• cümə, 29 Mart, 00:46
  • Baku Bakı 7°C

Tütçev və Tolstoy

28.01.19 15:30 2653
Tütçev və Tolstoy
L.N.Tolstoyun sözlərinə görə, onlar Fyodor Tütçevlə (1803–1873) həyatda ən uzağı on dəfə görüşə biliblər. Amma daxili, mənəvi doğmalıqları iki dahi insanı bir-birinə möhkəm bağlamışdı. Tolstoyla Tütçevin son görüşü şairin ölümündən iki il əvvəl 1871-ci ilin avqustunda, qatarda olub. N.N.Straxova (rus filosofu, publisist, ədəbi tənqidçi – 1828–1896) yazdığı məktubunda bu təsadüfi görüşü təsvir edən Tolstoy etiraf edir: "Mən Sizdən və ondan başqa eyni cür düşündüyüm və eyni cür hiss etdiyim başqa bir adam tanımıram".
Bildiyimiz kimi, Tolstoyun bütün ömrü boyu dünyaya baxışı bir neçə dəfə dəyişilib. O, "Anna Karenina" romanını 1873-cü ilin yazında yazmağa başlamışdı. Həmin dövrlərdə Tolstoyun daxili aləmi, xüsusilə, Tütçevin fəlsəfi əhval-ruhiyyəsinə yaxın idi. Şair haqqında Tolsotyun belə bir fikri də mövcuddur: "Məncə, Tütçev şair kimi birincidir! Sonra Lermontov, ondan sonra da Puşkin gəlir... Tütçevi oxumağı unutmayın! Onsuz yaşamaq mümkün deyil! Puşkinin gücü, mənim fikrimcə, başlıca olaraq onun prozasındadır... Tütçevsə lirik kimi Puşkindən müqayisə olunmayacaq dərəcədə dərindir".
Lev Tolstoy sənətdə, ədəbiyyatda geniş şəkildə qəbul olunmuş adlar heç vaxt qəbul etmirdi. Uşaqlıqdan özü bu cür adamları kəşf etməyi bacarırdı. Bəzən isə, hətta həmsöhbətini qəti səsləndirdiyi fikirlərilə təəccübləndirirdi: "Şeir yazmaq yer şumlamaq və kotanın arxasında rəqs etmək kimi bir şeydir, bu sözə qarşı hörmətsizlikdir". Lakin bu sözləri deyən adam həm də Tütçevin "Silentium"-nu oxuyub ağlayan adamdır. Onun çağdaşlarından biri haqlı olaraq deyirdi: Tolstoy yaxşı olan hər hansı bir şeyi sevməyə bilərdi, amma onun sevdiyi hər bir şey yaxşı idi.

Keçək "Anna Karenina” romanıyla F.Tütçev lirikasının oxşar cəhətlərinə.
Romanın əsasını təşkil edən Anna Kareninanın faciəvi taleyi əvvəldən ta axıracanTütçevin XIX əsrdin 50–60-cı illərini əhatə edən poeziyasındakı lirik qəhrəmanın sevgi tarixçəsini eyniylə təkrar edir. Sözsüz ki, burada şairin öz taleyi də az rol oynamayıb. Milliyyətcə alman olan Ernestina Pfeffel-Dörnberqlə artıq on ildən çox evli ola-ola o, sovet gözəli Yelena Aleksandrovna Denisova aşiq olmuşdu. Və poeziyasının 50–60-cı illərini tam olaraq ona həsr etmişdi.
Tütçevin "poetik sevgi romanıyla" Lev Tolstoyun "Anna Karenina" romanının özünəməxsus doğmalığından əminliklə söz açmaq olar. Janr baxımdan tam fərqli olan bu əsərləri klassik rus ədəbiyyatının real həqiqətlərinin yeni kriteriyaları birləşdirir. Ənənəvi sevgi romanının və poetik silsilənin əsasını kübar cəmiyyətin əxlaq qanunlarına qarşı çıxan bir qadının faciəsi təşkil edir.
Yazıçı üçün ən çətin işlərdən biri portreti yarada bilməkdir. Biz obrazın reallığına nə qədər inana biliriksə, qəhrəmanın əməllərini nə qədər çox hiss ediriksə, duya, dərk edə biliriksə müəllifin də istedad dərəcəsi bir o qədərdir.
Tolstoy romanın birinci hissəsi uzunu Annanı təsvir edərkən bir xarakterik detalı – onun gülüşünü müxtəlif şəkildə göstərir. Onun təbəssümü üzündə tam görünməyərək gah gözlərində titrəyir, gah dodaqlarının küncündə gizlənir. Bu cür ancaq həyat dolu, sevgi dolu, yalnız bir anın xoşbəxtliyi ilə yaşayan Anna gülə bilərdi:
"...dodaqları və gözləri arasında oynayan təbəssümüylə...”
"...üzündə yaranan gah təbəssümünə, gah da baxışlarına yansıyan canlanma, bəzən ciddi, bəzən də ki, kədərli gözləri adamı heyrətləndirərək özünə cəzb edirdi..."
"...gözləri sevincdən parıldayırdı və təbəssümü dodaqlarını büzürdü. O, sanki bu sevinc əlamətlərini gizlətməyə çalışırdı, amma onlar özü-özünə onun üzünə yansıyırdı".
"...gözlərindəki titrəyən, qaynayan parıltı, dodaqlarını özündən asılı olmayaraq qaçıran xoşbəxtlik təbəssümü, həyəcan..."
"...Anna gülümsəyirdi. Və bu təbəssüm ona da yansıyırdı".
"...sanki üzünün ətrafında qanad çalan təbəssüm..."
Tütçev də xanım qəhrəmanının cazibədar portretində onun məhz dodaqlarındakı və gözlərindəki təbəssümünü təsvir edir. Buna diqqət etməmək mümkün deyil:
"Sənin gözlərini sevirəm, dostum!
Gözlərini – alov kimi yanan!
Qəfil qaldıranda
bir anlıq ətrafa baxan..."

"Niyə gözlərinin yaşı belə,
bürünüb kədərə, qəmə..."

"Dodaqlarında təbəssüm, gözlərində parıltı..."
"Qadın gözlərinin və dodaqlarının parıltısı...!
"Mən baxışlarını tanıdım, həmin o baxışlarını!
Necə dəlicə sevirdim, bilir bircə ulu Tanrı!

Tolstoy romanın ikinci hissəsində Kareninanın tamam başqa bir portretini çəkir. Bu, artıq başqa bir Annadır. Sanki gücdən düşmüş, ruhdan düşmüş bir Anna:
"...O, Annaya çiçəyi gözəlliyinə görə qoparıb solduran, sonra da onda həmin gözəlliyi güc-bəla ilə görən bir adam kimi baxırdı".
"...Kimdir o? – qəribə parıltılı gözlərlə vahimə içində güzgüdən ona baxan xəstəhal üzünü görüb Anna düşündü! – Hə, bu mənəm, – birdən başa düşdü. Özünə güzgüdə başdan-başa baxaraq birdən onun öpüşlərini hiss etdi və diksinərək çiyinlərini tərpətdi".
Tütçevin "Biz necə ifrat sevirik..." şeirində xanım qəhrəmanın yeni təsvirlərini görürük. Şair sevgilisinin kədərində özünü günahkar bilir və buna görə də vicdan əzabı çəkir:
Biz necə ifrat sevirik
Ehtirasın kor çağında
Qəlbə əziz olanı
Məhv edirik!
Zəfərinlə öyünərək,
Deyirdin ki, o mənimdir..
Heç bir il də keçməyib
Soruş nə qalıb indiyə?!
Hara itib qızılgüllər
Təbəssüm, gözündə işıq?
Göz yaşları yuyub-aparıb
Daha heç nə qalmayıb...
Maraqlısı da budur ki, "Anna Karenina a” ybu özünəməxsus poetik açarı Tyutçev Tolstoydan dördə bir əsr əvvəl yazıb.
Anna Kareninanın keçirdiyi hisslər zahiri təəssüratları və ən başlıcası daxili xarakteriylə o qədər Tütçevin lirik qəhrəmanına yaxındır ki, onların ümumi bir obrazı yaranmağa başlayır. Bu da nəhəng bir poeziyanı və eyni zamanda da nəhəng bir prozanı doğurur. Tolstoyun və Tütçevin yaratdığı obrazlarda həyatının naməlum bir etapına keçəndən sonra (bu başqaları üçün utanc və cinayət, onun üçünsə yeganə çıxış yolu idi) sınmış, əzilmiş bir qadının keçirdiyi dəhşət, daxili hissləri olduqca eynidir:
"...Onun səsi yüksəldikcə başını daha da aşağı əyirdi. Bir vaxtlar məğrur, şən, indiysə utanc içində olan başını. Və o oturduğu divandan əyilib ayaqlarına düşürdü. Xalçanın üstünə də düşərdi, əgər onu tutmasaydı... Dizlərinin üstünə çömbəlib oturdu ki, üzünü görə bilsin... Amma o üzünü gizlədir və heç bir kəlmə də olsun, danışmırdı.
Həmin o mürəkkəb daxili hissləri Tütçev "Necə nəzakətlə” şeirində təsvir edib:
...Onun ovuclarına başın əyildi
Bir ana kimi qayğına qaldı...
Sözlər dildə dondu, nəfəs kəsildi –
Yuxun sakit və şirin baldı...
Tostoyun romanın beşinci hissəsində belə bir gözəl məqam gözdən yayınmır. Anna oğlu Seryojanın gizli gəlişindən sonra şəkillərə baxdığı səhnə var. Münaqişənin inkişafı üçün bu mühüm epizodda qəhrəmanın daxili aləmi sanki ikiləşir. Onun daxilində ürəkparçalayan, bir-birinin əksində dayanan iki düşmən başlanğıc dayanır: Ana və məşuqə. Bu, Annanı son dərəcə faciəvi sonluğa gətirib çıxaran dərin faciəsinə ilkin işarə idi:
"...O, stolun üstündən oğlunun müxtəlif illərdə çəkilmiş şəkilləri olan albomunu götürdü... Hamısını içindən çıxartdı. Ancaq biri – ən gözəli qaldı. O, ağ ködəkçədədir, stulda oturub, gözlərini qıyıb və gülür. Bu, onun ən gözəl üz ifadəsi idi. İndi çox gərgin olan, balaca, bacarıqlı barmaqlarıyla şəklin uclarına toxunurdu. O, şəkli çıxarda bilmirdi. Qayçı stolun üstündə yox idi. Və o yanında olan başqa şəkillə (bu, Vronskinin Romada çəkilmiş, dairəvi şlyapada, uzun saçlı şəkli idi) oğlunun şəklini itələyib çıxartdı."
Anna öz daxili ağrılarını Dolliyə deyirdi:
"...mən, deyəsən, hər ikisini də – Seryojanı da, Alekseyi də eyni dərəcədə və həm də özümdən çox sevirəm... Və məni biri digərindən məhrum edir. Mən onları birləşdirə bilmirəm".
Tütçevin qəhrəmanı onun üçün keçmiş xoşbəxtliyini, gəncliyində artıq ötən hadisələri özündə cəmləyən köhnə məktubları gözdən keçirir. Əlinə alıb oxuduğu hər bir məktub ona geriyə qayıtmayacaq hər hansısa bir xoş xatirəsini yadına salır. Keçmişindəki həyatı ona elə gözəl, elə sevimli görünür ki... əksinə, indi həyatı ona çox ağır, qaramat və əlacsız kimi görünür.
O döşəmədə oturmuşdu,
Məktublara baxırdı.
Soyumuş kül kimi
Əlinə alıb, atırdı.
Doğma kağızları götürüb
Uçurumdan atılan canlara
Ruhlar aşağıdan baxantək
Qərib-qərib baxırdı.
Burda bir neçə ömür var
Bir də geri qayıtmayan!
Nə qədər kədərli anlar,
Sevgi, məhv olan sevinc!..
Mən kənarda dayanmışdım
Ayaqlarına hazırdım düşəm.
Birdən çox kədərləndim
sanki yanımda bir kölgə var.
Burada ümumi olan əmələ görə peşmanlıq hissi deyil. Öz gücsüzlüyündən, həmişəlik ötüb-keçən günləri qaytara bilməmək düşüncəsindən, daha doğrusu, onların içindən ən dəyərlilərini bu günə gətirə bilməməkdən doğan dəhşət hissidir. Belə, məşuqə-Anna Vronskinin sevgisi olmadan oğlunun yanında və eyni zamanda da ana-Anna Vronski ilə birgəliyindən xoşbəxt olsa da, Seryojadan ayrı əzab çəkir. Və Anna üçün çox dəyərli və vacib olan bu iki varlığı birləşdirə bilmədiyinə görə özünü çox bədbəxt hiss edir. Çarəsizliyin faciəvi notları hadisələr cərəyan etdikcə əlacsız qalan qadının vahiməli qışqırıqlarında daha möhkəm və daha sərt hiss olunmağa başlayır:
"...mən həyatın əzaba dönməyəcəyi elə bir vəziyyət düşünə bilmirəm. Hər birimiz əzab çəkmək üçün doğulmuşuq. Biz bunu bilirik və buna baxmayaraq, özümüzü aldatmaq üçün vasitələr axtarırıq. Bəs gerçəklərlə üzbəüz qalanda nə edəsən?"
Bu, "gerçəklə" üzləşən və özünü aldatmaq istəməyən Annanın dərin kədəri, demək olar ki, fiziki ağrıları Tütçevin bir şerində cəmlənib.
Təpədəki tüstü əlçatmaz
Sürünən kölgə tutulmaz.
Ay işığında parlayan tüstü yox,
O tüstüdən qaçan kölgə –
Ömrümüzdür, dedin mənə!

Tüstüdən qaçan kölgə – həyat! Bu çox qorxulu simvoldur. Anna anladı ki, kabus dalınca qaçmaq olmaz. Və birinci dəfə dayandı və geriyə – keçdiyi yola baxanda boşluq gördü. Gözəl qadın olan Annanın həyatı ömrünün və gücünün çiçəklənən bir dövründə öz dirəyini itirdi. Tutunmağa heç nəyi yoxdur və o dayanmadan enir. Həyatı da onun arxasınca enir.
Tütçev bu cür tam daxili məhvolmanı qeyri-adi şəkildə fiksə edib. Bu məhvolmada həyat daha heç tüstü də deyil. O tüstü heç olmasa arada bir ay işığında parıldayır və illüziyaya salır. Şüursa insanı boğur: həyat, sadəcə, bir ilğımdır, kölgədən qaçan tüstü, reallıq – bütün bunlar gözəl arzulardan uzaqlaşdırır. Bunu dərk edəndə son ümidlər da dağılıb gedir və faciəyə gətirib çıxarır. Tolstoyda da, Tütçevdə də biz ruhun ölümqabağı halını görə bilirik:
Demə ki, o məni əvvəlkitək,
sevir, üstümdə əsir...
Xeyir! O həyatımı məhv edir
Əlindəki bıçaq titrəyir...
Gah qəzəbdə, gah kədərdə
Gah göz yaşımın giləsində
parça-parça olur qəlbim...
Mən ki ömrü yaşamıram,
Yaşayıram bir onunla...
Budur həyat! Zəhər kimi!
Şər qüvvələri qıcıqlandıran və faciə ehtirasını azadlığa buraxan bir insan, özündən asılı olmadan bu ehtirasın əsirinə və oyuncağına çevrilir. Bu uçuruma gözucu baxmaq belə təhlükəlidir. Qoqolun qəhrəmanını uzaqgörən bir səs əbəs yerə xəbərdar etmirdi: "Baxma!” Yoxsa itib-batarsan!

İnternet materialları əsasında hazırladı: Xanım Aydın


banner

Oxşar Xəbərlər