• cümə, 29 Mart, 14:30
  • Baku Bakı 14°C

Ukrayna səfiri Bakıda keçirilən çempionatın qalibi oldu

29.10.13 17:23 2308
Ukrayna səfiri Bakıda keçirilən çempionatın qalibi oldu
Oktyabrin 27-də Binəqədi rayonu ərazisində (Avtovağzal yaxınlığında yerləşən meşə massivində) Azərbaycanın səmti müəyyən etmə idman növü üzrə növbəti çempionatı keçirilib. Yarış Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə, Gənclər və İdman Nazirliyi və Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən keçirilib.
Yarış açıq keçirilməklə, nəticələr komanda və fərdi olaraq hesablanıb. Əvvəlki illərdə Nabranda (Yalamada) düzənlik ərazilərdə keçirilmiş çempionatlardan fərqli olaraq, bu Respublika Çempionatı təpəli, bəzi yerlərdə dik yoxuşlu, sıldırımli, yarğanlı, çuxurlu və məsafəyə əlavə çətinlik verən digər relyef obyektli ərazidə leysan yağışın altında baş tutub. Çempionat müvafiq xəritə, eləcə də ilk dəfə olaraq milli mütəxəssislər briqadası tərəfindən təmin olunmuş beynəlxalq elektron qeydolunma sisteminin tətbiqi ilə beynəlxalq standartlara tam uyğun şəkildə keçirilib. Yarış poliqonunun, yarışın təntənəli açılış/bağlanış mərasiminin lazımi avadanlıqla təmin olunmasına şərait yaratmış Binəqədi rayonu İcra Hakimiyyətinin rolu da xüsusilə qeyd edilməlidir.
Çünki yarışın açılış mərasimindən öncə başlamış və yarışın sonuna qədər davam etmiş güclü yağış şəraitində keçirilmiş tədbirdə əvvəlcədən hazırlanmış çadırlar, isti çay və buterbrodlar tam yerinə düşüb. Lakin yağışın yağması, çətin keçilən palçıqlı məsafələr idmançıların kubok uğrunda mübarizə aparmağına əngəl olmayıb. Yarışda ümumilikdə müxtəlif kateqoriyalar üzrə 188 nəfər idmançı iştirak edib (müqayisə üçün: 2012-ci ildə keçirilmiş Respublika çempionatında 130 nəfər iştirak etmişdi). 188 nəfər idmançıdan 79-u "K (kişi)-21-Elit", 41-i "Q (qadın)-21-Elit", 50 nəfəri kişi/qadın OPEN kateqoriyasının idmançısı və 28 nəfəri JUNIOR üzrə qaçan uşaqlar olub.
Bundan əlavə, yarışda hazırda Bakı şəhərində yaşayan Finlandiya, Yeni Zellandiya və Hollandiyadan olan xaricilər də iştirak ediblər. Ümumilikdə, kubok uğrunda Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, təhsil müəssisələrini təmsil edən 15 komanda (hər komandanın tərkibinə 4 kişi və 2 qadın daxil idi), eləcə də Ukraynanın Azərbaycandakı səfirliyinin komandası da iştirak edib. Gərgin mübarizə nəticəsində ümumi komanda birinciliyində yerlər aşağıdakı kimi bölünüb:
- 1 yer - Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi;
- 2 yer - Xüsusi Dövlət Mühafizə Xidməti;
- 3 yer - Fövqəladə Hallar Nazirliyi.
Bütün komanda iştirakçıları Gənclər və İdman Nazrliyinin müvafiq dərəcəli diplomları ilə, eləcə də Binəqədi rayon İcra Hakimiyyətinin təqdim etdiyi qiymətli hədiyyələrlə təltif olunub. Bundan əlavə, Ukrayna səfirliyi çempionatının qalibi kimi fəxri kubokla mükafatlandırılıb.
Fərdi hesabda qalib gəlmiş idmançılar:
- "K (kişi) 21 ELİT" kateqoriyası:
1-ci yer - Aleksandr Mişenko - Ukraynanın Azərbaycandakı səfiri;
2-ci yer - Şənlik Fətəliyev - DİN Daxili Qoşunlar komandasının üzvü;
3-cü yer - Orxan Şahbazov - Xüsusi Dövlət Mühafizə Xidməti komandasının üzvü.
- "Q (qadın) 21 ELİT" kateqoriyası:
1-ci yer - Natalya Əliyeva - "Neftçi İSM" komandasının üzvü;
2-ci yer - Nadejda Manuilova - "Dağçılıq İdman Klubu" komandasının üzvü;
3-cü yer - Yanina Maşkova - "Dağçılıq İdman Klubu" komandasının üzvü.
- "OPEN - kişi" kateqoriyası:
1- ci yer - Cavid Süleymanov;
2-ci yer Hüseyn Hüseynov;
3-cü yer - Seymur Davudov.
- "OPEN - qadın" kateqoriyası:
1-ci yer - Tatyana Fedyukina (Ukrayna);
2-ci yer - Rövşanə Babayeva;
3-cü yer - Yana Kazımova.
banner

Oxşar Xəbərlər