Ukrayna üçün “Staynmayer formulu”

Ukrayna üçün “Staynmayer formulu”

Təfsilat
03 Oktyabr 2019, 15:49 306
Vladimir Zelenskinin "Staynmayer formulu”na razılıq verməsi Ukraynada kütləvi etirazlara səbəb olub. Ölkənin bir neçə iri şəhərlərində "Staynmayer formulu” deyilən sənəd barədə üçtərəfli razılığın əldə edilməsinə etiraz olaraq aksiyalar keçirilib. Mitinqçilər Donbasın rusiyayönümlü separatçı bölgələrinə "xüsusi statusun” verilməsi barədə razılaşmanı "Rusiya qarşısında kapitulyasiya” adlandırıblar. Ən böyük etiraz aksiyası paytaxt Kiyevin mərkəzi meydanında keçirilib. Bu mitinqdə 2000-dək etirazçının iştirak etdiyi xəbər verilir. Onlar "Vova çıx”, "Kuçma get”, "Zelya (Zelenski) get”, "təslimçiliyə yox” şüarlarını səsləndirirdilər. Əvvəlcə mitinq Maydanda keçirilib, etirazçılalr daha sonra prezident Vladimir Zelenskinin administrasiyasının qarşısına gəliblər. İnsanlar Ukraynanın təslim olmasına icazə verilməməsi, Donbasdakı hərbi qüvvələrin geri çəkilməməsi, həmçinin ölkənin suverenliyini məhdudlaşdıran hər hansı xüsusi rejimə qadağa qoyulması və s. tələb ediblər. 

Ali Radada da "Staynmayer formulu” qızğın mübahisələrə səbəb olub. Radanın sessiyasından əvvəl prezident Zelenski öz partiyasının fraksiya üzvləri ilə görüşüb. Lakin prezident bütün deputatların qarşısında çıxış etmək istəməyib. Zelenski keçirdiyi brifinqdə deyib ki, sənəddə Ukraynanın qorxacağı heç bir müddəa yoxdur. O bildirib ki, "avtomat və pulemyotların lüləsi altında heç bir seçki keçirilməyəcək”. 
 
 

Avropa İttifaqında "Staynmayer formulu”nu Ukraynanın şərqində sülhə doğru addım adlandırıblar. Sənədə əsasən, Ukrayna rusiyayönümlü separatçıların nəzarətində olan ərazilərə xüsusi status vermək öhdəliyi götürür. Zelenski deyib ki, bu, qondarma Donetsk və Luqansk xalq respublikalarında yalnız Ukrayna qanunlarına uyğun seçki keçiriləcəyi təqdirdə baş verəcək. Seçkilərin ədalətli və rəqabətli keçdiyi ATƏT müşahidəçiləri tərəfindən də təsdiq edilməlidir.

Oktaybrın 1-də Donbas münaqişəsinə dair üçtərəfli kontakt qrupu (Ukrayna, Rusiya, ATƏT) "Staynmayer formulu” deyilən sənəd barədə razılığa gəlindiyini bildirmişdi. Sənəd habelə "Normand dördlüyü” (Almaniya, Fransa, Rusiya, Ukrayna) tərəfindən razılaşdırılıb. 

Tanınmamış "Luqansk Xalq Respublikası” nümayəndə heyətinin üzvü Rodion Miroşnik jurnalistlərə deyib ki, "bəli, bir forma var”. 

Bəs "Ştaynmayer formatı” nə deməkdir? Format Ukraynada tanınmamış DXR və LXR tərəfindən nəzarət olunan ərazilərin xüsusi statusu haqqında qanunun qüvvəyə minməsini nəzərdə tutur. Düstur Almaniyanın keçmiş xarici işlər naziri, hazırda ölkənin prezidenti olan Frank-Valter Staynmayer tərəfindən hazırlanıb. O, Kiyevin nəzarətində olmayan Donbasın bir hissəsinin keçiriləcək seçkilər müddətinə Ukrayna qanunlarına əsasən müvəqqəti xüsusi status almasını təklif edib. ATƏT bu seçkiləri ədalətli və azad hesab edərsə, Donbasın xüsusi statusu haqqında qanun qüvvəyə minməli və davamlı olaraq fəaliyyət göstərməlidir. Güman edilirdi ki, bu, Minsk razılaşmalarının icrasını və Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə qaldırılmasını sürətləndirməlidir. Bu fikir ilk dəfə 2015-ci ildə müzakirə edilib, lakin heç vaxt hər kəs üçün vahid sənəd formatına salınmayıb. Bu səbəbdən də tərəflər bunu fərqli şərh edirdilər və indiyə qədər sövdələşmə ilə bağlı hələ də razılığa gəlinməyib.
 
 

Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun bildirib ki, "Ştaynmayer formulu” Rusiya maraqlarını ifadə edir və Kremldə hazırlanıb: "Normand formatında görüşlər hər hansı bir şərt irəli sürülmədən davam etdirilməlidir”. Poroşenko öz məlumatında separatçı qurumların rəhbərlərinin səsləndirdikləri bəyanatı xatırladıb. "Onlar bildiriblər ki, razılaşdırılan formullar "Donbasın öz müqəddəratının tanınması mənasına gəlir”, - deyə Poroşenko bəyan edib. Ukraynanın keçmiş lideri hazırkı hökuməti ölkənin maraqlarına xəyanətdə ittiham edib. "Bu, Rusiyaya təslim olmaqdır”, - deyə keçmiş prezident  jurnalistlərə deyib. Poroşenko deyib ki, bu razılaşma "Rusiyanın dəyirmanına su tökməkdir, çünki Ukrayna orada seçki keçirmək öhdəliyi götürsə də, Rusiyayla sərhədə nəzarəti ələ alacağına hər hansı təminat almayıb”. 

Parlamentin keçmiş spikeri Andrey Parubi də sazişlə bağlı dinləmələrin keçirilməsinə çalışacağını deyib. O, Zelenski administrasiyasını cəmiyyəti qərarvermə prosesindən kənarlaşdırmaqda ittiham edib. 

Kremldə isə Ukraynanın "Ştaynmayer formulu”na razılıq verməsini müsbət hal kimi qiymətləndirirlər. Bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. Onun sözlərinə görə, bu fakt "Minsk-2” razılaşmasının həyata keçirilməsi yolunda irəliləyişə ümid verir: "Bu, Ukrayna münaqişəsinin nizamlanması üçün yeganə mümkün yoldur”. D. Peskov Normand formatında sammitin keçirilməsi tarixinin yaxın vaxtlarda açıqlanacağına ümid etdiyini də qeyd edib: "Ştaynmayer formulu"na razılıq verilib. Ona görə də indi bütün maraqlı tərəflər və nümayəndələr sammitin keçirilməsi perspektivləri üzərində çalışacaq. Ümid edirik ki, yaxın vaxtlarda sammitin keçirilməsi tarixinə aydınlıq gətiriləcək”.
 
Azər NURİYEV