• şənbə, 20 Aprel, 15:54
  • Baku Bakı 23°C

Tövbə qapısı həmişə açıqdır

13.05.19 18:43 527
Tövbə qapısı həmişə açıqdır
Azərbaycanda bütün sahələrdə aparılan ardıcıl islahatlar radikal müxalifət düşərgəsinin, həmçinin özlərini siyasi mühacirlər adlandıran şəxslərin səsləndirdikləri ittihamların qarşısına sədd çəkmiş oldu. Oların bəziləri həqiqəti dilə gətirsə belə, öz "silahdaşları” tərəfindən qamçılandı. Lakin aparılan islahatlar bu günün reallığıdır və inkar edilməyəcək dərəcədə beynəlxalq aləmdə də öz müsbət qiymətini aldı. Bu günlərdə Meydan.tv-nin keçmiş rəhbəri Emin Millinin sosial şəbəkədəki hesabında yazdığı status diqqət bir daha cəlb etdi. Belə ki, o müxtəlif vaxtlarda nifrət ifadə etdiyinə görə Prezident İlham Əliyevdən və hakimiyyətdən üzr istədiyini qeyd edib: "İllər keçdikcə, həyat təcrübəsi artdıqca anlayırsan ki, tənqidin içində də belə nifrət olanda bu, qurucu yox, dağıdıcı rol oynayır. Bizim cəmiyyətin xoş xəbərlərə, sevgiyə, müsbət addımlara indi çox böyük ehtiyacı var. Mən inanıram ki, biz hamımız birlikdə Azərbaycanın yeni hekayəsini qura bilərik”.
Əslində E.Millinin bu fikirləri bir etirafdır. Hansı ki, radikal müxalifət düşərgəsi uzun illərdir bu nifrəti etiraf etmək istəmirdi. Bəs görəsən digərləri də Emin Milli kimi səhvlərini etiraf edəcəkmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirdi ki, Emin Milli uzun illərdir müxalifətin içərisində yer alırdı: "O cümlədən iqtidarın fəaliyyətini kəskin tənqid edənlərdən biri idi. Onun tənqidlərində müəyyən həqiqətlər olsa da, əksəriyyəti həqiqətdən uzaq, əsası olmayan ittihamlar idi və bunu hər birimiz xatırlayırıq. Ölkə prezidentinin həyata keçirmiş olduğu islahatlar, xüsusi olaraq Novruz bayramı ərəfəsində əlli nəfərə yaxın adına siyasi məhbus deyilən şəxslərin azad edilməsi Emin Millinin fəaliyyətində və baxışlar sistemində ciddi dəyişikliklər yaratdı. Bəlli oldu ki, Emin Milli içərisində həqiqəti saxlayan və fəaliyyətini həqiqətə söykənərək quran bir soydaşımızdır. Bu dəyərlər onda itməyib və təbii ki, söykənmiş olduğu dəyərlərə uyğun olaraq addım atır. Yadımdadır ki, Novruz bayramı ərəfəsində Emin Milli sosial şəbəkədəki hesabında bir statusla çıxış etdi və İlham Əliyevin atdığı addımları təqdir etdi, alqışladı. Gəldiyim qənaət o idi ki, artıq Emin Milli əslində bu addımı ilə öz düşüncələrində və fəaliyyətində ciddi dəyişikliklər etmək ərəfəsindədir. Sonuncu açıqlaması ilə bir daha şahidi olduq ki, Emin Milli səmimidir, öz səhvlərini etiraf etmək və hətta bir sıra əməllərinə görə üzr istəməkdən belə çəkinmir. Bu, əslində onun üstünlüyüdür. Mən deyərdim ki, səhvin etiraf olunması və bu addımı ilə kiminsə xətrinə dəyibsə, ondan üzr istəməsi yüksək insani keyfiyyətlərin göstəricilərindən biridir”.
F.Ağamalı əlavə etdi ki, E.Milli müxalifətin radikal qanadı deyilən, qisasçı və az qala prokurorluğun səlahiyyətlərini mənimsəyib bu müstəvidə çıxış edənlərin fəaliyyətinə özünün obyektiv münasibətini də ifadə edib: "Həqiqətən də doğru deyib. Bu gün Azərbaycanın siyasi mühitini zəhərləyən, onun sağlamlaşmasına imkan verməyən bir qisasçılıq, barışmazlıq, qeyri-obyektivlik xətti var. Əlbəttə bunun aradan qaldırılması çox yaxşı olardı. Çünki müxalifətsiz demokratik cəmiyyət yoxdur. Hər zaman dediyim kimi, Azərbaycanda güclü iqtidarın, prezidentin və onun komandasının fəaliyyətinin konkret nəticələri göz önündədir. Dünya miqyasında da Azərbaycanın uğurları ən yüksək səviyyələrdə müsbət qiymətləndirilir və etiraf edilir. Lakin radikal müxalifət düşərgəsində bu yanaşma yoxdur. Onlar ancaq inkar, qərəzçilik mövqeyində dayanırlar və qeyri-obyektiv yanaşmaları ilə siyasi mühitimizə qara tüstü buraxmaqla məşğuldurlar. Əgər onlar Emin Millinin bu çağırışana qoşulsalar və fəaliyyətlərində ciddi dönüş yaratsalar, bu, Azərbaycanın siyasi mühitinə müsbət təsir göstərərdi. Mən də bunu çox istərdim. Eyni zamanda bu da təbii olaraq, müxalifət qütbündə Azərbaycan dövlətinə, onun milli maraqlarına töhfə vermək, xidmət etmək kimi yeni bir xətdə özünü ifadə edərdi”.
Yurddaş Partiyasının sədri Mais Səfərli E.Millinin radikal müxalifətlə bağlı fikirlərini dəstəklədiyini diqqətə çatdırdı: "Elə hesab edirəm ki, bu gün o təhqirlərin, etikadan kənar hərəkətlərin hamısını bir kənara qoymaq lazımdır. İstər siyasətlə, istər jurnalistika, istərsə də bloggerliklə məşğul olan adam söyüşü, qeyri-etik davranışı tamam özündən kənar tutmalıdır. Bu insanlar öz fəaliyyətləri ilə tanınmış ictimai fiqurlara çevriliblər. Lakin onlar söyüşə, etikadan kənar davranışa üstünlük verirlərsə, özlərinin də başa düşdüyü kimi, artıq cəmiyyətdə gözdən düşürlər, insanlardan uzaqlaşırlar. Ümumiyyətlə, heç bir sağlam cəmiyyət söyüşü, təhqiri qəbul etmir. Bu baxımdan elə hesab edirəm ki, Emin Millinin bu fikri doğrudur. Düzdür, vaxtı ilə o özü də ağa qara deyib, əsassız olaraq hakimiyyəti tənqid edib. Hətta bəzən cızıqdan kənara da çıxıb. Amma bu gün onun belə bir fikir söyləməsini dəstəkləyirəm və elə hesab edirəm ki, bu, artıq radikal düşərgədə sağlam düşüncənin cücərtilərinin təzahürüdür”.
M.Səfərli əlavə etdi ki, radikal müxalifət düşərgəsi təhqir və söyüş kimi davranışlarla uzağa getməyin mümkün olmadığını başa düşür: "Əgər onlar özlərini azərbaycanlı hesab edirlərsə, bilməlidirlər ki, atdıqları bu kimi xoşagəlməz addımlar Azərbaycanda əsrlər boyu mövcud olan milli dəyərlərimizə də ziddir. Bu səbəbdən atdıqları addımlarla cəmiyyəti özlərindən uzaqlaşdırırlar. Hətta onlardan yaxınları, qohumları, dostları belə üz döndərir. Hesab edirəm ki, nifrətdən kənar mövqe tutmaq ilk növbədə onların özləri üçün xeyirdir. Bu, onların yenidən cəmiyyətə inteqrasiya olunması üçün də müsbət addım ola bilər. Bu gün Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən dairələr var. Bəzi şəxslər müəyyən səbəblərdən o dairələrin təsiri altına düşüblər. Düşünürəm ki, gün gələcək təsir altında olan həmin qüvvələr və şəxslər səhvlərini başa düşəcəklər və bu cür üzr istəyəcəklər. Yəni, tövbə qapısı həmişə açıqdır. Bu baxımdan tövbə edib cəmiyyətə inteqrasiya olunaraq normal davranış sərgilməklə öz fəaliyyətləri məşğul ola bilərlər”.

AZAD
banner

Oxşar Xəbərlər