• çərşənbə axşamı, 16 aprel, 08:12
  • Baku Bakı 14°C

Tütün qadağası haqqında qanuna yenidən baxıla bilər

09.10.18 10:45 430
Tütün qadağası haqqında qanuna yenidən baxıla bilər
Bir həftə əvvəl Avstriyada imzatoplama kampaniyasına start verilən üç referendum təşəbbüsü üzrə imza qəbulu başa çatıb.
AZƏRTACxəbər verir ki, ölkə ictimaiyyəti arasında geniş əks-səda doğuran və aylardan bəri davam edən, ictimai-iaşə obyektlərində tütün məhsullarının qadağan olunmasını tələb edən "Don´t smoke" (Siqaret çəkmə) kampaniyası təşkilatçıların gözlədiyi kimi yüksək fəallıqla keçib. Ölkə üzrə bu kampaniya çərçivəsində 881 min 591 nəfər referendum çağırışını dəstəkləyib. Ölkə qanunvericiliyinə görə, 100 mindən artıq imza toplayan hər bir təşəbbüs parlamentin müzakirəsinə çıxarılmalıdır.
İmzatoplama mərhələsində olan digər iki təşəbbüs də tələb olunan limiti keçə bilib. Əmək bazarında qadınlara kişilər qədər bərabərliyin verilməsi təşəbbüsünü 481 min 906 nəfər, ölkənin teleməkanında əsas qurum olan Avstriya Teleradiosu (ORF) üçün əhalidən tutulan rüsumun ləğv edilməsi ilə bağlı təşəbbüsü isə 320 min 239 nəfər imzalayıb.
Qeyd edək ki, hansısa təşəbbüsün parlamentin müzakirəsinə çıxarılma hüququ əldə etməsi yekun olaraq onun ümumxalq səsverməsi (referendum) ilə nəticələnəcəyinə əsas vermir. 2017-ci ildə ölkədə ictimai-iaşə obyektlərində tütün məhsullarını qadağan edən qanun qəbul olunsa da, yeni qurulan hökumətdə təmsil olunan Avstriya Azadlıq Partiyasının (FPÖ), həmin partiyanın sədri və yeni hökumətin vitse-kansleri Haynts-Kristian Ştraxenin təkidi ilə koalisiyalı hökumət həmin qanunu ləğv etdi. "Don´t smoke" kampaniyasının uğurlu gedişatını görən H.Ştraxe bir neçə ay öncə 900 min imzanı toplayan istənilən təşəbbüsün icbari qaydada referendumla nəticələnməli olduğu açıqlamasını vermişdi. Kampaniyanın təşkilatçıları olan Vyana Həkimlər Palatası və Avstriya Xərçəng Xəstələrinə Yardım Təşkilatı çatışmayan 20 min imza ucbatından referenduma gedən yolu kəsməməyə, xalqın sağlam gələcəyinə dəstək olan bu təşəbbüsə qarşı qərəzli mövqe tutmamağa çağırıblar.
banner

Oxşar Xəbərlər