Türkologiya Kafedraları Şurasının iclası keçirilib
Beynəlxalq Türk Akademiyası yanında Türkologiya
Kafedraları Şurasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, vebinarda Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Monqolustan, habelə
Rusiya Federasiyasının Altay, Başqırdıstan və Tatarıstan universitetlərindən
rektorlar, dilçilik institutları və türkologiya kafedralarının rəhbərləri
iştirak ediblər.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan
Kıdıralinin moderatorluğu ilə türkdilli ölkələr arasında ilk dəfə təşkil olunan
iclasda mütəxəssislər müasir təhsil prosesində türkologiyanın yeri, türkologiya
kafedralarının hazırkı vəziyyəti, problemləri və uğurları barədə fikir mübadiləsi
aparıblar.
İştirakçılar, həmçinin əməkdaşlıq imkanları,
türkdilli ölkələrin universitetləri arasında təcrübə, tələbə və müəllim mübadiləsi,
təhsil prosesində ümumi standartların nəzərdən keçirilməsi, tələbələr üçün təqaüd,
məzunların işlə təmin olunması məsələlərini müzakirə ediblər.
Bununla yanaşı, türkoloqlar arasında əlaqələri gücləndirmək,
türkologiyanın müasir trendlərə uyğun olaraq genişləndirilməsi, türkoloji tədqiqatlara
tarix, ədəbiyyat, coğrafiya, texnologiya sahəsində mütəxəssislərin də cəlb
olunmasının zəruriliyinə diqqət çəkilib.
SCOPUS bazasına daxil olan dünya səviyyəli
jurnalların nəşri, rəqəmsal texnologiyaların zəngin potensialından istifadə edərək
məsafədən təhsil, elektron jurnal və kitabların çapı məsələləri də nəzərdən
keçirilib. Habelə birgə kurikulumların hazırlanması ilə bağlı fikir mübadiləsi
aparılıb.
Görüşün sonunda tərəflər türkologiya sahəsində
vacib məsələlər üzrə birgə tədqiqat layihələri həyata keçirmək, mütəmadi olaraq
onlayn seminar və mühazirələr, həmçinin gənc tələbələrin təcrübə mübadiləsi
üçün yay düşərgələrinin təşkili barədə razılığa gəliblər. Qeyd olunub ki, mütəxəssislərin
fikirləri akademiya tərəfindən Elmi Şuranın iclaslarında üzv ölkələrin Təhsil və
Elm nazirliklərinə çatdırılacaq.
Xatırladaq ki, 2020-ci ilin yanvar ayında Beynəlxalq
Türk Akademiyasının Elmi Şurasının Təhsil və Elm nazirlərinin iştirakı ilə Bakı
şəhərində keçirilən III iclasında ali məktəblərin türkologiya kafedralarının fəaliyyətinin
əlaqələndirilməsinə başlamaq qərara alınmışdı.