• cümə axşamı, 18 aprel, 21:56
  • Baku Bakı 21°C

Uduzduğumuz seçkiləri zəfər kimi qələmə vermək yalnız populizmdir

11.09.14 11:29 2201
Uduzduğumuz seçkiləri zəfər kimi qələmə vermək yalnız populizmdir
Müsavat Partiyasının sentyabrın 27-nə planlaşdırılan qurultayı ilə bağlı hazırlıq işləri davam etdirilir. Məlumdur ki, qurultay zamanı müzakirə ediləcək ən əsas mövzu partiyaya yeni başqanın seçilməsi olacaq. Artıq başqanlığa iddialı olan şəxslər namizədliklərini təsdiqlətdirməyə başlayıblar. Bu posta iddiasını ortaya qoyanlardan biri də partiya başqanının keçmiş müşaviri Səxavət Əlisoydur. Onunla keçirilməsi planlaşdırılan qurultay, nizamnaməyə edilə biləcək dəyişikliklər, partiya daxilində yaşanan gərginliklər və s. haqda danışdıq.
- Seçkilərə hazırlıq prosesi necə gedir?

- Hələlik, iki nəfərin namizədliyi rəsmən qeydə alınıb. Bu günə qədər müəyyən işlərimlə əlaqədar olaraq namizədliyimi təsdiqlətməmişəm. Yəqin ki, bir-iki gün ərzində bu məsələ həllini tapacaq. Namizədliyi təsdiqlənən dostlarımız artıq seçki kampaniyasına başlayıblar və partiya qərargahında görüşlər keçirirlər. Normal seçki kampaniyası getdiyini deyə bilərəm. Hesab edirəm ki, seçki Müsavat Partiyası üçün çox önəmlidir və bu önəmi dərk edən dostlarımız biri-birilə rəqabəti Müsavatın daha da güclənməsi üçün aparacaqlar.
- Kifayət qədər tərəfdar toplaya bilmisinizmi?

- Bəziləri deyir ki, mənim tərəfdarlarım və dostlarım çoxdur. Hətta kimlərsə mətbuatda açıq şəkildə onlara dəstək verirlər. Namizədliyimi rəsmiləşdirdikdən sonra media mənsubları ilə görüş keçirəcəyəm. Mənim mübarizə üslubum fərqli olacaq. Hələlik bir detalı açıqlaya bilərəm. Dostlarıma, mənə dəstək olan tərəfdarlarıma çağırış etmişəm ki, bu barədə danışmasınlar. Çünki bu, bölücülüyə aparan bir söhbətdir. Namizədlərdən hansınasa açıq şəkildə dəstək verilməsi digərlərində mənfi assosiasiya yaradır. Bu gün üçün rəsmən namizədliyim qeydə alınmasa da, bir çoxları mənə sosial şəbəkələrdə yazır, münasibətlərini bildirir, dəstək verdiklərini deyirlər. Hətta bəzi müsavatçılar var ki, onlar hansısa namizədi müdafiə etdiklərini bəyan etsələr də, əslində mənə namizədliyimi dəstəklədiklərini yazırlar.
- Rəqiblərinizdən Qubad İbadoğlunun elmi adı, Tural Abbaslının gəncliyi, Arif Hacılının isə təşkilatçılıq qabiliyyəti üstünlüyü kimi vurğulanır. Bəs sizin əsas üstünlüyünüz nədir?

- Gənclik məsələsinə qalarsa, mən 25 yaşından aktiv fəaliyyətdəyəm. 10 il müddətində xəstəxanada baş həkim işləmişəm. Təşkilatçılıq işinin də nə olduğundan xəbərim var. Qeyd edim ki, gənclərdən də məni dəstəkləyənlərin sayı az deyil. Məni Qubad İbadoğlunu müdafiə edənlər də dəstəkləyir, Arif Hacılının yanında olanlar da. Sadəcə olaraq, onların adlarını açıqlamaq mənim üçün önəm daşımır. Burada söhbət partiyanın yaxşı idarə olunmasından, yenilənmiş Müsavatın ortaya çıxmasından gedir. Hələ heç kimin partiyanı necə idarə edəcəyi haqda açıqlamasına rast gəlməmişəm. Ortada sadəcə populist çıxışlar, şüarlar var. Namizədliyi qeydə alınmış dostlarımızın proqramlarını açıqlamasını gözləyirəm. Namizədliyimi qeydə aldırdıqdan sonra fəaliyyət proqramımı, Müsavatın necə idarə olunacağını, partiyanın yenilənmiş konturlarını açıqlayacağam. Mən hər zaman Müsavat Partiyasında intellektual kəsimə üstünlük vermişəm.
- Son vaxtlar verdiyiniz bəzi açıqlamalarda partiya rəhbərliyini tənqid edirsiniz. Bununla bağlı sizə ünvanlanan ittihamlara da rast gəlirik.

- Yəqin mentalitetdən gəlmə xüsusiyyətdir ki, tənqidi normal qəbul edə bilmirik. Biz tərifə öyrəşmiş millətik. Məni arqument gətirərək tənqid edənlər haqda yüksək fikirdəyəm. Nəzərinizə çatdırım ki, tənqid nəticəsində şəxsi xarakterimdəki bəzi cəhətləri islah etmişəm. Ona görə də düşünürəm ki, bu, zəruri məqamdır. Tənqidə qarşı isə dözüm nümayiş etdirmək lazımdır. Partiya rəhbərliyində elə şəxslər var ki, bu cür fikirlərə dözümsüzdürlər. Onu da deyim ki, sosial şəbəkələrin birində status yazmışdım. Fikrim belə idi ki, biz 11 il əvvəl haradaydıq, indi haradayıq. Bu gün Müsavat Partiyasındakı geriləməni görməyənlər yalnız qərəzli insanlardır. Qərəzi olmayanlar geriləməni görərək bu vəziyyətdən çıxmaq barədə rasional düşünməlidirlər. Əgər düşünə bilmirlərsə, o zaman siyasi mübarizənin heç bir əhəmiyyəti yoxdur. Yalnız tərif demək, uduzduğumuz seçkiləri zəfər kimi qələmə vermək populizmdən başqa bir şey deyil. Bunun Müsavata heç bir faydası ola bilməz. Partiya haqqında dediyim bütün fikirlərin arxasındayam. Hətta əvvəl dediklərimdən daha ciddi faktlar açıqlayacağam. Müsavat cəmiyyətə açıq bir partiyadır və xalqın partiyasıdır. Müsavat heç kimin şəxsi partiyası, fabriki və ya təşkilatı deyil.
- Nüşabə Sadıxlının İsa Qəmbərə xüsusi status verilməsilə bağlı təklifinə necə baxırsınız?

- Bu təklifi müsbət qarşılamıram. Əgər qurultayda bu məsələ qaldırılsa, onun əleyhinə səs verəcəyəm. İsa Qəmbərə heç bir status gərək deyil. Düşünürəm ki, əlavə status verilməsi onun reytinqinin aşağı salınması deməkdir. Uzun müddət İsa Qəmbərlə birgə çalışmış şəxs kimi deyə bilərəm ki, o özü də buna razı olmayacaq.
- Müsahibələrinizin birində demisiniz ki, Müsavatdakı bir çox maskaları yırtacaqsınız. Bu fikrinizi bir qədər də aydın deyərdiniz.

- Bu haqda namizədliyim rəsmən qeydə alınandan sonra danışacağam.
- Əgər Müsavat Partiyasının başqanı seçilsəniz, partiyada nələri dəyişəcəksiniz?

- Müsavat Partiyasının fəaliyyəti, strategiyası cəmiyyətə açıqlanmalıdır. Uzun illərdir, partiyada beyin mərkəzi yaradılması təklifini vermişəm. Çox təəssüf ki, bu məsələ müsbət qarşılanmayıb. Nəinki Müsavat, istənilən bir partiyada beyin mərkəzi yoxdursa, onun hakimiyyətə iddia etməsi qeyri-ciddi məsələdir. Zamanı gəlincə, hər şeyi açıqlayacağam. Hələlik bəzi konturları sizin üçün deyirəm. Müsavat Partiyası intellektual taktikaya üstünlük verməlidir. Biz hüquqi müstəvidə mübarizəyə üstünlük verməliyik. İcazəsiz mitinqlərin, aksiyaların tamamən əleyhinəyəm. Hər hansı bir tədbirə qarşı boykot çağırışlarının da əleyhinəyəm. Ana müxalifət olmağa iddialıyıqsa, cəmiyyətdə baş verən proseslərin hüquqi müstəvidə həllinə çalışmalıyıq. Burada söhbət hakimiyyətin hansı mövqe tutmasından getmir. Baş verən anormallıqların dəyirmi masalar vasitəsi ilə ortaya qoyulması önəmlidir. Etiraz aksiyası keçirib, qarşıdurma yaradıb, hakimiyyətin bizə, bizim də hakimiyyətə qarşı münasibətimizin pisləşməsinə səbəb olmaq lazım deyil. Düşünürəm ki, hər bir məsələni danışıqlar vasitəsi ilə yoluna qoymalıyıq. Biz də, hakimiyyət də eyni ölkənin vətəndaşlarıyıq. Bizim aramızda münasibət yaratmaq üçün xarici vətəndaşlara ehtiyac yoxdur. Bu vətən hamımızındır. Bu dövlət bizimkidir. Bir-birimizlə dil tapmağı özümüz bacarmalıyıq. Əgər dialoqa getməsək, bir masa arxasına oturmasaq, vətəndaş həmrəyliyinə nail ola bilməyəcəyik. Bu isə Azərbaycana hava və su kimi lazımdır. Şəxsi ambisiyaları kənara qoyub dil tapmalıyıq. Onsuz da biz bütün dövlət əhəmiyyətli məsələlərdə bir yerdəyik. Ələlxüsus da, Qarabağ məsələsində. Hesab edirəm ki, faktiki olaraq mövcud olan kini, mənfi mühiti aradan götürmək üçün mütləq dialoq olmalıdır. Populist şüarlardan uzaqlaşmaq lazımdır. Tutaq ki, bizə qurultay keçirmək üçün yer vermirlərsə, bu məsələni məhkəmələr vasitəsi ilə həll etmək daha məqsədəuyğundur. Rayon məhkəməsi bu işə baxmazsa, Ali Məhkəməyə müraciət etmək olar. Əgər oranın da cavabı qaneedici olmasa, Konstitusiya məhkəməsinə üz tutaq. Çünki burada bizim konstitusion hüquqlarımız pozulur. Yəni, bütün problemlərin intellektual, hüquqa əsaslanan yolla həllinin tərəfdarıyam. Zorun, vətəndaş qarşıdurmasının əleyhinəyəm. Güman edirəm ki, bu tezislər cəmiyyət üçün daha keçərlidir və daha müsbət assosiasiya yaradır. Ən əsası, qarşıdurmalar aradan qaldırılmalıdır. Daha ətraflı şəkildə jurnalistlərlə görüşdə danışacağam.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər