• cümə axşamı, 25 aprel, 17:54
  • Baku Bakı 23°C

Ukraynada yeni Maydan hərəkatı başlayır?

23.11.16 12:07 1385
Ukraynada yeni Maydan hərəkatı başlayır?
Ukraynada Maydan hərəkatının üçüncü ildönümü ilə bağlı keçirilən tədbirlərdə radikallar yenidən əhalini meydana səsləyiblər. Onlar mövcud hakimiyyəti verdiyi vədləri yerinə yetirməməkdə, islahatları reallaşdırmamaqda, korrupsiyada və ərazilərin işğalına yol verməkdə ittiham ediblər. Radikallar Kiyevdə polislə qarşıdurmaya da yol veriblər.

Kiyevdə təntənəli mərasimdə prezident Pyotr Poroşenko isə əhalini Maydan ideyalarına sədaqətli olmağa çağırıb. O, xalqı Rusiyanın təcavüzünə qarşı birləşməyə çağırıb. Əlavə edib ki, Ukrayna bir də heç vaxt Moskvanın tabeçiliyinə dönməyəcək. Ukrayna prezidenti Rusiyanı Ukrayna tarixindəki hadisələri və şəxsiyyətləri mənimsəməkdə də ittiham edib. "Bu günlərdə daha bir abidə qoyulub: Kremldə, Vladimir Leninin mavzoleyinin yanında onlar bizim ...Kiyev knyazı Vladimirə abidə qoyublar. Bu, tarixin hibrid mənimsənilməsinə daha bir cəhddir”, - deyə Poroşenko bildirib.

Lakin məsələ ondadır ki, beynəlxalq aləmdə baş verən son hadisələr heç də Ukraynanın xeyrinə işləmir. Ukraynanın ən əsas dəstəkçisi Birləşmiş Ştatlarda Rusiya liderinə rəğbətini gizlətməyən, həm də Ukraynadakı keçmiş rejimlə bağları olan Donald Tramp ABŞ-ın prezidenti seçilib. Bu da ukraynalıları xeyli narahat edir. Məsələn, "The Financial Times”qəzeti yazır ki, Ukrayna prezidenti bu həftə Brüsselə səfərində diqqəti bu məsələyə yönəltməyə, Aİ-dən Ukraynaya həm də Birləşmiş Ştatlarla bağlı yardım qoparmağa çalışacaq: "Ukrayna istəyir ki, Aİ liderləri D.Trampı ABŞ-ın Rusiyaya sanksiyalarını saxlamağa çağırsınlar”. Əslində, keçən həftə ABŞ prezidenti B.Obamanın Avropa liderləriylə görüşündə Rusiyaya sanksiyaların genişləndirilməsi barədə razılıq əldə olunub. "The Financial Times” yazır ki, bununla Qərb P.Poroşenko administrasiyasına arxa durduğunu göstərib, amma Ukraynayla bağlı mövqeyi bəlli olmayan D.Trampın hakimiyyətə gəlişi sanksiyalar məsələsini də sual altında qoyub. P.Poroşenkonun Brüssel səfərinin gündəliyindəki məsələlər Ukraynaya 600 milyon avroluq yardım və Avropayla viza rejiminin ləğvidir. Amma P.Poroşenko Avropanın hər şeydən öncə Vaşinqtonun mövqeyini dəyişməsinə qarşı çıxmasına çalışır. Ukraynanın qurumdakı təmsilçisi Mikola Toçitski "The Financial Times”a müsahibəsində Kiyevin avropalılara əsas ismarışının bu olacağını deyib: "Rusiyaya sanksiyalar Moskvanın Krımı ilhaqına və Rusiyanın Donbasdakı əməliyyatlarına görədir. Heç nə dəyişməyib, qanunsuz ilhaq prosesi qalmaqdadır”.

Aİ-nin Ukraynaya dəstəyinə kölgə salan isə ölkədə korrupsiyanın baş alıb getməsiylə bağlı ittihamlardır. Ukraynanın siyasətçi və məmurları öz əmlakları barədə onlayn anketləri doldurandan sonra onların var-dövlətinin yüz milyonlarla dolları aşması sakinləri şoka salsa da, Avropa rəsmiləri bu açıqlamaları müsbət addım sayır. Aİ ukraynalıların Avropaya vizasız gediş-gəlişinə yaşıl işıq yandırmağa şərti olsa da, razılıq verib. Amma viza rejiminin şərtləriylə bağlı tam razılaşma hələ imzalanmayıb. Səfir M.Toçitski Brüsselin Kiyevin qarşısına qoyduğu 140 şərtə artıq əməl edildiyini, indi də Brüsseldən çevik addım gözlədiklərini deyir.

Avropa rəsmilərindən biri isə "The Financial Times”a müsahibəsində bildirib ki, D.Trampın xarici siyasətinin müzakirə edildiyi vaxtda Aİ-nin Kiyevə dəstəyini göstərən əlavə addımlara xüsusi ehtiyac var: "Bizdən çox indi ukraynalıların sümükləri titrəyir, hamı ABŞ siyasətinin hansı səmtə yönələcəyindən narahatdır və yaxşı ismarışlar göndərmək indi özəlliklə vacibdir”.

"Vaşinqton Post” isə yazır ki, "düz üç il bundan əvvəl start götürən hadisələr Ukraynada hakimiyyət dəyişikliyinə səbəb oldu: "Bu hadisələr həm də Ukrayna ərazilərinin işğalına da start verdi - əvvəlcə Krım tutuldu. Ardınca da şərq torpaqlarında müxtəlif separatçı dövlətlər yarandı. Maydan hadisələrinin üçüncü ildönümü ərəfəsində ölkədə vəziyyət gərgindir. Viktor Yanukoviçi devirib hakimiyyət postunda əyləşən Pyotr Poroşenkonun özünün vəziyyəti yaxşı deyil. Cəmiyyət hakimiyyəti verdiyi vədləri yerinə yetirməməkdə ittiham edir”.

Rusiya nəşrləri isə yazırlar ki, hakimiyyətin Odessa qubernatoru olmuş Mixail Saakaşvilinin timsalında ciddi rəqibi meydana gəlib. "Kiyevdə artıq yeni Maydan hərəkatının mümkünlüyü barədə fikirlər dolaşır. Bu dəfəki Maydan hərəkatında Saakaşvili ilə yanaşı, sabiq baş nazir Yuliya Timoşenkonun da təmsil olunacağı gözlənilir. Bu qüvvələrin "müxalif blok” adı altında birləşdikləri bildirilir. Lakin məsələ ondadır ki, elektorat əvvəlki elektorat deyil. Əhali daha əvvəlki kimi müxalifətə inanmır”, - deyə "Nezavisimaya qazeta” yazır. Sosioloq İrina Bekeşkinanın qənaətincə, Ukraynada partiyalara qarşı ciddi etimadsızlıq hökm sürür. "Maydan hərəkatı zamanı üzərilərinə öhdəlik götürən partiyalar onların heç birinə əməl etməyiblər. Yəni bir növ "Maydan” Partiyası meydana çıxmadı”, - deyə o bildirib. Politoloq Vitali Balın qənaətincə, cəmiyyətdə "aqressiv təəssüf” əhval-ruhiyyəsi güclənməkdədir. "Maydan hərəkatının ildönümü bu əhval-ruhiyyənin katalizatoru rolunda çıxış edə bilər. Sağ radikal, millətçi qüvvələr, eləcə də, Donbasda antiterror əməliyyatının iştirakçıları bunun ilhamvericisi ola bilər”.

Lakin müəyyən qüvvələr əhalini növbəti Maydan hərəkatına çağırsalar da, əhalinin böyük qismi yenidən meydanlara çıxmağa maraq göstərmir. Politoloqların qənaətincə, bu, ilk növbədə bununla izah olunur ki, vəziyyətin gərginləşməsindən xarici qüvvələr istifadə edə bilər. Digər bir faktor isə Donbasdakı müharibədir.

Beləliklə, bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, ölkədə gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində çox mürəkkəb bir vəziyyət yaranmış olacaq. Bir tərəfdən radikallar və Rusiya ilə müharibəni istəyən qüvvələr, digər tərəfdən eks-qubernator Mixail Saakaşvili tərəfdarları, başqa bir tərəfdən isə Rusiyaprəst qüvvələr arasında hakimiyyət uğrunda ciddi mübarizə gedəcək. Bütün bunlardan Poroşenko hökumətinin necə çıxacağı sual doğurur.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər