• cümə, 29 Mart, 03:51
  • Baku Bakı 7°C

Uçot dərəcəsinin qaldırılması kredit təklifini məhdudlaşdırmayacaq

15.09.16 14:24 1213
Uçot dərəcəsinin qaldırılması kredit təklifini məhdudlaşdırmayacaq
Avqustun əvvəlində Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 7-dən 9,5 faizə qaldırdı. Ötən gündən etibarən isə uçot dərəcəsi 15 faizlə hesablanır. Xatırladaq ki, Azərbaycanda ən yüksək uçot dərəcəsi məhz 15 faiz olub. Bu isə 2008-ci ilin iyun ayında qeydə alınıb.
Məlumat üçün qeyd edək ki, uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.
Bəs bundan sonra vəziyyət necə olacaq? Uçot dərəcəsi yenidən artırıla bilərmi? Adətən uçot dərəcəsində artım, yaxud azalma qeydə alınsa da, bank sektorunda hər hansı dəyişiklik yaratmır. Bəs 15 faizə çatan bu artımın da təsirləri olmayacaqmı? Ümumiyyətlə, uçot dərəcəsindəki dəyişiklik əsasən hansı amillərdən asılıdır?
İqtisadçı Pərviz Heydərov qəzetimizə açıqlamasında bildirdi ki, Mərkəzi Bankın faiz dərəcəsi mərkəzi kreditlərin "tarifi", qiymətidir. Onun hökumət üçün konkret olaraq hansı həddə olmasını və yaxud da limitini ölkə iqtisadiyyatında biznes aktivlik səviyyəsi müəyyən edir. P.Heydərov deyir ki, uçot dərəcəsi pul-kredit siyasətinin normal fəaliyyət göstərdiyi ölkələrdə sonuncu faiz dərəcələrinə təsiredici əhəmiyyət daşıyır: "Bu isə öz növbəsində inflyasiya səviyyəsini müəyyən edir”.
İqtisadçı Mərkəzi Bankın uçot dərəcəsini 15 faizə qaldırmasını müsbət qiymətləndirir: "Bunu zəruri hesab edirdim. Bizdə Mərkəzi Bank uçot dərəcəsini ona görə qaldırır ki, banklar manatla aldıqları mərkəzi vəsaitləri xarici valyutaya dəyişməsinlər, iqtisadiyyata yönəltsinlər. Mərkəzi Bankın uçot dərəcəsini qaldırması kredit təklifini məhdudlaşdırmaq məqsədi daşımır. Bəli, nəzəri baxımdan, bu, pul-kredit siyasətinin sərtləşdirilməsi deməkdir. Lakin praktiki baxımdan, həm qeyd etdiyim amillər, həm də ümumiyyətlə, uçot dərəcəsinin kreditlərin sonuncu faiz dərəcələrinə təsirsiz xarakter kəsb etməsi cəhətdən, 15 faizə qaldırma sırf dollarlaşma əleyhinə tədbirdir”.
P.Heydərovun sözlərinə görə, uçot dərəcəsinin artırılması ilə yanaşı, digər addımlar da atılmalıdır: "Birinci, istehlak kreditlərinin faiz dərəcələri üçün qoyulan məhdudiyyət limitinin (29 və 25 faiz) ləğv edilməsini, o cümlədən 2014-cü ildən bu kredit növünün verilməsi şərtlərinin sərtləşdirilməsinin aradan götürülməsini, ikinci isə xüsusən manat üzrə depozitlərin gəlirlilik dərəcəsi üzrə sığortalanması şərtinin 12-dən 18 faizədək yüksəldilməsini vacib hesab edirəm. Yəni maliyyə sektorunda tədbirlər kompleks şəkildə həyata keçirilməlidir”.
"Kapital Menecment” investisiya şirkətinin analitiki Cəfər İbrahimli deyir ki, uçot dərəcəsinin artırılmasına ehtiyac var idi: "Uzun müddət uçot dərəcəsi bazar faizlərinin formalaşmasına elə də təsir gücünə malik olmayıb. Uçot dərəcəsi ilə bazar faiz dərəcəsi çox fərqli idi. Devalvasiya sonrası Azərbaycanda pul-kredit siyasəti çərçivəsində müəyyən riçaqlardan istifadə olunub, amma manatda faiz dərəcələrinin yüksəldilməsi də vacib məsələ idi. Mərkəzi Bankın bu dərəcədə kəskin faiz yüksəltməsinə getməsinin iki fundamental səbəbi var. Birincisi, manata güvənin qaytarılmasına çalışırlar. Çünki milli valyutanın gəlirliliyi yüksəldiyi təqdirdə insanlar daha çox manat mövqeyində qalmağa çalışacaqlar. Valyuta alışına getməyəcəklər. Bu, Mərkəzi Bankın indiki siyasətinə uyğundur. İkinci səbəb pul siyasətində istifadə olunan uçot dərəcəsinin yüksəlməsi, iqtisadiyyatdakı aktivliyin azaldılması və inflyasiyanın tənzimlənməsi məqsədidir”.
C.İbrahimli bildirdi ki, uçot dərəcəsində belə kəskin dəyişikliklər olan zaman iqtisadiyyat, iqtisadi subyektlər müəyyən qədər əziyyət çəkirlər: "Bu həm riskin artırılması kimi qəbul edilir, həm də müəyyən investisiya qərarlarının verilməsində müəyyən çətinliklərə səbəb ola bilir. Amma yenə də düşünürəm ki, manatın faiz dərəcəsi yüksəldilməli idi. Əmanətlər üzrə faiz dərəcələrinə də baxılmalıdır. Artıq uçot dərəcəsinin bu qədər qaldırılmasından sonra manat əmanətləri üzrə faizin 12 olması bir az real görünmür. Əlavə olaraq dövlət büdcəsinin kəsirinin qarşılanması üçün Maliyyə Nazirliyi istiqraz çıxarırdı. Bu istiqrazların da faizləri son vaxtlar uçot dərəcəsinə uyğunlaşdırılırdı və 9,5 faiz ətrafında cərəyan edirdi. Amma hesab edirəm ki, istiqrazların da faiz dərəcəsi yüksələcək”.
C.İbrahimlinin sözlərinə görə, mənfi təsirləri ilə yanaşı, uçot dərəcəsinin artırılması mövcud situasiyada manatın dəyərinin tənzimlənməsi üçün əvvəldən atılmalı addım idi. O deyir ki, növbəti artım üçün müəyyən vaxt lazım olacaq: "15 faizlik uçot dərəcəsi bizdə çox əvvəllər qeydə alınıb. Hesab edirəm ki, növbəti dəyişiklik üçün Mərkəzi Bank xeyli gözləyəcək. Ən azından ilin sonuna qədər. Bu dəyişikliyin bazara təsirini ölçüb növbəti qərarı alacaqlar”.
C.İbrahimli onu da bildirdi ki, uçot dərəcəsinin son on ildə bazara, maliyyə sektoruna, iqtisadiyyata hər hansı təsiri olmasa da, 15 faizə qalxdıqdan sonra təsirlərini görəcəyik: "Mərkəzi Bankın uçot dərəcəsi 3 faiz olanda ölkədəki və banklararası kreditlərin faiz dərəcəsi 15 faizin üzərində olub. Aradakı fərq çox yüksək idi. Hətta uçot dərəcəsinin 9,5 faizə qaldırıldığı zaman bazara heç bir təsiri olmayacağını demişdim. Çünki bazarın faiz dərəcəsi 9 faizdən çox idi. Amma 15 faiz ciddi bir rəqəmdir. Banklararası kredit faizinə yaxın bir rəqəmdir. Bu mənada indiki uçot dərəcəsi bazardakı maliyyə alətlərinin gəlirliliyinin dəyişməsinə təsir edəcək. Həm Mərkəzi Bankın borclanmasının faizi, həm də əlavə olaraq istiqrazların gəlirliliyi yuxarı qalxacaq. Borc maliyyə alətləri, kredit, əmanət faizilərinin hamısında bir hərəkət olacağını gözləyirəm”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər