• cümə, 19 Aprel, 21:44
  • Baku Bakı 24°C

Uçuşu əbədi dayanan “məhəbbət göyərçini”

01.05.18 10:00 1334
Uçuşu əbədi dayanan “məhəbbət göyərçini”
Sovet kinosunun tarixində «Məhəbbət və göyərçinlər» filmində yaratdığı parlaq qadın obrazına görə sevilən aktrisa Nina Doroşina ömrünün 84-cü ilində vəfat edib. Onu çalışdığı teatrın "əfsanəsi” adlandırırdılar. Doroşina ömrünün 55 ilini bu teatra həsr etmişdi. Nina Doroşina çoxdan idi ki, teatrda görünmürdü, payızda isə Oleq Yefremovun 90 illiyi ərəfəsində onun qəbri üstünə belə gedə bilməmişdi. «Sovremennik»in bütün kollektivi yaradıcı insana baş əyməyə gəlmişdi. Yefremov ilə onu təkcə incəsənət yox, həm də böyük məhəbbət bağlayırdı. Gənclikdə aralarında qığılcımlar parlayırdı. Yefremovun acığına, Oleq Dala ərə getmişdi. Hərçənd ailə birliyi sayılı günlər çəkdi, sonradan onlar yaxşı dost kimi qalmağı bacardılar. "Mən 9-cu sinifdə oxuyanda ilk dəfə Oleq Yefremovun iştirakı ilə tamaşaya baxdım və onu dəlicəsinə sevdim. Sonra «Birinci eşalon» filminə çəkiləndə artıq onunla şəxsən görüşdüm. Aramızda ehtiraslı macəra baş verdi. Bu, xoşbəxt sonluqla bitməyən macəra idi. Yefremovun mənə qədər çoxlu macəraları olmuşdu. O, bir neçə dəfə evlənmişdi. Oleq qadınların arxasınca gəzirdi, amma həmişə mənim yanıma gəlirdi. Mən onu həmişə gözləyirdim. Baxmayaraq ki, mənim də həyatımda başqa macəralar, iki evlilik vardı, amma mən onu sevirdim. Təbii ki, o da mənə laqeyd deyildi. Biz tez-tez mübahisə edir, ayrılır, birləşirdik. Mən bəzən ağlayır və özümə söz verirdim ki, daha ona tərəf baxmayacağam. Sonra yenidən məşq başlayır, Oleq rejissor kürsüsündə oturur və hər şey öz-özünə unudulurdu. Bir dəfə biz Krım yaxınlığında qastrolda olarkən mübahisə etdik. Mən rəfiqələrimlə bir neçə badə çaxır içdim və dənizə tərəf qaçdım. Bəzən içkili adamların heç nə vecinə gəlmir. Mən çimməyə qərar verdim. Hava qaranlıq idi. Bir qədər irəli üzdüm. Bir də gördüm ki, sahil görünmür, qışqırdım. Həmin vaxt çimərlikdə teatrın cavan aktyorları istirahət edirdilər. Onlar da yüngülcə içmişdilər və qışqırığı eşidib «kim onu xilas edəcəksə, onunla evlənəcək» qərarını verib, dənizə girirlər. Taleyə bax, məni Oleq Dal xilas etdi. O, sonradan mənə etiraf etdi ki, həmişə mənimlə evlənmək arzusunda olub. O, məni otağıma gətirdi və səhərəcən yanımda qaldı. Səhəri isə o, vicdanlı adam kimi nikaha yollandı. Mənim qəlbimi qisas hissi yandırırdı. Mən onunla razılaşdım - biz evləndik. Bütün «Sovremennik» toya gəldi. Sonra mənə dedilər ki, Efremov mətbəxdə əsəbiliklə siqaret çəkir və həddən artıq içirdi. Sonra o, məclisə gəlib mənə yaxınlaşdı: «Əgər məni sevirdinsə, ona niyə ərə getdin?» deyib qarşımda diz çökdü. Dəhşətli qalmaqal qopdu. Oleq Dal özünü öldürəcəyi ilə hədələdi. Mən iki kişi arasında qalmışdım. Amma məhəbbət qalib gəldi. Oleq Dalla ayrılıq tədricən yaxınlaşdı...”

Sonra aktrisa Vladimir İşkovla ailə qurdu. İşkov «Sovremennik»də işıqçı işləyirdi. Onlar 20 il xoşbəxt ailə həyatı sürdülər. 2004-cü ildə isə Nina Mixaylovna dul qaldı.

İşkovun ölümündən sonra teatrı n peşə məktəbinin tələbələri ona ailəsini əvəz etdi.
Kəndçi Nadyuxa
N.Doroşina «Sovremennik» teatrının fəaliyyətə başladığı illərdən orada çalışırdı. Teatrda xidmətlərinə görə, 1985-ci ildə RSFSR-in Xalq artisti adını almışdı. 60-cı illərə qədər tez-tez kinoya çəkilir və bir çox parlaq rolları var idi. «Ağılsız gün», «İlk trolleybus», «İnsan doğulacaq», «Təkrarolunmaz bahar», «Onlar yolda rastlaşdılar», «Körpü tikilir» və s. filmlərdəki rolları onu tamaşaçılara sevdirmişdi. 1966-cı ildə isə aktrisa 5 filmdə çəkilmişdi. Bu filmlərdən ən seviləni «Məhəbbət və göyərçinlər» idi.

Yumru sifətli, al yanaqlı Nadyuxanı kim tanımır? Bu yaxınlarda "Facebookda” «Məhəbbət və göyərçinlər» filmindən kadr qoyulmuşdu. «Vogue» jurnalı onun bu filmdə yaratdığı Nadyuxa obrazına kəndçi qızı qiyafəsindəki şəklini əlavə etmişdi. «Nadejdanın əynində: Orijinal düyməli qabardin geyimi olan «Berberri» – 145 min rubl, «Aleksandr Vonq» retuzu – 8946, çanta – «Birkin»… Bu hadisəyə özü də gülərdi. O, gənclərlə işləsə də, təravətini itirməmişdi. Gözləri parıldayır, zarafat edir, gülümsəyirdi.

40 yaşlarında Nina Doroşina susqunlaşdı, amma qocalmadı. Çox aktrisalar bunu bacarırlar. Amma bizim yadımızdadır ki, «Məhəbbət və göyərçinlər» filmindəki Nadyuxa həyat yoldaşından 10 yaş böyük idi. Bu heç də hiss olunmurdu. Tamaşaçılar sonra bizi "evləndirmişdilər” deyə aktrisa xatırlayırdı: "Ancaq sevgi yalnız ekranda idi. Mən Mixaylovdan düz 10 il böyük idim. Çəkiliş zamanı onun 38, mənim isə 48 yaşım var idi. Qorxurdum ki, yaş fərqimiz çox hiss olunacaq. Ancaq çəkiliş üçün onu qocaltdılar. Demək olar ki, onun bütün gözəlliyini korladılar. Ona görə də biz ekranda həmyaşıd görünürdük”.

Aktrisa çəkildiyi çoxsaylı filmlərdən söz düşəndə daha çox "Məhəbbət və göyərçinlər”i xatırlayırdı. Bu il həmin filmin ekranlara çıxmasının 34-cü ili tamam olur. Filmə baxan tamaşaçılar ürəkdən inanırdılar ki, onların qarşısındakı ömrü boyu kənd həyatı yaşayan qadındır. Əslində isə onların qarşısındakı Çexovun, Qorkinin, Heminqueyin, Şvarsın və Şekspirin yazdıqları pyeslərinin tamaşasında oynamış elitar, ağıllı aktrisa idi. "Film çox adamları cəlb edirdi. Çünki film onların həyatından idi. İnsanlar məni küçədə görəndə «Lyudk! A Lyudk!» deyirdilər. Filmin finalının necə çəkildiyini xatırlayıram” deyən aktrisa onu məşhurlaşdıran film haqqında danışırdı: "Həmin səhnələr Kareliyada çəkilib. Payızın axırları idi. Amma çəkilən süjetdə yay idi. Belə bir epizod çəkmək lazım idi: mənim qəhrəmanım əri ilə barışıb və sarafan paltarda görüşə gəlir. İş elə gətirdi ki, həmin vaxt Kareliyada qar yağdı, hava soyudu, ağacların yarpaqları saraldı. Çəkiliş qrupunun əməkdaşları qarı dağıtdılar, ağacların yarpaqlarını yaşıl rənglədilər. Mixaylovla sərt qışın soyuğunda sevgi səhnəsinə çəkildik. Hə, film bizə şöhrət gətirdi. Bu, mənim ürəyimcə olan film idi. Rol da mənə çox yaxın idi. Ümumiyyətlə, mənə və bütün aktrisalara sevgi qəhrəmanlarını oynamaq xoş gəlir. Ona görə də öz qəhrəmanım Nadejdanı sevirəm. Ən maraqlısı o idi ki, film ekranlara çıxandan sonra sadə kənd qadınını bütün tamaşaçılar sevdi. Bu rol ərinin xəyanəti ilə üzləşən milyonlarla qadının taleyi idi”.
Teatrın «dirəkləri» o dünyaya köçür

"Komsomolskaya pravda” radiosuna müsahibəsində filmin rejissoru Vladimir Menşov aktrisanı Vladimir Qurkinin «Məhəbbət və göyərçinlər» tamaşasında - «Sovremennik» teatrının səhnəsində müşahidə etdiyini xatırlayır: "O, bundan əvvəl də gözəl aktrisa idi. Doroşina bir ana kimi «Sovremennik»in bünövrəsini qoymuşdu, bütün tamaşalarda oynayırdı. Amma «Məhəbbət və göyərçinlər» tamaşası onun «pik saatı» olmuşdu. Bu vaxt o çox əzəmətli görünürdü. Bu aktyorluq işindən daha çox - yeni insanın, yeni qəhrəmanın anadan olması idi və eyni zamanda, bu ənənələrlə sırf bağlı idi. O, rus qadınını yaradırdı və bu zaman biz səhnəyə baxıb öz anamızı, xalalarımızı, bibilərimizi xatırlayırdıq”. Rejissor Doroşinanın ölümümü böyük kədərlə qarşılayıb: "Məhəbbət və göyərçinlər” filmi üzərində işlədiyim zamanlar əvvəlcə çəkilişə teatrdan heç kimi götürmək istəmirdim. Amma Nadyuxa roluna adam axtardığım zaman gözlərimin önündən Ninanın manerası, danışıqları gəlib keçirdi. Qısası, özümlə mübarizə apara bilmədim. Onu bu rola təsdiq etdim və bu, düzgün qərar idi. Nina rolun üzərində dəlicəsinə, yorulmadan işləyirdi. Təəssüflər olsun ki, teatrımızın «dirəkləri» o dünyaya köçürlər və onları həmişəlik itiririk. Onlara bərabər tutulacaq heç kimi görmürəm və bu, məni təəssüfləndirir… "

Həmin məşhur filmdə Doroşinanın tərəf-müqabili Aleksandr Mixaylov kədərini gizlətmir: "Nina ilə tərəf-müqabil olmaq zövqverici idi. Onun haqqında insafsızcasına danışa bilmərəm – o, daha çox çəkilə bilərdi. Hər zaman işləmək istəyirdi. Onun səhnə üçün güclü enerjisi var idi. İnsanları və heyvanları sevirdi. Ninanın sevimli pişiyi öləndə çox kədərlənmişdi. Bax, bu, insan ürəyi idi… O unikal aktrisa idi, incəsənətə unikal gəlişi, unikal teatr həyatı və həm də kinematoqrafiyası vardı. İtki çox ağırdır. Onunla birgə filmdə tərəf-müqabili olaraq çəkilməyim taleyin mənə hədiyyəsi idi. «Məhəbbət və göyərçinlər» filmi indiyə kimi hamının sevə-sevə xatırladığı filmdir. Nina orada təkrarsız idi”.

Xalq artisti Valentin Qaft isə Nina Mixaylovnanın «Sovremennik» teatrındakı işini xatırlayır: "Nina çox xeyirxah insan idi. O, hamını xoşbəxt etmək, sevindirmək istəyirdi. Teatrı çox sevdiyindən burada onun qeyri-adi ürəyə malik olması, qəlbi, cazibəsi ifadə edilirdi. Çox böyük itkidir. Mənim onunla çəkilməyim taleyin qisməti idi. «Məhəbbət və göyərçinlər»də Nina birinci nömrə idi, bu, şübhəsizdir. Tamaşaçılar onu sevirdilər. İnsanların qəlbini qazanmaq isə heç də asan iş deyil. O, unikal şəxsiyyət və aktrisa idi”.
83 yaşında gənc qadın obrazını yaratmaq...
N.Doroşina 83 yaşlarına qədər gənc qızları canlandırırdı. «Sovremennik» teatrının dustaqlar haqqında hazırladığı «Sərt marşrut» tamaşasında Doroşina mühafizəçi ilə işvəli davranan gənc qadın Fisı rolunu müvəffəqiyyətlə oynamışdı.

«Çətinlik çəkmədən, qız uşağı kimi nazlı-qəmzəli, hətta səsi belə dəyişməmişdi. Tamaşaçılar da təbii olmayan heç nə hiss etməmişdilər» deyən teatr tənqidçisi Fakir Muslim xatırlayır: «Mən qarşımda 83 yaşlı qarını yox, gənc qızı gördüyümə görə, onun gözlərinin necə parıldamasına və danışığına heyran olmuşdum. Bu sənətin sirri yalnız aktyorlara bəllidir».

Son vaxtlar Nina Mixaylovna ağır xəstələnmişdi. Ayaq ağrılarından şikayət edirdi: «Tamam ayaqdan kəsilmişəm» deyirdi. Tez-tez xəstəxanada yatırdı və nazla şikayətlənirdi: «Nəyə görə yanıma heç kim gəlmir?» Nina Doroşinanın övladı olmamışdı, doğmalarından qardaşı və onun qızı idi ki, onlar da onu diqqətdən kənar qoymurdular. Hələ keçən yay aktrisanın vəziyyəti ağırlaşdığı vaxt, Olesya bibisini diqqətdən kənar qoymayacağına and içmişdi. Nina Mixaylovna xəstəxananı heç sevmirdi. Evdə müalicə olunmağa üstünlük verirdi. Axır günlər aktrisa ürək ağrılarından şikayət edərək, tez-tez təcili yardım çağırırdı, amma xəstəxanaya getməkdən imtina edirdi və düşünürdü ki, ürək tutmalarına yalnız doğma divarlar arasında üstün gələ bilər. Amma alınmadı - aprelin 21-də aktrisa dünyasını dəyişdi...
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər