• cümə, 29 Mart, 12:53
  • Baku Bakı 14°C

Uçuq divarlarda sənət yaradan gənclik - Reportaj

01.05.15 06:02 3514
Uçuq divarlarda sənət yaradan gənclik - Reportaj
Paytaxtın xüsusilə dar küçələrində divarlara çəkilən heyrətamiz şəkillərlə yəqin ki, çoxunuz rastlaşmısınız. Graffiti adlandırılan divarlar üzərində rəsmlər çəkmə üsulu bir sıra ölkələrdə artıq incəsənətin bir növü kimi tanınır. Graffitidən insanlar əsasən öz fikirlərini azad şəkildə cəmiyyətə çatdırmaq üçün istifadə edirlər.
Hazırda Azərbaycanda küçə sənəti geniş yayılmasa da, bununla məşğul olan gənclər az deyil. Dar küçələrdə rastlaşdığımız heyrətamiz şəkillər məhz belə gənclərin əl işləridir.
Kreativ gənclərlə söhbətləşmək üçün Nəriman Nərimanov metrosu yaxınlığında, dəmir yol xətti olan əraziyə yollanırıq. Əl işlərini uçuq divarlara zövqlə həkk edən gənclərlə söhbətləşmək üçün...
Məlum olur ki, Bakıda graffitini komanda şəklində fəaliyyət göstərən bir qrup gənc həyata keçirir. Qeyri-adi düşüncə tərzinə və istedada malik olan gənclər deyir ki, onlar beyinlərinin məhsulunu dağılmış divarlara həkk edirlər. Üstəlik, bu gənclər burada heç bir qazanc məqsədi güdmür. Özlərinin maliyyəsi hesabına aldığı boya spreylərlə sənətlərini nümayiç erdirirlər.
“Şəkillərlə qurduğum ünsiyyət”
Müəyyən hərflər və simvollarla işləyən Əfsər Ələkbərli deyir ki, artıq 5 ilə yaxındır graffiti ilə məşğuldur. Onun uşaqlıqdan rəssamlığa meyli olub və hələ məktəb illərində müxtəlif stildə hərflər, komik personajlar çəkib. Graffitiyə isə 10-cu sinifdən başlayıb. Əfsər deyir ki, onlar heç bir maddi yardım güdmədən sənət əsərlərini nümayiş etdirirlər: “Azərbaycanda bu işi görə bilən 4-5 nəfər gənc var. Bu sənət növü ölkəmizdə inkişaf etməyib”.
Həmsöhbətimiz düşünür ki, graffiti sənətində istedad o qədər də önəmli deyil: “İstedad sadəcə, köməkçi faktor ola bilər. Burada əsas sənin bu sənətə sevgin, özünü ifadə tərzindir. Graffiti özümü rahat hiss etdiyim incəsənət növüdür. Bu sənət mənə fikir azadlığı verir. Öz fikirlərimin şəklini sərbəst şəkildə divara çəkirəm. Graffiti mənim üçün şəhərdə heç vaxt rastlaşmadığım və rastlaşmayacağım fərqli ünsiyyət formasıdır. Bu mənim şəkillərlə qurduğum ünsiyyətdir”.
Gecə rəssamları
Divarları rəngləmək qanunla qadağan olduğu üçün gənclər fikirlərini ifadə etməkdə çətinliklərlə də üzləşirlər. Onlar deyir ki, bu sənət xaricdə də qanunsuz şəkildə inkişaf edir və əgər kiminsə şəxsi mülkünə zərər vurulursa, cərimələnirlər. Bu səbəbdən graffiti ustaları daha çox gecələr dar küçələrdə, dağıntı olan ərazilərdə ağ divarlara şəkillər çəkirlər.
Əfsərin şikayətçi olduğu əsas məqamlardan biri belə gənclərin insanlar tərəfindən vəhşi, vandal kimi tanınmasıdır: “Bu, dünyada inkişaf etmiş sənət növüdür. Bəzən kənardan bizi başa düşməyib vandal adlandıranlar da olur. Bu, düzgün yanaşma deyil. Biz öz incəsənətimizi yaratmaq, insanlara öz ideyalarımızı ötürmək, street-artın (küçə sənəti) intellektual tərəfini təqdim etmək istəyirik. Bir işi ərsəyə gətirmək üçün hər birimiz iki-üç saat işləyirik, sonda meydana gələn rəsm bahalı muzeylərdə sərgilənənlərdən heç də geri qalmır”.
“Bu sənət sərhəd tanımır”
Komandanın digər üzvü Azər Məmmədli fərqli ixtisas üzrə təhsil alsa da, o da uşaqlıqdan rəssamlıqla məşğuldur. Əvvəllər bu sənətə hobbi kimi baxsa da, artıq küçə sənəti həyat tərzinə çevrilib: “Əvvəllər bu işə hobbi kimi baxırdım, onunla yalnız boş vaxt tapanda məşğul olurdum. Sonralar bu iş mənim həyat tərzimə çevrildi. Əslində, mən başqa şəkillər də çəkirəm, amma graffitiyə daha çox öyrəşmişəm”.
Azər düşünür ki, küçə sənəti sərhəd tanımır: “Grafitti istedad tələb etmir. O, sərhəd tanımır. Yeganə lazım olan şey öz sərhədlərini məhdudlaşdırmayıb, çərçivələri aşmaqdır. Öz üzərində işləyib çoxsaylı sketçlər hazırlamaq lazımdır. Əvvəl-axır nəsə alınacaq. İstedada ehtiyac yoxdur, əsas qorxulardan qurtulmaq lazımdır. Gördüyümüz iş rəssamlıq qabiliyyəti ilə bağlı deyil, daha çox daxilimizi divarlara köçürməkdir. Bu elə bir incəsənət növüdür ki, sənin özünü əks etdirmək istəyin, arzun kifayətdir”.
Küçə sənəti şəhər əhalisi tərəfindən birmənalı qarşılanmır. Kimisi onları dəli adlandırır, kimisi isə maraqlanıb hətta şəkil belə çəkdirir. Lakin onlar aqressiv insanlara da rast gəlir və ərazidən qovulurlar.
Gənclər deyir ki, artıq 4-5 ildir ki, graffiti ilə yatır, onunla oyanır, onunla yaşayırlar. Əsas məqsədləri isə bu sənəti ölkəmizdə tanıtmaqdır.
Graffitinin tarixi
Qeyd edək ki, graffitinin tarixinin keçmişə, mağara divarlarına çəkilən şəkillər səbəbi ilə, 4- cü əsr dövrlərinə söykəndiyi deyilir. Köhnə Misir dövründə insanların keçdikləri yerlərdəki divar və qayalara buraxdıqları müxtəlif şəkil və yazılardan ibarət olan mesajlar, graffitinin ilk addımları sayılsa da, graffitinin ictimai olaraq fəaliyyətə başladığı dövr II Dünya Müharibəsi illərinə təsadüf edir. O zaman Almaniyanı Şərq və Qərb şəklində ikiyə bölən Berlin Divarının hər iki yanı protest edənlər tərəfindən rənglənərək, yazı və şüarlarla bəzənmişdi.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər