• cümə, 29 Mart, 11:59
  • Baku Bakı 5°C

Ukraynadakı hadisələr Azərbaycanın dünyadakı rolunu bir qədər də artırıb

04.04.14 10:49 1722
Ukraynadakı hadisələr Azərbaycanın dünyadakı rolunu bir qədər də artırıb
Bu gün Türkiyənin Baş naziri Rəcəb Təyyub Ərdoğan Azərbaycana gəlir. Ukraynadakı proseslərinin fonunda bələdiyyə seçkilərindən yenicə çıxan Baş nazirin ilk olaraq Bakıya səfər etməsini həm yerli, həm də beynəlxalq mətbuat diqqətlə izləməkdədir. Türkiyəli hökumət başçısının ölkəmizə gəlişi, Qərb-İran yaxınlaşması, Azərbaycan Prezidentinin İrana gözlənilən səfəri, Türkmənistanla təmaslardakı aktivlik və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını politoloq Fikrət Sadıxov cavablandırır.
- Fikrət müəllim, bələdiyyə seçkilərindən sonra Baş nazirin ilk olaraq Bakıya səfər etməsini necə qiymətləndirirsiniz?
- Bu səfərlə bağlı onu deyə bilərəm ki, Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik xarakterlidir və bu, bundan sonra da inkişaf edəcək, daha da dərinləşəcək. Hər iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərimiz, əlaqələrimiz bir qədər də genişlənəcək. Əminəm ki, Ərdoğanın Azərbaycana gəlməsi təsadüfi deyil. Türkiyədə bələdiyyə seçkilərindən sonra AKP-nin qələbəsi müəyyən olunanda Azərbaycan Prezidenti İlham Əliyev telefonla Ərdoğanı təbrik etmişdi. Bu fakt da onun göstəricisidir ki, Azərbaycan-Türkiyə münasibətləri müxtəlif siyasi konyukturalardan asılı olmayan, hər zaman dostluq, qardaşlıq xarakteri daşıyan münasibətlərdir. Fikrimcə, bundan sonra da bir sıra məsələlərdə biz daha yaxın olmalıyıq. Hətta beynəlxalq strukturlarda da eyni mövqedən çıxış etməliyik.
- Bəzi ekspertlər vaxtilə İrana məxsus təyyarələrin hava sərhədimizi pozan zaman qardaş ölkənin Azərbaycana dəstək olmasını xatırladaraq, R.T.Ərdoğanın da seçkidən sonra ilk olaraq Bakıya səfər etməsini, Ukrayna hadisələrinin ardınca Rusiyanın ölkəmizə təzyiq göstərmək niyyətini əngəlləməyə xidmət edən siyasi addım kimi qələmə verirlər. Siz necə düşünürsünüz?
- Ərdoğanın Azərbaycana gəlməsi ilk növbədə iki ölkə arasındakı dost-qardaş münasibətləri ilə bağlıdır. Lakin onu da yaddan çıxarmaq olmaz ki, Krım böhranından sonra Türkiyənin Azərbaycana dəstəyi vacibdir. Çünki Rusiyanın Krımı zəbt etməsindən, referendum keçirərək yarımadanı öz tərkibinə qatmasından sonra ölkəmiz BMT-də birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Bundan əvvəl isə Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazisində anoloji proses yaşanıb. Həmin vaxt da rəsmi Bakı Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib. Ümumiyyətlə, belə məsələlərdə biz Türkiyə ilə eyni mövqedən çıxış edirik. Azərbaycanın Dağlıq Qarabağ kimi böyük problemi var. Çox istərdik ki, biz sığortalanaq, ABŞ-ın da yaxın müttəfiqi sayılan qardaş Türkiyədən hərtərəfli dəstək alaq. Hərbi-texniki, iqtisadi-siyasi sahədə əməkdaşlığımızı daha da genişləndirək.
- Son zamanlar Qərb-İran yaxınlaşması, Türkiyə hökumət başçısının ilin əvvəlində Tehrana, indi də Azərbaycana gəlməsi, yaxın vaxtlarda isə ölkə başçısı İlham Əliyevin İran İslam Respublikasına səfər edəcəyi xəbərinin yayılması nəyin göstəricisidir? Bu dövlətlər arasında tamamilə yeni müstəvidə münasibətlərin qurulması regiona necə təsir edəcək?
- İran Azərbaycan üçün qonşu ölkə olaraq qalmaqdadır. Bizim aramızda qonşuluq münasibətləri mövcuddur. Bu münasibətlər müxtəlif zamanlarda, məqamlarda müəyyən neqativ amillərlə də müşayiət olunub. Bəzən İran rəsmilərinin Azərbaycan ünvanına qərəzli fikirlərini, buna uyğun olaraq addımlarını da müşahidə etmişik. Buna baxmayaraq İrandakı siyasi rejimlə rəsmi Bakı bir sıra məsələlərdə dil tapmalıdır. Birincisi ona görə ki, hazırkı İran prezidenti siyasi rejimi nisbətən mülayimləşdirib. İkincisi, onun Qərblə yaxınlaşması birmənalı şəkildə müşahidə olunmaqdadır. Bu ölkəyə qarşı tətbiq edilən bəzi sanksiyalar aradan qaldırılıb. Digər tərəfdən, İran üçün də Azərbaycanın dəstəyi lazımdır. Çünki ölkəmizin Qərblə, Avropanın aparıcı dövlətləri ilə münasibətləri daha yaxşıdır. Bu mənada İran üçün Azərbaycanın dəstəyi xüsusi əhəmiyyət daşıyır. Bütün hallarda qonşu ölkə ilə münasibətlərimizin inkişaf etdirilməsinin tərəfdarıyam. Əgər regional təhlükəsizlikdən söhbət gedirsə, İran-Azərbaycan münasibətlərinin səviyyəsi yüksəldilməlidir. Belə halda hər iki tərəf bundan faydalana bilər. Bütövlükdə Türkiyə, İran, Azərbaycan yaxınlaşmasından isə regionun təhlükəsizliyi, sabitliyi təmin olunar, qarşılıqlı əməkdaşlıq çərçivəsində bölgədəki inkişaf sürətli xarakter alar.
- Qərbin də dəstəyi ilə region dövlətləri arasında münasibətlərin daha da yaxşılaşması Dağlıq Qarabağ probleminin ədalətli həllinə necə təsir göstərə bilər?
- Əslində Krım böhranı aparıcı dövlətlər arasında yaranan qarşıdurmanın nəticəsidir. Avropa İttifaqı-Rusiya, ABŞ-Rusiya arasında yaranan anlaşılmazlıq yarımadaya hərbi müdaxilə ilə nəticələndi. Biz onu da görürük ki, Rusiyanın MDB məkanında olan bir sıra əraziləri işğal etməsi ilə bağlı bəzi qüvvələr baş qaldırıblar. Onlar Krımdan sonra digər dövlətlərin ərazi bütövlüyünün pozulmasına, konkret ərazilərin Rusiya Federasiyasının tərkibinə qatılmasına tərəfdardırlar. Bu ərazilər sırasında Dağlıq Qarabağın da adı hallandırılır. Təbii ki, belə məsələlərdə rəsmi Bakı olduqca ehtiyatlı davranmalı, həm region dövlətləri, o cümlədən Rusiyanın özü ilə münasibətləri yaxşılaşdırmalı, həm də beynəlxalq aləmlə münasibətləri dərinləşdirməlidir. Bu, bizim üçün olduqca əhəmiyyətlidir. Faktiki olaraq rəsmi Moskva bizə hər hansı təhlükə törətmir. Amma kim təminat verə bilər ki, bu təhlükə nə vaxtsa olmayacaq? Biz Qarabağ məsələsində Rusiya amilini yaddan çıxara bilmərik. Ona görə də diplomatik çərçivədə münasibətləri davam etdirməli, hücum xarakterli siyasət aparmalıyıq.
- Avropa və Ukraynanın Rusiyadan qaz asılılığını azaltmaq üçün Qərbin Azərbaycanla Türkmənistan arasında uzun zamandır davam edən gərginliyi aradan qaldırmaq niyyətində olduğu bildirilir. Gələcəkdə Türkmənistan qazının Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli, eləcə də İran-Azərbaycan münasibətlərinin yaxşılaşması Xəzərin hüquqi statusunun müəyyənləşməsinə də təsir edə bilərmi?
- Ümumiyyətlə Ukraynadakı hadisələr, Krımın Rusiyaya birləşdirilməsi Azərbaycanın dünyadakı rolunu bir qədər də artırıb. Hətta Avropa İttifaqı rəhbərləri də dəfələrlə bəyan ediblər ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaş, çox mühüm qaz ehtiyatlarına malik ölkədir. Həmçinin qeyd olunub ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm payı var. Bu kontekstdə baş verənlərin fonunda ölkəmizin əhəmiyyəti, dünyadakı nüfuzu daha da artır. Avropa bunu çoxdan başa düşməli və müəyyən nəticə çıxarmalı idi. İndinin özündə Avropa Azərbaycana şərait yaratmalı, mühüm problemimizin ədalətli həllində ölkəmizə dəstək olmalı, separatçı rejimə qarşı ciddi addımlar atmalıdır. Xəzərin statusuna gəlincə isə, siyasi reallıq budur ki, İran və Türkmənistan bu yaxınlarda öz mövqeyində kəskin dəyişiklik etməyəcək. Yaxın vaxtlarda Xəzərin hüquqi statusunun müəyyənləşməsində hər hansı irəliləyiş olmayacaq. Hələlik bizim vəzifəmiz ondan ibarət olmalıdır ki, bir sıra ölkələrin sərt mövqeyi müqabilində neft-qaz müqavilələrimiz gələcəkdə hər hansı problemlə üzləşməsin. Həm Türkmənistan, həm də İranla siyasətimizi elə qurmalıyıq ki, status müəyyənləşmədiyi müddətdə belə, Xəzər ətrafdakı hər bir ölkəyə məxsus hissədə fəaliyyət davam etdirilsin. Təbii ki, paralel olaraq danışıqlar da aparılsın. Status müəyyənləşməyənə qədər biz bir-birimizə mane olmamalıyıq.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər