• cümə axşamı, 28 mart, 16:02
  • Baku Bakı 16°C

Uliss kimdir?

09.09.15 12:56 2588
Uliss kimdir?
Uliss Odisseyin latıncasıdır. Deməli, Coys öz Ulissini XX əsrin Odisseyi kimi təsəvvür edir. XX əsrdə Odisseyin mümkünsüzlüyünü nəzərə alsaq, Ulissin bir xəyal olduğunu başa düşmək çətin olmaz. Təsadüfi deyildir ki, romanda Uliss bir dəfə də olsun görünmür. O, yoxdur. Odisseyin varlığı nə qədər aydın, maddi və cismanidirsə, Uliss o qədər mücərrəd, xəyali və fantastikdir. Odissey reallıqdır, Uliss isə təsəvvürdür – XX əsr insanı haqqında təsəvvür.
Tarixi insan Odisseydən Ulissə qədər uzun bir təkamül yolu keçmişdir. Bu yolda onun hansı mərhələlərdən keçməsi və hansı dəyişkənliklərə məruz qalmasını təyin etməkdən ötəri Ulissi Odisseyin fonunda və onun məntiqi davamı kimi araşdırmaq lazımdır. Odissey antik dünyanın övladı və mifoloji təfəkkürün məhsuludur. Bu, o dövr idi ki, bəşəriyyət hələ öz uşaqlıq çağlarını yaşayırdı. Onda insan körpə uşaq, kainat isə onun anası ilə vəhdətdə görür, ondan ayrı öz varlığını təsəvvürə gətirə bilmir və ana qucağı onunçün dünyanı əvəz edir. Körpə üçün anadan, onun qucağından kənarda başqa bir aləmin olmadığı kimi, Homer dövrünün insanı üçün də maddi aləmdən kənarda heç nə yox idi: nə ilahi dünya, nə də fikir dünyası. İnsan kainatla ana-bala münasibətində idi.
Lakin bala anaya nə qədər bağlı olsa da bir gün o, ana qucağından yerə düşür və dünyanı səyahətə çıxır, onun keşməkeşlərini və ağrı-acılarını duyur, yadlığını dərk edərək, onunla münaqişəyə girir, yorulub usananda isə yenə də doğma ocağa qayıdır və isti ana qucağına sığınır. Bu insanın özünü təsdiq və özünə qayıdış cəhdidir. Lakin bu cəhd hələ baş tutmur. Bu sınaq hər bir nəsil üçün yenidən başlanır.
Odissey dünyanı səyahətə çıxmış, doğma yuvadan kənarda məşəqqətlərə düçar olmuş ulu insanların bir nəslinin nümunəsidir. Odisseyin İtakanı tərk etməsi, dünyanı dolaşıb çoxlu macəralara düçar olması və yenidən doğma İtakaya, öz ocağına, sadiq Penelopanın yanına qayıtması bir nəslin macəralarıdır. Sonrakı nəsil bu yolu yenidən və bir az başqa şəkildə keçəcəkdir. Və nəhayət, əsrlər, minilliklər öldükcə bu səfər də insanın özü də dəyişəcək – ta ki, Uiliss olaraq qalacaq, yəni insan elə insan olaraq qalmalıdır.
Odissey öz ayaqları altında möhkəm torpaq və mənəvi zəmin hiss edir. Lakin o, dalğalı nəhrlərin ağuşuna atılanda, sanki zəmindən zəminsizliyə adlayır, onun nə qədər yad və qorxulu olduğunu duyur və yenidən öz sahilinə qayıdır. Bu sahilsiz, zəminəsiz, bu oqcaqsız o, yaşaya bilmir. Onu bu böyük və sonsuz dünyaya bağlayan da elə bu ana torpaqdır, ona olan ülvi məhəbbətdir.
“Odissey”də torpaq və su stixiyası vacib yer tutur. Ucsuz-bucaqsız su səltənəti qəhrəmanın maddi aləmdən ayrılaraq hansısa bir girdaba, qaranlıq bətnə düşməsi kimidir. Su stixiyası varlıqla yoxluq arasındakı keçid vəziyyətdir. Su arxetipi həm də ana bətninin simvoludur. Suya düşüb çıxmaq mifoloji təfəkkürdə yenidən doğulmaq kimi dərk olunur. Dəryadan sahilə çıxmış Odissey də təzələnmiş və sanki yenidən doğulmuş insandır.
Orta əsrlərdə, xristian dünyasında xaç suyuna salınmaq mərasimi də insanın yenidən, ruhi bir varlıq kimi, yəni xristian kimi doğulması səciyyəsini daşıyır. Əgər Odissey vücud kimi təzələnirsə, Orta əsr insanı ruhən təzələnir və ruhən yenidən doğulur.
“Uliss”də su stixiyası yoxdur, onu şüur stixiyası əvəz edir. Lakin Uliss də yenidən doğulur, təzələnir. Lakin o, nə sudan, nə havadan, nə bədəncə, nə də ruhən yenidən doğulmur. O, şüur dünyasında əql etibarilə yenilənir. Materiya və ruh, Kainat və Allah deyilən sahillərdən o, çoxdan üz döndərib, təfəkkür selinə, şüurun girdabına atılıb. Onun bu şüur nəhrindəki çabalamaları Odisseyin dəryalar girdabındakı çabalamalarına bənzəyir. Lakin Ulissin vəziyyəti daha çətindir. O, nəyi axtardığını bilmir, yalnız nədən imtina etmək istədiyini bilir. Odissey suya baş vurub torpağa qayıdır. Uliss kainatın ibarət olduğu dörd ünsürdən (torpaq, su, hava, od) kənardakı idrak dünyasındadır.
Orta əsrlər insanı Antik insandan onunla fərqlənir ki, o, maddi aləmdən üz çevirib ruhi aləmə tapınır, onu ali bir varlıq kimi qəbul edir. Ona görə də orta əsrlərdə Odisseyi rıtsar deyilən yeni tipli qəhrəmanlar, yeni insanlar əvəz edirlər. Bu bahadırlar da Odissey kimi dünyanı səyahətə çıxır, keşməkeşlərdən keçir, nəhayət öz vətənlərinə və öz ilham pərilərinin yanına onlara layiq ərlər kimi qayıdırlar. Əgər Odissey tarixi insanın uşaqlığı idisə, bahadırın eşqi, andı nə qədər real maddi idisə, bahadırın eşqi və andı o qədər ilahi və ruhanidir. O, sevgili Allahın və sevgili mələyin eşqilə dünyanı dolaşır, sınaqlardan keçir. Odissey kainata səcdə edirdisə, Bahadır Allaha səcdə edir, Odissey özünü maddi aləmin və kainatın bir zərrəsi kimi görürdüsə, bahadır özünü müqəddəs ruhun və Allahın zərrəsi kimi görür. O, sanki maddi aləmdən kənara çıxır və ruhi aləmə qovuşur.
Yeni dövrün insanı kamillik mərhələsinə qədəm qoymuş insandır. O, nə kainata, nə də Allaha səcdə etmək istəyir. O, özünə səcdə edir. Antik və Orta əsr buxovlarından birdəfəlik yaxa qurtarmaq istəyir. Onun andı, eşqi, idrak, əql və zəkadır ki, bunları da o, özündə axtarıb tapır. Bu mərhələdə insan əqli elə bir zirvəyə çatır ki, o, özünü bir dünya, bir bütövlük kimi, bəzən də ilahi məqamda görür. Baxış nöqtəsi dəyişir və hər şey baş-ayaq olur. Sanki maddi və ruhi aləmlər itir, əqli dünya bərqərar olur – insan şüur selinə qərq olur. Uliss belə bir dövrün insanıdır.
Maddi və ruhi asıllılıq yeni dövr insanını, yeni idrakı qane etmir, o, yeni dünyagörüş yaradır ki, onun da mərkəzində insan şəxsiyyəti durur. Uliss bu yeni dünyagörüşün daşıyıcısıdır. Odisseyin səyahəti onun maddi asıllıqdan, bahadırın səyahəti isə ruhi asılılıqdan qurtarmaq əzminin simvolu və onun təhtəl-şüurunda yaratdığı səyahət arxitepi idisə, Ulissin fikri dünyasındakı vurnuxması onun həm ruhi, həm də maddi aləmdən azad olması cəhdi və onun şüurda yaratdığı obrazdır. Uliss təhtəl-şüurdan yaxa qurtarıb şüura tapınmış bir insandır. Ona görə də o, tam mənada zəminsizdir. O, köhnə orbitləri itirmiş və özünə yeni orbit axtaran bir kometaya bənzəyir. Deyəsən, bu yenitipli insanın məramı və aqibəti son məqamda elə tam orbitsizlik şəraitindəki sonsuz, bitib-tükənmək bilməyən bir hərəkət olacaqdı. Sanki nəyinsə və kiminsə funksiyası olmaqdan bezmişdir bu insan. O, özü üçün məqsəd olmaq istəyir, hər şeyi özündən başlayıb özündə də qurtarmaq əzmilə yaşayır. Ulissin timsalında gördüyümüz yeni insanın bu vəziyyətini həm də atom nüvəsindən qopmuş neytrino ilə muqayisə etmək olar. Əgər Odissey üçün maddi fon, yəni kainat, orta əsr bahadırı üçünsə ruhi fon, yəni Allah, mövcud idisə, Uliss üçün heç bir fon, heç bir zəmin mövcud deyildir. Bu, idrakın tam asudəliyi, onun təhtəl-şüur deyilən fondan və arxetiplər dünyasından qurtarması deməkdir. 1904-cü ilin bir günü Dublin şəhərinin küçələri Uliss üçün simvolik zaman və məkan funksiyasını yerinə yetirirsə də, əslində o, idrak selinə qapılaraq, zamansız və məkansız bir aləmə düşmüşdür. Onunçün heç bir zəmin, heç bir sahil, ocaq və ana yoxdur. Onunçün yanlız daimi hərəkət vardır. Təhtəl-şüurun, arxetiplərin, əcdadların, kainatın və nəhayət, Allahın itirilməsi Uilssi onun özünün itirilməsinə gətirib çıxarır. O, həm vardır, həm də yoxdur. Nə vaxtsa və hardasa bu qüvvə dayanacaq, duruş gətirəcək, insan özünü yenidən kəşf edəcək. Onda o, əsl insan olacaq. Hələliksə o, ya funksiyadır, ya da özünü axtaran zamansız və məkansız üsyankar bir qüvvədir. İndiki halda insanın özünüdərkində yad bir qarışıq vardır. Bu qarışıq ya maddi aləmdən, ya da ruhi aləmdən gəlir. Ona görə də insan bilmir dünya nədir, o özü kimdir, və ya Allah kimdir? “Oylə sərməstəm ki, idrak etməzəm dünya nədir” (M.Füzuli). Tarixi insanın özünü tam mənada tapması üçün onun dünyadan və ilahidən ayrılması labüddür. Bu proses Renessans dövründən başlamış və XX əsrdə öz yüksək mərhələsinə çatmışdır. Bu mərhələnin ifadəsi Coyson Ulissidir. Lakin insan özünü hələ tam mənada tapa bilməmişdir. Tapacaqmı və nə şəkildə tapacaq? Bunlar gələcəyin suallarıdır. Uliss bu yolun Hamletdən, Faustdan, İvan Karamazovdan və nəhayət, Nitşenin Zərdüştündən sonrakı davamçısıdır, onların ən əzabkeşi və ən faciəlisidir. O, çaşqınlıqlar içində büdrəyən, özünü tapa bilməyən, lakin yolundan da dönməyən bir cəfakeşdir. Təhtəl-şüur zəmnindən ayrılmış şüur özünün ağrılı-acılı vurnuxmalarını ilk dəfə Şekspirin “Hamlet”ində, sonralar ən bariz şəkildə isə Dostoyevskinin “Cinayət və cəza” romanında yaşadı. Sonralar bu zəminsizlik təfəkkürü öz ağır faciəsini yazıçının “Şeytanlar” romanındakı Stavroginin timsalında büruzə verdi. Nəhayət, İvan Karamazovun (“Karamazov qardaşları”) paradoksal fəlsəfəsi və onun iflası bu zəminsizliyin ifrat həddə çatmasını göstərdi. Dostoyevskidən sonra bu mövzu Nitşenin Zərdüştündə (“Zərdüşt belə demişdir!”) davam etdirilmiş və Zərdüşt idrakın təhtəl-şüur üzərində qələbəsinin nəticəsində yaranmışdır. Coysun “Uliss” romanı XX əsr dünyaduyumunun ifadəsi kimi bu təmayülü son həddə çatdırmış və təhtəl-şüur zəmnindən ayrılma elə bir məqama yetişmişdir ki, insan öz mənəvi-psixoloji dayaqlarını tamamilə itirərək çılpaq təfəkkürün ümidinə qalmışdır. Hər şey – ənənə də, zəmin də, inam da, mənəviyyat da – bir sözlə əsrlərdən bəri qazanılmış psixoloji təcrübə itirilərək, insan zaman və məkan boşluğuna düşmüşdür. Bu boşluqda onun ümidi təkcə onun özü, öz idrakı olmuşdur. Ona qalan hər şeydən təcrid olunmuş təkcə bir mənlik olmuşdur. Zamansız-məkansız, məqsədsiz-məramsız bir axına düşmüşdür insan – ”şüur seli” adlanan axına. Bütün dayaqlar itirilmiş, bütün tarixi təcrübə yoxa çıxmış, insanın ayaqları yerdən üzülmüş və o, havadan asılı qalmışdır. Real insan həyatı röyaya bənzəryir. Bu röya o röyadan deyildir. Bu nə Odisseyin, nə də Orta əsr bahadırının röyasıdır. Onlar şüurdan ayrılıb təhtəl-şüura, mənlikdən ayrılıb arxetiplərə qovuşurdularsa, Uliss, əksinə, şüur və mənlik aləminə qərq olur. Şüurun şüursuzluq həddi, reallığın röya vəziyyəti yaranır. Ona görə də Dublin real məkandan çox fantastik və simvolik bir məkana, 1904-cü ilin bir günü konkret tarixi zamandan çox abstrakt bir zamana, baş verən adi hadisələr isə qeyri-adi fantasmaqoriyalara bənzəyir. Bu prosesin sonu nə, məqsədi nə? Kainatdan, Allahdan, öz varlığından ayrı düşmüş bu insan hara gedir, nə axtarır, harada rahatlıq tapacaq? Bu suallar Şekspiri də, Höteni də, Dostoyevskini də, Nitşeni də məyus qoydu. Onlar gələcəyə nə qədər cəsarətlə baxdılarsa da, sabahlar onlara o qədər acı və dözülməz göründü. Və onlar arxaya, keçmişə, zəmanəyə ümidlə baxmalı oldular. Lakin həyat, tarix yalnız irəliyə doğru gedir. Coysun Ulissi arxaya baxmadan bu acı və məchul irəliyə və gələcəyə tərəf cəsarətlə addımlayır. Bu gələcək nə qədər ümidsiz olsa da, o, arxaya baxmadan, daim irəliyə can atır. Bu qaranlığın bir sonu olmalıdır yəqin, yeni sahil tapılmalıdır. Yoxsa insan yenə köhnə sahilə qayıtmalıdır? Bu tapılacaq yeni sahil haradadır? Bəlkə də elə insanın özündə, öz daxilindədir? İnsanın tarix boyu axtardığı ümid yeri bəlkə elə onun özüdür? Hər halda çox uzaqlardan başlanan tarixi axtarış yolu insanın öz içinə doğru gedir – makrosonsuzluqdan mikrosonsuzluğa doğru. Əgər belədirsə, deməli, bu yol qurtaran deyil. Lakin bir şey həqiqətdir ki, axtaran insan daim özünə yaxınlaşmaqdadır. İnsan özünü yenidən kəşf etmək əzmindədir. Uliss çaşqınlıqlarla dolu bu qaranlıq yolun fədakar yolçusudur. Neçə Ulisslər məhv olmalıdır ki, yeni Odissey öz İtakasına qayıda bilsin.
Məmməd Qocayev
banner

Oxşar Xəbərlər