Uduzacağına əmin olan radikal müxalifətin “boykot” alibisi
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak
edəcək siyasi partiyaların və təşkilatların namizədlərinin adı bəlli olur. Buna
baxmayaraq, müxtəlif bəhanələr irəli sürərək seçkidən imtina edən siyasi
təşkilatlar da mövcuddur. "Boykot” qərarı verən partiyaların ən əsas bəhanəsi
isə hələ seçkiyə hazır olmamalıdır. Halbuki, gecə-gündüz Avropa dəyərlərindən,
seçki mədəniyyətindən danışan həmin partiyalar dünya təcrübəsinə görə,
istənilən siyasi şəraitə hazır olmalı idilər. Lakin aydın olur ki, bu siyasi
qurumlar illərdir ancaq yalan şüarlar səsləndirməkdən başqa heç nə etməyiblər. Bəs, görəsən onların
seçkidən imtina qərarı əslində nə ilə bağlıdır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında prezidentliyə
namizədliyi irəli sürülən Azərbaycan
Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev bildirdi ki, siyasi
partiyalar tərəfindən boykot qərarı doğru deyil və ola da bilməz. Onun
sözlərinə görə, bundan əvvəlki seçkilərdə də siyasi şərait indikindən nahamar
olub, amma həmin siyasi partiyalar seçkidə iştiraka qərar veriblər: "Sadəcə
olaraq, bilirəm ki, seçkilərdə iştirak edib məğlubiyyətə uğramaq, xalqın
inamını qazanmamaq onların ən böyük qorxusudur. Seçkiyə getmək, hazırda rəhbəri
olduqları siyasi partiyadan da getmək anlamına gəlir. Çünki seçkilərə qoşulmaq
və oradan məğlubiyyətlə ayrılmaq artıq siyasi partiyada da nüfuzun itirilməsi
deməkdir. Bundan əvvəl də onlar bir neçə dəfə seçkiyə qatılıblar. Əli Kərimli
ilə bağlı onu demək istərdim ki, o, hələ də partiyada nüfuzunu saxlamaq
istəyir. Çünki seçkiyə qatılıb, uduzduqdan sonradan tərəfdarları üzərinə
gələcək və "seçkiyə qatılıb, uduzdun, artıq bu partiyaya layiq deyilsən”
fikrini səsləndirəcəklər. Buradan ortaya çıxan məntiq ondan ibarətdir ki, Azərbaycan
dövlətinin, xalqının maraqları onlar üçün heçdir, lakin şəxsi maraqları
öndədir. Onlar partiyanı əldə saxlamaq, siyasi çəkilərini qorumaq üçün xalqla
birlikdə olmaqdan imtina yolunu seçirlər”.
R.Nurullayev əlavə etdi ki, seçkiyə qatılmaqdan imtina edən
partiyaların, təşkilatların çox hissəsi məhz "müxalifət kreslosu”nu itirməkdən
qorxur: "Bu "müxalifət kreslosu” 25 ildən artıqdır ki, onlara xidmət edir. Amma
bir insanın 25-30 il müxalifət kürsüsündə qalması qəbul edilən fakt ola bilməz.
Buna misal kimi, Fransanı, Amerika Birləşmiş Ştatlarını, İngiltərəni və digər
dövlətləri göstərə bilərik. Yəni, onlarda seçkidə bir partiya uduzursa, kifayət
qədər onun uğursuz siyasətinin nəticələri varsa, oradakı lider rəhbərlikdən
gedir. Ümumiyyətlə, müxalifət partiyasının sədri iki dönəm lider olaraq qalır
və seçkidə bu və ya digər səbəbdən uduzursa, partiya sədrliyindən kənara
çəkilir, yerinə digər namizəd keçir. Amma əfsuslar olsun ki, Azərbaycan siyasi
müxalifətində bu ənənə yoxdur. Bu ənənənin yaradılmasına da maneə törədənlər
var. Bax, indi seçkini boykot edənlər həmin o ənənənin yaranmasına maneçilik
törədənlərdir. Onlar istəmirlər ki, Fransada, İngiltərədə, ABŞ-da, Almaniyada
olan seçki mədəniyyəti Azərbaycanda oturuşsun. Bir partiya sədri seçkidə
uduzursa, onun sədri partiyanın sıravi üzvünə çevrilməli və yerinə digəri gəlməlidir.
Bax, Azərbaycanda bu ənənənin oturuşmasına imkan vermirlər”.
Prezidentliyə namizədliyi irəli sürülən "Ağ” Partiyanın sədri Tural Abbaslı bildirdi ki, siyasi
partiyaların ilk növbədə işi seçkilərdə iştirak etməkdir: "Bununla onlar öz
mövqelərini bəyan edir, seçki imkanlarından istifadə edib siyasi platformaları
xalqa təqdim olunur və mümkün qədər tərəfdarlarının sayını artıraraq bu və ya
digər siyasi nailiyyətlərini artırırlar. "Ağ” Partiya olaraq, məhz buna
əsaslanıb prezident seçkilərində iştirak edirik. Yeni formalaşan siyasi
təşkilat kimi həm partiyamızı, həm
ideologiyamızı, həm də siyasi fiqurlarımızı cəmiyyətə təqdim edəcəyik.
Düşünürəm ki, seçkidən imtina edənlər uduzmaq qorxusu ilə üz-üzə qaldıqları
üçün bu addımı atırlar. Deyərdim ki, dolayısı ilə əvvəlcədən məğlubiyyətləri
ilə barışırlar. Burada söhbət ədalətli və ya ədalətsiz məğlubiyyətdən getmir.
Heç bir partiya rəqibindən gözləməməlidir ki, hakimiyyəti rahatlıqla ona təhvil
verəcək. Bununla belə, hər hansı siyasi təşkilat rəqibinin siyasi xarakterini
nəzərə alaraq, mübarizə aparmalıdır. Seçkidən imtina edənlər, yəqin düşünürlər
ki, mövcud hakimiyyətə bu və ya digər formada siyasi rəqabətdə yenə məğlub
olacaqlar, daha bir uğursuz tarix yazacaqlar. Ona görə də özlərini sığortalamaq
üçün boykot edirlər. Onu da qeyd edim ki, seçkiyə qatılanların qalib
gəlib-gəlməyəcəyi də başqa bir müzakirə mövzusudur. Ən azından, qeyd etdiyim
kimi, partiyalar hər bir seçkini özünə şans hesab etməlidir və onun yaratdığı
şəraitdən istifadə etməyə çalışmalıdır. Bundan imtinanın isə məntiqi yoxdur. Nəzərə
alaq ki, bu günə qədər seçki 1998-ci və 2008-ci illərdə bəzi müxalifət
partiyaları tərəfindən boykot olunub. Bu qərarın isə istər ölkə daxilində,
istərsə də beynəlxalq aləmdə heç bir hüquqi, siyasi təsiri olmayıb. Ona görə də
aparılan bu müşahidələrə əsasən demək olar ki, boykotun heç bir mənası yoxdur.
Odur ki, biz seçkidə iştirak qərarı verdik. Boykot qərarı verənlərin isə öz
işidir, lakin biz bunun yanlış olduğunu düşünürük”.
T.Abbaslı əlavə etdi ki, uzun illər eyni partiyalar, eyni platforma
ilə seçkilərə qatılıblar və bunun nəticəsi də uğursuz olub: "Nəticənin hansı
səbəblərdən uğursuz olduğunu bir kənara qoysaq, görürük ki, faktiki olaraq
hakimiyyətə gələ bilməyiblər. İqtidara gələ bilməməkləri isə xalq arasında
bunlara inamı daha da zəiflədib. Öz yerlərini də daha gənc, enerjili, mübariz
insanlara vermək istəmirlər və bununla da düşünürlər ki, siyasi ömürlərinin
uzadacaqlar. Amma əgər məqsəd siyasi ömürlərini uzatmaqdırsa, onda ikiqat
həvəslə bu seçkiyə qatılmalıdırlar. Əksinə, seçkidə passiv mövqe tutmaq onların
ömrünü daha da qısaldacaq”.
Bəxtiyar MƏMMƏDLİ