• cümə, 29 Mart, 00:33
  • Baku Bakı 7°C

Uduzacağına əmin olan radikal müxalifətin “boykot” alibisi

13.02.18 09:30 1216
Uduzacağına əmin olan radikal müxalifətin “boykot” alibisi
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak edəcək siyasi partiyaların və təşkilatların namizədlərinin adı bəlli olur. Buna baxmayaraq, müxtəlif bəhanələr irəli sürərək seçkidən imtina edən siyasi təşkilatlar da mövcuddur. "Boykot” qərarı verən partiyaların ən əsas bəhanəsi isə hələ seçkiyə hazır olmamalıdır. Halbuki, gecə-gündüz Avropa dəyərlərindən, seçki mədəniyyətindən danışan həmin partiyalar dünya təcrübəsinə görə, istənilən siyasi şəraitə hazır olmalı idilər. Lakin aydın olur ki, bu siyasi qurumlar illərdir ancaq yalan şüarlar səsləndirməkdən başqa heç nə etməyiblər. Bəs, görəsən onların seçkidən imtina qərarı əslində nə ilə bağlıdır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında prezidentliyə namizədliyi irəli sürülən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev bildirdi ki, siyasi partiyalar tərəfindən boykot qərarı doğru deyil və ola da bilməz. Onun sözlərinə görə, bundan əvvəlki seçkilərdə də siyasi şərait indikindən nahamar olub, amma həmin siyasi partiyalar seçkidə iştiraka qərar veriblər: "Sadəcə olaraq, bilirəm ki, seçkilərdə iştirak edib məğlubiyyətə uğramaq, xalqın inamını qazanmamaq onların ən böyük qorxusudur. Seçkiyə getmək, hazırda rəhbəri olduqları siyasi partiyadan da getmək anlamına gəlir. Çünki seçkilərə qoşulmaq və oradan məğlubiyyətlə ayrılmaq artıq siyasi partiyada da nüfuzun itirilməsi deməkdir. Bundan əvvəl də onlar bir neçə dəfə seçkiyə qatılıblar. Əli Kərimli ilə bağlı onu demək istərdim ki, o, hələ də partiyada nüfuzunu saxlamaq istəyir. Çünki seçkiyə qatılıb, uduzduqdan sonradan tərəfdarları üzərinə gələcək və "seçkiyə qatılıb, uduzdun, artıq bu partiyaya layiq deyilsən” fikrini səsləndirəcəklər. Buradan ortaya çıxan məntiq ondan ibarətdir ki, Azərbaycan dövlətinin, xalqının maraqları onlar üçün heçdir, lakin şəxsi maraqları öndədir. Onlar partiyanı əldə saxlamaq, siyasi çəkilərini qorumaq üçün xalqla birlikdə olmaqdan imtina yolunu seçirlər”.
R.Nurullayev əlavə etdi ki, seçkiyə qatılmaqdan imtina edən partiyaların, təşkilatların çox hissəsi məhz "müxalifət kreslosu”nu itirməkdən qorxur: "Bu "müxalifət kreslosu” 25 ildən artıqdır ki, onlara xidmət edir. Amma bir insanın 25-30 il müxalifət kürsüsündə qalması qəbul edilən fakt ola bilməz. Buna misal kimi, Fransanı, Amerika Birləşmiş Ştatlarını, İngiltərəni və digər dövlətləri göstərə bilərik. Yəni, onlarda seçkidə bir partiya uduzursa, kifayət qədər onun uğursuz siyasətinin nəticələri varsa, oradakı lider rəhbərlikdən gedir. Ümumiyyətlə, müxalifət partiyasının sədri iki dönəm lider olaraq qalır və seçkidə bu və ya digər səbəbdən uduzursa, partiya sədrliyindən kənara çəkilir, yerinə digər namizəd keçir. Amma əfsuslar olsun ki, Azərbaycan siyasi müxalifətində bu ənənə yoxdur. Bu ənənənin yaradılmasına da maneə törədənlər var. Bax, indi seçkini boykot edənlər həmin o ənənənin yaranmasına maneçilik törədənlərdir. Onlar istəmirlər ki, Fransada, İngiltərədə, ABŞ-da, Almaniyada olan seçki mədəniyyəti Azərbaycanda oturuşsun. Bir partiya sədri seçkidə uduzursa, onun sədri partiyanın sıravi üzvünə çevrilməli və yerinə digəri gəlməlidir. Bax, Azərbaycanda bu ənənənin oturuşmasına imkan vermirlər”.
Prezidentliyə namizədliyi irəli sürülən "Ağ” Partiyanın sədri Tural Abbaslı bildirdi ki, siyasi partiyaların ilk növbədə işi seçkilərdə iştirak etməkdir: "Bununla onlar öz mövqelərini bəyan edir, seçki imkanlarından istifadə edib siyasi platformaları xalqa təqdim olunur və mümkün qədər tərəfdarlarının sayını artıraraq bu və ya digər siyasi nailiyyətlərini artırırlar. "Ağ” Partiya olaraq, məhz buna əsaslanıb prezident seçkilərində iştirak edirik. Yeni formalaşan siyasi təşkilat kimi həm partiyamızı, həm ideologiyamızı, həm də siyasi fiqurlarımızı cəmiyyətə təqdim edəcəyik. Düşünürəm ki, seçkidən imtina edənlər uduzmaq qorxusu ilə üz-üzə qaldıqları üçün bu addımı atırlar. Deyərdim ki, dolayısı ilə əvvəlcədən məğlubiyyətləri ilə barışırlar. Burada söhbət ədalətli və ya ədalətsiz məğlubiyyətdən getmir. Heç bir partiya rəqibindən gözləməməlidir ki, hakimiyyəti rahatlıqla ona təhvil verəcək. Bununla belə, hər hansı siyasi təşkilat rəqibinin siyasi xarakterini nəzərə alaraq, mübarizə aparmalıdır. Seçkidən imtina edənlər, yəqin düşünürlər ki, mövcud hakimiyyətə bu və ya digər formada siyasi rəqabətdə yenə məğlub olacaqlar, daha bir uğursuz tarix yazacaqlar. Ona görə də özlərini sığortalamaq üçün boykot edirlər. Onu da qeyd edim ki, seçkiyə qatılanların qalib gəlib-gəlməyəcəyi də başqa bir müzakirə mövzusudur. Ən azından, qeyd etdiyim kimi, partiyalar hər bir seçkini özünə şans hesab etməlidir və onun yaratdığı şəraitdən istifadə etməyə çalışmalıdır. Bundan imtinanın isə məntiqi yoxdur. Nəzərə alaq ki, bu günə qədər seçki 1998-ci və 2008-ci illərdə bəzi müxalifət partiyaları tərəfindən boykot olunub. Bu qərarın isə istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə heç bir hüquqi, siyasi təsiri olmayıb. Ona görə də aparılan bu müşahidələrə əsasən demək olar ki, boykotun heç bir mənası yoxdur. Odur ki, biz seçkidə iştirak qərarı verdik. Boykot qərarı verənlərin isə öz işidir, lakin biz bunun yanlış olduğunu düşünürük”.
T.Abbaslı əlavə etdi ki, uzun illər eyni partiyalar, eyni platforma ilə seçkilərə qatılıblar və bunun nəticəsi də uğursuz olub: "Nəticənin hansı səbəblərdən uğursuz olduğunu bir kənara qoysaq, görürük ki, faktiki olaraq hakimiyyətə gələ bilməyiblər. İqtidara gələ bilməməkləri isə xalq arasında bunlara inamı daha da zəiflədib. Öz yerlərini də daha gənc, enerjili, mübariz insanlara vermək istəmirlər və bununla da düşünürlər ki, siyasi ömürlərinin uzadacaqlar. Amma əgər məqsəd siyasi ömürlərini uzatmaqdırsa, onda ikiqat həvəslə bu seçkiyə qatılmalıdırlar. Əksinə, seçkidə passiv mövqe tutmaq onların ömrünü daha da qısaldacaq”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər