• cümə, 29 Mart, 16:56
  • Baku Bakı 14°C

Ukraynanın Xalq Artisti: “Veselo” festivalı ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına töhfə verəcək

07.01.18 13:22 759
Ukraynanın Xalq Artisti: “Veselo” festivalı ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına töhfə verəcək
Azərbaycana ilk dəfə gəlmişəm. Bakı və Qəbələdə oldum. Ölkəniz çox xoşuma gəldi. Qəbələnin təbiətini, qarlı dağlarını, müasir turizm infrastrukturunu, insanların qonaqpərvərliyini bəyəndim. İşlərim olmasaydı, burada qalıb daha çox dincələrdim.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində keçirilən XII Beynəlxalq "Veselo” Yumor və Musiqi Festivalında konsert proqramı ilə çıxış edən Ukraynanın Xalq Artisti Nataliya Moqilevskaya deyib.
Nataliya Moqilevskaya beynəlxalq festivalın Azərbaycan və Ukrayna arasında həm turizm sahəsinin, həm də mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
"İnsanlar Qəbələ festivalından həm zövq alır, həm də dincəlirlər. Biz hazırda yaxşı əhval-ruhiyyənin və yumor hissinin vacib olduğu bir dünyada yaşayırıq. Bəzən problemlərdən qaçmaq və sadəcə dağlar qoynunda dincəlmək istədikdə bu cür musiqili-əyləncəli tədbirlər kömək olur. Yumor və musiqi festivalı yerində və zamanında keçirilən bir tədbirdir”, - deyən Ukraynanın Xalq Artisti Bakıda konsert vermək və həmin konsertdə Azərbaycan mahnısı oxumaq istədiyini də vurğulayıb.
Tanınmış müğənni Azərbaycan mətbəxini də çox bəyənib: "Nəhayət ki, mən plov və mərci yedim. Hər ikisini çox bəyəndim. Azərbaycanın dadlı plovu barədə çox eşitmişdim, amma onun dadına baxmaq mənə Qəbələdə qismət oldu. Bundan başqa, dünyada müasir Bakının simvolu kimi tanınan "Alov qüllələri” kompleksini də görmək istəyirdim. Nəhayət ki, bu arzuma da çatdım”.
banner

Oxşar Xəbərlər