• şənbə, 20 Aprel, 18:23
  • Baku Bakı 24°C

Ukraynanın “tarixi ürəyi” - Fotolar

02.05.18 11:15 796
Ukraynanın “tarixi ürəyi” - Fotolar
Bir neçə həftə öncə Ukraynada səfərdə olarkən dostumuzun dəvəti ilə ölkənin qərbində yerləşən Lvov şəhərinə də "atüstü” baş çəkdik. Bu barədə təəssüratlarımızı oxucularımızla bölüşmək maraqlı olardı.

Öncə qeyd edək ki, Ukraynanın qərbdəki əyalət və şəhərləri ölkənin arxitekturası, görünüşü və hətta, bəzi hallarda əhalisinin davranış tərzi ilə Avropaya yaxınlığı ilə seçilir və bu baxımdan ölkənin şərq regionlarından fərqlənir. Bu, həm də Ukraynanın qərb hissəsinin xeyli müddət Avropa imperiyaları və dövlətlərinin tərkibində qalması ilə izah edilə bilər. Beləliklə, Lvov Ukraynanın qərbində ən böyük, ölkə miqyasında isə 7-ci şəhər hesab edilir. Şəhərin təxminən 800 minədək əhalisi var. Şəhərin başlanğıc tarixi 13-cü əsrə gedib çıxır və tarixən Qalisiya knyazlığının ərazisinə daxil olub. Şəhər Qalisiya-Volhiniya knyazı Danielin oğlu Levin şərəfinə adlandırılıb. Şəhər ölkənin "tarixi ürəyi” adlandırılır. Lvovun mərkəzi tamamilə göz oxşayan qədim arxitektur binalardan və daş döşənmiş, keçmişin izlərini qoruyub saxlayan küçələrdən ibarətdir. Bu isə Lvova ayrıca bir şərafət və gözəl turistik şəhər görkəmi verir.
Şəhərin köhnə binalar yerləşən mərkəzi hissəsi demək olar ki, toxunulmaz qalıb və yalnız kənar hissələrində yeni tikililərə rast gəlmək olar. Bununla belə, şəhərin qədim binaları təmirsiz görünür, sakinlər qışı sərt keçən bu yerlərdə həmin binaların qızdırılmasını iqtisadi baxımdan "cibə uyğun” saymırlar. Çünki bu binalar köhnə təmirli olduğuna görə, qədim divar sobaları ilə çoxlu yanacaq sərf edilməklə qızdırılır. Yeni tikililərin qızdırılması isə bundan qar-qat ucuz başa gəlir. Buna görə də yeni tikililər bu şəhərdə daha baha və yaşamaq üçün prestijli sayılır. Şəhərin mədəni həyatı da diqqət çəkir. Burada ali məktəblərlə yanaşı, müxtəlif incəsənət mərkəzləri, Lvov Opera və Balet Teatrı və sair yerləşir. Lvovdakı tarixi şəhər mərkəzi isə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Lvov Ukraynanın və postsovet məkanının ən populyar turizm şəhərlərindən biri hesab edilir. Lvovun görünüşündən və tarixi özünəməxsusluğundan əlavə, şəhərin mərkəzində turistləri əyləndirəcək bir çox mərkəzlər, tarixi Lvov qəhvəsinin, Lvov şirniyyatlarının və pivəsinin hazırlandığı maraqlı yerlər var. Şəhər Yeni İl ərəfəsi və bir çox əlamətdar günlərdə turistlərlə dolur. Şəhərin unikal xüsusiyyətlərindən biri isə əhalisinin 80%-ini qadınların təşkil etməsidir.

Lvovu və ətraf əraziləri turistlər üçün cazibəli edən digər vacib məqamlardan biri isə bu yerlərdə fəaliyyət göstərən müasir turizm və sağlamlıq mərkəzləridir. Bu cür turizm mərkəzlərindən birində - unikallığı ilə fərqlənən "Edem Resort & SPA”da qonaq olduğumuz üçün bu barədə də təəssüratlarımızı bölüşməyə dəyər.

Öncə qeyd edək ki, bu gözəl otel özünün unikal gölü və qumlu çimərliyi ilə Lvov yaxınlığındakı Strelki kəndindən cəmisi 10 dəqiqəlik məsafədə yerləşir. Qonaqların xidmətinə tennis kortu, mini-barlı nömrələr, spa mərkəzi və yoqa, trenajor zalı verilir. Otelin mükəmməl dekorasiyalı restoranında isə Ukrayna və Avropa mətbəxinə mənsub dadlı yeməklər təqdim edilir. Bundan başqa, havadan və mövsümdən asılı olaraq qonaqlar açıq havada və gölə açılan mənzərə fonunda nahar edə bilərlər.
Bobrka kəndi və Lvova uzanan H09 avtomagistralı oteldən 5 km aralıda yerləşir. Buradan Lvov hava limanınadək isə 41 km-dir. Otelin unikal xidmətlərindən razılıq edən qonaqlar həm də kompleksin şəhər səs-küyündən uzaq, eyni zamanda, asan yetişə biləcək bir ərazidə yerləşməsindən, Lvova yaxın təbiət qoynunda olmasından məmnundurlar. Otel bütün imkanları, unikal məkanı, yerləşdiyi təbiət və təqdim etdiyi xidmətləri ilə nəinki Ukraynada, eləcə də postsovet məkanında və Avropada seçilir.

Rasim Əliyev
Bakı-Lvov-Bakı

banner

Oxşar Xəbərlər