• çərşənbə axşamı, 16 aprel, 23:27
  • Baku Bakı 18°C

Ukrayna Saakaşvili tərəfdarlarını deportasiya edir

22.11.17 10:00 2494
Ukrayna Saakaşvili tərəfdarlarını deportasiya edir
Ukrayna bu ölkədə yaşayan Gürcüstan vətəndaşlarını deportasiya edib. Deportasiya edilmiş şəxslərdən biri, jurnalist Tamaz Şavşişvilideyib ki, noyabrın 14-də həbs edilərkən Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) zabitləri tərəfindən qəddarlıqla döyülüb. Gözləri yapışqanlı lentlə bağlanıb, qolları kəndirlənib və mikroavtobusa oturdulub. SBU-nun sözçüsü Olena Hitlyanska ötən gün verdiyi müsahibəsində Şavşişvilinin dediklərini təkzib edib və bildirib ki, ona qarşı heç bir qeyri-insani hərəkətə yol verilməyib. Ukraynanın prokuroru Yuriy Lutsenko isə Saakaşvili və onun tərəfdarlarını ölkədə xaricdən maliyyələşən çevriliş hazırlamaqda ittiham edib.
Öz növbəsində Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani bəyan edib ki, onu nazirliyinin bu günlərdə Ukraynadan çıxarılmış 8 Gürcüstan vətəndaşının deportasiyası ilə heç bir əlaqəsi olmayıb. Tsulukiani deyib ki, Ukrayna Gürcüstanı onun səkkiz vətəndaşının deportasiya edilməsi barədə məlumatlandırmayıb. Deportasiyaya məruz qalanlar arasında Saakaşvilinin keçmiş mühafəziçisi Zurab Çinçadze, "Rustavi-2” teleşirkətinin operatoru Tamaz Şavşiaşvili, eləcə də, Donbasda keçirilən antiterror əməliyyatlarının bir neçə iştirakçısı var. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, deportasiya olunan şəxslər dövlət üçün potensial təhlükə ola biləcək fəaliyyətlə məşğul olublar. Ötən gün Gürcüstan Xarici İşlər Nazirliyi qarşısında deportasiya olunanlarla bağlı etiraz aksiyası da keçirilib. Aksiya zamanı baş verən insidentin araşdırılması tələb edilib. İştirakçılar deyiblər ki, dost, hətta az qala qardaş ölkə kimi xarakterizə edilən Ukrayna heç bir səbəb olmadan Gürcüstan vətəndaşları ilə belə sərt rəftar etməməli idi. Özü də bu şəxslər Ukraynanın ərazi bütövlüyünün bərpasında müəyyən xidmətləri olan şəxslərdir. T.Savşiaşvili bildirib ki, "bir həftə bundan əvvəl ona Ukraynada işləmək və yaşamaq barədə akkreditasiya hüququ veriblər. "Vilnüs” gəmisində anladım ki, məni soydaşlarım ilə birlikdə deportasiya ediblər. Çıxarılma əməliyyatı eyni vaxtda Kiyev, Vinniça, İvano-Frankovskda keçirilib. Deportasiya olunanların sayı minimum 10 nəfər olub”, - deyə T.Şavşiaşvili jurnalistlərə bildirib.
Kiyevdəki Gürcüstan səfirliyi baş verən insidentin səbəbləri barədə heç bir məlumat əldə edə bilməyib. Ukrayna Təhlükəsizlik Xidməti yalnız məlumatların məxfi olduğunu və ölkənin milli təhlükəsizliyi ilə bağlı olduğunu açıqlayıb. Əvəzində isə eks-prezident, "Yeni qüvvələr partiyası”nın lideri Mixail Saakaşvili məsələni aydınlaşdırıb. Odessanın keçmiş meri "Rustavi-2” telekanalına deyib ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti SBU-ya Ukraynada ötən həftə saxlanmış və həftəsonu Gürcüstana deportasiya edilmiş şəxslərin adlarını verib. M.Saakaşvili bildirib ki, bu deportasiya siyasi motivlidir, çünki Gürcüstana göndərilən 8 nəfər ona Ukraynada etiraz aksiyalarını hazırlamaqda kömək edirdi. O hesab edir ki, bu addımla Ukrayna hakimiyyət orqanları onun tərəfdarlarına təzyiq göstərmək istəyiblər. M.Saakaşvili iddia edib ki, gürcülərin deportasiya əməliyyatına şəxsən Ukrayna dövlət mühafizəsi idarəsinin rəhbəri Valeri Qeletey rəhbərlik edib. "Prezidentin mühafizə idarəsinin rəhbərinin gürcülərin qanunsuz deportasiyası ilə məşğul olması Poroşenkonun məndən necə çəkindiyinin göstəricisidir. O, həm də ona görə qorxur ki, başqalarından fərqli olaraq məni qorxutmağın, pulla ələ almağın və Putinin agenti elan etməyin mümkün olmadığını bilir. Ondan fərqli olaraq mən talanla məşğul olmamışam, uğur tarixçəm var”.
M.Saakaşvili "Rustavi-2” telekanalına müsahibəsində də bildirib ki, bu kampaniya Poroşenko ilə "Gürcü arzusu”nun lideri Bidzina İvanişvilinin sövdələşməsinin nəticəsidir. Onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinə separatçılara qarşı əməliyyatlarda iştirak edənlərin adları bəlli olub. Bundan sonra həmin əməliyyatlarda iştirak edən gürcülərə qarşı əməliyyat keçirilib. Bu isə iki ölkənin xüsusi xidmət orqanlarının əməkdaşlıq etmələrinin göstəricisidir. "Bütün məlumatlar Kiyevdən Tbilisiyə Gürcüstan Təhlükəsizlik Xidməti vasitəsilə verilib. Mən bunu dəqiq bilirəm”, - deyə o əlavə edib.
Gürcü legionerlərin deportasiyasını bir tərəfdən onların həddən artıq populyarlığı ilə də izah edilirsə, digər səbəb onların siyasi fəaliyyətlə məşğul olmalarıdır.
"JAM-news” nəşrinin siyasi icmalçısı, bir vaxtlar özü də Ukraynadan az qala deportasiya olunan Dmitri Avaliani hesab edir ki, Ukrayna hakimiyyəti ölkədə sözün əsl mənasında təmizləmə işlərinə başlayıb. "Əsl təmizləmədir. Veteranları və jurnalistləri deportasiya edirlər. Bu insanlar hər hansı bir qanun pozuntusuna yol verməyiblər. Etsəydilər belə, onları döyməyə lüzum yox idi. Mənə elə gəlir ki, hakimiyyət söz azadlığı və insan haqlarına necə yanaşdığını göstərmiş olur. İndi söz Ukrayna cəmiyyətinindir. Əgər bütün bu baş verənlər normal qarşılanacaqsa və ictimai reaksiya baş verməyəcəksə, onda yaxın perspektivdə Ukrayna üçün müsbət nəsə gözləmək gərək deyil”, - deyə ekspert vurğulayıb.
Xatırladaq ki, Saakaşvili 2004-2013-cü illər arasında Gürcüstanın prezidenti olub, amma hazırda onun barəsində dövlət çevrilişinə cəhd ittihamı ilə cinayət işi açılıb. O 2015-ci ildə Ukrayna prezidenti Petro Poroşenko tərəfindən Odessa vilayətinin meri təyin ediləndə Gürcüstan vətəndaşlığından imtina etmişdi. Lakin M.Saakaşvili 2016-cı ildə bu vəzifəsindən istefa edərək Poroşenkonun müttəfiqlərini onun islahatlarına mane olmaqda ittiham etmişdi. Bundan sonra ötən iyunda Saakaşvili Poroşenkonun sərəncamı ilə Ukrayna vətəndaşlığından məhrum edilmişdi. Sentyabrın 10-da Saakaşvili sərhədə toplaşmış tərəfdarlarının köməyi ilə Polşadan Ukrayna ərazisinə keçib və bu hadisədən sonra insanları hakimiyyətə qarşı etirazlara çağırır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər