzası ilə almışıq.O məni bacımdan ayırmırdı.Hər zaman ikimizi bir çağırırdı.Onun bizim həyatımıza təsiri əvəzsizdir.Biz hər zaman ona borcluyuq və minnətdarıq.Bu gün ölkəmizin prezidenti və ulu öndərimiz Heydər Əliyevin davamçısı olan İlham Əliyevdən də o dəstəyi görürük.İlham Əliyev Heydər Əliyev siyasətinin layiqli davamçısı olaraq xalqını, dövlətini sevir və irəli aparır”.
Əməkdaş artist Aybəniz Haşımova isə o illəri göz yaşları ilə xatırladı: "Tarixə nəzər salsaq, ulu öndərimizin nəinki musiqi, bütün sahələrimizin inkişafında misilsiz xidmətlərinin olduğunu görürük. Bizim bu gün müstəqil olmağımızın əsas səbəbkarı məhz ulu öndərimiz, uzaqgörən siyasətçi Heydər Əliyevdir. Qəribədir ki, mən bu gün də Heydər Əliyevin varlığını hiss edirəm. Mən o nəslin nümayəndələrindənəm ki, məhz ulu öndərin zəhməti ilə Azərbaycan mədəniyyətinə xidmət edirəm. Şəxsən onun göstərişi ilə sənətə gəlmişəm. Mənim ifaçı olaraq yetişməyimin, tanınmağımın səbəbkarı məhz ulu öndərdir. Onun üzərimdə haqqı çoxdur. Çox təəssüf ki, ulu öndər həyatdan çox tez köçdü”.
A.Haşımova ulu öndərin yoxluğunu qəbul edə bilmədiyini dedi: "Mən vətənimə bağlı insanam və bu torpaq üçün əziyyəti keçən hər kəsi həyatda görmək istəyirəm. Mən Heydər Əliyevi öz atam kimi çox sevmişəm. 1982-ci ildə eşidəndə ki ulu öndər Moskvaya dəvət alıb, Mərkəzi Komitədə işləməyə gedir, o zaman uşaq idim. Xəbəri eşitdiyim gün oturub uşaq kimi ağladım. İnsan anadan, atadan yetim qalardı. Mən o xəbəri eşidəndə elə bildim ki, yetim qaldım. Məni Bakıya gətizdirən, burada təhsil almağıma qərar verən, musiqi sahəsində inkişaf etməyim üçün hər cür şərait yaradan məhz ulu öndərin özü idi. Ona görə onu bir böyüyüm kimi görürdüm. Bu insan nəinki öz yetirmələrini, Azərbaycan naminə çiçəklənən, pöhrələnən, böyük zəka ilə önə çıxan hər kəsi həmişə dəyərləndirib. Onlar üçün əlindən gələn hər şeyi edib ki, Azərbaycanın belə övladları çox olsun. Vətənini sevən insan başqa nə edə bilərdi ki? Mən Heydər Əliyevi dövlətini sevən biri kimi tanımışam. Onun gördüyü işlər hər zaman göz qabağında olub. 90-cı illəri çox gözəl xatırlayıram. Ölkədə elə bir vəziyyət yaranmışdı ki, şəxsən mən axşam saatlarında çölə çıxmağa qorxurdum. Kimin ürəyi necə istəyirdi, elə rəftar edirdi. Özbaşınalıq baş alıb gedirdi. Ulu öndərin qayıdışı bütün bunlara son qoydu. Nə yaxşı ki, Əbülfəz Elçibəy ulu öndərimizi Bakıya dəvət etdi və o, Azərbaycanı bu bəlalardan xilas etdi. Bu gün bütün dünyada terror, vətəndaş müharibələri baş verir. Onlarla müqayisədə ən rahat, sakit şəraitdə yaşayan ölkələr sırasındayıqsa, bir vətəndaş kimi buna sevinirəm. Bilirsiniz ki, Qarabağda yoldaşını itirən bir xanımam. Bu mənim ən yaralı yerimdir. Kiminsə balası şəhid olanda, itkin düşəndə, o adamlarla bərabər mən də ölürəm. Bilirəm ki, ulu öndərin ürəyində nə qədər arzular qaldı. Onun oğlu, mənim mənəvi qardaşım İlham Əliyev onun siyasətini davam etdirir. Biz ona inanır və onun yanındayıq. İlham Əliyev Azərbaycanı ulu öndərin görmək istədiyi, hətta arzuladığı şəkildə qurub-yaradır. Xalqımız hər dəfə məni alqışlayanda, ürəyimdə mənim yetişməyimdə, məşhurlaşmağımda vasitəçi olan ulu öndər Heydər Əliyeva minnətdarlığımı bildirirəm”.
Əməkdar artist Baloğlan Əşrəfov isə deyir ki, bu müstəqilliyi illərlə arzulayıb: "Müstəqillik gözəl bir duyğudur. Azadlıq duyğusu kimi. İndiki gənclər bunun nə demək olduğunu o qədər də anlamazlar, çünki bizim keçdiyimiz o çətin günləri görməyiblər. Təsəvvür edin ki, ifaçı kimi xaricə çıxmaq və konsert vermək istəyəndə məcburi şəkildə Moskvadan icazə almalı idik. Bizim nailiyyətlərimiz onlardan asılı idi. İndi müstəqil bir dövlətik. Rahat hərəkət edirik, dünyaya açılırıq, ölkəmizi təmsil edirik”.
B.Əşrəfov deyir ki, əldə etdiyimiz müstəqillik uğrunda çox oğullarımız canından keçib: "Əgər ulu öndərimiz Heydər Əliyev zamanında gəlməsəydi, biz təbii ki, bu gün müstəmləkə şəraitində yaşayardıq. Mən bu gün Azərbaycan sənətçisi olaraq belə bir şəxsiyyətin xalqımıza nəsib olmasından çox qürur duyur, onunla fəxr edirəm. 90-cı illərin o qanlı-qadalı illəri mənim gözümün qarşından getmir. Biz çox çətinliklə, əziyyətlərlə bu müstəmləkə illərini arxada qoymuşuq. Yaşanan bu hadisələri kitablardan oxumamışıq, özümüz şahidlik etmişik. Bu günümüzə min şükür. Allahdan arzum budur ki, dünya durduqca, müstəqilliyimizi qoruyaq”.
Xəyalə Məmmədova
banner

Oxşar Xəbərlər