• çərşənbə axşamı, 23 aprel, 20:55
  • Baku Bakı 20°C

Ukrayna inqilabın astanasında

22.01.14 16:47 1173
Ukrayna inqilabın astanasında
Ukraynadan bir-birinin ardınca həyəcanlı xəbərlər daxil olmaqda davam edir. Dünən isə hadisələr özünün pik nöqtəsinə yüksəlib. Gərginlik səhər saatlarında “Berkut” xüsusi təyinatlıları və Daxili Qoşunların nümayişçiləri Nazirlər Kabinetinin binasının yerləşdiyi Qruşevsk küçəsindən uzaqlaşdırmağa çalışması ilə başlayıb. Güc strukturlarının nümayəndələri gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər qarla doldurduqları kisələrdən və təkərlərdən 2 metr hündürlüyündə barrikada qursalar da, xüsusi təyinatlıların güclü təzyiqi nəticəsində Müstəqillik meydanına doğru geri çəkilməyə məcbur olublar. Yaralanan fəallardan birini təcili yardım maşını aparıb.
Toqquşmalar zamanı iki nəfərin ölməsi xəbəri isə ölkəni bir-birinə vurub. Birinci şəxsin Dnepropetrovsk şəhərindən gələn milliyyətcə erməni, 20 yaşlı Sergey Niqoyan olduğu açıqlanıb. O, meydan hərəkatının fəal iştirakçısı olub və hökumət binalarının yerləşdiyi Qruşevsk küçəsində nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən toqquşmalarda güllə yarası alıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının hansı güllədən istifadə etdiyi meyitin müayinəsindən sonra bəlli olacaq. Ölüm faktı ilə bağlı araşdırmalara başlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəisinin müavini Aleksandr Radkeviç bildirib ki, istintaq-əməliyyat qrupu artıq hadisənin baş verdiyi əraziyə yollanıb: “Məsələni araşdırırıq. Həmin şəxsə tibbi yardım göstərilib, lakin o ölüb”. A.Radkeviç ölən şəxsin snayper tərəfindən vurulduğuna dair iddiaları rədd edib. Daha sonra Ukrayna mənbələri bir nəfərin də öldüyü haqda xəbər yayıblar. Həmin şəxs “Dinamo” stadionunun 13 metrlik sütunundan yıxılıb və xəstəxanada keçinib.
Ukrayna Daxili İşlər Nazirliyi insanlara Kiyevin mərkəzinə - etirazçılarla polis arasında toqquşmaların baş verdiyi əraziyə getməməyi məsləhət görüb. Bu barədə nazirliyin bəyanatında bildirilir. “DİN vətəndaşlara Avropa meydanına və Qruşevsk küçələrinə getməyi məsləhət görmür. Çünki orada kütləvi iğtişaşların iştirakçıları bədən xəsarətləri yetirə bilər” - deyə bəyanatda qeyd olunur. Daxili İşlər Nazirliyi həmçinin bildirir ki, ictimai asayişin qorunmasına cəlb olunmuş polis əməkdaşlarının üzərində odlu silah yoxdur. Lakin kütləvi aksiya iştirakçıları tərəfindən odlu silahdan istifadə halları təsdiqlənsə, hüquq-mühafizə orqanlarının əməkdaşları da müvafiq qanuna uyğun olaraq odlu silahdan istifadə edə biləcək.
Ölümlərə görə məsuliyyət prezidentin üzərinə qoyuldu

Üç müxalif qüvvə - “Batkivşina”, “UDAR” və “Svoboda” birgə bəyanatla çıxış edərək ölümlərə görə məsuliyyəti prezidentin üzərinə qoyublar: “Cəza orqanları hər cür həddi keçib. Ölənlərdən birinin başında və boynunda 4 güllə yarasının olması özünümüdafiə deyil, dinc vətəndaşların şüurlu surətdə güllələnməsidir. Diktaturanın vətəndaşlara qarşı bu terror aktına görə bilavasitə daxili işlər naziri, əliqanlı qatil Zaxarçenko məsuliyyət daşıyır. Hazırda ölkədə baş verənlər, hər vətəndaşın həyatı və təhlükəsizliyi və etirazçıların ölümü prezident Viktor Yanukoviçin şəxsi məsuliyyətidir. Yalnız xalqın tələblərinin dərhal və qeyd-şərtsiz yerinə yetirilməsi ölkədə vəziyyəti dinc məcraya qaytara bilər”.
Srağagün gecə Kiyevdə 50-dən çox adam oğurlanıb. Bu barədə Ukrayna Baş Prokurorluğunun rəsmi saytında yerləşdirilən məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, gecə saatlarında şəhərin küçələrində naməlum şəxslər kütləvi talanlar ediblər, qapı və pəncərələri sındıraraq insanları oğurlayıblar. “Şahidlərin sözlərinə görə, oğurlanan adamları döyürdülər, sonra naməlum istiqamətdə aparırdılar. Bəziləri indi Həmkarlar İttifaqının binasındadır, digərlərinin harada olduğu məlum deyil. Şəhərdə gərginliyin artması üçün ekstremist qruplaşmalarının üzvləri paytaxt küçələrində vətəndaşlara xəsarətlər yetirirlər, avtomobilləri yandırırlar” - deyə məlumatda vurğulanır. Həmçinin anonim zəngdən sonra səhər saatlarında Milli Elmlər Akademiyasının kitabxanasında kişi meyitinin aşkarlandığı məlum olub. O, başından və sinəsindən güllə yarası alıb. Kitabxanada güllə yaraları almış daha nəfər huşsuz vəziyyətə tapılıb. Sonradan o ölüb. Hazırda hüquq-mühafizə orqanları sözügedən ölüm faktlarını araşdırır.
Müxalifət liderləri Yanukoviçlə görüşdü

Yaranmış gərgin vəziyyətdə müxalifət liderləri prezident Viktor Yanukoviçlə görüşüblər. “Batkivşina” parlament fraksiyasının rəhbəri Arseni Yatsenyuk prezidentlə görüşə UDAR partiyasının rəhbəri Vitali Kliçko və milliyyətçi “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibokun da qatıldığını bildirib. Daha öncə Yanukoviç ölkə vətəndaşlarını radikal müxalifətçilərin təxribatlarına uymamağa çağırıb. Dövlət başçısı bəyanatında qeyd edib ki, Kiyevdəki münaqişəni sülh yolu nizamlamaq üçün hələ imkanlar var. “Bir daha müxalifəti danışıqlar masasına keçməyə və qarşıdurmanı dayandırmağa çağırıram. Mən qan tökülməsinin əleyhinəyəm. İnsanları evlərinə qayıtmağa səsləyirəm. Biz Ukraynada sülh və sabitliyi bərpa etməliyik” - deyə prezident vurğulayıb. V.Yanukoviç həmçinin siyasi ekstremistlər tərəfindən Kiyevdə qızışdırılan iğtişaşlar nəticəsində baş vermiş ölüm hallarından təəssüfləndiyini bildirib.
Baş nazir Nikolay Azarov isə Kiyevin mərkəzində baş verən kütləvi qarışıqlığın iştirakçılarını terrorçu adlandırıb. N.Azarov bildirib ki, “maydanın radikal hissəsinin ultra-sağ silahlıları” Kiyevin mərkəzində kütləvi iğtişaş törədib: “Terrorçuların mənəviyyatsızlığı və riyakarlığı o səviyyəyə çatıb ki, onlar insanlara “Molotov kokteyli” atır. Bu gün gecə isə terrorçular otellərə soxularaq öz opponentləri hesab etdikləri onlarla vətəndaşı amansızlıqla döyüblər”. N.Azarov qeyd edib ki, Qruşevsk küçəsində bir neçə gündür güc strukturlarına müqavimət göstərən fəalları dinc mitinqçi adlandırmaq olmaz: “Onlar cinayətkardır və öz əməllərinə görə cavab verməlidir”.
Avropa Birliyi sanksiyalar tətbiq edə bilər

Ukraynadakı son hadisələr Avropa Birliyi tərəfindən sanksiyaların qəbuluna səbəb ola bilər. Belə bir bəyanatla Avropa Komissiyasının sədri Joze Manuel Barrozu çıxış edib. J. Barrozu qeyd edib ki, Kiyevdə müxalifətlə polis arasında baş verən toqquşmalar Brüssel-Kiyev münasibətlərinə təsir göstərə bilər. “Biz Ukraynada baş verənlərdən narahatlıq keçiririk. Ölkədəki vəziyyəti diqqətlə izləyəcəyik. Həmçinin Avropa Birliyi tərəfindən mümkün tədbirləri nəzərdən keçirəcəyik” - deyə o vurğulayıb.
Rusiya Qərbi Ukraynanın daxili işlərinə qarışmamağa çağırıb

Rusiya Dövlət Duması Qərbi Ukraynanın daxili işlərinə müdaxilə vasitəsilə oradakı vəziyyəti gərginləşdirməməyə, Ukrayna müxalifətini isə hakimiyyətlə dialoqa getməyə çağırıb. Rusiyalı deputatların çərşənbə günü qəbul etdikləri bəyanatda deyilir: "Dövlət Duması beynəlxalq hüquq normalarını pozaraq suveren Ukraynanın daxili işlərinə qarışan xarici siyasi dairələri münaqişənin sonrakı eskalasiyasına köməyi dayandırmağa çağırır". Dövlət Dumasında hesab edirlər ki, vəziyyətin kəskinləşməsinə həm Ukrayna müxalifətindəki ekstremist qüvvələr, həm də münaqişənin sonrakı eskalasiyasına kömək edən Qərb siyasətçiləri səbəb olublar. Bəyanatda deyilir: "Ukraynada vəziyyətin kəskinləşməsinə görə müxalifətin ekstremist hissəsinin nümayəndələrindən başqa, müxalifətin təşkil etdiyi mitinqlərdə çıxış edən və suveren Ukraynanın daxili işlərinə kobud şəkildə qarışan Qərb siyasətçiləri də məsuliyyət daşıyırlar. Dövlət Duması bir daha Ukraynaya Avropa İttifaqı ilə assosiasiyanın xeyrinə geosiyasi seçim etməyə vadar edən xarici təzyiqin yolverilməzliyi haqqında xəbərdarlıq edir".
Azər NURİYEV
banner

Oxşar Xəbərlər