• cümə, 29 Mart, 00:10
  • Baku Bakı 7°C

Ukrayna-Azərbaycan münasibətlərinin perspektivi yüksəkdir

06.02.15 06:10 1804
Ukrayna-Azərbaycan münasibətlərinin perspektivi yüksəkdir
Son günlər Azərbaycan-Ukrayna münasibətləri yenidən gündəmə gəlib. Bəzi ekspertlər ölkələrimiz arasında çox isti əlaqələrin formalaşdığını, Azərbaycanın Ukrayna ilə yaxşı münasibətlərinin olduğunu bildirirlər. Eyni zamanda qeyd edilir ki, rəsmi Kiyev Azərbaycanın suverenliyinə hörmətlə yanaşır, ölkəmizin ərazi bütövlüyünü tanıyır. Bunun qarşılığında rəsmi Bakı da eyni mövqedən çıxış edir, ölkələr arasındakı münasibətlərin inkişaf etməsində maraqlı tərəf olduğunu nümayiş etdirir, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini tanıyır. Misal üçün, Ukraynada cərəyan edən hadisələrdən, Krımın Rusiya tərəfindən zəbt edilməsindən sonra ötən il BMT-nin Baş Assambleyası bu ölkənin ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib. Həmin qətnamədə dünya ölkələrini Krımın Rusiyaya birləşdirilməsini tanımamağa çağırıb. Azərbaycan da daxil olmaqla BMT-nin 100 üzv ölkəsi Krımdakı referenduma qarşı olan qətnamənin lehinə səs verib. Bununla da ölkəmiz Ukraynanın ərazi bütövlüyünün pozulmasına qarşı olduğunu göstərib. Lakin bəzi ekspertlər isə bunu yetərli saymırlar. Xüsusən də Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar onun səlahiyyətlərinin dayandırılması haqqında məsələ üzrə səsvermə zamanı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin həmin müzakirələr zamanı Rusiya nümayəndə heyətini dəstəkləməsi ilə bağlı mövqeyini qeyd edirlər.
Qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlama verərək, Azərbaycan tərəfindən beynəlxalq hüquq və BMT Nizamnaməsi əsasında Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşıldığını vurğulayıb. Deyib ki, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zor yolu ilə dəyişdirilməsi cəhdləri qəbuledilməzdir. XİN-in rəsmisi AŞ PA-da Azərbaycan nümayəndə heyətinin Rusiyanın xeyrinə səs verməsini də şərh edib. Xatırladıb ki, Bakı AŞ Nazirlər Komitəsinin sədri statusunda çıxışlarında Azərbaycanın Avropa Şurasında ikili standartlar və üzv dövlətlərə qarşı seçimli yanaşmanın tətbiq edilməsinin əleyhinə olduğunu bəyan edib. Eyni zamanda, Azərbaycan Avropa Şurasının əsaslandığı dəyərlər və beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan Ermənistana qarşı sanksiyaların tətbiq olunması barədə dəfələrlə məsələ qaldırıb. O, bu kimi məsələlərdə Avropa Şurasının beynəlxalq hüququn aliliyi prinsipi əsasında vahid yanaşmadan çıxış etməsini düzgün sayıb.
Sözügedən mövzuda fikirlərini “Kaspi”yə açıqlayan Yeni Azərbaycan Partiysı (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət əkili Aydın Mirzəzadə Ukrayna ilə Azərbaycanı uzun zamandır yaxşı münasibətləri olan dövlətlər kimi xarakterizə edib. Bildirib ki, sovet dövründə belə, bu iki dövlət arasında çox sıx siyasi-iqtisadi, sosial əlaqələr olub. O, hazırda Ukraynada yarım milyondan çox azərbaycanlının daimi olaraq yaşadığını və işlədiyini də diqqətə çatdırıb. Eyni zamanda deyib ki, Azərbaycan və Ukrayna GUAM üzvləri kimi bu təşkilat daxilində siyasi-iqtisadi layihələrdə birgə fəaliyyət göstərməkdədirlər.
A.Mirzəzadə Azərbaycanın Ukraynaya xeyli sərmayə yatırdığını, Ukraynanın ən çətin dövründə belə, Azərbaycanın öz neft yanacaq məhsullarını bu ölkəyə ucuz qiymətə təklif etdiyini xatırladıb. Qeyd edib ki, Azərbaycanın Ukrayna ilə birgə başladıqları və bundan sonra da davam etdirəcəkləri xeyli layihələr var. Millət vəkili Azərbaycanın Ukrayna-Rusiya məsələsində mövqeyinin də birmənalı olduğunu söyləyib: “Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krım Muxtar Respublikasını bu ölkənin bir hissəsi hesab edir. Bu məsələ BMT Baş Məclisinin iclasında da müzakirə edilən zaman Azərbaycan Ukraynanın yanında olub, onun ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Azərbaycan bu barədə mövqeyini dəyişmək fikrində deyil. Azərbaycan nümayəndə heyətinin AŞ PA-dakı son mövqeyinə gəlincə, bu, tamamilə başqa xarakterli bir məsələdir. AŞ PA-da Rusiya nümayəndə heyətinin səlahiyyəti təsdiq edilərkən, bu ölkənin səsdən məhrum edilməsi, bununla da Rusiyanı Krım məsələsində mövqeyini dəyişməyə məcbur edilməsi real nəticə verə bilməz. Azərbaycan hesab edir ki, bu metodla Rusiya ilə sözügedən məsələdə razılığa gəlmək mümkün olmayacaq. Əsas məsələ Krımla bağlı Rusiyanın mövqeyini dünya birliyinin mövqeyinə yaxınlaşdırmaq olmalıdır. Bunu hansı yolla edilməsi isə artıq ikinci dərəcəli məsələdir. Rusiya kimi nəhəng və nüfuzlu bir dövləti beynəlxalq təşkilatlardan kənarda saxlamaqla bu ölkənin mövqeyini dəyişmək olmaz. Eyni zamanda belə bir addımla Krım məsələsini də həll etmək mümkün deyil. Ona görə də Azərbaycan Rusiya nümayəndə heyətinin səlahiyyətinin saxlanmasına və Rusiya ilə bu istiqamətdə işin davam etdirilməsinə səs verib. Fikrimcə, bu mövqe tamamilə düzgündür. Rusiya Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini də yaxşı bilir. Krım hazırda Rusiyanın nəzarəti altında olduğuna görə, Azərbaycan Krımla hər hansı iş görmür və görmək fikrində də deyil. Azərbaycanın belə mövqeyi Ukraynadan olan dostlarımıza da izah edilib. Rəsmi Kiyev Azərbaycanın mövqeyinin dəyişməzliyinə arxayın ola bilər”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiyanın Azərbaycanla qonşu, böyük dövlət olmasına diqqət çəkib. Bildirib ki, belə bir mühüm amil olsa belə, Azərbaycanın özünün müstəqil siyasəti var. O, buna misal kimi Rusiyanın təşkil etdiyi Gömrük İttifaqına Azərbaycanın üzv olmamasını göstərib. Qeyd edib ki, heç bir halda Rusiyanın maraqları Azərbaycanın milli təhlükəsizliyindən, milli maraqlarından üstün deyil və ola da bilməz: “Dünyada ikili standartlar var. Əgər separatçılığa dəstək verdiyinə, başqa dövlətin ərazisini zəbt etdiyinə görə hansısa dövlətə qarşı sanksiya tətbiq edilirsə, o zaman bu addımı atan digər dövlətlərə də eyni münasibət sərgilənməlidir. Necə olur ki, ABŞ Donbas separatçılarına vizaların verilməsini dayandırır, bank hesablarını dondurur, amma Dağlıq Qarabağ separatçılarını Amerikaya dəvət edir, Konqresdə onların iştirakı ilə müzakirələr keçirir, hətta onlara maddi yardım ayırır? Bütün bunların fonunda biz Ukraynanın narahatlığını anlayır, onun ərazi bütövlüyünü dəstəkləyirik. Lakin Ermənistan BMT-nin Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin əleyhinə səs verib. Gəlin görək, Ukrayna bundan əvvəl Pakistan və Türkiyə kimi Ermənistanı işğalçı dövlət kimi tanıyıbmı? Cavab sadədir, xeyir. Əgər Ukrayna Azərbaycandan cəsarət gözləyirsə, o zaman özü də belə bir cəsarətli addım atmalı, Ermənistanı işğalçı dövlət kimi tanımalı idi. Bütün baş verənlərə baxmayaraq, mən yenə də Ukrayna Azərbaycan münasibətlərinin perspektivini yüksək qiymətləndirirəm”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər