• şənbə, 20 Aprel, 10:57
  • Baku Bakı 14°C

“Ukraynadakı gərginlik hələ uzun müddət davam edəcək”

03.09.14 11:47 1302
“Ukraynadakı gərginlik hələ uzun müddət davam edəcək”
Gömrük İttifaqı ölkələri liderlərinin, Avropa İttifaqı nümayəndələrinin və Ukrayna prezidentinin iştirakı ilə avqustun 26-da Minskdə keçirilən görüşdə Moskva ilə Kiyev arasında müəyyən razılaşmanın əldə olunacağına az da olsa müəyyən ümidlər var idi. Lakin tərəflər arasında gərgin keçən 4 saatlıq görüş bu ümidləri də puç etdi. Əksinə, məhz həmin görüşdən sonra Ukraynanın Donetsk və Luqansk vilayətlərində separatçılar hökumət qüvvələrinə qarşı hücumların miqyasını artırdılar. Nəticədə rəsmi Kiyev günlərdir apardığı müharibə nəticəsində separatçılardan təmizlədiyi yaşayış məntəqələri üzərində nəzarəti təkrar itirməyə başladı. Bununla yanaşı, həmin görüşdən sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ölkəsinin Avrasiya İqtisadi Birliyindən çıxması barədə söylədiyi fikirlər də Rusiya mətbuatında geniş yer aldı. Buna cavab olaraq isə Rusiya prezidenti Vladimir Putinin, vitse-spiker Vladimir Jirinovskinin dilindən Qazaxıstan ünvanına təhdidedici mesajlar səsləndi. Ukraynada cərəyan edən proseslər, separatçılarla aparılan danışıqlar, beynəlxalq aləmin Rusiyaya tətbiq etdiyi sanksiyalar, Qazaxıstan prezidentinin açıqlaması və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını politoloq Fikrət Sadıxov cavablandırır.
- Fikrət müəllim, Ukrayna böhranının aradan qaldırılması üçün Belarusun paytaxtı Minskdə ard-arda iki görüş keçirilib. Siz bu görüşlərin nəticələrini necə qiymətləndirirsiniz?
- Separatçılarla Ukrayna hərbiçiləri arasında davam edən uzunmüddətli döyüşlərdən sonra avqustun 26-da Minskdə keçirilən ilk görüş münaqişənin yatırılması istiqamətində atılan vacib addımlardan biri idi. Birinci görüşdə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan prezidentləri səviyyəsində danışıqlar getdi, problem ətrafında müzakirələr aparıldı. Ukrayna və Rusiya prezidentləri arasında keçirilən görüşün isə hətta gecə saatlarınadək davam etdiyi söylənildi. O zaman xüsusilə alqışlanacaq nəticə əldə edilməsə də, hər halda qərara alınmışdı ki, danışıqların davam etdirilməsi üçün separatçıların da nümayəndələrinin iştirakı təmin edilsin. Bunun üçün də separatçılardan ibarət təmas qrupu yaradıldı. Çoxsaylı qurbanlar veriləndən sonra bu günlərdə həmin təmas qrupunun və hökumət təmsilçilərinin iştirakı ilə Minskdə ikinci görüş baş tutdu. Hələlik bu görüşün effektindən danışmaq mümkün olmasa da, bizə aydın olan budur ki, təmas qrupunun iştirakı ilə iclas 4 saat çəkib. Şərqi Ukraynadan olan rusiyapərəst separatçılar öz təkliflərini səsləndiriblər. Onlar Donetsk və Luqansk regionları ərazisinə “xüsusi status” veriləcəyi təqdirdə Ukraynanın tərkibində qalmağa hazır olduqlarını bəyan ediblər. Tərəflər təkliflərin əks olunduğu sənədləri bir-birinə veriblər və bununla da görüş sona çatıb. Amma bütün hallarda bu görüşün də müsbət nəticə ilə sona çatmasını söyləmək mümkün deyil. Çünki hələlik nə Ukrayna öz ərazi bütövlüyünü bərpa edə bilib, nə də separatçılar öz məqsədlərinə çatıblar. Əvəzində isə Ukrayna daxilində baş verən proseslər artıq Avropanın bir nömrəli probleminə çevrilib.
- Avropanın da əsas probleminə çevrilən Ukrayna böhranının sonunu Siz necə proqnozlaşdırırsınız?
- Separatçıların tələbləri aydındır. Onlar istəyirlər ki, ölkədə konfederallaşma getsin, Donetsk və Luqanska “xüsusi status”, geniş səlahiyyətlər verilsin, bu ərazilərdə özlərinin hərbi hissələri olsun, digər ölkələrlə müstəqil əlaqələr qurmaq imkanları olsun və sair. Rəsmi Kiyev isə bu şərtlərlə heç cür razılaşa bilməz. Haqlı olaraq Kiyev rəsmiləri hesab edirlər ki, Ukrayna unitar dövlət olmalı, burada hər hansı separatçı qüvvə fəaliyyət göstərməməlidir. Ona görə də problem həllini tapmır. Hesab edirəm ki, tərəflər arasında görüşlərin keçirilməsinə baxmayaraq, döyüşlər hələ uzun müddət davam edəcək.
- Qərb Donetsk və Luqansk ərazisindəki separatçılara Rusiyanın hərbi və siyasi dəstək verdiyini əsas gətirərək, bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq edir. Sizcə Ukraynaya hərbi dəstək verilmədən, yalnız Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməklə bu problemin həlli mümkündürmü?
- Əslində bir çox münaqişələrdə, xüsusilə də MDB məkanındakı münaqişələrdə əsas günahkarlar aparıcı dövlətlərdir. Bu sırada ABŞ, Rusiya və Avropanın aparıcı dövlətlərinin adını çəkə bilərik. Düzdür, Ukrayna Avropaya inteqrasiya etməkdə meylli idi. Faktiki olaraq, eks-prezident Viktor Yanukoviçdən sonra hakimiyyətə gələn Pyotr Poroşenko bəyan etmişdi ki, Avropa İttifaqı ilə assosiativ sazişə imza atacaq, gələcəkdə isə bu ittifaqın tam hüquqlu üzvünə çevriləcək. Təbii ki, müstəqil dövlət olaraq belə bir seçimin edilməsi onların daxili problemidir. Amma belə hallarda bir sıra aparıcı, regionda marağı olan dövlətləri də nəzərə almaq gərəkdir. Bilirik ki, Rusiyanın Ukraynada olan maraqları genişdir. Rəsmi Kiyev hər hansı addım atarkən bunu nəzərə almalı, çox ehtiyatla hərəkət etməli idi. Lakin Ukrayna hökuməti bunu nəzərə almadı və nəticədə Rusiya separatçılara dəstək verməklə öz maraqlarını qorumağa başladı. Faktiki olaraq Rusiya Ukraynadakı separatçılara maddi, humanitar, mənəvi, hərbi, siyasi dəstək verir. Bu kimi səbəblərdən Ukrayna aparıcı dövlətlərin qarşıdurma meydançasına çevrilib. Bu reallığı, hadisələrin nəyə gətirib çıxaracağını Kiyev rəsmiləri əvvəlcədən nəzərə almalıydılar.
- Avqustun 26-da Minskdə keçirilən görüşdən sonra Rusiya və Qazaxıstan prezidentləri arasında da bir soyuqluq yaşanmaqdadır. Sizcə müttəfiq ölkələri bir-birindən narazı salan nədir?
- Bu narazılığın əsas səbəbi Minskdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşündə Nazarbayevin səsləndirdiyi fikirlər olub. Qazaxıstan prezidenti bildirib ki, rəsmi Kiyevin Avropa İttifaqı ilə imzaladığı sazişlərin Rusiyanın Gömrük İttifaqı üzrə tərəfdaşı olan Qazaxıstana heç bir ziyanı yoxdur. Bununla yanaşı, Qazaxıstan prezidenti Ukrayna ilə sıx əməkdaşlıq etməyə hazır olduqlarını da bəyan edib. Nazarbayevin bu hərəkəti isə Kremlin xoşuna gəlməyib. Ona görə də rəsmi Moskvanın tam nəzarəti altında olan Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski ölkəsinin tezliklə Qazaxıstana qarşı ərazi iddiası irəli sürəcəyini bəyan edib. O, Qazaxıstanda antirus əhval-ruhiyyəsini gücləndirənlərin olduğunu, bu ölkədəki dərsliklərdə ruslara nifrət hissi aşılandığını bildirib. Rusiya prezidenti Vladimir Putin isə “Seliger-2014” gənclik forumunda çıxış edərkən Qazaxıstanın heç vaxt dövləti olmadığını bildirib. Bütün bunlara cavab olaraq da Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyanatla çıxış edərək, Moskvanı sərt tənqid edib. O qeyd edib ki, Qazaxıstanın maraqlarına toxunulacağı təqdirdə rəsmi Astana Avrasiya İqtisadi Birliyindən imtina etmək hüququnu özündə saxlayacaq. Bax iki dövlət arasında narazılıq buradan qaynaqlanır. Hesab edirəm ki, hər bir dövlətin öz tarixi var və tarixə ekskurs etməyi tarixçilərin öhdəsinə buraxmaq gərəkdir. Digər tərəfdən, əgər bir dövlət o biri dövlətin müttəfiqidirsə, onun keçmişini təhlil etmək, hansısa çatışmazlığını üzə çıxarmaq, ictimaiyyət qarşısında bunu tənqid etmək yolunu seçməməlidir. Bu yolla münasibətlərin inkişafına nail olmaq qeyri-ümkündür. Fikrimcə, böyük siyasi təcrübəyə malik olan Nazarbayev də bunun fərqindədir və o, öz müttəfiqi Rusiya ilə yollarını ayırmayacaq. Bundan başqa, Qazaxıstanın Avrasiya İqtisadi Birliyində Rusiya ilə bir yerdə təmsil olunması Azərbaycan üçün də məqbuldur. Çünki Ermənistan bu kimi birliklərə daxil olmaq istədiyi zaman Qazaxıstan Azərbaycan maraqlarından da çıxış edərək onu neytrallaşdıra bilər.
- Rusiya və Qazaxıstan arasındakı soyuqluq daha da gərgin xarakter alacağı təqdirdə, Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinin dağılması ehtimalı nə dərəcədə realdır?
- Rusiya öz siyasətində iki amildən istifadə edir. Bunlardan birincisi iqtisadi, digəri güc tətbiq etməkdir. Rusiya bir çox dövlətlərlə bağlı Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyi çərçivəsində müəyyən sazişlərə imza atır, onlara iqtisadi dvidentlər gətirir. Bununla bərabər, Ukrayna timsalında biz görürük ki, Rusiya zamanı gələndə çox sərt davranmağı da bacarır. Rusdilli əhalinin hüquqlarının qorunması adı altında separatçılara hərbi-siyasi dəstək verir, hətta bu məsələdə Avropa ilə də hesablaşmır. Avropanın, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar vasitəsilə burda nəyə isə nail olunacağına da inanmıram. Bu sanksiyalar Rusiya kimi dərin bir dövlətə o qədər də təsir göstərməyəcək. Bununla paralel olaraq, müttəfiqlərinin Rusiyadan kənarlaşacağına, nəticədə Kremlin layihəsi olan ittifaqların dağılacağına inanmıram. Çünki Rusiya beynəlxalq səhnədə özünü çox sərt aparır. 2008-ci ilin Gürcüstan müharibəsi, Abxaziya və Cənubi Osetiyanın işğalı və onların müstəqilliyinin tanınması, Krıma hərbi müdaxilə, ardınca yarımadanın Rusiya Federasiyasına birləşdirilməsi, hazırda Şərqi Ukraynada cərəyan edən hadisələr göz qabağındadır. Bu onun göstəricisidir ki, rəsmi Moskva son vaxtlar diplomatik və hərbi-siyasi hücuma keçib. Belə vəziyyət olduqca təhlükəlidir. Qərb də bunu görür və hətta müəyyən məsələlərdə Rusiyadan çəkinir, onunla ehtiyatla davranır. Bu da Rusiyanın əl-qolunu bir qədər də açır.
- İndiki durumda, yaranmış gərgin vəziyyətdə Azərbaycan özünü necə aparmalı, potensial təhlükələrdən necə yayınmalıdır?
- Bəziləri fərziyyə irəli sürürlər ki, Rusiyanın başı Ukraynaya, Avropa və Qərbə qarışmışkən Azərbaycan işğal altında olan ərazilərini, Dağlıq Qarabağı hərbi yolla azad etməlidir. Fikrimcə, bu, hadisələrə olduqca sadə yanaşmaqdan başqa bir şey deyil. Hər bir münaqişənin öz xüsusiyyətləri, onların həlli üçün öz məqamları var. Biz onsuz da son günlər cəbhə xəttində yaranmış vəziyyətdən dolayı Ermənistana gücümüzü nümayiş etdirdik. Düşmən ikiqat itki verərək yerinə otuzduruldu. İndiki durumda Azərbaycan prosesləri diqqətlə izləməli, geosiyasi vəziyyəti nəzərə almalı, son dərəcə ehtiyatlı hərəkət etməli, strateji mövqeyimizdən imtina etməməlidir. Bizim xarici siyasətimizdə öz prioritetlərimiz olmalıdır. Biz Gürcüstanda, Ukraynada baş verən hadisələrdən ciddi nəticə çıxarmalıyıq. Çünki Azərbaycanda stabilliyin pozulmasında, qarşıdurmanın yaranmasında maraqlı olan xarici qüvvələr var.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər