AZE | RUS | ENG |

Ulduz almaq günün tələbi olacaqsa...

Ulduz almaq günün tələbi olacaqsa...
Ekspertlər deyir ki, otellərə ulduzların verilməsi ilə bağlı hazırlanacaq mexanizm bu sahədən qeyri-peşəkarları təmizləyəcək

"Azərbaycanda hotellərin ulduz alması prosesi könüllüdür, onun məcburi olması hazırda gündəmdə deyil”. BunuDövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib. Onun sözlərinə görə, hotellərin təsnifatlaşdırılması prosesi könüllü olsa da, ulduz almaq günün tələbi olacaq: "Ulduzu olmayan bir hotelin müştərisi də az olacaq. Turist hoteldən yer sifariş edəndə ulduza fikir verir”.

Şöbə rəhbəri qeyd edib ki, Azərbaycanda bu gün hotellərə ulduzların verilməsini şərtləndirən mexanizm yoxdur. Ona görə də, Azərbaycan Hotellər Assosiasiyası yaradılıb və bu prosesin həyata keçirilməsi həmin qurum tərəfindən reallaşdırılacaq.
 
 

O həmçinin bildirib ki, Dövlət Turizm Agentliyi hotellərin təsnifatlaşdırılması prosesində tərəf kimi iştirak etməyəcək. Agentlik bu prosesə yalnız dəstək verəcək: "Agentlik olaraq, biz bu sistemin ictimai qurum tərəfindən həyata keçirilməsini istəyirik. Azərbaycan Hotellər Assosiasiyası Avropa Hotellər Assosiasiyasının üzvü olacaq. Təsnifatlaşdırmanı da avropalı mütəxəssislər aparacaqlar ki, heç kimin tərəfkeşliyə şübhəsi qalmasın. Proses şəffaf olacaq”.
 
 

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Hotel Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlamın sözlərinə görə, hotellərə verilən ulduzlar 4 il qüvvədə olacaq. Buna görə də, ulduz təsnifatlaşdırılması 4 ildən bir keçiriləcək. AHA rəsmisi əlavə edbi ki, ulduz veriləndən 2 il sonra gizli müştəri hoteli ziyarət edəcək və bununla da mehmanxananın həmin ulduza uyğun xidmət göstərib-göstərmədiyi müəyyənləşəcək. G. Sağlam qeyd edib ki, təsnifatlaşdırılma ilə bağlı hotel sahiblərinə əvvəlcədən məlumatlar veriləcək: "Bununla bağlı internet saytda məlumatlar yerləşdirəcəyik. Otelçilər sayta daxil olaraq, təsnifatlaşdırma zamanı hansı kriteriyalara diqqət yetiriləcəyini oxuyub, prosesə daha yaxşı hazırlaşa biləcəklər. Ona görə də, məncə, otellər üçün bu proses çətin olmayacaq".

Assosiasiyanın baş icraçı direktoru bildirib ki, hotellər köhnə sistemlə aldıqları ulduzları dəyişməlidirlər. O, ulduz təsnifatlaşdırma sisteminin gələn ilin sentyabr-dekabr aylarından başlanacağını da söyləyib: "Biz milli ulduz sistemini yaradırıq. Bununla bağlı Avropa təcrübəsini əsas götürmüşük". G. Sağlam əlavə edib ki, ulduz təsnifatlaşdırılmasından keçməyən hotellərə bu prosesdən təkrar keçmək üçün vaxt veriləcək: "Bizim əsas işimiz hotelləri qorxutmaq deyil, onlara dəstək verməkdir. Marketinq məqsədilə həyata keçirilən ulduzalma prosesi hotellərin regional, dünya miqyasında tanınmasına xidmət edəcək".  

 Yeni təsnifatlaşma sisteminin hotellərin fəaliyyətinə necə təsir edəcəyini öyrənməyə çalışdıq.
 
 

"Ramada Plaza Gəncə”  otelinin baş meneceri Emin Həsənov otellərlə bağlı belə addımın çoxdan atılmalı olduğunu  qeyd etdi: "Bu, çox vacib məsələdir. Çünki hazırda bir çox otellər sahib olduqları ulduzlardan daha aşağı xidmət göstərirlər. Misal üçün, 3 ulduzlu xidmət səviyyəsi olan otel 4 ulduz alır. Ona görə ki, bu ulduzalma prosesində hər hansı təsnifatlaşma mexanizmi yox idi. Var idisə də, tətbiq edilmirdi. Amma bundan sonra fərqli olacaq. AHA bu təsnifatlaşdırma işini həyata keçirəcək. Düşünürəm ki, bu təqdirəlayiq haldır. Mən hazırda 5 ulduzlu otelin meneceriyəm və xidmət səviyyəmiz ulduzumuza layiqdir. Amma servisdə bizdən aşağı olan başqa otellə eyni ulduza sahib olmaq "niyə?” sualları doğururdu. Təsnifatlaşma zamanı konkret şərtlər olacaq. Məsələn, qeydiyyat şöbəsinin 24 saat işləməsi, fitnes və SPA mərkəzinin, internetin olması, otaqların genişliyi, gecə xidməti ulduzun verilməsinə təsir edən amillərdir. Əgər həyata keçirilən tədbirlər obyektiv olsa, hər şey öz yerini tapacaq. Təsnifatlaşmanın Avropa standartlarına uyğun aparılması müəyyən çərçivələrin tətbiq ediləcəyini və bazarda yalnız həmin çərçivələrə uyğun otellərin qalacağını göstərir. Otellər də bundan sonra xidmət səviyyələrinə uyğun ulduz alacaqlar. Əslində, burada narahat olunacaq bir məqam yoxdur. Şəxsən bizim üçün bu, qeyri-adi bir addım deyil. Biz bunu çox müsbət qiymətləndiririk. Çünki artıq uzun müddətdir ki, bu sahədə fəaliyyət göstəririk və xidmətimiz də ulduzumuza tam uyğundur. Məncə, təsnifatlaşma zamanı bu sahədə qeyri-peşəkarlar problem yaşayacaqlar”.

Həmsöhbətimiz bu addımın otellərin işinə mane olmaq üçün yox, əksinə onlara kömək etmək üçün atıldığını deyir: "Düşünmürəm ki, bu, otellərin işinə mane olacaq, əksinə, onların xidmətinin yüksəlməsinə, keyfiyyətli iş görməsinə kömək olacaq. İş prosesində olan bəzi səhvlərin aradan qalxmasına şərait yaradacaq”.
 
 
 
Dünya Sağlamlıq Turizm Təşkilatının prezidenti Ruslan Quliyev qeyd etdi ki, bu addım hotellərin daha professional müstəvidə xidmət göstərməsinə əhəmiyyətli təsir edəcək: "Bu, bütün dünyada aktual olan və turizm sənayesini düşündürən bir məsələdir. Xüsusilə də xidmətin keyfiyyət səviyyəsini artırmaq üçün nəzərdə tutulub. Turizm sektorunda hotel olduqca vacib nüanslardan biridir. Təbii ki, hər bir hotel göstərdiyi xidmətin keyfiyyət səviyyəsinə uyğun ulduz almalıdır. Bu, birdəfəlik medal deyil. Bir neçə ildən bir keçirilən akkreditasiya nəticəsində bəzi mehmanxanaların ulduzlarının sayı artırıla və ya azaldıla bilər. Avropa təcrübəsinin də tətbiq olunması təqdirəlayiqdir. Çünki bir neçə ildir ki, Bakıda və regionlarda hotellərin sayı artıb. Həmin hotellər heç nəyə əsaslanmadan, heç bir müqavilə öhdəliyi olmadan ulduz qoyurlar. Düşünürəm ki, təsnifatlaşma bu sahədə olan problemlərin aradan qalxmasına, hotellərin daha professional müstəvidə xidmət göstərməsinə əhəmiyyətli təsir edəcək”.  
 
 

Turizm üzrə ekspert Müzəffər Ağakərimov vurğuladı ki, təsnifatlaşma işində bəzi suallar ortaya çıxır: "Lisenziya vermək məsələsi ləğv edildikdən sonra hotellərin sayında ciddi artım oldu. Hotellərin sayında kəmiyyət baxımdan artım var, amma həmin artım keyfiyyətdə yoxdur. Təbii ki, bunlara nəzarət edəcək bir qurum, mexanizm olmalıdır. Burada qaranlıq qalan bir məqam da var. Hotellərə ulduzların verilməsi ödənişli olacaq, yoxsa, heç bir maddi vəsait ödəmədən həmin ulduzları əldə edəcəklər? Həmçinin ulduzların verilməsi hansı meyarlara görə olacaq? Tutaq ki, hansısa bir hotelə xidmət səviyyəsinə görə 4 ulduz verilir. Yəni həmin xidmətin 4 ulduza uyğun olduğunu nəyə əsasən müəyyən edəcəklər?” 
 
Ekspert bu kimi işlərin məcburi olmamağının tərəfdarıdır: "Lisenziya ləğv edildiyi üçün heç bir hotel sahibini bu cür təsnifatlaşmaya qoşulmağa məcbur etmək olmaz. Bu iş tam könüllü olmalıdır. Ən başlıcası isə turizm sahəsində hər hansı qərarı qəbul etdikdə, bunu müxtəlif turizm qurumları ilə məsləhətləşərək etmək lazımdır. Geniş müzakirələr keçirməklə, fərqli insanların fikirləri alınaraq bir nəticəyə gəlinməlidir”. 
 
Günel Azadə 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi


Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9323
GEL 1 1 Gürcüstan larisi 0.639
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2017
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1885
CHF 1 1 İsveçrə frankı 1.7043
KWD 1 1 Küveyt dinarı 5.605
TRY 1 1 Türkiyə lirəsi 0.3181