• cümə, 26 Aprel, 23:35
  • Baku Bakı 22°C

Türkün tarixlə imtahanı

08.11.16 11:01 876
Türkün tarixlə imtahanı
I yazı
Türkiyə bir çevriliş təşəbbüsü yaşadı. 15 iyulu yaşadı bu ölkə. Xəyanəti yaşadı və xəyanət edənlərə qarşı canını ortaya qoydu. Xaincəsinə dövləti ələ keçirməyə cürət edənlərə şərəfli duruşu ilə sədd oldu. 15 iyul axşamı xəyanət və dəyanət döyüşünü yaşadı bu xalq və milli iradə zəfər çaldı. Bizim nəsil və bizdən sonrakılar o gecəni heç unutmayacaq və unutmamalıdır da...
Lakin unudulmaması lazım olan çox əhəmiyyətli bir reallıq da var; O axşamdan dərhal sonra yaşananlar... Vacib məlumatları özündə daşıyan şəxslərin yoxa çıxması, axtarılan əhəmiyyətli şəxslərin telefonlarına zəng çatmaması deyil nəzərdə tutduğum, dindaşlarımız və soydaşlarımız olan dövlətlər başda olmaqla, dünyanın demokratiyanı heçə sayaraq, sandığı əlinin tərsiylə itələyərək, millətin iradəsinə xilaf bir siyasi qrupun qiyamı qarşısında göstər(mə)miş olduğu rəftarı unutmamalıyıq.
Dünyada var olan 46 islam dövləti içərisində yalnız Can Azərbaycan ilk olaraq 15 iyul gecəsi yaşanan çevriliş təşəbbüsünü şiddətlə qınamış bir ölkə kimi hər zaman qardaş Türkiyənin yanında olacaq. Bu, dövlət başçısı İlham Əliyev tərəfindən bəyan edilib. Azərbaycan prezidentinin həyat yoldaşı millət vəkili Mehriban Əliyeva da həmin gecə Türkiyənin özündə bir çox əhəmiyyətli mövqe sahibləri fikir bildirməkdən qaçaraq gözləməyi üstün tutduqları saatlarda özünə aid rəsmi Facebook səhifəsində Əliyev və Ərdoğanın qucaqlaşmış olduqları şəkli paylaşıb səmimi dəstək mesajı ilə hamını duyğulandırmışdı. Yəni tarix boyunca olduğu kimi, bu iki qardaş dövlət dünyaya bir daha birlik və bərabərlik mesajı verdi.
Ayrıca, yaxın tarixlərdə İstanbulda baş tutan Dünya Enerji Konqresində Azərbaycan prezidenti çıxışında yenidən bu mövzuya toxunaraq "Türkiyə iyul ayında çətin bir sınaqdan şərəflə çıxdı. Türk xalqı prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında birləşərək böyük qəhrəmanlıq göstərib çevriliş cəhdinin qarşısını aldı, dövləti qorudu. Türkiyənin bu gününü və gələcəyini qorudu. Biz Azərbaycan olaraq, sizinlə qürur duyuruq” demişdi.
Təəssüf ki, islam dünyasının bütün problemlərində əlini daşın altına qoyan ölkəmizə bu dövlətlərdən xain çevriliş təşəbbüsü ilə bağlı gözlədiyimiz dəstək gəlmədi. Həyatını TURAN məfkurəsinə həsr etmiş bir alim olaraq, böyük kədər ilə eyni dinə mənsub olduğumuz ölkələrin davranışları ilə əlaqədar ümidlərimizin puça çıxmasını eyni soydan olduğumuz ölkələrə də aid edirəm. Türk dövlətlərinin Türkiyədə dövləti ələ keçirmək istəyən xain cəhdə reaksiyası eynilə Azərbaycan kimi həmin an olmalı idi və o çətin günlərdə prezident Ərdoğanın yanında olmalarını istərdik.
Türkiyənin sabitliyinin türk dünyasının da sabitliyinin təminatı olduğunu unutmamalıyıq. "Bir millət - iki dövlət” fəlsəfəsinin banisi ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində Fransada rəsmi səfərdə olarkən o ölkədəki PKK-lıların sanki vəkilliyini edən madam Mitterandı da susduracaq bir zəkayla qondarma erməni soyqırımı ilə əlaqədar "Türkiyənin ayağına atılan daş, bizim başımıza dəyər" cavabını vermişdi. İki il əvvəl Rumıniyada baş tutan və Türkiyənin iştirak etmədiyi bir tədbirdə Ermənistan prezidenti Sarkisyanın ölkəmizlə əlaqədar sayıqlamalarına İlham Əliyev "Türkiyə burada yoxdursa, mən varam" demişdi və ona həddini bildirmişdi. Dünya ictimaiyyəti bir daha ənənəvi Azərbaycan-Türkiyə birliyinin, iki ölkə arasında şərəfli bir sahiblənmə ənənəsinin davam etdiyini görmüşdü.
Azərbaycan və Türkiyə arasındakı münasibətin özündə soydaşlıq əsasına bağlılıq, könül birliyi var və bu, tarix boyunca olub. Bu əhval-ruhiyyəni başa düşmək, o könül körpüsünün necə inşa edildiyini dərk etmək üçün tarixdən günümüzə qısaca da olsa, nəzər salmaq zərurəti ortaya çıxır.
Məlumdur ki, Osmanlı dövlətinin quruluşunda əhəmiyyətli rol oynayan Akşemseddin Hacı Bayram Vəli təliminin daşıyıcısı və davamçısı olub. Hacı Bayram Vəli Bakı, Tbilisi, Şiraz, Ərdəbilin mədəniyyət və təsəvvüf əhlini mənəvi cəhətdən təmin edən əhəmiyyətli təlimin piri olub. Hətta Əlaəddin Ərdəbili Ərdəbil təkkəsinin şeyxi ikən Hacı Bayram Vəli bu təkkəni ziyarət edib.
Hacı Bayramın ölümündən sonra Akşemseddin də onun yolunu davam etdirib. Bayramlığın əsl təqibçisinin Akşemseddin olduğunda bütün qaynaqlar birləşir. Akşemseddinin təmiz bir dillə pirinə yazdığı bir şeiri belədir:
Aşık oldum sana candan
Hacı Bayram pirim sultan
Gönül himmet umar senden
Hacı Bayram pirim sultan
Irak mıdır yollarımız
Taze midir güllerimiz
Hub söyler dillerimiz
Hacı Bayram pirim sultan
Hacı Bayram Vəlinin, Akşemseddinin, Azərbaycandan Amasyaya köçən Seyh Nigari Həzrətlərinin təlimləri bu coğrafiyada var olan soy birliyini mənəviyyat birliyi ilə gücləndirdi və təəssüf ki, türk tarixinin qanla cızılmış Çaldıran döyüşü birgə vuran könülləri dərindən yaralayıb parça-parça etdi. Yüz illərdən sonra dərs çıxarmağımız vacib olan bu hadisə mütəmadi siyasi maraqlar səbəbilə bölgədə türklərin varlığından narahat olan xarici qüvvələrin qızışdırması ilə alovlandırıldı. Bizi zəiflədən, bir-birimizlə dalaşdıran bu fitnə ocağının sönməsinə imkan verilmədi.
Bütün bunlara baxmayaraq, Azərbaycan Türkiyə ilə əlaqələrini tarix boyunca hər cür məzhəb məsələlərinin fövqündə yürüdüb və Türkiyə də Azərbaycanı həmişə can olaraq görüb. "Türkiyədə yaşayan azərbaycanlıların tarixi” adlı kitabın yazarı olduğumdan ölkəmizdə altı milyondan çox Azərbaycan türkü yaşadığını bilirəm. Bu insanlar tarix boyunca eynilə Balkan Döyüşünə Azərbaycandan könüllü birliklər halında qatılaraq evlad-ı Fatihənin müdafiəsində can verən, Çanaqqala döyüşünə qatılaraq şəhid olan, milli mübarizə dövründə evlilik üzüklərini sataraq Anadolunun yad əllərə keçməməsi üçün kömək göndərən qardaşları kimi Türkiyənin bölünməz bütövlüyü üçün yaşamış, varlıq göstərmiş və şəhid olmuşlar. Eynilə Türkiyənin yeddi duelə qarşı döyüşdüyü bir vaxtda Azərbaycandan gələn yardım tələbinə 1918-ci ilin çətin şərtlərində bir ay kimi qısa zamanda yaratdığı Qafqaz İslam Ordusu ilə Bakını, Gəncəni, Qarabağı düşməndən qurtararaq bu yolda canını fəda edən əsgərlərin qardaş vətənin davamlılığı üçün tərəddüd etmədən ölümə atıldığı kimi...
15 iyul çevriliş gecəsi Özəl Qüvvələr Komandanlığında vəzifədə olan övladlarımız qəhrəmanlığın tarixini yazdılar. O şəhid analarının içində fəryadını, heç itirmədiyi o gözəl Azərbaycan şivəsi ilə yandıran, iqdırlı mübarək ananın "Vətən sağ olsun”u hamımızın ortaq duası və təməl istəyidir. Amma bu yazını yazmağıma səbəb olan bəzi xoşagəlməz hadisələr göstərir ki, Türkiyə ilə Azərbaycanın birliyindən narahat olanlar daha qorxulu hiyləgər planlar cızırlar.
Belə ki, dörd tərəfimiz atəşdən köynək ikən Yaxın Şərqdə transatlantikdən yazılmış ssenarilərin ortaya atıldığı bir dövrdə FETO xəyanət şəbəkəsinin kökünün tamamilə kəsilməsi ümdə işimiz olmalıykən, PKK terroru və onu bəsləyənlərin yox edilməsi, bataqlıqların qurudulması üçün millətcə səfərbərlik ruhunu meydana gətirdiyimiz bu mühitdə bəziləri birdən-birə ortaya İqdır mərkəzli, amma bütün azərbaycanlıları, hətta can Azərbaycanı belə təhqir edən bir şiə mübahisə atdı. Buyurun, cənazə namazına. Mosul məsələsinin danışıldığı Kərkükün gözlərinin bizdən gedəcək dəstək üçün yollarda olduğu və ən əhəmiyyətlisi, ölkənin gələcəyə istiqamətlənmiş daha güclü addımlarla irəliləməsi üçün prezidentlik sisteminin xalq tərəfindən müzakirəyə çıxarıldığı bir vaxtda sanki içimizdə heç bir problemimiz yoxmuş kimi niyə belə gərəksiz, zamansız, xoşagəlməz mövzu ortaya atılır. Hörmətsiz bir yanaşma ilə mənəvi hücuma məruz qalan milyonlarla insanımızı təhqir etmək, incitmək kimin işinə yarayır?
Şəxsən mən günlərdir, Türkiyənin dörd bir tərəfindən mənə yazan, axtaran, üz-üzə görüşən insanların, QHT-lərin, Azərbaycandan hadisələri heyrətlər içərisində izləyən soydaşlarımızın "Qonşuda bunun üçün fürsət gözləyən dövlətin çörəyinə niyə yağ sürtürlər?" suallarına həmsöhbət oluram.
Prof. Dr. Aygün Attar
banner

Oxşar Xəbərlər