• cümə axşamı, 02 may, 01:49
  • Baku Bakı 15°C

Ukrayna NATO-ya üzvlüklə bağlı referendum keçirmək niyyətindədir

03.02.17 10:00 1087
Ukrayna NATO-ya üzvlüklə bağlı referendum keçirmək niyyətindədir
Ukraynanın şərqində hərbi əməliyyatlar müvəqqəti olaraq səngiyib. Bazar günündən başlanan atışma Ukraynada 10-dan çox adamın ölümünə səbəb olub, onlarla yaralı var. Münaqişə ölkənin şərqində, Avdeyevka və separatçıların nəzarətində olan Donetsk ətrafında qızışıb. Avdeyevka rəhbərliyi şəhərin humanitar fəlakətlə üzləşdiyini deyib. Donetskdəki qiyamçılar şəhəri "Qrad”lardan atəşə tutub, döyüşlər əraziyə göndərilən humanitar yardımın yolunu kəsib. Münaqişəni hansı tərəfin alovlandırdığı bəlli deyil. Kiyev separatçıların arxalandığı Moskvanı, Moskva isə Kiyevi ittiham etməkdədir.
Maraqlıdır ki, son günlərə kimi heç kimin ağlına gəlməzdi ki, burada hərbi əməliyyatlar start götürə bilər. Belə ki, burada bir sıra strateji obyektlər yerləşir - yəni burada vəziyyətin sabit qalmasında hər iki tərəf maraqlı olub. Bura gətirilən kömür Ukraynanın metallurgiya müəssisələrinə daşınır. Maraqlı açıqlama Ukrayna müdafiə nazirinin müavini İqor Pavlovskidən gəlib. O, Donbasda hücum həyata keçirdiklərini etiraf edib. "Övladlarımız qəhrəmanlıqla, addım-addım irəliləməyi bacarıblar”, - Pavlovski bildirib. Yaranmış gərgin durumda prezident Petro Poroşenko Milli təhlükəsizlik və müdafiə şurası yanında Hərbi Kabinetin toplantısını keçirib. "Mən ölkəmin NATO-ya üzv olmaq istəməsiylə bağlı referendum keçirmək niyyətindəyəm”, - deyə prezident söyləyib. "4 il əvvəl Ukraynanın NATO-ya üzvlüyünü əhalinin 16 faizi dəstəkləyirdi. İndi isə bu rəqəm 54 faizdir. Mən prezident kimi xalqın rəyi ilə hərəkət edirəm. NATO-ya üzvlüklə bağlı referendum keçirmək niyyətindəyəm”, - prezident bildirib.
Ukrayna XİN Donbas regionunda vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanat yayıb: "XİN məsələ ilə bağlı dərin narahatlıq keçirir. Son günlər Rusiya işğalçı qüvvələri bütün silah növlərindən, o cümlədən Minsk razılaşmalarına görə, istifadəsinə qadağa qoyulan "Qrad” reaktiv yaylım atəşi sistemindən, 152 və 155 mm kalibrli artilleriya qurğularından, 120 və 82 mm kalibrli minaatanlardan, tanklar və atıcı silahlardan istifadə edib. Regionda yaşayan 400 mindən çox sakin su və elektriksiz qalıb”. Bəyanatda qeyd olunur ki, pis hava şəraiti və silahlıların davamlı atəşi nəticəsində regionda humanitar vəziyyət pisləşir: "Kremlin bu hərəkətləri hərbi cinayət, 12 avqust 1949-cu il Cenevrə konvensiyasının kobud pozulması, hərbi zərurət olmadan əmlakın qanunsuz və səbəbsiz məhvi kimi qiymətləndirilməlidir. Aydındır ki, Donbasda hazırkı gərginlik Rusiya Federasiyasının Minsk razılaşmaları çərçivəsində üzərinə götürdüyü öhdəliklərə məhəl qoymamasıdır. Məqsəd vəziyyətin sabitləşməsinə, təhlükəsizlik və humanitar sahədə hər hansı irəliləyişin əldə olunmasına imkan verməməkdir. Bununla əlaqədar olaraq Ukrayna XİN Rusiya Federasiyasından döyüşləri dərhal dayandırmağı və atəşkəs rejiminə riayət etməyi tələb edir. Ukrayna XİN beynəlxalq təşkilatlara müraciət edərək, Donbasda təhlükəli eskalasiyanı dayandırmaq və regionda humanitar faciədən qaçmaq üçün rəsmi Kremlə siyasi-diplomatik təzyiqi artırmağı xahiş edir”.
Belə bir vəziyyətdə "CBSNews” nəşri gözlərin D.Tramp administrasiyasına dikildiyini, yeni rəhbərliyin baş verənlərə necə təpgi göstərəcəyinin maraqla izləndiyini yazır. Nəşr D.Tramp administrasiyasının Ukraynanı müdafiə etdiyini iddia edib. Belə ki, fevralın 1-də Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Ukraynanın BMT-dəki təmsilçisi Volodimir Yelçenko deyib ki, ABŞ onların ərazi bütövlüyünü tam dəstəkləyir və Rusiyanın Krımı ilhaq etməsiylə heç vaxt razılaşmayacaq. Vaşinqtonun Ukraynayla bağlı mövqeyini V.Yelçenkoya ABŞ-ın BMT-dəki səfiri Nikki Haley çatdırıb. Onlar Nyu-Yorkda görüşüblər və V.Yelçenkonun dediyinə görə, ABŞ təmsilçisinin Ukrayna haqda dedikləri onu tam razı salıb. O, ABŞ-ın Rusiyayla münasibətlərini yoluna qoysa belə, bunu Ukraynanın hesabına etməyəcəyinə əminliyini vurğulayıb.
İki il öncə əldə edilən Minsk razılaşması Ukrayna və Rusiyanın münaqişə bölgəsindəki ağır silahlarını geri çəkməsini, məsələni sülh yoluyla həll etməsini nəzərdə tutur. Ancaq atəşkəsə heç vaxt tam əməl olunmur, separatçılarla cəbhə xəttində ara-sıra atışmalar baş verirdi. İndi isə münaqişəni, Moskvanın dediyinə görə, Kiyev, həm də bilərəkdən qızışdırıb. "Avdeyevka qəsəbəsində yaşanan gərginliyin səbəbi Kiyevdir. Onlar ABŞ-ın Ukrayna ordusuna dəstək verib-verməyəcəyini yoxlayırlar”. Bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. O, "baş verənlərin Ukraynanın son təxribatı olduğuna inanırıq. Kiyevin istədiyi tək şey, yeni ABŞ rəhbərliyinin onlara dəstək verməyə hazır olub-olmadığını yoxlamaqdır", - söyləyib. Uşakov Kiyevin razılaşmalara əməl etmək istəmədiyini, məhz bu səbəbdən iki ildir ki, münaqişənin həlli istiqamətində irəliləyiş əldə edilmədiyini bildirib. "CBSNews” yazır ki, Moskva separatçıların gücünü göstərməklə Vaşinqtona ismarış göndərir, regionda nüfuzunu saxladığını, Ukraynada sülh istəyənlərin Moskvaya güzəştə getməli olduğunu bildirmək istəyir. Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, münaqişənin qızışması Rusiyayla Amerika arasında dialoqun tezliklə bərpası üçün bəhanə ola bilər.
Tərəflər arasında qarşılıqlı nifrət durmadan artır. Bunu keçirilən rəy sorğuları da sübut edir. Məsələn, "Levada Sentr” şirkətinin keçirdiyi sorğudan bəlli olub ki, rusların 33 faizi Ukraynaya xoş münasibət bəsləsə də, 54 faiz hələ də özlərinə qardaş olan xalqa nifrət edir. Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski isə hətta prezident seçkilərində qələbə qazanacağı halda, Ukraynanı məhv edəcəyini bildirib. Jirinovski söz verib ki, Kremlə daxil olduqdan üç gün sonra bütün Ukrayna hökumətini həbs edəcək. "Hələ Putini xatırlayacaqsınız ki, o, xeyirxah idi. Hər şeyi məhv edəcəyəm! Heç bir Ukrayna olmayacaq! Hamı həbs ediləcək! Və yalnız hərbi yolla! Prezident seçiləcəyim halda bunu edəcəyəm!” – Jiriniovski bildirib.
Azər
banner

Oxşar Xəbərlər