• cümə, 19 Aprel, 06:00
  • Baku Bakı 13°C

“Ulduz xəstəliyinə” tutulmayan idmançı - Portret

16.12.17 09:00 2973
“Ulduz xəstəliyinə” tutulmayan idmançı - Portret
Azərbaycanlılar döyüş idman növlərini sevirlər. Uşaq vaxtı bir çoxumuz döyüş filmlərinin həvəskarı olmuşuq. Hətta bu filmlərlə böyümüşük desək, yanılmarıq. Bu cür kinolardakı baş qəhrəmanlar uşaqlığımızın idealı olublar. Bir çoxları "odda yanmaz, suda batmaz” bu qəhrəmanları kumir seçərək, onlara bənzəməyə çalışıb. Hətta bu döyüşçülərə bənzəmək arzusu ilə idman klublarına üz tutanlarımız da az olmayıb. Ancaq bu addımı atanlardan çox az bir qismi bu yolda sonadək irəliləyir. Digərləri isə ya təhsili üstün tutur, ya idmanla həvəskar formada məşğul olmağa davam edir, ya da ki, döyüşə olan həvəsini televizor qarşısında bu cür idman növlərini izləməklə öldürür.

Bu gün bəhs edəcəyimiz qəhrəman da uşaq vaxtından döyüş filmlərinin həvəskarı olub. Ancaq o, bu həvəsi televiziya qarşısında yox, tatami üzərində davam etdirməyə qərar verib. Elə yaxşı ki, belə də edib. Onun bu seçimi sayəsində ölkəmiz karatenin kumite növündə yeni çempion qazanıb. Söhbət İlk Avropa oyunlarının, son iki İslam Həmrəyliyi Oyunlarının qalibi, qitə çempionatının ikiqat gümüş mükafatçısı Ayxan Mamayevdən gedir. Bu yazıda sizə Ayxanın televiziya qarşısında yaranan xəyallarının tatami üzərində gerçəkliyə çevirməsinin hekayəsindən bəhs edəcəyik.

Brus Linin pərəstişkarı
Ayxan Mamayev 1991-ci il dekabrın 3-də Bakı şəhərində dünyaya gəlib. Onun karate ilə tanışlığı 19 il öncəyə təsadüf edib. Mamayev ailəsinin iki oğlundan biri olan balaca Ayxan, karate ilə məşğul olan böyük qardaşının məşqlərinə gedir, onun etdiyi hərəkətləri təkrarlayırdı. Onda bu idman növünə çox böyük maraq yaranmışdı. Marağın yaranmasında əsas səbəb isə onun uşaqlıq dövründə Brus Linin filmlərinin efirləri bəzəməsi idi. Belə ki, bu filmlərin həvəskarı olan kiçik Ayxan, nə vaxtsa bu cür idmançı olmağı arzulayırdı. Elə qardaşının məşqlərinə getməsi, burda olan hərəkətləri həvəslə təkrarlamasının əsas səbəbi də məhz bu idi. Ancaq onun ailəsinin maddi imkanının aşağı olması, karateyə yazılmasına mane olurdu. Lakin çox çəkmir ki, onun bu həvəsi məşqçi Şahin Xudaverdiyevin diqqətindən yayınmır. O, Ayxanın atasına kiçik oğlunu da karateyə yazdırmağı məsləhət bilir. Məşqçi bu uşaqda potensial olduğunu, onun gələcək vəd etdiyini bildirir və onun məşqlərə təmənnasız gəlməsinə razılıq verir. Ata Mamayev mütəxəssisin sözünü ciddi qəbul edir və balaca Ayxanı da karateyə yazdırmağa razı olur.
İlk nailiyyətlərdən, çempionluqlara qədər
Tezliklə, Xudaverdiyevin seçiminin nə qədər düzgün olduğu bəlli olur. Mamayev ilk olaraq yerli yarışlarda nailiyyətlərə imza atır. Çox çəkmir ki, onun daxili yarışlardakı uğurları ölkə sərhədlərini də keçir. Artıq Ayxan ölkə xaricində keçirilən yarışlardan da medalla qayıtmağa başlayır. Mamayev ilk ciddi uğurunu 2012-ci ildə qazanır. İspaniyanın Tenerife şəhərində keçirilən Avropa çempionatında 84 kq-dək çəkidə komanda yarışlarında bürünc, fərdi yarışda isə gümüş medal qazanır. Ardınca isə başqa uğurlar gəlir. Növbəti ildə gənc karateçi ilk ciddi çempionluğunu qazanır. O, İndoneziyanın Palembanq şəhərində təşkil edilən İslam Həmrəyliyi Oyunlarının qızıl medallarına sahib çıxır. Ayxan komanda yarışlarında da "qızıl”a yiyələnir. Mamayev 2015-ci ildə isə 3 il öncə Avropa çempionatında əldə etdiyi nəticəni İstanbulda keçirilən analoji yarışda da təkrarlayır.

Almacıq sümüyü sınsa da…
Həmin il Ayxan üçün daha çox Bakıda keçirilən birinci Avropa oyunları ilə əlamətdar oldu. O, 84 kq-dək çəki dərəcəsində yarışın ilk mərhələsini keçir. İkinci döyüşündə mübarizəni dayandırmaq təhlükəsi ilə üz-üzə qalır. Belə ki, ukraynalı rəqibi ilə görüşdə zədə alır. Görüşün baş hakimi idmançımızı dərhal həkimin yanına göndərir. İndi hər şey tibb işçisinin qərarından asılı idi. Belə ki, o, Ayxanın döyüşü davam etdirməməli olduğu qərarını versəydi, Mamayev məğlub elan olunacaqdı. Onun almacıq sümüyü sınmışdı. Belə vəziyyətdə döyüşü dayandırmalı, məğlub elan olunmalı idi. Ancaq Ayxan bu cür, mübarizəsiz uduzmaq istəmirdi. Xoşbəxtlikdən görüşün hakimlərindən biri azərbaycanlı idi. Mamayev həmyerlimizin köməyi ilə görüşün həkimləri ilə ünsiyyət qurur və onları dilə tutaraq, mübarizəni davam etdirməyə qadir olduğuna həkimləri inandıra bilir. O, tatamiyə qayıdır və qalib gələrək, yoluna davam edir. Bu yol, finala kimi davam edir. Həlledici görüşdə də qalib gələn Mamayev, sonda ilk Avropa oyunlarının qalibi olur.
Ayxan bu il ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunlarında öz çəki dərəcəsində qızıl medala əsas namizədlərdən sayılırdı. Elə gözlənilən kimi də oldu. Yarımfinalda özbəkistanlı Abdulaziz Ataboyev, həlledici görüşdə isə türkiyəli Alparslan Yamanoğlunu məğlub edən Mamayev, ardıcıl ikinci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olur.

Təkcə öyrənmir, həm də…
Ayxan öz üzərində daim çalışır. Ancaq o, təkcə öyrənmir, həm də, öyrədir. Belə ki, 26 yaşlı idmançı dostu, özü kimi karate millimizin üzvü olan Asiman Qurbanlı ilə birlikdə "Qara Qaplan” adında karate məktəbi açıb. Gənc idmançılarımız bu məktəbdə uşaq və yeniyetmələrə bu idman növünün sirlərini öyrədirlər.
Adətən, idmançılar təhsildən uzaq olurlar. Uşaq vaxtından özünü gərgin məşqlərə həsr edən çox az idmançı ali təhsil almağa nail olur. Ali təhsil alanlar da, adətən, öz ixtisaslarına uyğun olaraq Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirirlər. Mamayevdə isə bu cəhətdən vəziyyət fərqlidir. O, Bakı Dövlət Universitetini bitirib.
Kumiri

Yuxarıda Ayxanın mərhum karateçi Brus Linin pərəstişkarı olduğunu, karateyə həvəsin də məhz bu pərəstişin nəticəsi olması barədə məlumat verdik. Ancaq çinli idmançı Mamayevin yeganə kumiri olmayıb. Belə ki, onun digər kumiri amerikalı idmançı Mayk Taysondur. Maraqlıdır ki, Tayson karate ilə yox, Mamayevin sevimli idman növünə yad olan boksla məşğul olur. Ayxan amerikalı boksçunun döyüşünün yox, onun əzmkarlığının, inadkarlığının heyranı olduğunu deyir. O, boş vaxtlarında daima internetdə Taysonun məşqlərini izləyir və bundan əlavə ilham alır.

Xarakter
Sakit təbiətlidir. Bu xüsusiyyəti sadəliyindən irəli gəlir. Böyük uğurlara baxmayaraq, "ulduz xəstəliyinə” tutulmur. İnadkardır. Özünün sözlərinə görə, bu xarakteri həyatda ona bir o qədər də kömək eləməsə də, idmandakı uğurlarında böyük rol oynayır.
Həyatda hazırkı mövqeyindən razıdır. Ancaq idmanda əsas məqsədlərinin irəlidə olduğunu deyir. Karate idman növünün olimpiya oyunlarına daxil edilməsi ilə birlikdə, bir çox karateçinin arzusu reallaşdı. İndi bu idman növünü seçən, illərini karatenin sirlərinə yiyələnməyə həsr etmiş, ağır məşqlərə tab gətirib, beynəlxalq arenalarda uğurlar qazanmış karateçilərimiz də dünyanın ən nəhəng idman yarışında medal qazanmaq arzusunu reallaşdıra bilərlər. Ayxanın da həmişə əsas arzusu olimpiya oyunlarının medalçısı olmaq olub. O, bu yarışa qatılacağı təqdirdə, arzusunu reallaşdıracağına inanır.

Portret

Öz məqsədinə çatmaq üçün gərgin məşqlərdən çəkinməyən, çətinliyin gözünə dik baxan Ayxanın bu günə kimi əsas uğurları Avropa və İslam oyunlarındakı çempionluqlardı. Ancaq onun kolleksiyasında daha böyük uğurlar - Avropa, dünya çempionatlarının və Olimpiadanın qızıl medalı hələ ki, yoxdur.
Sakit təbiətinə rəğmən, inadkar olan, qarşısına qoyduğu məqsədə çatmaq üçün hər cür əziyyətə qatlaşmağa hazır olan Ayxanın yaxın gələcəkdə medal kolleksiyasındakı bu boşluğu doldurması real görünür.
Elnur

banner

Oxşar Xəbərlər