Ukrayna üçün Marşall planı
"Şərq tərəfdaşlığı” sammitinin noyabrda Brüsseldə keçiriləcək
sammitində Ukrayna üçün yeni bir plan təqdim olunacaq. "Ukrayna üçün yeni
investisiya - Avropa planı” adlanan sənəddə söhbət maliyyə dəstəyindən gedir.
Lakin məsələ ondadır ki, iqtisadi inkişaf üçün təkan rolunu oynayacaq planın
təsdiq olunmasında Avropanın əhval-ruhiyyəsi və Ukraynadakı vəziyyət mühüm rol
oynayacaq. Kiyevə kömək barədə söhbətlər 2014-cü ildən gedir. O zaman bu yardım
ABŞ-ın bir vaxtlar Avropanı xilas etdiyi Marşall planı ilə eyniləşdirilmişdi. "Maydan”
hərəkatından sonra maliyyə yardımı haqqında plan təxirə düşdü. Son üç il
ərzində Ukrayna Qərb və dünyanın maliyyə institutları tərəfindən elə də ciddi
yardımlar almadı. Təqribən 20 mlrd. dollar kredit aldı və elə o həcmdə də
müxtəlif borc öhdəliklərini yerinə yetirdi. Marşall planı barədə isə bu ilin
martında danışılmağa başlanılıb. Avropa Xalq Partiyasının Maltada keçirilən
toplantısında Avropa İttifaqı və digər üzv olmayan dövlətlərdən Ukraynaya
maliyyə yardımı ayrılması barədə qətnamə qəbul edildi. Tədbirdə çıxış edən
prezident Petro Poroşenko avropalı tərəfdaşları Ukrayna üçün Marşall planının
tez bir zamanda reallaşmasına çağırdı. Bu yaxınlarda bəlli olub ki, sənədin adı
"Ukrayna üçün yeni investisiya - Avropa planı” adlanacaq. Onun müəllifi isə
Litvanın keçmiş baş naziri Andryus Kubilyusdur.
"Biz belə bir qənaətə gəlmişik ki, Rusiyanın əsas məqsədi Ukraynaya
uğurlu dövlətə çevrilməsinin qarşısını almaqdır. Rusiya Ukraynanın uğur
qazanmasını əsas təhlükə kimi nəzərdən keçirir” deyə planın müəllifi bildirib.
Onun sözlərinə görə, əsas məsələ bu təhlükənin güclənməsinə yol verməməkdir.
Ukraynaya yardımın həcmi də müəyyən edilib – Avropa İttifaqının illik
büdcəsinin 3 faizi. Bu isə təqribən 30 mlrd. avro deməkdir. Ukrayna baş
nazirinin müavini Stepan Kubiv proqramın 10 il üçün nəzərdə tutulduğunu
bildirib. İl ərzində 5 mlrd. avro maliyyə axını isə Ukrayna ümumdaxili
məhsulunun həcmini 6-8 faiz artırmağa imkan verə bilər.
Lakin əksəriyyət bu qənaətdədir ki, Rusiya nəyin bahasına
olursa-olsun Ukraynanın çiçəklənməsinə imkan verməyəcək. Məsələn, "Şimal axını-2” layihəsi məhz bu məqsədlə irəli
sürülüb. Burada hədəf Ukraynanın tranzit ölkə imkanlarını minimuma endirməkdir.
Rusiya ilə münasibətlərdə normallaşma hələ uzun zaman olmayacaq. Çünki
hazırda da tərəflər bir-birini ittiham etməkdə davam edirlər. Bu dəfə Kiyev
Moskvanı ona qarşı silahlı mübarizəyə hazırlaşmaqda ittiham edib. Ukrayna
Silahlı Qüvvələri baş qərargahının rəhbəri Viktor Mujenko bildirib ki, Moskva
verdiyi vədə xilaf olaraq Belarusda keçirdiyi manevrlərdən sonra orada özünün
qoşun hissələrini saxlayıb. Viktor Mujenkonun Reuters agentliyinə müsahibədə
verdiyi bu bəyanat Moskva və Kiyev arasındakı gərginliyi daha da artıra bilər.
Bu iddia habelə Belarus Müdafiə Nazirliyinin sentyabrın 28-də verdiyi xəbərlə
ziddiyyət təşkil edir. Nazirlik rəsmi açıqlamasında bildirmişdi ki, "Zapad 2017” hərbi təlimlərində
iştirak edən Rusiya hərbçilərinin son eşelonu Belarusu sentyabrın 28-də tərk
edib. Mujenko deyib ki, "bizdə olan informasiyaya görə onlar bəyan edilmiş
12500 hərbçinin yalnız kiçik bir hissəsini Belarusdan çıxarıblar”. Mujenko bunu
da əlavə edib ki, Moskvanın Belarus ərazisində 3000 hərbçisinin olduğunu iddia
etməsinə baxmayaraq, əsl rəqəm bundan yüksəkdir. Sentyabrın 14-20-də Belarusda
və Rusiyanın qərb regionlarında keçirilən böyük hərbi manevrlər NATO ölkələrini
ciddi narahat edirdi. Moskva və Minsk bu hərbi təlimlərdə hər iki ölkədən 12700
hərbçinin iştirak etdiyini bildirsələr də, Qərb rəsmiləri əslində söhbətin 100
min əsgərdən getdiyini deyirdilər. Belarus prezidenti Aleksandr Lukaşenko
təlimlərin son günündə bəyan etmişdi ki, manevrlərdən sonra bütün Rusiya hərbçiləri
ölkəni tərk edəcəklər.
Öz növbəsində Ukraynanın "Korrespondent” nəşri maraqlı bir analiz
aparıb. Nəşr bu qənaətə gəlib ki, dünyada fırıldaqçı imici ilə tanınan Corc
Soros növbəti dəfə Ukraynada vəziyyəti dəyişməyə çalışır. Nəşr yazır ki, əcnəbi
investorlar və lobbistlər artıq Ukraynadakı mövcud rejimi dəyişmək barədə
ssenarilər hazırlayıblar. Məqsəd isə daha sözəbaxan bir Ukrayna qazanmaqdır.
Nəşr yazır ki, M.Saakaşvilinin Ukraynaya dönüşü də bu layihənin bir hissəsidir.
Sorosla bağlı Amerika cəmiyyətində qızğın mübarizə getdiyi iddia edilir. "Vaşinqtonun
nüfuz dairəsinə daxil edilən Ukrayna da digər dövlətlər kimi, həmin
qruplaşmalar arasında gedən mübarizənin girovuna çevrilib”, - deyə məqalədə
iddia edilib.
Azər