• cümə axşamı, 28 mart, 12:24
  • Baku Bakı 16°C

Türkmənistanın TAPI arzusu reallaşacaqmı?

23.10.19 18:10 754
Türkmənistanın TAPI arzusu reallaşacaqmı?
Rəsmi Aşqabad TAPI (Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan) layihəsini yenidən gündəmə gətirib. Aşqabadda keçirilən "Türkmənistan nefti və qazı - 2019” mövzusunda beynəlxalq konfransda çıxış edən prezident Qurbanqulu Berdıməhəmmədov bəyan edib ki, layihənin inşası ilə bağlı işlər yenidən yüksək templə davam edir. Əlavə edib ki, onun işə düşməsi regionun təhlükəsizliyi və davamlı inkişafına gətirib çıxaracaq. Artıq Əfqanıstan tərəfi də onun təhlükəsizliyinə təminat verəcəyini açıqlayıb. Kəmərin keçəcəyi Gilmənd əyalətinin qubernatoru Ömər Zavak bildirib ki, ərazinin təhlükəsizliyinin təmin edilməsi üçün hərbiləşdirilmiş dəstələrin yaradılmasına başlanılıb. Ağır maliyyə vəziyyəti Aşqabadı yeni qaz kəmərinin inşasını sürətləndirməyə sövq edir. Bununla da Berdıməhəmmədov ümid edir ki, Pakistan və Hindistana mavi yanacağın çatdırılmasını sürətləndirə biləcək. Yeni kəmərlə bu ölkələrə il ərzində 14 mlrd. qaz nəql olunacaq. Tranzitə görə Əfqanıstana qeyd olunan həcmdə qazın 5 mlrd-ı çatacaq. Layihənin ümumi dəyəri təxminən 12 mlrd. dollardır. Aşqabada investorlar gərəkdir, onlar isə hələ ki, yoxdur – kəməri öz vəsaiti ilə inşa edir. Xammal bazası rolunda "Qalxınış” türkmən yatağı çıxış etməlidir. Türkmənistan hökumətinin hesablamalarına görə, bu, dünyadakı ən iri yataqlardan biridir. Lakin artıq təhlükəsizlik məsələlərinə başqa problemlər da əlavə edilib. Məsələn, Hindistan hakimiyyət orqanları bəyan ediblər ki, əgər Türkmənistan hər min kub metrə görə qazın satışını 350 dollardan 140 dollara kimi azaltmasa, qazın alınmasını dayandıra bilər. "ETPrime” nəşrinə müsahibəsində adının çəkilməsini istəməyən yüksək rütbəli hindistanlı məmur bildirib ki, əgər Aşqabad qazın qiymətini aşağı salmazsa, onda türkmən mavi yanacağına keçməyin əhəmiyyəti yoxdur. Hindistan tərəfini həm də o narahat edir ki, Pakistanla mümkün münaqişə başlarkən İslamabad TAPİ layihəsini ona qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışa bilər. Nəşrin qənaətincə, bütün bu faktlar sonda həlledici ola və nəticədə də Hindistan tərəfi layihədə iştirakdan imtina edə bilər.
Narazılığı Pakistan tərəfi də səsləndirir. İslamabad da qazın qiymətinin aşağı salınmasını təkid edir. Bundan əlavə, TAPI layihəsi işə düşdükdən sonra qazın nəqlində fasilələr yaranarsa, buna görə kompensasiya tələb edir. Pakistanın "News” nəşri yazır ki, Aşqabad fasilə yaranarsa dəyən zərərə görə kompensasiya ödəməyə hazır olduğunu bildirib. Əfqanıstanın da narazılığı var. Rəsmi Kabul ondan narazıdır ki, Türkmənistan kəmərin onun ərazisindən keçən hissəsində inşa işləri aparmaq üçün vəd etdiyi milyard dollarları verməyib. Bu barədə Əfqanıstanın iqtisadiyyat naziri Mustafa Mastur əfqan parlamentinin aşağı palatasında keçirilən iclas zamanı bildirib. "Heart of Asia” yazır ki, deputat Şer Məhəmməd Axunzadə əfqan hökumətindən tələb edib ki, bu beynəlxalq layihənin reallaşması üçün daha konkret tarixlər müəyyən etsin. Bildirib ki, ölkəsi bundan əvvəl də müxtəlif beynəlxalq layihələrin kağız üzərində qalması problemi ilə üzləşib.
Artıq qeyd edildiyi kimi, kəmərin təhlükəsizliyi ilə bağlı xüsusi dəstə yaradılıb. "700 nəfərdən ibarət dəstə iki ay bundan əvvəl formalaşdırılıb və iki gün bundan əvvəl işə başlayıb. Əsgərlər kəmin keçəcəyi beş vilayətdə təhlükəsizliyi təmin edəcəklər - Herat, Fərah, Nimroz, Gilmənd və Qəndəhar. İnşa işləri hələ başlamayıb, lakin əsgərlər artıq təhlükəsizlik məsələləri ilə bağlı ciddi dəyişikliklərə nail olublar”, - deyə "ca-news.org”. yazır. Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazyev hesab edir ki, TAPI ilə bağlı bütün məlumatlarda arzuolunanlar reallıqla üst-üstə düşmür: "Əfqanıstan ərazisində ciddi işlər aparılmayıb, türkmən tərəfində işlər hələ də başa çatmaqdan çox uzaqdır. Pakistan və Hindistan də layihənin iştirakçısına çevrilməyiblər. O ki qaldı kəmərin inşasının təhlükəsizlik məsələlərinin təmin olunmasına, burada cavabdan çox sual var. Silahlı qüvvələr, polis və xüsusi xidmət orqanları əməkdaşlarının sayı 250 min nəfərdir. Bu da Əfqanıstan miqyasında çoxdur. Lakin onların hazırlıq səviyyəsi həddən artıq aşağı səviyyədədir”. Onun qənaətincə, yeganə real döyüş qabiliyyətli xüsusi təyinatlılardır: "Məhz onların sırasından TAPI -nin marşrutunun təhlükəsizliyini həyata keçirə biləcək dəstələr formalaşdırmaq mümkündür. Əfqanıstan kimi ərazisi böyük olan dövlət üçün 700 nəfərlik hərbi dəstə formalaşdırmaq da azdır. Özü də adları çəkilən əyalətlər Əfqanıstanın elə də sadə olmayan əyalətləri sırasındadırlar. O hesab edir ki, çətin ki, güc strukturları layihənin keçəcəyi marşrutun təhlükəsizliyini təmin etsinlər. Ölkədə siyasi sabitlik də nisbidir. Ötən ayın sonunda keçirilən prezident seçkiləri elektoratın ən aşağı həddə seçkiyə gəlməsi ilə yadda qaldı. İndi baş verənlər faktiki olaraq 2014-cü ilin təkrarıdır. 2020-ci ildə təkrar prezident seçkilərinin keçirilməsi müzakirə olunur. Dövlət idarəçiliyi sferasında və əfqan siyasi həyatında xaotiklik, "Taliban”la dialoqda qeyri-müəyyənlik – bütün bunlar digər faktorlar kimi ölkə ərazisində istənilən miqyaslı layihənin əleyhinə işləyir. İstər TAPI olsun, istərsə də, özbək dəmir yolları olsun”. Ekspertin qənaətincə, Türkmənistan rəhbərliyi ötən əsrin 90-cı illərində "Taliban”la lokal razılaşmalar təcrübəsini təkrar etmək istəyir. Lakin taliblər əfqan siyasi həyatının praqmatik subyektidir. Onlar tərəfindən TAPI-yə təhlükəsizlik təminatı hər zaman etibarsız qalacaq. Bura layihənin qiymətinin qalxması və Aşqabadın maliyyə imkanlarını da daxil etmək gərəkdir. Əsas problemlərdən biri də odur ki, İslamabad layihə ilə bağlı bəzi şərtlər irəli sürür. Bütün bu faktorlar da 1992-ci ildən mövcud olan TAPI layihəsinin (o zaman transəfqan qaz kəməri adlandırılırdı) artıq Aşqabad üçün ənənəvi olaraq mifik statusda qaldığı ehtimalını gücləndirir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər