• çərşənbə, 17 Aprel, 00:24
  • Baku Bakı 14°C

Ukrayna, Gürcüstan və Moldova səyləri birləşdirir

11.06.18 21:19 899
Ukrayna, Gürcüstan və Moldova səyləri birləşdirir
Kiyevdə Gürcüstan, Ukrayna və Moldova parlamentlərarası assambleyanın konfransı öz işinə başlayıb. İlk gündə üç ölkənin Avropa İttifaqı və NATO ölkələri ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə Parlament Assambleyasının yaradılması barədə qərar qəbul edilib. Ukrayna Ali Radasının spikeri Andrey Parubiy bildirib ki, ölkəsi Avropanın Rusiya aqressiyasından qorunmasında sipər rolunu oynayır. Bu səbəbdən də üç postsovet ölkəsinin səylərinin kordinə edilməsi barədə təkliflə çıxış edib. Əsas diqqət də müdafiə və təhlükəsizlik məsələlərinə ayrılıb. Parubiy hazırda mövcud olan Ukrayna-Litva-Polşa Parlament Asambleyasına uyğun Moldova-Gürcüstan Ukrayna birliyinin yaradılmasını zəruri sayıb. Hazırda Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze, Moldova parlamentinin spikeri Andrian Kandu, eləcə də, Litva və Polşa, Avropa Parlamentinin deputatları, ictimai təşkilatların rəhbərləri Kiyevdədir. Üç ölkə parlamentinin rəhbərləri ilk dəfə bu ilin martında Kişinyovda görüşüblər. O zaman tərəflər bir qədər yumşaq formada Rusiyaya qarşı çıxmışdılar. Mövzu da "Şərq tərəfdaşlığı və təhlükəsizlik sahəsində müasir çağırışlar” olub. İndi isə tərəflər bir qədər də qabağa gedərək Aİ ilə əməkdaşlığı əsas prioritet kimi irəli sürüblər. Mövzulardan biri isə belədir – "Ukrayna, Gürcüstan, Moldova: Assosiativ üzvlükdən tamhüquqlu üzvlüyə kimi”. O ki qaldı NATO-ya üzvlük məsələsinə, bu barədə birbaşa heç nə deyilməyib.
Yeri gəlmişkən, NATO-nun iyul sammiti ərəfəsində Ukrayna tərəfində bir aktivlik hiss olunur. Alyans ilə yaxınlaşma xətti götürən Ukrayna özünə qarşı əsas problem olaraq Rusiyanı görür. Bu günlərdə Rusiya prezidenti Vladimir Putin də açıq şəkildə bildirib ki, NATO obyektlərinin Ukrayna ərazisində Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi onları qane etmir.
Ukrayna prezidenti Petro Poroşenko bu günlərdə NATO-nun Brüsseldə keçiriləcək sammitinə dəvət alıb. Kiyevdə iyul ayında NATO-ya üzvlük barədə Fəaliyyət Planının imzalanmasına ümid edirlər. Lakin ola bilsin bu məsələnin müzakirəsi təxirə salınsın.
Poroşenkonun dəvət edilməsinin ardınca dərhal Donbasda vəziyyət gərginliyə doğru istiqamət götürüb. Kiyevdə əmindirlər ki, gərginliyə səbəb Ukrayna hakimiyyət orqanlarının NATO və Avropa İttifaqı ilə yaxınlaşma siyasəti götürməsidir. "Belə baxanda Donbas heç Rusiyaya lazım da deyil. Onlara sadəcə, Kiyevin siyasətinə təsir etmək rıçaqları gərəkdir. Bu səbəbdən də qondarma respublikaları leqallaşdırmağa çalışırlar. Donetsk və Luqansk respublikalarının köməyi ilə Ukraynanın Aİ və NATO-ya inteqrasiyasına mane olmağa çalışırlar. Xüsusi status məsələsi də alınmayacaq. Rusiyanı münaqişənin dondurulması da qane edir, bizi isə yox”, - deyə adının çəkilməsini istəməyən ekspertlərdən biri "Rosbalt”a bildirib.
Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksey Turçinov ötən gün bildirib ki, Rusiya münaqişənin nizamlanmasında maraqlı deyil və buna heç maraq da göstərmir. "Beş ildir Rusiyanın bizim dövlətə qarşı işğal siyasəti davam edir və normallaşma ilə bağlı heç bir əlamət hiss olunmur. Bundan əlavə, may ayı atəşkəsin Rusiya tərəfindən pozulması baxımından bizim üçün ən ağır ay olub”, - deyə o bildirib. Onun sözlərinə görə, tez bir zamanda vəziyyətin gərginləşməsi mümkündür. Kiyev vəziyyətin iyulun sonunda, daha dəqiq desək futbol üzrə dünya çempionatı başa çatdıqdan sonra gərginləşəcəyini gözləyir. Ukrayna tərəfi Rusiyanı aqressiv planlar həyata keçirməkdə ittiham edir. Ukrayna tərəfi artıq bəyan edib ki, onlar hücum əməliyyatı həyata keçirməyə hazırlaşmır. "Lakin Rusiyadan analoji addımı gözləmirik”, - deyə Ukrayna baş qərargah idarəsi məlumatında bildirib. Mənbə bildirib ki, artıq Azov dənizinə əlavə qüvvələr gətirilir. Lakin Kiyev tərəfi ümid edir ki, vəziyyət ABŞ və Rusiya prezidentləri – Donald Tramp və Vladimir Putin arasında keçiriləcək görüşün nəticəsindən asılı olacaq. "Ola bilsin BMT sülhməramlılarının yerləşdirilməsi ilə məsələyə aydınlıq gətiriləcək. Onların hansı statusda Donbasa yerləşdirilməsinin həllini tapacağın gözləyirik”, - deyə Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumatda vurğulanır. O da bəlli olub ki, Ukrayna daxili işlər naziri Arsen Avakov artıq müvafiq plan da hazırlayıb. "Ukraynanın ərazi bütövlüyünün bərpası - Donbasın azad edilməsi strategiyası” adını alan planla bağlı danışan nazir bildirib ki, "bu plan polis əməliyyatı olmalı və hər hansı hərbi qüvvədən istifadə edilməməlidir”.
Bir faktı da qeyd edək ki, erməni nazir bu yaxınlarda Birləşmiş Ştatlarda səfərdə olub və çox güman ki, elə bu planı da ona orada təqdim ediblər.

Azər
banner

Oxşar Xəbərlər