• cümə, 19 Aprel, 12:06
  • Baku Bakı 25°C

Türkün qədim tarixdən gələn bayramı - Fotolar

31.07.13 07:55 1902
Türkün qədim tarixdən gələn bayramı - Fotolar
Artıq beşinci ildir ki, Borçalı mahalı Gürcüstanda yaşayan soydaşlarımızın möhtəşəm el bayramlarından birinə - Elat bayramına ev sahibliyi edir. Hər il iyulun 26-da “Borçalı” İctimai Birliyi Azərbaycan, Türkiyə, İran, MDB ölkələrindən olan soydaşlarımızı Başkeçiddə (Dmanisi) Armudlu yaylağına toplayır. Bu il də ənənəsinə sadiq qalan “Borçalı” İctimai Birliyi bir qrup jurnalistin Gürcüstana səfərini təşkil etdi. “Elat Mədəniyyəti Günü” adlanan yaylaq festivalı sözün əsl mənasında böyük bir el şənliyi, milli ənənələrin qorunub saxlanılması baxımından tayı-bərabəri yoxdur, desək yanılmarıq.
Saakaşvili ilə İvanişvilinin fərqi
Səkkiz saatlıq yolu başa vuraraq Azərbaycan-Gürcüstan sərhəddinə çatdıq. Azərbaycan tərəfdən hər hansı bir problem yaşamamaq sevincimiz uzun sürmədi. Gürcü tərəfi nə az, nə çox, düz beş saata yaxın bir müddətdə sərhəddən keçib getməyimizə imkan vermədi. Səbəb də soydaşlarımızın özü ilə apardığı müxtəlif təbliğat vasitələri - qəzet və bukletlər oldu. Yalnız Azərbaycanın Gürcüstandakı səfirliyinin işə qarışmasından sonra problem həllini tapdı. O da yükləri boşaldandan sonra. Məhz sərhəddə əvvəlki hakimiyyətlə indiki hakimiyyətin fərqini necə lazımdırsa hiss etdik. Onu da qeyd edək ki, sərhəd məntəqəsində söhbət etdiyimiz insanlar hələ də ölkələrində nələrin baş verdiyini ayırd edə bilmirlər. Bir qisim Saakaşvilini “dəli” adlandırır, digər bir qismi isə İvanişvilinin siyasətindən narazılıqlarını açıq şəkildə bildirirdilər.
Gürcüstan tarixində əlamətdar gün
Gecədən xeyli keçmiş nəhayət Dmanisə çatdıq. Səhər yuxudan zurna-balabanın səsinə oyandıq. Qaldığımız otelin qarşısında əsil bayram əhval-ruhiyyəsi yaşanırdı. Əvvəlcə cəmiyyətin sədri Zəlimxan Məmmədli və tədbirə qonaq qismində qatılan millət vəkili Sabir Rüstəmxanlı qısa brifinq keçirdilər. Zəlimxan Məmmədli bildirdi ki, bu gün Borçalı, ümumiyyətlə Gürcüstan tarixində əlamətdar bir gündür. “Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı da buradadır. Rusiya, MDB məkanından, İrandan, Türkiyədən da qonaqlar tədbirə təşrif buyurub. Biz Gürcüstan və Azərbaycan dövlətlərinin, vətəndaşlarının güclü olmasını istəyirik. Tədbirimizin kökü - mədəni məişətimizin yaratdığı bir mədəniyyəti nümayiş etdirmək, bir yerdə olmaqdır. Bu tarixdə mən istərdim bir-birimizi təbrik edək. Bu bayram şüurumuza yeriməlidir. Bu gün Azərbaycan türklərinin belə bir bayrama böyük ehtiyacı var.
Elat bayramı türkün çox qədim tarixdən gələn bayramıdır
Millət vəkili Sabir Rüstəmxanlı isə elat bayramını türkün çox qədim tarixdən gələn bayram kimi qiymətləndirdi. “Elat bayramı türkün çox qədim tarixdən gələn böyük bayramlarından biridir. Adətən yazda insanlar dağlara - öz ziyarətgahlarına çıxmağa başlayırlar. Burada müxtəlif qurban mərasimləri keçirilir. Ümumiyyətlə, türklərin yaşadığı bütün ərazilərdə buna bənzər mərasimlər, bayramlar keçirilir. Türklər buna qurultay, xural və s. adlandırırlar. Hər halda bu, böyük bir bayramdır. Son vaxtlar çox sevinirəm ki, Gürcüstan hökuməti Borçalıya və burada tarixən yaşayan soydaşlarımıza diqqəti artırıb. Bu gün keçirilən bayram özü də buna nümunədir. İnanıram ki, illərlə bu bayramın əhəmiyyəti artacaq, onun coğrafiyası genişlənəcək. Deyərdim ki, milli varlığın ən gözəl yolu mədəniyyətin nümayişidir. Mədəniyyət varsa dil də var, xalq da var. Təkcə yeyib-içməklə, gözəl evlər tikməklə millətin varlığı nümayiş olunmur. Ona görə belə mədəniyyət bayramı təkcə Borçalı deyil, ümumazərbaycan bayramıdır”.
Ümumazərbaycan bayramı
Qısa brifinqdən sonra isə onlarla maşın karvanı Armudlu yaylasına yola düşdü. Bayram tədbiri 3 il əvvəl elat bayramında iştirak edən, lakin tədbirdən sonra Armudlu yaylasındakı göldə çimərkən boğulmuş Mikayıl Orucovun xatirəsinə qoyulmuş abidənin ziyarəti ilə başlandı. Sonra isə dəstə-dəstə Gürcüstanın hər bir yerindən soydaşlarımız ailə üzvləri, yaxınları ilə yaylağa axışmağa başladılar. Tədbiri açan Zəlimxan Məmmədli bir daha bildirdi ki, tədbirin məramı Azərbaycanda və Gürcüstanda yaşayan Borçalı əsilli soydaşlarımızda, xüsusən gənclərdə, eləcə də digər ziyalılarda vətən, yurd, ocaq sevgisinin dirçəldilməsinə yönəlib:
“İnsanların öz kökünə, doğulub böyüdüyü mühitə, təbiətə qayıdışı tədbirin başlıca hədəfi sayılır. Azərbaycandan, Gürcüstandan, həm də digər regionlardan yüzlərlə insanın iştirak etdiyi tədbir folklorumuzun və unudulmaqda olan elat mədəniyyəti elementlərinin təbliği baxımından da maraqlı olacağına əmin idik. Şükürlər ki, belə də oldu. Təəssüflər ki, başqa tədbirlər kimi hər yandan, hətta dost bilib əlini sıxdığım, istinad nöqtəsi bildiyim səmtdən də bu möhtəşəm törənin qarşısını almağa yönəlmiş bəd niyyətlilərin hücumlarını dəf etmək əlavə gərginlik yaratmaqla vaxt və enerji itkisinə səbəb olurdu. Biz “Borçalı” İctimai Cəmiyyəti olaraq ortaya babalarımızın min illərin sınağından çıxmış və həmişə uğurlar vəd etmiş əxlaqi və genetik yaddaşımıza hopmuş mədəniyyəti qoymuşuq. Dilindən, dinindən, irqindən, sosial mənşəyindən asılı olmayaraq hamının bu modelə, ənənəyə, əqidəyə əl uzadıb boyun əyməkdən başqa yolu yoxdur. Bu gün yenə birlikdəyik, əl-ələ, çiyin-çiyinəyik. Yenə Gürcüstan-Azərbaycan-Türkiyə tərəfdaşlığını, ləyaqətli qonşuluğu nümayiş etdiririk. Bu dostluğu qoruyaq, separatçılığa qarşı, ayrı-seçkiliyə qarşı birgə mübarizə aparaq”
Borçalının taleyi türk, Azərbaycan məktəblərindən keçir
Millət vəkili Sabir Rüstəmxanlı isə çıxışında bildirdi ki, “bizi kiçiltmək istəyənlər bu dünyanı, Azərbaycanı 5 yerə bölüblər, bir hissəsi Rusiyada, Guneyi orda, böyük bir hissəsi - İrəvan xanlığı ermənilər tərəfindən işğal edilib, tezliklə Azərbaycanı, bütün türk dünyasını param parça etmək istəyirlər. Bu Avrasiya deyilən böyük məkan bizim yurdumuzdur, dünyanın böyük sərvəti olan mədəniyyəti burdadır. Gürcüstanla Azərbaycanın dostluğu çox böyük bir sərvətdir, bu gün dünyanın bu dostluğa ehtiyacı var, böyük enerji dəhlizləri, böyük yollar buradan keçir, Türkiyə-Gürcüstan- Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir, ona görə borçalıların qorunması, Borçalı mədəniyyətinin, Gürcüstandakı azərbaycanlıların qorunması, bəlkə Azərbaycandan da çox Gürcüstanın marağına xidmət edir. Gürcüstan dövləti özünü demokratik dövlət sayırsa, insan haqlarına hörmət edən dövlət sayırsa, borçalılar qorunmalıdır, adəti, ənənəsi, hər bir kəndi qorunmalıdır. Və hesab edirəm ki, Gürcüstan dövləti bunun əhəmiyyətini başa düşür. Biz torpağa bağlı millətik, bizim gücümüz bu dağlarda, yaylaqlardadır, nə vaxt bu dağlardan ayrı düşürük, ruhumuzu itiririk. Ona görə düşmən çalışıb ki, bizi yaylaqlardan uzaq salsın. Dağlıq Qarabağ yaylağı gedib, biz Muğan düzlərinə sığınmışıq. Bu gün bu yaylaq türklüyün bir simvoludur, bu yaylaqların, torpağın qədrini bilmək lazımdır, çətindi bəlkə də. Kim deyir ki, Borçalının taleyi gürcü məktəblərindən keçir, yalan deyir, Borçalının taleyi Türk, Azərbaycan məktəblərindən keçir. Gürcü dilini öyrənmək lazımdı, amma Azərbaycan məktəblərini bağlamaq milli xəyanətdir, bəla odur ki, öz dilinizi unudasınız. Biz Moskvada, Sankt-Peterburqda və s. yerlərdə Azərbaycan məktəbləri açırıq, amma burdan-bura Borçalının Azərbaycan məktəblərinin başlanması günah olar”.
Söz alan Türkiyə Kars Sərhəd Boyları Dərnəyi başqanı Məhərrəm Yıldız tədbir iştirakçılarına Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının adından salamladı. “Dövlət Bağçalı bildirdi ki, «Borçalı türklərinin hər zaman yanında olacaq, onlardan xəbərdarıq, onların acılarıyla acımız birdir””. Tədbirə ən böyük rövnəq verən isə Türkiyə v İrandan olan aşıqların çıxışları oldu. Daha sonra isə “Təbriz” rəqs qrupunun ifasında gözəl rəqsin şahidi olduq. Eləcə də elan bayramının özəyini təşkil edən yarış-cıdır yarışması keçirildi, qalibə mükafatlar təqdim edildi.
Sonda onu da deyim ki, tədbir beşinci ildir ki, keçirilsə də, ilk dəfə orada iştirak edirdim və təəssüratım yüksək səviyyədə oldu. İnsanların qonaqpərvərliyi, adət-ənənələrinə sadiqlik və bağlılığı təsəvvürə gətirilməsi mümkün deyildi. Bir daha belə bir möhtəşəm el bayramının keçirilməsində, təşkil edilməsində göstərdiyi əvəzsiz əməyə görə “Borçalı” cəmiyyətinə, onun sədri Zəlimxan Məmmədliyə dərin təşəkkürümü bildirirəm.
Azər NURİYEV
Bakı-Dmanisi

banner

Oxşar Xəbərlər