• şənbə, 20 Aprel, 01:28
  • Baku Bakı 15°C

Ucqar kəndlərə kitab paylayan tələbə qız

11.04.17 13:51 3409
Ucqar kəndlərə kitab paylayan tələbə qız
"3 qutu rəngli karandaşımız var idi. Artıq uşaqlara paylayıb bitirmişdik. Uşaqlardan biri dedi ki, mən də istəyirəm. Necə ağlayırdı… Ürəyim parça-parça oldu. Nisbətən böyük uşaqdan xahiş etdim ki, sən karandaşını ona ver, mən sənə gələn dəfə gələndə gətirərəm. Amma mümkün olmadı. Ürəyim o karandaş istəyən uşağın yanında qaldı”.
Bu sözlərin müəllifi Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər fakültəsinin III kurs, SABAH qrupu tələbəsi Nigar Nuriyevadır. Nigar şəxsi hesabına maraqlı layihə həyata keçirir. O, tələbə yoldaşları ilə Quba rayonunun Xanəgah kəndində təhsil alan şagirdlər üçün onların əldə etməyə çətinlik çəkdiyi tədris vasitələrini toplayaraq, məktəblilərə pulsuz paylayıb.

"400 kitab payladıq”

Deyir ki, bəzən kəndlərdə elə istedadlı, savadlı şagirdlər olur ki, ailəsinin imkansızlığına görə təhsil ala bilmir. Onun məqsədi belə uşaqları bir yerə toplamaq və onlara təhsil sahəsində maddi yardım göstərməkdir: "Hər kəsin evində heç olmasa bir kitab olur və bu da böyük bir maddi xərc tələb etmir. Ona görə düşündüm ki, bundan başlasaq, daha çox insanların diqqətini çəkərik. Həqiqətən də belə oldu. Bu layihə zamanı 400-ə yaxın kitab, test, abituriyentlər üçün hazırlıq kitabları tələbələr tərəfindən Xanəgah məktəbliləri üçün qısa müddətdə yığılıb. Layihəni həyata keçirməkdə əsas məqsəd potensiallı, lakin maddi sıxıntılar səbəbindən təhsil prosesində çətinliklər yaşayan məktəblilərə dəstək olmaqdır. Bunun üçün "instaqram”da səhifə yaratdım. Öz hesabıma svide-reklam düzəltdim. "Charity who needs” səhifəsi vasitəsilə gənclərə müraciət etdim və kitab toplamağa başladıq”.
Nigar deyir ki, əsasən rəngli jurnallar, məktəb kitabları, qələm, karandaşlar və daha çox ingilis dili kitabları yığılmışdı: "Təəssüfləndiyim məqam kənddə ingilis dili müəlliminin olmamağı idi. Uşaqların heç birinin ingilis-dilindən məlumatı yoxdur. Bizim gələcəyimiz üçün ingilis dilini bilməmiz vacibdir”.

"Onları sevindirəcəyəm”

Növbəti layihəsindən danışan müsahibimiz deyir ki, ikinci səfərlərində uşaqların öz istədiklərini alıb aparacaqlar: "Uşaqlara kitab payladıqdan sonra onların istəklərini də soruşduq. Daha çox nağıl kitablarına tələbat var idi. Uşaqlardan biri köynək, biri ağ ayaqqabı, biri cins şalvar, digəri çanta istəyir. O videoları paylaşacağam. İstəklər toplandıqdan sonra onları sevindirməyə gedəcəyəm”.

"Bu sevincin qarşılığı yoxdur”

Bütün layihəni öz hesabına həyata keçirən həmsöhbətimiz deyir ki, ən böyük qazancı uşaqların simasındakı sevinci görməkdir: "Bəzi insanlar var ki, oxumaq istəsə də, imkanı çatmır ki, gedib özünə lazım olan kitabları ala bilsin. Düzdür, dövlət ehtiyacı olanlar üçün yardım edir. Amma biz insanlar da dövlətə dəstək olmalıyıq. İnanın, uşaqlar kitabı əllərinə alanda o qədər sevinirdilər ki… Bu sevincin qarşılığı yoxdur”.

"Abituriyent hazırlaşdıracağam”

Gələcəkdə qeyri-hökümət təşkilatı kimi fəaliyyət göstərməyi planlaşdıran Nigar deyir ki, kiçik layihələrlə kifayətlənmək istəmir: "Hazırda mənim məqsədim sırf kömək etməkdir. Sonra yavaş-yavaş uşaq evlərindəki uşaqlara maddi yardım göstərmək istəyirəm. Elə bir təşkilat qurmalıyam ki, pul çox yığılsın və mən bunun hesabına universitetə abituriyentləri pulsuz hazırlaşdıra bilim. Hansı ki, onların maddi vəsaiti çatmır ki, özləri hazırlığa getsinlər. Yaxud da bəzi tələbələr ödənişli əsaslarla qəbul olur, lakin ödəyə bilmədiyi üçün universiteti tərk etmək məcburiyyətində qalırlar. Belə tələbələrin təhsil haqqını biz gənclər ödəyə bilərik. 8-10 min insanı ətrafımıza toplaya bilsək və hər biri 1 manat yardım etsə, biz çox şey edə bilərik”.
Müsahibimiz düşünür ki, çətin şəraitdə yaşayan insanların təhsil almaq, karyera qurmaq həvəsi digərlərindən çox olur: "Çünki elə bir şərait görürlər ki, o şəraitdən çıxmaq üçün hər şeyə qadir olurlar. Mən də istəyirəm ki, onlara dəstək olum, arxalarında kiminsə durduğunu bilsinlər. Tək arzum onlara "təki sən oxu, qalan hər şeyi mən təşkil edəcəyəm” deyə bilməkdir.

O qədər pul xərcləyirik ki…

Sonda gənclərə müraciət edən müsahibimiz bildirdi ki, gənclər onların komandalarına qoşulub, ölkənin gələcəyi üçün birlikdə addımlamalıdırlar: "Bəzən boş yerə o qədər pul xərcləyirik ki… Hər ay heç olmasa, az bir miqdarda vəsait ayırıb, dəstək ola bilərlər. Sənin də bu yaxşılıqda bir rolun olsun. İstər-istəməz insan özü də bir rahatlıq tapır. Yaxşılıq etmək insanı paklaşdırır, pis vərdişlərdən uzaqlaşdırır. Kim gələcəyimizə dəstək olmaq istəyirsə, onları öz aramızda gözləyirik. Mənə qoşulmasalar belə, özləri istifadə etmədikləri kitabları yığıb hansısa ucqar kənddə uşaqları sevindirə bilərlər”.
Nigar düşünür ki, gələcəkdə tələbə adını qazanıb ölkəmizin tarixində böyük rol oynaya biləcək uşaqlara dəstək olmaq hər bir azərbaycanlının vəzifəsidir.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər