• şənbə, 20 Aprel, 04:03
  • Baku Bakı 15°C

Ucqar kənd məktəbində müəllim işləyən gənc

22.12.17 12:30 3580
Ucqar kənd məktəbində müəllim işləyən gənc
Çox qısa müddət ərzində ucqar kəndin çətinliklərinə sinə gərməyi bacarıb. Deyir ki, səbir və inamla bütün çətinliklərin öhdəsindən gəlmək olar. Əsas olan özünə inanmağı bacarmaqdır. Bu iki bacarıq sayəsində insanın edə bilməyəcəyi heç nə yoxdur. Düşünür ki, insan özünü əvvəlcədən çətinliyə hazırlamalıdır ki, sonradan gözü qorxmasın. Bu prinsipləri öz həyatında tətbiq edən müsahibimiz Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbinin müəllimi Ehtiram Safquliyevdir.

Qeyd edək ki, E.Safquliyev 1993-cü ildə Zaqatala rayonunun Muğanlı kəndində anadan olub. 2001-ci ilə elə həmin kənddə orta məktəbə gedib, 2011-ci ildə orta məktəbi başa vurur və qəbul imtahanında 508 bal toplayaraq Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin coğrafiya müəllimliyi ixtisasına qəbul olur. 2015-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollanır. Hərbi xidmətini də başa vurduqdan sonra ixtisası üzrə işləməyə qərar verir. Elə bu məqsədlə 2017-ci ilin avqust ayında Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı keçirdiyi imtahanda 52 bal toplayaraq Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbində müəllim işləmək hüququ qazanır. Təxminən dörd aydır ki, həmin məktəbin coğrafiya müəllimidir.

Həmsöhbətim deyir ki, onun müəllim olmasını daha çox ailəsi istəyib: "Düzünü desəm, müəllim olmağımı ilk olaraq ailəm istəmişdi. Elə ixtisas seçimi ərəfəsində məni bu yola onlar istiqamətləndirdilər. Nədənsə, mən də onlarla razılaşdım. İkinci-üçüncü kurslarda oxuyanda isə məndə müəllim işləmək üçün güclü bir istək, həvəs yarandı. Bu işdə universitet müəllimlərimin və o zamanlar ətrafımda olan insanların rolu böyük olub. Elə mənim də içimdə "sən müəllim olmalısan” kimi bir hiss vardı. Elə hər şey ondan sonra başladı”.

Ehtiram müəllim deyir ki, bu peşə heç də kənardan göründüyü qədər asan deyil: "Ucqar kəndi seçməkdə məqsədim o yerlərdə bizlərə - gənclərə ehtiyacın olmasıdır. Hiss edirəm ki, gənclər getdiyi yerlərə yeni nəfəs gətirir. Onlar fərqlilik yaratmağı bacarır. Mən də bura gəlməzdən əvvəl çalışacağım məktəbdə nə isə maraqlı işlər görəcəyimi, fərqli ab-hava yaradacağımı düşünərək getmişdim. Bu təhsil ocağına hər hansı bir işimlə töhfə verə biləcəyimi düşünmüşdüm. Amma bu, göründüyü qədər də asan bir iş deyil. Deyərdim ki, ümumiyyətlə, bu işin asan tərəfi yoxdur. Mənə elə gəlir ki, dünyada ən çətin işlərdən biri insanla işləməkdir. Müəllim də uşaqlarla işləyir. Biz müəllimlər təkcə şagirdlərimizin təhsili ilə məşğul olmuruq. Həm də çalışırıq ki, uşaqların təlim-tərbiyəsi ilə maraqlanaq, onları bir növ, həyata hazırlaya bilək. Çünki müəllim öz şagirdlərinin gözündə bir nümunə, örnəkdir. Ona görə də, çalışmalısan ki, təlim prosesində maksimum şəkildə səhvsiz işləyəsən. Əgər səhv etsən, bu, şagirdin psixologiyasında sarsılmaz iz qoya bilər”.

Həmsöhbətimiz deyir ki, çətinliklərə əvvəlcədən özünü psixoloji olaraq hazırlayıbmış: "Düzü, çətinliklərə əvvəlcədən tam hazır idim. Daha doğrusu, özümü psixoloji olaraq hazırlayırdım ki, sonradan bu, mənə sarsıntı yaşatmasın. Mən özüm də bu bölgənin insanı olduğum üçün, bu yerlərin çətinliklərinə bir növ əvvəldən bələd idim. Ona görə də xüsusi bir problem yaşamadım. Əksinə, daha tez uyğunlaşdım desəm, doğru olar. Çünki öz rayonuma bağlı bir insanam. Öyrəndiklərimi məhz burada tətbiq etmək mənim arzum olub. Şükürlər olsun ki, buna da nail ola bildim. Həm də düşünürdüm ki, rayonumuzda təhsilin inkişafına töhfə verə bilərəm. Bu duyğu və düşüncə ilə gəlib buralara çatdım”.

Ehtiram müəllim dərs dediyi orta məktəbin şəraitindən razı olduğunu bildirdi: "Burada hər şey normaldır. Dediyim kimi, artıq mən hər şeyə öyrəşmişəm. Məktəbimiz tədris vəsaitləri il təmin olunub. Şükürlər olsun ki, elə bir ciddi çətinliyimiz yoxdur. Düzdür, hərdən xırda çatışmazlıqlar olur, onların da yaxın günlərdə aradan qaldırılacağına ümid edirəm. Artıq məktəbin kollektivinə də yavaş-yavaş öyrəşməyə başlamışam. Düşünürəm ki, burada olduğum qısa müddət ərzində şagirdlərimin etimadını müəyyən qədər də olsa, doğrulda bilmişəm. Şagirdlərim də məni təkcə müəllim kimi yox, özlərinə dost, yoldaş olaraq görürlər. Onlara ilk gəldiyim gündən yaxın olmağa çalışmışam. Onlardan da eyni şeyi gözləyirəm. İndi əksər şagirdim çəkinmədən mənə yaxınlaşıb özlərinə maraqlı olan mövzuda soruşurlar, sərbəst şəkildə fikirlərini bildirirlər. Mənim tərzimi, dərs metodumun necə olduğunu bilirlər. Çalışırlar ki, dərslərə də daim hazırlıqlı gəlsinlər. Bu isə məni həqiqətən sevindirir. Çünki artıq əziyyətimin nəticəsini görməyə başlamışam”.


Müsahibim deyir ki, yaxın illərdə burada qalmağı planlaşdırır: "Düzdür, çox az bir müddət olsa da, mən özümü bu kəndə, bu insanlara bağlanmış kimi hiss edirəm. Eləcə də burada mənə ehtiyacın olduğunu hiss edirəm. Gələcəkdə isə nələrin baş verəcəyini bilmək olmaz. Gələcəkdə Zaqatala rayonunun təhsilinə əlimdən gəldiyi qədər töhfələr vermək istəyirəm. İstəyim direktor olmaqdır. Bildiyiniz kimi, direktor olmaq üçün 5 ilə qədər pedaqoji stajım olmalıdır. Odur ki, bu illərdən maksimum dərəcədə yararlanmağa çalışacağam. Növbəti illərdə də yenilikləri öyrənib məktəbimizdə tətbiq etməyi planlaşdırıram. Çünki burada təhsilə, elmə böyük maraq var. Məni ən çox təəccübləndirən məsələ isə ucqar kənd yeri olmasına baxmayaraq, valideynlərin burada övladları ilə ciddi şəkildə maraqlanması, tez-tez dərslərdə iştirak etməsidir. Bu amil mənim ilk gəldiyim vaxtlardan bəri çox diqqətimi çəkdi və düşünürəm ki, çox təqdirəlayiq haldır”.

Gənc müəllim Zaqatalada olduğu müddət ərzində başına gələn maraqlı bir əhvalatı da bizimlə bölüşdü: "Bir dəfə dərsə gecikirdim. Həmin günü marşruta gecikmişdim. Yoldan ötən maşınlardan biri ilə getməli oldum. Məktəbə çatan kimi ani olaraq tez gedib sinfə girdim. Hər kəs qəribə halda mənə tərəf baxdı. Dərs yenicə başlayıbmış. Bir də gördüm ki, sinifdə başqa müəllim var. Həmin vaxt anladım ki, tələsdiyim üçün yanlış sinfə girmişəm. Sonradan vəziyyəti düzəltdik”.
Sonda Ehtiram ucqar kəndlərə müəllim kimi getmək istəyənlərə öz tövsiyələrini də verdi: "Möhkəm və səbirli olsunlar. Şəraitə uyğunlaşdıqdan sonra işlər gec-tez yoluna düşəcək. Düzdür, getməzdən əvvəl onları bir çox problemlər narahat edir. Bu təbiidir. Əsas olan yalnız işini sevmək, öz yoluna inamla davam etməyi bacarmaqdır. Bunu edə bildikdən sonra hər şey asandır. İnanın ki, gənclərə ucqarlarda çox böyük ehtiyac vardır. Onlar bu təhsil ocaqlarında yeni nəfəsdir. Orada yaşayanların da təhsil almaq hüququ var. Biz də bu işdə onlara yardım etməliyik. Çünki bu, bizim ən müqəddəs borcumuzdur”.

Şəbnəm Mehdizadə








banner

Oxşar Xəbərlər